Məhkəmə qərarları › İş №2(103)-2494/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2494/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2494/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli qərardaddan iddiaçı Bankın verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 183,69 manat, “Kredit müqaviləsinin” qüvvədə olduğu xx.xx.2022ci il tarixədək əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2,69 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 14,24 manat, “Kredit müqaviləsinin” qüvvədən düşdüyü xx.xx.2022-ci il tarixdən sonrakı müddət üçün, yəni xx.xx.2023-cü il tarixədək illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə 1,55 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə iddia ərizəsinin geri qaytarılmasını qərara almışdır. İddiaçı Bank həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Rayon Məhkəməsi, iddia ərizəsinin qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsi; maddə 423.2.). Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; maddə 149.2.4.). Bankın cavabdehə qarşı irəli sürdüyü iddia tələbi “Kredit müqaviləsi” üzrə yaranmış borcun tutulması ilə bağlıdır. MPM, bu kimi iddiaların məhkəməyə verilməsindən əvvəl pretenziya qaydasına riayət edilməsini nəzərdə tutmuşdur. "xxxx" MMC vasitəsilə Bankın cavabdehə göndərdiyi və iddia ərizəsinə surəti əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu cavabdehə çatdırılmamış, MMC, həmin məktubu “qapı bağlıdır” qeydi ilə Banka geri qaytarmışdır. Belə olan halda müəyyən edilir ki, Bank, pretenziya qaydasına riayət etməmişdir. MPM-nin 152-ci maddəsinin tələblərinin mənasına görə isə, iddiaçı tərəfindən MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş qaydaya riayət edilməmişdirsə, iddia ərizəsi qaytarılır. Qərardaddan verilmiş şikayət isə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi mübahisələndirilən qərardadı qəbul etməklə, prosessual hüquq normalarını pozmuşdur. Belə ki, MPM-nin tələbinə əsasən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması dedikdə vətəndaşa xəbərdarlığın düzgün ünvana göndərilməsi başa düşülür. Vətəndaşa göndərilmiş xəbərdarlığın müəyyən səbəblərdən vətəndaş tərəfindən qəbul edilməməsinin ( “qapı bağlıdır”, “köçüb”, “bu ünvanda yaşamır” və s.) pretenziya qaydasının pozulması kimi qiymətləndirilməsi MPM-nin tələblərində yoxdur. Qanunvericiliyin tələbi vətəndaşa konkret olaraq xəbərdarlığın göndərilməsidir, Göndərilmiş xəbərdarlığın cavabdeh tərəfindən qəbul edilməməsi və ya çatmaması halları bankın məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra və pretenziya qaydasının pozulması kimi qiymətləndirilə bilməz. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardada Mülki Məcəllənin 423.2-ci maddəsinə istinad etməsinə gəldikdə isə qeyd edilməlidir ki, Bank ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və Bank, bundan 1 aydan bir qədər çox müddət keçdikdən sonra iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş və cavabdehə qarşı müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı tələb irəli sürməmişdir. Buna görə də hesab edilməlidir ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı səhv və əsassızdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qeyd edilən yanaşması səhvdir. Belə ki, Rayon Məhkəməsinin qeyd etdiyi kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (Mülki Məcəllə; maddə 423.2.). Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir (MPM; maddə 149.2.4.). İddiaçı tərəfindən MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş qaydaya riayət edilməmişdirsə, iddia ərizəsi qaytarılır (MPM; maddə 152.). Lakin iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” müddəti xx.xx.2022ci il tarixdə bitmiş və Bank, bundan 1 aydan bir qədər çox müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş və Bank cavabdehə qarşı müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı tələb irəli sürməmişdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad səhvdir, bu səbəbdən də qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nın şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 31 yanvar 2023-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı ASC-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar