Məhkəmə qərarları › İş №2(103)-2493/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2493/2024

01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2493/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12526,36 manat məbləğində təbiətə dəymiş ziyanın alınıb X2 Xidmətinin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı hələ 2019-cu ildə hazırkı tələblə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və işi icraata qəbul edən Bakı Kommersiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2020-ci il tarixli, 2-2(102)- 122/2020 saylı qərarı ilə hazırkı işin ümumi məhkəmədə baxılmalı olduğu qənaətinə gəlinərək işin aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, qeyd olunanlardan da göründüyü kimi, artıq işin məhkəmə aidiyyəti ilə bağlı məsələ həll olunduğundan və vahid mövqe formalaşdığından birinci instansiya məhkəməsi göstərilən əsasla işin icraatına xitam verməkdə haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar