Məhkəmə qərarları › İş №2(103)-2500/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2500/2025

27.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-2500/2025 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-cü il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh ##.##.2023-cü il tarixdə, saat 13:30-da “Opel İnsigna minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə “xxxx” MMC-yə məxsus “xxxx” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusu vurmuşdur. Baş vermiş hadisəyə görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh dəymiş maddi ziyanın əvəzi kimi 14.380 manat, dövlət rüsumu qismində ödənilmiş 133.14 manat, cəmi 14513.14 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə saat 13:30 radələrində Cavabdeh idarə etdiyi “Opel İnsigna” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti ilə Hava limanı istiqamətindən Koroğlu metrostansiyası istiqamətinə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkət edən X3 idarə etdiyi, “xxxx” MMC-yə məxsus “xxxx” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusun arxası ilə toqquşmuşdur. Hadisə nəticəsində təyin edilmiş müvafiq ekspertiza ilə müəyyən edilmişdir ki, Cavabdeh hadisə zamanı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuş və hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Suraxanı RPİ tərəfindən ##.##.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti Suraxanı RPİ DYPŞ-yə göndərilmiş və ##.##.2024-cü il tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati cərimə qərarı qəbul edilmişdir. Baş vermiş hadisə nəticəsidə zərərçəkmiş avtobusun mülkiyyətçisi “xxxx” MMC-yə 14.380 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən maddi ziyan bu günə kimi cavabdeh şəxs tərəfindən ödənilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-cü il tarixli, e-2(010) ***/**** nömrəli qətnaməsi ilə iddianın qismən-cavabdeh Cavabdeh vurulmuş zərərə görə 11.451 (on bir min dörd yüz əlli bir) manat məbləğində pul və 124.35 manat (yüz iyirmi dörd manat otuz beş qəpik) məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh idarə etdiyi avtomobillə təqsirli olaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı “xxxx” MMC-yə məxsus avtobusa zərər dəymişdir. Hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtobusa zərər dəyməsi iş materialları əsasında müəyyən olunur. Belə ki, cavabdeh Cavabdeh iddiaçı MMC-yə məxsus avtobusa maddi zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması-ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi-təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması-qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması-zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə iddiaçı “xxxx” MMC qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində avtobusa 14.380 manat məbləğində zərər dəydiyini iddia etmişdir. İş materiallarında olan qüsur aktından görünür ki, “xxxx” MMC tərəfindən avtobusun təmir xərci ümumilikdə 14.380 manat məbləğində qiymətləndirilmişdir. Lakin iş üzrə cavabdeh Cavabdeh dəymiş zərərin məbləğini mübahisələndirdiyindən məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspert tədqiqatı nəticəsində verilmiş ekspert rəyindən görünür ki, “xxxx” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusun hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən: dəyişilməli hissələrin qiyməti (təzə hissələrin qiymətinə müvafiq) 11.100 manat, təmir bərpa işlərinin qiyməti 2.400 manat olmaqla, cəmi 13.500 manat; dəyişilməli hissələrin qiyməti (aşınma tətbiq edilməklə) 9.051 manat, təmir-bərpa işlərinin qiyməti 2.400 manat olmaqla, cəmi 11.451 manat məbləğindədir. Məhkəmə hesab etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi zərər dəymiş avtobus 2018-ci il buraxılışlı olduğundan və yol-nəqliyyat hadisəsinin baş verdiyi 2023cü ildə artıq beş ildir ki, istismarda olduğundan avtobusun ehtiyyat hissələrinə dəymiş zərərin məbləği hesablanarkən aşınma mütləq nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçı “xxxx” MMC-yə məxsus avtobusa dəymiş zərərin məbləği ekspert rəyində aşınma nəzərə alınmaqla müəyyən edilən məbləğdə - dəyişilməli hissələrin qiyməti 9.051 manat, təmir-bərpa işlərinin qiyməti 2.400 manat olmaqla, cəmi 11.451 manat məbləğində qiymətləndirilməlidir. Bu vəziyyətdə məhkəmə hesab etmişdir ki, cavabdehin təqsirli hərəkətləri ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtobusa vurduğu zərər 11.451 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan qətnamədən narazı cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, ədalətli məhkəmə araşdırılmasını təmin edilməsi və barəsində olan Suraxanı rayon Polis İdarəsindən inzibati xəta ilə bağlı bütün sənədlərin tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf avtoqəza predmeti olan avtobusun fotoşəkilləri iddia ərizəsi məhkəməyə təqdim edilən zaman və sonrakı vaxtlarda bilərəkdən və qəsdən iş materialarına əlavə etməmişdir. Qəza törətdiyi zaman ziyan vurduğu avtobusun texniki vəziyyəti tamamilə yadındadır. Bundan əlavə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hadisənin iştirakçılarının iştirakı ilə avtomobilərinin fotoşəkilləri yol nəqliyyat inspektoru-təhqiqatçı tərəfindən çəkilmişdir. Hazırda məhkəmə iclası zamanı təqdim olunan fotoşəkillər başqa avtobusa aiddir. İddiaçı ona görə də avtobusun fotoşəklini iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə iclasında verdiyi şifahi vəsatətdən sonra təqdim olunmuşdur. İddiaçı digər qəzalı avtobusa aid olan avtomobilin fotoşəklərini sonradan məhkəməyə təqdim etməklə subutları tamamilə saxtalaşdırmışdır. Yəqin ki, iddiaçı cavabdehin hesabına əsassız və qanunsuz varlanmaq həvəsinə düşmüşdür. Həmçinin baş vermiş yol nəqliyyat hadisəsi mübahisəsizdir. İnzibati xəta üzrə məsuliyyətə cəlb olunmuşdur. Bu barədə ## #### 2024-cü ildə məhkəməyə təqdim etdiyi vəsatət təmin olunsa da, Suraxanı rayon Polis İdarəsindən həmin sənədlər təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi fotəşkillərlə onun məhkəməyə təqdim etdiyi fotəşəkillər arasında fərqi və müqayisəli təhlil məhkəmə tərəfindən aparılmamışdır. Məhkəmə mübahisə predmeti olan avtobusun digər qəzalı avtobusla əvəzlənməsi hallarını araşdırmamış, cavabdeh olaraq barəsində daha çox pul vəsaitinin tutulmasına nail olmuşdur. Hadisə baş verən vaxtı zərər vurduğu avtobusla sonradan iddiaçının başqa avtobusa aid olan fotəşəkillər arasında fərqlə bağlı məhkəməyə təqdim etdiyi diskə köçürülən video materiala məhkəmə tərəfindən bilərəkdən baxış keçirilməmişdir. Həmçinin qüsur aktının qanuni və əsaslı olması araşdırılmamışdır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmış, qiymətləndirilmənin keçirilməsi “xxxx” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli, MMC-nin MEB m***-**** saylı məktubu ilə tərəflərin xidmət haqqını ödəməməsi səbəbindən qərardad icra edilmədən geri qaytarılmış və mülki iş üzrə icraat təzələnmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, mütəxəssis rəyinin verilməsi “xxxx” MMC nin mütəxəsisslərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, PQ-M-**/**** nömrəli məktubu ilə mütəxəssis rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - iddianın təmin edilən hissəsində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhəri Suraxanı RPİ TŞ-nin baş təhqiqatçısı, R X4 tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X3 və Cavabdeh əməllərində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Suraxanı rayon DYPŞ-də tərtib edilmiş ##.##.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh ##.##.2023cü il tarixində saat 13:30-da “Opel İnsigna minik” markalı, 77-GH- 386 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 40 manat məbləğində cərimə edilməsinə dair inzibati tənbeh tədbiri tətbiq edilmişdir. ##.##.2019-cu il tarixdə verilmiş, AD ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “xxxx” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarından görünür ki, cavabdeh Cavabdeh iddiaçı MMC-yə məxsus avtobusa maddi zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş, barəsində inzibati cərimə növründə tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsinə istinad etmişdir. Həmin rəydən görünür ki, “xxxx” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusun hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən: dəyişilməli hissələrin qiyməti (təzə hissələrin qiymətinə müvafiq) 11.100 manat, təmir bərpa işlərinin qiyməti 2.400 manat olmaqla, cəmi 13.500 manat; dəyişilməli hissələrin qiyməti (aşınma tətbiq edilməklə) 9.051 manat, təmir-bərpa işlərinin qiyməti 2.400 manat olmaqla, cəmi 11.451 manat məbləğindədir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə mübahisə predmeti olan avtobusun digər qəzalı avtobusla əvəzlənməsi hallarını araşdırmamış, cavabdeh olaraq barəsində daha çox pul vəsaitinin tutulmasına nail olmuşdur. Cavabdeh apellyasiya şikayətində həmçinin barəsində olan Suraxanı rayon Polis İdarəsindən inzibati xəta ilə bağlı bütün sənədlərin tələb edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi üçün qeyd edilən Suraxanı rayon Polis İdarəsindən cavabdehin barəsində cinayət işinin başlanmasının rədd materiallarının və ona əsas olmuş sənədlərin eyni zamanda hadisə yeri ilə bağlı fotoşəkillərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş materiallara əlavə edilmiş fotoşəkillərlə iş materiallarına əlavə edilmiş fotoşəkillərin müqayisəsi zamanı vizual olaraq iş materiallarına baş vermiş yol nəqliyyat hadisəsi zamanı ziyan dəymiş avtobusun deyil, başqa nəqliyyat vasitəsinin fotoşəkillərinin əlavə edilməsi müəyyən edilmişdir. Belə ki, fotoşəkillərlə müəyyən edilir ki, bu fərqlər avtobusun arxa hissəsində olan zədələrdən, stop işarələrinin zədələnməyərək yerində olmasından, qəzaya düşmüş avtobusun sol hissəsində reklam lövhəsi olduğu halda, iddiaçının təqdim etdiyi avtobusda belə bir reklamın olmadığı görünür. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi baxışı zamanı ekspert tədqiqatı məhz iş materialları əsasında, yəni işdə olan zədələnmiş nəqliyyat vasitəsinin fotoşəkilləri əsasında aparılmışdır. Göründüyü kimi, iş materiallarına baş vermiş yol nəqliyyat hadisəsi zamanı ziyan dəymiş avtobusun deyil, başqa nəqliyyat vasitəsinin fotoşəkillərinin əlavə edilməsinə şübhələr olduğu üçün iş üzrə obyektiv nəticəyə gəlmək üçün, eləcə də cavabdehin dəlillərinə qiymət verilməsi üçün aparılmış ekspertizanın iş materiallarında olan “xxxx” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusun fotoşəkillərinin Suraxanı rayon Polis İdarəsindən inzibati xəta ilə bağlı aparılmış iş üzrə təqdim edilmiş fotoşəkildəki “xxxx” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusun fotoşəkilləri ilə eynilik təşkil edib-etməməsi, bu hal aydınlaşdırılandan sonra isə sözügedən avtobusa (Suraxanı rayon Polis İdarəsindən tələb edilmiş materialda qeyd edilmiş avtobusun ban, şassi və s.nömrəli detalların nömrəsi göstərilməklə) dəymiş zərərin ümumi məbləğinin (ehtiyat hissələri və təmir xərcləri daxil olmaqla) müəyyən edilməsi zəruri olmuşdur. Bu halın müəyyən edilməsi ekspertiza tədqiqatı zamanı mübahisə predmeti olmayan tamam başqa nəqliyyat vasitəsinə münasibətdə aparılıb-aparılmamasına qiymət verilməsi üçün də zəruri olmuşdur. Buna görə ##.##.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləğinin (ehtiyat hissələri və təmir xərcləri daxil olmaqla) müəyyən edilməsi üçün iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış və qiymətləndirilmənin keçirilməsi “xxxx” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. Lakin işin materiallarından görünür ki, tərəflər xidmət haqqının ödənilməsindən imtina edildiyindən iş üzrə mütəxəssis rəyi verilməmişdir. İş materiallarına baş vermiş yol nəqliyyat hadisəsi zamanı ziyan dəymiş avtobusun deyil, başqa nəqliyyat vasitəsinin fotoşəkillərinin əlavə edilməsinə şübhələr olduğundan və iş üzrə mütəxəssis rəyinin verilməsi zəruri olduğundan yenidən apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı qəbul edilmiş və bu dəfə mütəxəssis (ekspert) rəyinin alınması “xxxx” MMC nin mütəxəsisslərinə həvalə olunması qərara alınmışdır. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, PQ-M-**/**** nömrəli məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, iş materiallarinda olan "xxxx" markali, **-JK-*** dövlət qeydiyyat nişanli avtobusun fotoşəkilləri ilə Suraxani rayon Polis İdarəsindən inzibati xəta ilə bağli təqdim edilmiş fotoşəkildəki "xxxx" markali, **-JK-*** dövlət qeydiyyat nişanli avtobus arasında fərqlər mövcuddur. Belə ki, tədqiqat obyekti olan avtobus üzrə təqdim edilmiş fotoşəkillərlə yerində aparılmış vizual baxış zamanı müşahidə olunan rəng çaları arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, foto materiallarda əks olunan rəng tonu faktiki baxış zamanı müşahidə edilən rəngdən fərqlənir. Bununla yanaşı, nəqliyyat vasitəsinə qəza anında və ya qəza sonrası dərhal yerində vizual baxış keçirilmədiyi üçün digər mümkün fərqliliklərin və zədələrin obyektiv şəkildə qiymətləndirilməsi mümkün olmamışdır. Bu səbəbdən mövcud qiymətləndirmə yalnız təqdim edilmiş fotoşəkillər əsasında müəyyən edilə bilən göstəricilərlə məhdudlaşır və hazırda dəqiqliklə təsdiq olunan əsas fərq kimi yalnız rəng uyğunsuzluğu qeyd olunur. ##.##.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Suraxanı rayon Polis İdarəsindən tələb edilmiş materialda əks olunmuş "xxxx" markali, **-JK-*** dövlət qeydiyyat nişanlı (ban NMC285LKBLBC00263, 2018-ci il buraxılışlı) avtomobilə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri və təmir xərcləri daxil olmaqla) 14,220.0 (on dörd min iki yüz iyirmi) manat təşkil edə bilər. Rəydə qeyd olaraq isə göstərilmişdir ki, “tədqiqat obyekti olan avtobusun ehtiyat hissələrinin Azərbaycan bazarında məhdud sayda mövcudluğu səbəbindən qiymətləndirmə zamanı birbaşa bazar analoqlarının tətbiqi mümkün olmamışdır. Bu baxımdan nəticələr əsasən həmin sahədə fəaliyyət göstərən ixtisaslaşmış servis mərkəzləri ilə aparılmış şifahi sorğular əsasında formalaşdırılmışdır. Aparılmış araşdırmalar göstərir ki, müvafiq ehtiyat hissələrinin əksəriyyəti xarici bazarlardan idxal olunur və bu amil onların maya dəyərinə birbaşa təsir edir. Eyni zamanda nəzərə alınmalıdır ki, servis mərkəzləri yalnız təmir xidmətlərindən deyil, həm də ehtiyat hissələrinin satışından mənfəət əldə etdikləri üçün təqdim olunan qiymətlərə əlavə kommersiya marjası və vergi öhdəlikləri daxil edilə bilər. Bu səbəbdən müəyyən edilmiş qiymət göstəriciləri digər servis mərkəzləri və ya fərdi ustalar tərəfindən təklif olunan qiymətlərlə müqayisədə fərqlilik göstərə bilər”. Beləliklə yol-nəqliyyat hadisəninin baş verməsi, həmin hadisə nəticəsində cavabdeh Cavabdeh təqsirli bilinməsi işin mübahisəsiz hallarıdır. Bununla belə hazırda iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın cavabdehdən tutulmasını tələb etsə də, iddiaçı tərəfindən faktiki olaraq hadisə zamanı zədə almış “xxxx” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus deyil, başqa bir avtobusa aid fotoşəkillər iş materiallarına əlavə edilmiş və cavabdehin təqsirli olması müəyyən edilməyən tamamilə fərqli avtobusa görə dəymiş ziyan tələb edilmişdir. Belə ki, apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iş materiallarinda olan "xxxx" markali, **-JK-*** dövlət qeydiyyat nişanli avtobusun fotoşəkilləri ilə Suraxani rayon Polis İdarəsindən inzibati xəta ilə bağli təqdim edilmiş fotoşəkildəki "xxxx" markali, **-JK-*** dövlət qeydiyyat nişanli avtobus arasında fərqlər mövcuddur. Belə ki, tədqiqat obyekti olan avtobus üzrə təqdim edilmiş fotoşəkillərlə yerində aparılmış vizual baxış zamanı müşahidə olunan rəng çaları arasında uyğunsuzluq müəyyən edilmişdir. Lakin rəydə göstərilənlərdən də əlavə bu fərqlərin mövcudluğu həm də vizual cəhətdən avtobusun arxa hissəsində olan zədələrdən, stop işarələrinin zədələnməyərək yerində olmasından, qəzaya düşmüş avtobusun sol hissəsində reklam lövhəsi olduğu halda iddiaçının təqdim etdiyi avtobusa aid şəklində belə bir reklamın olmamasında özünü biruzə verməsi açıq-aşkar müşahidə olunur. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı tərəf ##.##.2023-cü il tarixdə, saat 13:30-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədə almış “xxxx” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus ilə bağlı dəymiş ziyan əvəzinə fərqli avtobusa aid görüntələrə istinad etmişdir. Halbuki işin faktiki halları ilə cavabdehin həmin avtobusa dəymiş zədə ilə bağlı hər hansı bir təqsirliliyi müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsin əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla ##.##.2023-cü il tarixdə, saat 13:30-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədə almış “xxxx” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusa hansı həcmdə ziyan dəyməzi müəyyən edilməmiş, həmçinin mütəxəsis tərəfindən rəy hazırlanarkən tədqiqata məhz qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı zədə almış avobus təqdim edilməmişdir ki, bu halda da cavabdehin zədələnməsində təqsiri olmayan başqa bir avtobusa görə cavabdehdən vəsaitin tutulması əsassızdır. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını düzgün müəyyən etməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Müəyyən edilmişdir ki, iddiaçının həqiqətən də yol qəza hadisəsi nəticəsində zədələnmiş avtobus hazırda iddiaçı tərəfindən təmir edilərək yararlı vəziyyətə gətirilmişdir, lakin iddiaçı bu təmir xərcləri, yəni vurulmuş ziyan barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak etməyərək yalnız məhkəmənin qaynar xətti ilə hakim köməkçisi ilə telefon əlaqəsi saxlayaraq işin nəticəsi ilə maraqlanmış, yekun nəticənin verilməməsinə görə narazılığını bildirmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, bu göstərilənlər iddiaçının hüquqlarına aid olsa da, bu qənaətə gəlməyə əsas verir ki, iddiaçı tərəf qaldırdığı iddianın əsaslı olmasına dair mövqelərində qeyri-səmimi olmuşdur. Belə ki, iddia əsaslı olduğu təqdirdə ona qarşı verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız sayan iddiaçı tərəf ən azından apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edə, iş üzrə məhkəməyə obyektiv və qanuni nəticəyə gəlməsində yardımçı ola bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəf bu hüquqlarından istifadə etməmiş və apellyasiya instansiyası məhkəməsi də işin araşdırılması zamanı təqdim edilmiş və iş materiallarında olan sübutlara əsaslanaraq obyektiv olaraq iddianın əsassız, apellyasiya şikayətinin isə əsaslı olması kimi nəticəyə gəlmişdir. Beləliklə, Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. İddia tələbi rədd edildiyindən birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinin dəyəri olaraq 600 manat məbləğində vəsait iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” MMCnin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinin dəyəri olaraq 600 manat məbləğində vəsait iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” MMCnin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar