Məhkəmə qərarları › İş №2(103)-2489/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2489/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2489/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “Bank Standard” Kommersiya Bankı” QSC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “mövcud olmayan borc məbləğinin sistemdən silinməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh “Bank Standard” Kommersiya Bankı” QSC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçının cavabdehin qarşısında heç bir öhdəliyi olmadığından borc barədə məlumat cavabdeh tərəfindən informasiya sistemindən silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin müqavilə üzrə borc barədə məlumat cavabdeh tərəfindən informasiya sistemindən silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh “Bank Standard” Kommersiya Bankı” QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı (kredit alan) ilə cavabdeh “Bank Standard” Kommersiya Bankı” QSC (kredit verən) arasında xx.xx.2009-cu il tarixli, 1xx/xx/1876/09 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən 4.000 manat kredit verilib, kredit 12 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 25 faiz müəyyən edilib. Kredit alan öhdəliyini icra etmədiyinə görə bank iddia ilə məhkəməyə müraciət edərək əsas borc kimi 3.777,24 manat, faiz borcu kimi 1.722,66 manat, cəmi 5.499,9 manat ödənilməsini tələb edib. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2772/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, həmin kredit müqaviləsi üzrə borc mərkəzləşdirilmiş kredit reyestri sistemində qeyd olunub. Kredit borcunun qaytarılması barədə iddia ona görə rədd olunub ki, borc mövcuddur, lakin iddia müddəti keçib. Kredit alan İddiaçı həmin qətnaməni mübahisələndirməyib. Bu isə onu təsdiq edir ki, o, bankın qarşısında borcunun olması ilə razılaşıb. İddia müddətinin keçməsi isə kredit öhdəliyinin xitamına səbəb olmur. İddia müddəti keçdikdə öhdəlik qalır, lakin həmin öhdəliyin icrasını tələb etmək hüququ məhkəmə tərəfindən müdafiə olunmur. Bu qayda Mülki Məcəllənin 375.2-ci maddəsindən irəli gəlir. Bundan başqa, Mülki Məcəllənin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin halların heç biri hazırkı işdə mövcud deyil. Mülki Məcəllənin 551-ci maddəsində öhdəliklərin xitamı üçün müddətlər müyyən edilsə də, Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına görə, həmin müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Bu qərarda daha sonra qeyd olunub ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Beləliklə, İddiaçı cavabdeh “Bank Standard” Kommersiya Bankı” QSC-ni qarşısında icra edilməmiş kredit borcu olduğuna görə iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi işin faktiki halların düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər “Bank Standard” Kommersiya Bankı” QSC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “mövcud olmayan borc məbləğinin sistemdən silinməsi barədə” iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat İddiaçı “Bank Standard” Kommersiya Bankı” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar