Məhkəmə qərarları › İş №2(103)-2502/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2502/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2502/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-206/24 saylı iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 20000 manat məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı borcu müvafiq olaraq xx.xx.2023-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə Bakı şəhəri 5 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş Kredit Müqaviləsi üzrə 20000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 150 manat məbləğində pulun, cəmi 20150 manat məbləğində pulun tam şəkildə cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə imzalanan zaman məbləğin tam şəkildə geri qaytarılması barədə cavabdehlə razılığa gəlmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixədək 20000 manat ödəməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməyərək Kredit Müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Hazırki günədək götürdüyü borcdan hər hansı bir məbləğdə pul ödəməmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-206/24 saylı iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia təmin olunmuşdur.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, “Borc verən” İddiaçı tərəfindən “Borclu” Cavabdeh 20000 manat məbləğində pulun verilməsi tərəflər arasında yazılı şəkildə bağlanmış borc müqaviləsi, həmçinin kassa qəbzi ilə öz təsdiqini tapmışdır. Borcun qaytarılması və kredit müqaviləsinin etibarlı olmamasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh iddia tələbini qismən qəbul edərək, hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf özü və atası Nizami RPİ-nin 25-ci PŞ-də verdikləri izahatlarında 5000 manat pulun borc məbləği kimi verilmədiyini açıq şəkildə bildirmişlər. Məhkəmə isə tərəflərin özləri tərəfindən edilmiş bu etirafı hazırki iş üzrə sübut qismində qəbul etməməklə müqaviləni formal cəhətdən qiymətləndirmiş və bununla da qeyri-obyektiv mövqe irəli sürmüşdür. Belə ki, məhkəmə iş üzrə qərar qəbul edərkən tərəflərin müqaviləyə qədərki aralarında olan münasibəti, danışıqları və sonrakı hərəkətlərini nəzərə almamışdır, üstəlik müqavilənin mahiyyətini və borcun əsl məbləğini (20000 deyil, 10000 AZN olmasını) təsdiq edən mötəbər sübut (iddiaçının özünün və atasının etirafı) təqdim edilmiş olsa belə. Halbuki iddiaçı borc alan tərəfindən ödənilmiş məbləği etiraf etdiyi üçün həmin hal artıq məhkəmə tərəfindən sübut edilmiş hesab edilməli və yekun qərar qəbul edilərkən sübut edilmiş bu mühüm fakt nəzərə alınmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşdə iştirak edən şəxslər (iddiaçı və cavabdeh) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia tam təmin olunduğundan qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

15. Apellyasiya şikayətinin əsas dəlillərindən biri iddiaçının və atasının Nizami RPİ-nin 25- ci PŞ-də verdikləri izahatlarının nəzərə alınmaması barədədir.

16. Şikayətin dəlillərinə münasibətdə Kollegiya birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşaraq qeyd edir ki, apellyator cehiz əmlakın cavabdehin mənzilində qalmasının əvəzi olaraq 5000 manat pulun ödənilməsi barədə mübahisənin hazırkı iddia ilə əlaqəsini əsaslandıra bilməmişdir. İddia predmeti olan kredit müqaviləsində qeyd edilən qızıl-zinət əşyaları barədə hər hansı bir bənd yoxdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin iddiaçıya qarşı qızıl-zinət əşyalarına dair hər hansı tələbi varsa, məhkəmədə ayrıca iddia qaldırmaq hüququ vardır.

17. Digər tərəfdən, iddiaçı məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh müqavilə üzrə götürdüyü 20 000 manat pul vəsaitindən ona hər hansı məbləğ qaytarmamışdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-206/24 saylı iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar