Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-25/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı Ahmed Haytaoğlunun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Ahmed Haytaoğlunun Cavabdeh1 qarşı «mənzilə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1302/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsində istifadədə olan 0.025 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 3 mərtəbəli binada yerləşən 66.5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Ahmed Haytaoğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 689 nömərli reyestr kitabının 64983 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi 21 nömrəli evin 2-ci mərtəbəsində yerləşən ona məxsus olan mənzilə yuxarı mərtəbədən su axıdılması nəticəsində dəymiş zərərin ödənilməsini tələ edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Ahmet Haytaoğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10095 manat vurulmuş zərər məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin noyabr ayının 15 və 16-da Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi 21 nömrəli evin 2-ci mərtəbəsində yerləşən ona məxsus olan mənzilə yuxarı mərtəbədən su axıdılmışdır. Bunun nəticəsində ona külli miqdarda zərər dəymişdir. Mənzilin sahibi Cavabdeh2dır, fakitiki olaraq mənzildə onun qızı Cavabdeh1 yaşayır. Su axıdılması nəticəsində onun evinin bütün sahələrinə çox ciddi zərər vurulmuşdur. Dərhal bu barədə 8 saylı MKİ Sahəsinə müraciət etdi. 8 saylı MKİS rəisi və mühəndisi gəlib onun evinə baxış keçirdilər. Həqiqətən də su axıdılması və bunun nəticəsində maddi zərər vurulması faktı ilə bağlı müvafiq akt tərtib etdilər. Aktda qeyd olunmuşdur ki, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka üst mərtəbədən su axması nəticəsində təmirdə qabarmalar əmələ gəlmişdir, pol yararsız hala düşmüşdür. Kənardan vizual görünüşə görə də suyun axması cavabdehlərə məxsus mənzildən olmuşdur, cavabdeh mənzilinin su təchizatının vəziyyətinə nəzarət etməməsi nəticəsində, cavabdehin mənzilinin düz altında yerləşən ikinci mərtəbədəki onun mənzilini su basmışdır. Onun mənzilini su basması nəticəsində hər iki otağdakı və girişdəki divarlar yararsız hala gəlmişdir, həmçinin buradakı alçıpan tavan da yararsız hala gəlmişdir. Ona vurulmuş zərər aşağıda qeyd olunmuş məbləğdədir: 1) 3 ədəd qapı-bir ədədin qiyməti 400 manat olmaqla cəmi 1200 manat; 2) 45 kv. metr parket bir kv.metr 25 manat olmaqla cəmi 1125 manat; 3) Usta üçün xidmət haqqı 270 manat; 4) Qaz üçün boruların alınması xərci 150 manat; 5) Qaz üçün usta xidmət haqqı 200 manat; 6) Hamam üçün paroq 50 manat; 7) Plintus 150 manat; 8) Kollektor sisteminin qurulması 150 manat; 9) Lak şlifovka usta pulu 400 manat; 10) Eyvanda mərmər 100 manat; 11) Mətbəxin tavanı və mətbəxin döşəməsi 3000 manat; 12) 45 ədəd razetka bir ədədin qiyməti 3 manat olmaqla cəmi 150 manat. Cavabdehin təqsirkar hərəkətləri nəticəsində o öz evində yaşaya bilmir. Cavabdehin ona vuruduğu zərərə görə ümumilikdə 10095 manat borcu vardır. 8 saylı MKİS nümayəndələrinin tərtib etdiyi aktla müəyyən olunmuşdur ki, cavabdehin mənzilindən onun mülkiyyətində olan və yaşadığı yaşayış sahəsinə su sızması təsdiq olunduğundan, müvafiq olaraq həmin sızıntı nəticəsində onun əmlakına vurulmuş maddi zərərə görə də cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1302/2021 saylı, 11 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə dəymiş zərərin əvəzi olaraq 5215 (beş min iki yüz on beş) manat tutularaq iddiaçı Haytaoğlu Ahmedə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Səbail RPİ-nin inzibati binasında qeydiyyatda olmaqla digər cavabdeh-anası Cavabdeh2 Atamovnaya məxsus ünvan 2 ünvandakı mənzildə yaşayır. Mənzil evin sonuncu, 3-cü mərtəbəsində yerləşir. Onun üzərində də dam var. Digər Cavabdeh2 Atamovna 2003-cü ildə Rusiyaya köçərək orada yaşayır. Yalnız 2009-cu ildə bir neçə aylıq Bakıya gəlmişdir. İddiaçı Ahmed Haytaoğlu Cavabdeh1 yaşadığı mənzilin altındakı mənzildə yaşayır. 2019-cu ilin yay aylarında “Bərpaçı” şirkəti binanın damını və fasadını kosmetik təmir etmişdir. Təmir keyfiyyətsiz və səliqəsiz olmuşdur. Yağış suyu mənzilə keçirmiş. Bir ildən çox qapılarını döymüş, ərizələr yazmışdır. Onun müraciətinə cavab olaraq mənzilə baxsalar da, heç bir tədbir görməmişlər. 2020-ci ilin noyabr ayında güclü yağışlar olmuş, həmin yağışlar damdan Cavabdeh1 mənzilinə axmış və oradan da iddiaçının evinə keçmişdir. Nəhayət, İkinci Qarabağ müharibəsindən qayıdan könüllü döyüşçü kimi vuruşmuş əri X6 da bu müraciətlərə qoşulması nəticə vermişdir. Belə ki, təxminən 2021-ci ilin yay aylarında damı təmir etmişlər. Amma təəssüflər olsun ki, 2020-ci ilin noyabr ayında yağmış güclü yağışlar həm onun evini, həm də iddiaçının evini yararsız vəziyyətə qoymuşdur. Onun evi bu gündə həmin haldadır. Çünki, bütün qazanc ərinin reabilitasiyasına getmişdir. O, dörd dəfə kontuziya olmuşdur. Hesab edir ki, onun günahı olmamış, yağış suları damdan axmış və həm də onun evini yararsız hala gətirmişdir. İş materialların əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 24 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2024-cü il tarixli iclasında Cavabdeh1 Cavabdeh2 prosessual hüquqi varisi olaraq əvəz edilmişdir. "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan MH seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsində istifadədə olan 0.025 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 3 mərtəbəli binada yerləşən 66.5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Ahmed Haytaoğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 689 nömərli reyestr kitabının 64983 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırki iddia tələbinin əsası ondan ibarətdir ki, 2020-ci ilin noyabr ayının 15 və 16da Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi 21 nömrəli evin 2-ci mərtəbəsində yerləşən ona məxsus olan mənzilə yuxarı mərtəbədən su axıdılmışdır. Bunun nəticəsində ona külli miqdarda zərər dəymişdir. Bu səbəbdən cavabdehdən ona dəymiş ziyanı tələb edir. İddia tələbinə mahiyyəti üzrə baxılması və obyektiv qərar qəbul edilməsi üçün xüsusi bilik tələb olunduğundan birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3429 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus 4 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 6 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 4 saylı mənzilin yaşayış otaqları və yardımçı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzildən su axıdılığı və nəticədə 4 saylı mənzilin yaşayış otağı, dəhliz və sanitar qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4566,0 manat məbləğində müəyyən olunmuşdur. Əmlak Ekspert Mərkəzinin iş materiallarına əlavə olunmuş ƏEM/S 53-904/21 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilində yerləşən aşağıdakı əşyalara: 1 ədəd qapıya, 6 metr qaz borusuna, hamam üçün 1 metr paroqa, 1 ədəd kollektor sisteminə, 5 ədəd razetkaya dəyən ziyan 649,0 manat təşkil edir, o cümlədən qeyd olunan əşyaların bazar dəyəri 479 manat, usta xərci 170,0 manat müəyyən olunur. Cavabdeh tərəfin verdiyi məlumata görə yaşadığı ev binanın 3-cü mərtəbəsində yerləşdiyindən 2019-cu ilin yay aylarında “Bərpaçı” şirkəti binanın damını və fasadını kosmetik təmir işləri aparılsa da, bu təmir tam və keyfiyyətlə aparılmadığından yağış sularının axması nəticəsində həm onun, həm də iddiaçının mənzilləri yararsız hala gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçının mənzilinə su axıtma ilə bağlı dəyən zərər birbaşa onun deyil, binanın təmirinə cavabdeh olan şirkət olmasını göstərdiyindən apellyasiya baxışı zamanı bu dəlillərin əsaslı olub-olmaması üçün "xxxx" MMC mütəxəssisləri cəlb olunmaqla iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/400 saylı 31 may 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin damına çıxış qapısı bağlı olduğundan dama baxış keçirilməsi və həmin hissədə aparılan təmir işlərinin keyfiyyətini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdəndə qərardadla qoyulmuş suallar üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Səbail rayonu, B.Sardarov küçəsi, 21 saylı evin Cavabdeh2 məxsus 6 saylı mənzilinin, binanın sonuncu mərtəbəsində yerləşdiyini, sözügedən mənzilin dəhliz və yaşayış otağının konstruktiv elementləri (divar, tavan və s.) üzərində qüsurlar olduğunu, həmin qüsurların su axıdılmasına xarakterik olduğunu nəzərə alaraq, cavabdehə məxsus mənzildə yaranmış qüsurlar damında aparılan təmir işlərindən sonra yağış sularının axması səbəbindən baş verə bilər. İddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilin konstruktiv elementləri üzərində qüsurlar olduğunu, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilinə dəymiş ziyan, sözügedən mənzilin yerləşdiyi binanın damında aparılmış təmir işlərinin natamam və keyfiyyətsiz aparılması nəticəsində yağış sularının axmasından, eyni zamanda 6 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasasızlıqlar səbəbindən yarana bilər. Göründüyü kimi təqdim edilmiş birinci rəy üzrə iddiaçıya məxsus 4 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 6 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 4 saylı mənzilin yaşayış otaqları və yardımçı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olması müəyyən edilmiş, ikinci rəydə isə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilin konstruktiv elementləri üzərində qüsurlar olduğunu, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilinə dəymiş ziyan, sözügedən mənzilin yerləşdiyi binanın damında aparılmış təmir işlərinin natamam və keyfiyyətsiz aparılması nəticəsində yağış sularının axmasından, eyni zamanda 6 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasasızlıqlar səbəbindən yarana bilməsi ehtimalı göstərilmişdir. Bununla yanaşı mövcud vəziyyətdə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilinə dəyən ziyan üst mərtəbədə yerləşən cavabdehə məxsus mənzilinin damının natamam və keyfiyyətsiz aparılması nəticəsində yağış sularının axmasından yarana bilməsinin müəyyən edilməsi zəruri olduğundan apellyasiya baxışı zamanı "xxxx" MMC mütəxəssisləri ekspertizaya cəlb olunmaqla iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2024-cü il tarixli məktubu ilə cavabdehin tədqiqat obyektinə gəlmədiyindən, baxışın baş tutmaması səbəbindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Eyni zamanda 27 may 2024-cü il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3, mütəxəssis X4, ekspert X5, Cavabdeh1 (onlayn formatda qoşularaq) iştirakları ilə keçirilmiş kollegiyanın yerli müayinə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi 21 nömrəli evin 2-ci və 3-cü mərtəbələrdə mənzillərə giriş pilləkən meydançası vasitəsilədir. 2-ci mərtəbədən 3-cü mərtəbəyə gedən pilləkəninin üstündə cavabdehin evinə məxsus sanitariya qovşağı (hamam-tualet) yerləşir. 2-ci mərtəbədən 3-cü mərtəbəyə gedən pilləkəninin üstündəki sağ divarı iddiaçının mənzilinin sol divarıdır və blok tərəfdən həmin divarın üzərində susızma əlamətlərinin olması aydın görünür. Cavabdehin evi 3-cü, sonuncu mərtəbədə yerləşir. Baxış zamanı sözügedən mənzilin yaşayış və dəhlizin tavanı və döşəməsi su axıntısı nəticəsində yararsız hala düşməsi müşahidə olunur. Belə ki, otağın tavanın taxtaları qopmuş, qopan hissənin düz altında, döşəmədə boşluq əmələ gəlmişdir. Cavabdehin otağının döşəməsindəki boşluq düz iddiaçıya məxsus mənzilin tavanın üzərindədir və iddiaçının tavanında qeyd edilən hissədə də taxtaların nəm olması müşahidə edilir. Eyni zamanda iddiaçıya məxsus mənzilin dəhliz və sanitar qovşağı tikilisinin divar və tavanında susızma izləri və sarımtıl ləkələrin olduğu müəyyən edilir. Həmçinin cavabdehin mənzilində olan sanitariya qovşağında vannanın alt hissəsinin tamamilə nəm olması ekspert tərəfindən müəyyən edilmişdir. Ekspert izahatında bildirdi ki, sanitar qovşağından susızmanın dəqiq müəyyən edilməsi üçün xüsusi cihazlar olmalıdır, lakin ekspertiza mərkəzində həmin cihazlar olmadığından sanitar qovşağından su axıdılmasını dəqiq müəyyən etmək olmur. Cavabdeh onlayn formatda izahat verərək bildirmişdir ki, onun mənzilinə məxsus sanitar qovşaqda hər hansı problem yoxdur. Əlavə ekpertiza təyin olunsa, susızma hallarını avadanlıqla müəyyən edən mütəxəssisin iştirakının təmin edilməsini öz üzərinə götürür. "xxxx" MMC-nin nümayəndəsi və mütəxəssisi izahat verərək bildirmişdilər ki, 2019-cu ildə "xxxx" MMC tərəfindən binanın ümumi fasadın təmir bərpa işləri aparılmışdır. 2019-cu ildə həmin binanın dam örtüyündə MMC tərəfindən hər hansı işlər görülmürdü. Cavabdehin dövlət qurumlarına çoxsaylı şikayətləri nəzərə alınıb, 2021-ci ildə "xxxx" MMC-yə həmin binanın dam örütüyünün təmir-bərpa işləri həvalə edilmişdir. 2021-ci ildə "xxxx" MMC tərəfindən binanın dam örtüyü bərpa olunmuşdur. Lakin təqdim edilmiş rəylərin nəticə hissəsi kifayət qədər tam əsaslandırılmadığından iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilməsi zəruri olmuşdur. İş materiallarına əlavə edilmiş mütəxəssis X7 tərəfindən təqdim edilmiş aktdan görünür ki, xx.xx.2024cü il tarixində ünvan 3 ünvanında mənzil sahibəsi Cavabdeh1 iştirakı ilə Su sızmanın Akustik və Termal kamera yoxlanışı nəticəsində gizlin olan isti və soyuq su xətlərində, habelə kanalizasiya xətlərində heç bir problem müəyyən olunmamışdır. Su təchizatı cihazları istismara yararlı vəziyyətdədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4889 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri və ilkin ekspertiza baxışı zaman əldə olunmuş məlumatları, o cümlədən, Bakı şəhəri, Səbail rayonu, B.Serdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilin konstruktiv elementləri üzərində qüsurlar olduğunu, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilinə dəymiş ziyan, sözügedən mənzilin yerləşdiyi binanın damında aparılmış təmir işlərinin natamam və keyfiyyətsiz aparılması nəticəsində yağış sularının axmasından, eyni zamanda 6 saylı mənzilin su- kanalizasiya xətlərində yaranmış nasasızlıqlar səbəbindən yarana bilər. Rəydə həmçinin qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi və müvafiq ölçu işləri aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən mülki qanunvericiliyin müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırda cavabdeh apellyasiya şikayətində iddiaçıya məxsus olan mənzilinə onun mənzilindən su sızmasının olmasını qəbul etsə də bildirmişdir ki, iddiaçının mənzilinə suyun sızması ondan asılı olmayan səbəblərdən baş vermişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi işin halları ilə müəyyən edilir. Digər tərəfdən iş üzrə aparılmış ekspert tədqiqatları eləcə də kollegiya tərəfindən həyata keçirilmiş yerli müayinə zamanı Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilin konstruktiv elementləri üzərində qüsurlar olması, həmin qüsurların su sızmaya xarakterik olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilinə dəymiş ziyan, sözügedən mənzilin yerləşdiyi binanın damında aparılmış təmir işlərinin natamam və keyfiyyətsiz aparılması nəticəsində yağış sularının axmasından, eyni zamanda 6 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasasızlıqlar səbəbindən yarana bilər. İş materiallarından görünür ki, iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, mənzilinin üst mərtəbəsində yerləşən cavabdehə məxsus mənzildən onun mənzilinə su axıdılması nəticəsində maddi zərərə məruz qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu-deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddia tələbini əsaslandırdığı halı sübutetmə yükü, yəni məhz konkret şəxsin hüquqa zidd təqsirli hərəkətləri nəticəsində zərər çəkdiyini sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir İş materiallarından görünür ki, cavabdehin mənzilində binanın damında aparılmış təmir işlərinin natamam və keyfiyyətsiz aparılması nəticəsində yağış sularının axması səbəbindən və mənzilin su-kanalizasiya xətlərində nasasızlıqlar mövcud olmuşdur ki, bu halda da kollegiyanın qənaətinə görə cavabdeh istinad edilən maddənin tələbləri baxımından müvafiq otağı tutan şəxs olduğundan məsuliyyət daşıyır, eləcə də Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən cavabdeh istinad etdiyi dəlillərə münasibətdə zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən mütəxəssis rəyində cavabdehin mənzilin su-kanalizasiya xətlərində nasasızlıqlarının olmasını təsdiq etməsə də, yerli müayinənin nəticələri və ən əsası ekspertiza rəyi bu nasazlıqların olmamasını təkzib edir. Bununla da iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə iddiaçıya maddi zərər dəyməsi faktı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası Mülki Məcəllənin 1111.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğu müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdeh məsuliyyət daşımalı və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki,iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilinin üst mərtəbəsində (üstündə) məhz cavabdehin mənzilinin yerləşdiyi nəzərə alındığında, həmin sübutlar iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halın mövcud olduğu nəticəsinə gəlməyə əsas verir. Beləliklə hazırki iş üzrə isə araşdırma zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası işin araşdırılmış hallarını eləcə də istinad edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 21 saylı evin 4 saylı mənzilə cavabdehin səhlənkarlığı nəticəsində su sızması baş verməsi halı müəyyən edildiyindən və iddiaçıya 5215 manat məbləğində zərər vurulması öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 (yüz) manat pul vəsaiti də Cavabdeh1 tutulmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1302/2021 saylı, 11 oktyabr 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə