Məhkəmə qərarları › İş №2(103)-249/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-249/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-249/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov İkram Sabir oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-439/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsindən həmin iş üzrə cavabdeh, Bakı şəhəri Qaradağ Rayon Məhkməməsinin 2(002)-1860/21 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsindən həmin iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36800 manat borcun, iddia ərizəsinin yazılması və hüquqi yardım göstərilməsi üçün ödədiyi 200 manat pulun, 30 manat dövlət rüsumunun cəmi 37030 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,o, Cavabdeh ilə aralarında 19.11.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ondan 5000 manat faizsiz borc almışdır. Kredit müqaviləsi həmin tarixdə 19.11.2016- ci il tarixdə Bakı şəhəri 8 saylı kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiqlənmşdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı borcu 19.11.2016-cı il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin o, öz öhdəliyini bu günə qədər tam yerinə yetirməmişdir.Belə ki, cavabdeh iddiaçıya 05.11.2018-ci il tarixdə 10000 manat, həmin tarixdən bu günədək müxtəlif vaxtlarda ayda 200-300 manat olmaqla cəmi 3200 manat pul ödəmişdir.Onun axırıncı ödənişi poçt vasitəsi ilə ona 2020-ci ilin noyabr ayının 25-də ödədiyi 200 manat olmuşdur. Beləliklə, cavabdeh ona olan 50000 manat borcundan cəmi 13200 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 742-ci maddələrinə əsasən iddia təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-439/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddia təmin edilərək, Cavabdeh 36800 (otuz altı min səkkiz yüz) manat borcun, iddia ərizəsinin yazılması və hüquqi yardım göstərilməsi üçün ödədiyi 200 (iki yüz) manat pul, 30 (otuz) manat dövlət rüsumunun cəmi 37030 (otuz yeddi min otuz) manatın alınıb İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: Günay Həşimova). Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 19.11.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı çobandır və heyvan saxlamaqla məşğuldur. O, savadsız, qanundan xəbərsiz olan şəxsdir və əslində cavabdehdən heç bir kredit almamışdır. Belə ki, tərəflərin birlikdə qışlaq işləri olmuş, iddiaçının cavabdehə heç bir borcu olmamışdır. Lakin cavabdeh iddiaçının ona 10000 (on min) manat borcu olması barədə Qaradağ rayon Polis İdarəsinə 2015-ci ildə müraciət etmiş, daha sonra iddiaçı Qaradağ rayon Polis İdarəsinə çağırılmış və izahatı alınmışdır. İddiaçı izahatında İddiaçı borcunun olmadığını bildirsə də, polis əməkdaşı iddiaçının İddiaçı 10000 (on min) manat pul verməli olduğunu, bununla bağlı müqaviləni imzalamalı olduğunu və həmin 10000 (on min) manatı ödəmədiyi təqdirdə tutulacağını bildirmişdir. Bu vəziyyətdə iddiaçı 10000 (on min) manat borcunun olmasının təsdiq edən kredit müqaviləsini imzalamağa məcburi şəkildə razı olmuşdur. Bundan sonra tərəflər 8 saylı notariat kontoruna getmiş, cavabdeh İddiaçı yazdırdığı kredit müqaviləsini iddiaçı imzalamışdır. Həmin vaxtda iddiaçı 10000 (on min) manat pul düzəldərək cavabdehə vermiş, cavabdeh müqavilənin arxasında həmin pulun onun tərəfindən alınmasını təsdiq edən yazını yazaraq imza etmişdir. Yenidən cavabdeh İddiaçı polis əməkdaşlarına sənəd işlərinə görə 3000 manat xərcinin çıxdığını iddia etmiş və bu məbləği də iddiaçıdan tələb etmişdir. İddiaçı cavabdehlə əlaqəsinin kəsilməsini istədiyindən sözügedən 3000 manat pulu da cavabdehə ödəmişdir. Sonradan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra iddiaçıya mübahisə predmeti olan kredit müqaviləsində 10000 manat əvəzinə 50000 manat yazıldığı, eyni zamanda guya ona 50000 manat məbləğində kredit verildiyi, kredit müqaviləsinin ondan əlavə başqa şəxsin imzası ilə də təsdiq edildiyi məlum olmuşdur. Göstərilənlərə əsasən, heç bir kreditin alınmadığı, iddiaçının cavabdeh tərəfindən hədə altında imza etməyə razı salındığı, iddiaçının savadsızlığından sui-istifadə edilərək 10000 manat əvəzinə 50000 manat məbləğində kredit alması barədə müqaviləyə imza etməyə məcbur edildiyi nəzərə alınaraq həmin kredit müqaviləsi etibarsız sayılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Bakı şəhəri Qaradağ Rayon Məhkməməsinin 2(002)-1860/21 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Fuad Hüseynov). Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10001/2021 saylı, 08.12.2021-ci il tarixli qərardadı ilə sözügedən mülki işlər bir icraatda birləşdirilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili E.Qəhrəmanov cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə Kollegiyası iclasının vaxtı və yeri barədə X.Əhmədliyevə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 19.11.2015-cı il tarixdə Bakı şəhəri 08 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı 50000 manat pulu Cavabdeh borc verməyi, Cavabdeh krediti 19.11.2016-ci il tarixədək N. Lələyeva qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin məzmunundan görünür ki, İddiaçı hüquqi yardım üçün X6 oöluna 200 manat ödəniş etmişdir. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 19.11.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 5000 (əlli min) manat borc pul vermiş, borc alan Cavabdeh həmin borcu 19 noyabr 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Borc verən tərəfindən müqaviləni İddiaçı, borc alan tərəfindən müqaviləni Cavabdeh və onun savadsız olması səbəbindən M.Ağayev imzalamışlar. Notariusun qeydlərinə əsasən, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqaviləni tərəflər şəxsən özləri notariusun iştirakı ilə imza ediblər, tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılıb. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 09.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciəti əsasında 2015-ci il tarixdə 74/15 saylı rədd materialı olmuşdur. Həmin material arxivdə saxlama müddəti bitdiyi üçün DİN-in Q36-001-15 saylı qərarına əsasən yandırılaraq məhv edilmiş, bu səbəbdən tələb olunan sənədlərin surətlərinin göndərilməsini təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh imzası ilə təsdiq edilən yazının kserosurətindən görünür ki, Cavabdeh İddiaçı olan borcu 05.11.2018-ci il tarixə 50000 (əlli min) manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 19.11.2015-ci il tarixli kredit müqaviləsinin surətinin 2-ci səhifəsində olan qeyddən görünür ki, Cavabdeh İddiaçı 05.11.2018-ci il tarixdə 10000 (on min) manat vermişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(002)-439/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh 36800 (otuz altı min səkkiz yüz) manat borcun, iddia ərizəsinin yazılması və hüquqi yardım göstərilməsi üçün ödədiyi 200 (iki yüz) manat pulun, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 37030 (otuz yeddi min otuz) manatın alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2021-ci il tarixli, 2(103)-5172/2021 saylı qəradadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə icraatın, iddiaçı Cavabdeh İddiaçı qarşı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarının qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normlarına istinad edilməsini zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.4-cü maddəsinə əsasən, əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən, əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 425.1ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Həmin Qanunun 35-ci maddəsinə əsasən, əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Birinci işlə bağlı kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı və cavabdeh arasında notarial qaydada kredit müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 50000 (əlli min) manat pul verməyi, cavabdeh isə müqavilədə müəyyən edilmiş müddət ərzində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh borcun qaytarılmasından ibarət öhdəliyini tam yerinə yetirməməklə həm tərəflər arasında olan müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 36800 (otuz altı min səkkiz yüz) manat borcu yaranmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində İddiaçı heç bir borc almadığını, iddiaçının polis əməkdaşları ilə əlbir olub cavabdehi müqaviləyə məcburi şəkildə imza etdirməsini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh müqaviləni məcburiyyət təsiri altında imzalamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Müqavilənin məcburiyyət təsiri altında imzalanması sübutetmə yükü ilə bağlıdır ki, həmin hal cavabdeh tərəfindən irəli sürüldüyündən sübutetmə yükü də cavabdehin üzərinə düşür. Lakin, cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh bununla yanaşı, apellyasiya şikayəti ilə eyni məzmunda İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Kollegiya əqdin etibarsızlığı ilə bağlı ikinci iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının istinad etdiyi əsaslarla əqdin mübahisələndirilməsi hüququ üzrə Mülki Məcəllədə nəzərdə tutulmuş 1 illik müddət keçdiyindən, həmin müddətin keçməsi isə hüququn xitamına səbəb olduğundan, hazırda əqdin etibarsızlığının irəli sürülməsi tələbinin əsassız olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi doğru olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, tərəflər arasında borc müqaviləsinin olması, cavabdeh tərəfindən həmin borcun tam ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından, müqavilənin Cavabdeh məcburiyyət təsiri altında imza etdirilməsi isə sübuta yetirilmədiyindən, eyni zamanda əqdin etibarsızığı ilə bağlı nəzərdə tutulmuş 1 illik müddət keçdiyindən hər iki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-439/2021 saylı, 15.03.2021-ci il tarixli və Bakı şəhəri Qaradağ Rayon Məhkməməsinin 2(002)-1860/21 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar