Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2503/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, kreditor İddiaçı ASC-nin borclular Cavabdeh2 qızı və Cavabdeh1 qarşı əmra icraatı qaydasında “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” ərizəsinə dair iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli məhkəmə əmrinə borclu Cavabdeh1 tərəfindən verilmiş etiraz təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət qismən təmin edilməlidir. 1-ci, etiraz ona görə rədd edilib ki, borclu əmrə etiraz verilməsi üçün Mülki- Prosessual Məcəllənin 282-ci maddəsində nəzərdə tutulan 10 günlük müddəti ötürüb. Lakin bu hal rəddetmə üçün əsas deyil. Belə ki, müddət keçdikdə etiraz rədd edilmir, geri qaytarılır. MPM-in 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Etirazın verilməsi müddəti (10 gün) prosessual müddətdir. 2-ci, birinci instansiya məhkəməsi müddətin keçməsinə qənaətinə gəlsə də bu məsələnin düzgün həlli üçün zəruri olan halları araşdırmayıb və gəldiyi nəticəni əsaslandırmayıb. Belə ki, əmrin surəti poçtla borcluya göndərilsə də onun poçt xidməti tərəfindən borcluya rəsmi qaydada verildiyini təsdiq edən sənəd iş materiallarında yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 282-ci maddəsində əmrə etiraz verilməsi müddətinin başlanğıcı “borclunun məhkəmə əmrini aldığı gün” kimi göstərilib. Bundan başqa, MPM-in 134.1.7-ci maddəsinə görə məhkəmə, məhkəmə əmrini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Göründüyü kimi, əmri rəsmi qaydada vermək məhkəmənin vəzifəsi kimi müəyyən edilib, yəni məhkəmənin vəzifəsi əmrin surətini göndərməklə bitmir, göndərilən əmrin rəsmi qaydada verilməsi təmin olunmalıdır. MPM-in 135.2-ci maddəsində isə qeyd olunub: “Məhkəmə sənədləri ... forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə ... verilir”. Nəzərə alınmalıdır ki, əmrə etiraz vermək hüququ məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Odur ki, bu hüququn həyata keçirilməsi müddətinin ötürülməsi barədə nəticə mülahizələrə deyil, şübhədən kənar faktlara əsaslanmalıdır. Beləliklə, qərardad ləğv edilməli və etirazın mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Etirazın mümkünlüyü məsələsinə yenidən baxarkən poçtla göndərilmiş əmrin borcluya verilib-verilmədiyini, habelə icra sənədi üzrə icraat zamanı borclunun əmrin surətini icra icraatının materialı kimi alıb almadığını aydınlaşdırmalı və əsaslandırılmış qərardad qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2503/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2503/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver