Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2497/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-370/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/47871/72 saylı “Güzəştli kredit müqaviləsi”nə əsasən bank kredit alana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1% olmaqla 3.331,72 manat məbləğində kredit vermişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 2.422,67 manat əsas borcun və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və iddiaçının xeyrinə cavabdehdən 1468,07 manat əsas borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1 % olmaqla 3.331,72 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.
5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 370/2023 saylı qətnaməsi ilə (hakim R.Xəzri) iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, FR/47871/72 nömrəli güzəştli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1.468,07 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 45 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sənədlər əsasında hesab etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə müqavilə şərtlərini pozmuş və onun iddiaçı qarşısında 1.468,07 manat əsas borcu yaranmışdır. Həmçinin, qanunvericiliyin tələblərinə uyğun qaydada müqavilənin ləğv edilməsi tələbini iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 423.2, 425.1, 428.4, 442, 445.1, 445,2, 448.1, 739.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin faktiki hallarına uyğun olaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehdən tutulan 45 manat rüsumun yalnız iddia tələbinin azaldılan hissəsi üçün olan məbləği məhkəmə tərəfindən tutulmalı idi. Belə ki, cavabdeh iddiaçının yanlış verdiyi iddia məbləği üçün məsuliyyət daşımır. İddiaçının təmin olunan iddia məbləği üçün müəyyən edilmiş rüsum 35 manat təşkil etdiyi üçün, cavabdehdən yalnız 35 manat tutulmalı idi. Həmçinin, iddia qaldırılan andan etibarən cavabdehin ödədiyi mıəbləğlərdə onun kredit borcundan çıxılmamışdır. İddiaçı nəinki cavabdehin ödədiyi bütün ödənişləri hesaba almamış, həmçinin məhkəmə gedişi zamanı ödənilmiş məbləğlərdən də 345.4 manat nəzərə alınmamışdır. Tərəfindən banka 1.300 manat ödəniş aparılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh məhkəməyə ərizə göndərərək məhkəmə iclasında işi ilə bağlı iştirak edə bilməyəcəyini və banka olan borcunu tam ödədiyini bildirərək işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən 1.000 manat məbləğində ödəniş edilmiş, bu hal nəzərə alınaraq iddia tələbinin həcmi azaldılmışdır. Qətnamə çıxarıldıqdan sonra cavabdeh borcundan müəyyən ödənişlər etmişdir. Hazırda cavabdehin təqribən 500 manat məbləğində borcu var.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Cavabdeh apellyasiya şikayətində ondan tutulan əsas borcun və dövlət rüsumunun məbləğini mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilməlidir.
18. İşdən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı iddiaçı əsas borc olaraq 2.422,67 manatın cavabdehdən tutulmasını məhkəmədən xahiş etmiş, daha sonra isə iddia tələbinin həcmini həmin hissədə azaldaraq 1.465,07 manatın tutulmasını xahiş etmişdir.
19. İşdə olan ödəniş qəbzlərindən görünür ki, iddia ərizəsi verildikdən sonra qətnamə çıxarılan tarixədək cavabdeh tərəfindən iddiaçıya borcundan cəmi 1.000 manat məbləğində ödəniş edilmiş, digər ödənişlər isə qətnamə çıxarıldıqdan sonra həyata keçirilmişdir.
20. İşdə olan hesabdan çıxarış məlumatlarından görünür ki, iddiaçı cavabdehin ödədiyi 1.000 manatdan 45.4 manatı xx.xx.2022-ci il tarixdə əsas borcdan silməmiş, dövlət rüsumuna görə ödənilmiş məbləğə aid etmişdir.
21. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq cavabdehdən iddiaçının xeyrinə həm 1.468,07 manat məbləğində əsas borcun, həm də ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun tutulmasını qət etmişdir.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə əsas borcun tutulması hissəsində dəyişdirilməli, həmin məbləğ 1.422,67 manat (1.468,07 – 45,4) məbləğində müəyyən edilməlidir.
23. Məhkəmə cavabdehdən tutulan dövlət rüsumunun məbləği ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu qanunvericiliyin tələblərinə uyğun məbləğdə ödənilmiş və iddia təmin edildiyindən həmin məbləğ də cavabdehə aid edilmişdir.
24. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən kredit müqaviləsi üzrə iddiaçıya ödənilən məbləğlər qətnamənin icra mərhələsində həll olunan məsələdir və icra məmuru tərəfindən nəzərə alınacaqdır.
25. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
26. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-370/2023 saylı qətnaməsi əsas borcun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 1.422,67 manat məbləğində əsas borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov
Vahid Sadıqov