Məhkəmə qərarları › İş №2(103)-2490/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2490/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2490/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, Tərəflərin iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 aprel 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Cavabdeh qəbz əsasında 2750 manat pul vəsaiti vermişdir. Bundan əlavə, iddiaçı eyni zamanda nisyə şəkildə cavabdehə alıb verdiyini qeyd etdiyi televizora görə ondan məhkəmə qaydasında tutulan və icra icraatı çərçivəsində ödədiyi pul vəsaitinin, eyni zamanda cavabdehə nisyə satdığı xalça və televizorun dəyərinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı tələbinin birinci hissəsində cavabdeh tərəfindən yazıldığı qeyd edilən qəbzə, tələbin digər hissələrinə münasibətdə isə icra sənədlərinə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, iddiaçının ona qəbz əsasında verdiyi 2750 manat borcu qaytarmış, iddiaçı ona televizor verməmiş və xalça satmamışdır. Yalnız 150 manata ona soyuducu satmış və həmin puldan 100 manat ödəniş etmiş, 50 manat qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2750 manat məbləğində borcun, televizorun alışına görə cavabdehin əvəzinə “Kontakt Home”-a ödədiyi 1630 manat, cərimələrə görə ödədiyi 165 manat və icra şöbəsinə ödədiyi məcburi icra haqqı olan 80 manat, xalçanın ödənişi olan 400 manat və soyuducunun ödənişi olan 200 manatın (cəmi 5225 manat), əlavə olaraq ödənilmiş 72 manat 25 qəpik dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2020-ci il tarixdə 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pulu borc olaraq vermişdir. Cavabdeh yazılı şəkildə həmin borcu hər ayın 10-dan 20-dək gündəlik 20 manat ödəməklə geri qaytaracağını öz öhdəsinə götürsə də, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina etmişdir. Bundan əlavə olaraq o, onun adına özünə Ayna Sultanova küçəsində yerləşən “Kontakt Home” mağazasından son model “Samsung” markalı 1680 manat məbləğində olan televizor almışdır. Lakin onun da pulunu ödəmədi və o, onun əvəzinə həmin pulu ödəməli olmuşdur. Belə ki, pul ödənilmədiyi üçün ona qarşı məhkəməyə müraciət etdilər və qətnamə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərildi. Ölkəyə giriş-çıxışına məhdudiyyət qoyuldu. Buna görə məcbur qalıb 1630 manat məbləğində borc, onun yeddi faizi olan 80 manatı ödəmişdir. Cavabdeh televizora görə 50 manat ilkin ödəniş etmişdir. Buna görə televizorun ümumi dəyərindən, yəni 1680 manatdan 50 manat çıxmışdır. Bundan əvvəl də Kontakt home mağazasına 165 manat cərimə ödəmişdir. Bundan əlavə olaraq ona məxsus olan soyuducunu 300 manata razılaşaraq cavabdehə satmışdır. Həmin pulun 100 manatını versə də, qalan 200 manat borcunu qaytarmamışdır. Bundan əlavə olaraq 4X5 ölçüdə yun xalçanı 400 manata ona satmışdır. Xalçanın pulundan isə heç nə ödəməmişdir. Mübariz həmin pulları qaytarmağa söz vermişdi. Lakin qeyd olunan tarixlərdə borcunu qaytarmadığına görə dəfələrlə ondan müqavilə üzrə və şifahi razılığa görə öhdəlikləri yerinə yetirməyi pulların qaytarılması tələb olunsa da, cavabdeh öhdəliyin icrasından yayınmışdır. O, bu günə kimi müxtəlif bəhanələrlə qeyd olunan pul məbləğlərini qaytarmaqdan imtina etmişdir. Hər dəfə borcunu ödəməsini tələb etdikdə onu dilə tutaraq başqa vaxt ödəyəcəyinə onu razı salmışdır. Lakin indi başa düşdü ki, onun bu pulları qaytarmaq fikiri yoxdur və onu aldatmaq niyyətindədir. Cavabdeh onun pulunu özündə əsassız olaraq saxlamaqla ona maddi cəhətdən ziyan vurmuşdur.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-279/2024 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehdən 2750 manat borc və soyuducuya görə ödənilməmiş 50 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 72.25 manat dövlət rüsumunun 48 manat hissəsinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 567, 598, 739-cu maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun əl yazısı ilə olan 2750 manat məbləğində pul haqq-hesabını qəti şəkildə qəbul etmir. Həmin əl yazısı ilə olan 2750 manat məbləğində pulu iddiaçıya tam ödəyib. İddiaçıya heç bir borcu yoxdur. 5 il əvvəlki və ödədiyi pulu iddiaçı ikinci dəfə ondan tələb edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

Tərəflərin izahatları

10. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı iş üzrə qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

15. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

16. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

17. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.

18. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.

19. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı borc verən kimi cavabdehə 2750 manat pul verdiyini sübut etmişdir. Baxılan işdə borc yazılı formada cavabdehə verilmiş, cavabdeh əlyazmanın və imzanın ona məxsus olmasını mübahisələndirməmişdir.

20. Odur ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etdiyi və şikayətinin dəlillərini əsaslandıra bilmədiyi üçün apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 31 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar