Məhkəmə qərarları › İş №2(103)-2503/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2503/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2503/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun alınması” tələbinə dair mülki iş üzrə Açar sözlər:(kredit müqaviləsi üzrə mübahisələr) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(001)-628/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ******* saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 25 % ödəmək şərtilə 14000 manat məbləğində kredit verilmişdir. 2.Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış 1033821/21407 saylı, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə kredit alanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 3.İddiaçı, cavabdehlərin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun alınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8660,40 manat əsas borc və 1296,39 manat faiz borcu olmaqla, cəmi 9956,79 manat borcun, həmçinin ödənilmiş 119,97 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 14000 (on dörd min) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, ******* saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2020-ci il tarixli, 1033821/21047 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zamin, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə əsas borcu 8660,40 (səkkiz min altı yüz altmış manat 40 qəpik) manat, faiz borcu 1296,39 (bir min iki yüz doxsan altı manat otuz doqquz qəpik) manat olmaqla, cəmi 9956,79 (doqquz min doqquz yüz əlli altı manat 79 qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаlhаzırdа cavabdehlərin, krеdit müqaviləsinə əsаsən “Аzər – Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 9956,79 (doqquz min doqquz yüz əlli altı manat 79 qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. 7.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 fevral 2023-cü il tarixli, 2(001)-628/2023 saylı qətnaməsi ilə (hakim-Fərid Hətəmzadə) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 8660,40 (səkkiz min altı yüz altmış manat 40 qəpik) manat məbləğində əsas borc, 1296,39 (bir min iki yüz doxsan altı manat 39 qəpik) manat məbləğində faiz borcu, 119,57 (bir yüz on doqquz manat 97 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (40 qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 10076,76 (on min yetmiş altı manat 76 qəpik) manat məbləğində borcun alınıb İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 8.İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında borcluya 36 ay müddətinə, illik 25 faiz olmaqla şəxsi ehtiyacların ödənilməsi üçün 14.000 manat məbləğində istehlak kredit verilməsi haqqında müqavilə bağlanmışdır. 9.İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 komisiyon xərclər çıxıldıqdan sonra bankdan 13.860 manat kredit məbləğini almışdır. 10.İş materiallarında olan kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 556,60 manat olmaqla xx.xx.2023-ci il tarixə qədər geri qaytarılması razılaşdırılmışdır. 11.İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2020ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 8660,40 manat məbləğində əsas borc və 1296,39 manat faiz borcu olmaqla, cəmi 9956,79 manat məbləğində borcu vardır. 12.İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 29 oktyabr 2020ci il tarixli, 1033821/21407 №-li zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixində bağlanmış ******* nömrəli kredit müqaviləsi əsasında “Borcalan”a veriləcək 14000 (on dörd min) AZN məbləğində kreditlə əlaqədar olaraq “Borcalan” Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin”, “Borcalan” ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürür. 13.İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 18 iyul 2022-ci il tarixli pretenziyadan görünür ki, cavabdehlərə xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. 14.İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 119,57 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. 15.Məhkəmə qeyd etmişdir ki, tərəflər ("xxxx" ASC - ilə Cavabdeh1) arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin (əsas borcun və faiz borcun) icrasının (ödənilməsini) təmin edilməsini tələb etməkdə haqlıdır. 16.Məhkəmə hesab etmişdir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün iddia tələbi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və Cavabdeh1 8660,40 manat məbləğində əsas borc və 1296,39 manat məbləğində faiz borcunun tutulması hissəsində təmin edilməlidir. 17.Məhkəmə hesab etmişdir ki, iddia tələbi borcun zamindən tutulmalı olmalı hissəsində əsaslı və qanuni olmadığından təmin edilə bilməz. 18.Məhkəmə bunu onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında 29 oktyabr 2020-ci il tarixli 1033821/21407 №-li zaminlik müqaviləsi bağlanmış, lakin zaminlik müqaviləsində, müqavilənin mühüm şərtləri, yəni Cavabdeh1 verilmiş kreditin müddəti və faiz dərəcəsi qeyd edilməmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (müddət, faiz dərəcəsi) barəsində razılıq əldə edilməklə bağlanmadığından, zaminə aid hissədə iddia tələbi əsassızdır. 19.Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, müqavilədə nəzərdə tutulan öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, 8660,40 manat əsas borc və 1296,39 manat faiz borcu olmaqla, cəmi 9956,79 manat məbləğində borc Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməlidir. İddia qalan hisədə təmin edilməməlidir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1, 385.1, 386.1, 421.2, 424.5, 442, 445, 448.1, 739.1, 739.2, 470.1, 472.2, 477.0.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ” 25 iyul 2019-cu il tarixli Plenum Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4 və 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat 21.Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh2 aid hissədə ləğv edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8660,40 manat əsas və 1296,39 manat faiz, cəmi 9956,79 manat borcun, həmçinin ödənilmiş 119,97 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarından göründüyü kimi, zaminliyə xitam verilməsi üçün iki halın baş verməsi tələb olunur. 1.Zaminin məsuliyyətinin artması 2. Zamin üçün digər əlverişsiz nəticələrə səbəb olan halların baş verməsi. Hazırki işlə bağlı birinci instansiya məhkəməsi bu halların heç birinin olmamasına qiymət verməmiş, bununla da maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinə heç bir əlavə və ya dəyişiklik edilməmişdir. Belə olan halda zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan halların baş verməsi mümkün deyil. 29 oktyabr 2020-ci il tarixli, 1033821/21407 №-li Zaminlik Müqaviləsinin 3.1-ci bəndinə əsasən “Zamin” Bank qarşısında “Borcalan”-nın xx.xx.2020-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və.s üçün məsuliyyət daşıyır. Digər tərəfdən məhkəmə tərəfindən Cavabdeh2 zamin olduğu başqa öhdəliklərinin olub-olmaması araşdırılmamış, işə onun iştirakı olmadan baxılmışdır. Bundan başqa Cavabdeh2 tərəfindən zaminlik müqaviləsi mübahisələndirilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b)Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 25.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, məhkəmə qətnaməsini qanuni hesab edərək onun dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında qeyd etdi ki, əslində o, borcun ödənilməsini öz üzərinə götürmüşdür. 26.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasının xahiş etdi, izahatında qeyd etdi ki, o, qardaşına zamin durmuşdur. Qətnamə ilə müəyyən edilmiş məbləğ dəyişməyəcəksə, o, qardaşının yerinə borcun ödənilməsinə etirazı yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 31.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 32.Maddə445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 33.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 34.Maddə 470.1.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 35.Maddə 472.1.Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 36.Maddə 472.2.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 37.Maddə 477.0.1.Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 40.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə alaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh2 aid təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(001)-628/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, qeyd olunan hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. 44.Belə ki, məhkəmə zaminə münasibətdə iddia tələbini təmin etməyərək qeyd etmişdir ki, zaminlik müqaviləsində, müqavilənin mühüm şərtləri, yəni Cavabdeh1 verilmiş kreditin müddəti və faiz dərəcəsi qeyd edilməmiş, buna görə də müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (müddət, faiz dərəcəsi) barəsində razılıq əldə edilməklə bağlanmadığından, zaminə aid hissədə iddia tələbi əsassızdır. 45.Kollegiya, məhkəmənin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə maddi hüquq normasını pozmaqla tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. 46.Belə ki, 29 oktyabr 2020-ci il tarixli, 1033821/21407 №-li zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin olunan öhdəliyin əsası:xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilədir. 2.2-ci bəndinə əsasən təmin olunmuş müqavilənin predmeti: “Borcalan”a veriləcək 14000 manat məbləğində kredit. 2.3-cü bəndinə əsasən bu müqavilə ilə təmin olunmuş öhdəliyin icrası müddəti: “Borcalan”ın bank qarşısında xx.xx.2020-ci il tarixində bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirənədək. 3.1-ci bəndinə əsasən “Zamin” Bank qarşısında “Borcalan”-nın xx.xx.2020-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və.s üçün məsuliyyət daşıyır. 47.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 48.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında deyilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. 49.Həmin Qərarda qeyd olunmuşdur ki, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. 50.Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Qərara almışdır ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsindənəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. 51.Həmçinin, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1, 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu müəyyən etmişdir ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və.s) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütovlükdə xitam verilir. 52.Göründüyü kimi, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinin bütün mühüm şərtləri barədə məlumatlı olmuş, həmin kredit müqaviləsi üzrə Mülki Məcəllənin 477.0.1-ci maddəsində nəzərdə tutulmuş zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və ya bu dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması ilə bağlı hallar müəyyən edilməmişdir. 53.Buna görə də kollegiya hesab edir ki, məhkəmə qeyd olunan əsas üzrə iddia tələbini zaminə münasibətdə təmin etməməklə düzgün olmayan qətnamə qəbul etmişdir. 54.Kollegiya hesab edir ki, Cavabdeh2 kredit müqaviləsinin icrasına görə digər Cavabdeh1 ilə birgə məsliyyət daşıdığından, iddia tələbi qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq zamin Cavabdeh2 münasibətdə də təmin edilməlidir. 55.Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(001)-628/2023 saylı qətnaməsi iddianın qismən təmin edilən, zaminə aid təmin edilməyən hissələrdə ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməli, 8660,40 (səkkiz min altı yüz altmış manat 40 qəpik) manat məbləğində əsas borc, 1296,39 (bir min iki yüz doxsan altı manat 39 qəpik) manat məbləğində faiz borcu, 119,57 (bir yüz on doqquz manat 97 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (40 qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 10076,76 (on min yetmiş altı manat 76 qəpik) manat məbləğində borc Cavabdeh2 birgə qaydada tutulmalıdır. 56.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(001)- 628/2023 saylı qətnaməsi iddianın qismən təmin edilən, zaminə aid təmin edilməyən hissələrdə ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 8660,40 (səkkiz min altı yüz altmış manat 40 qəpik) manat məbləğində əsas borc, 1296,39 (bir min iki yüz doxsan altı manat 39 qəpik) manat məbləğində faiz borcu, 119,57 (bir yüz on doqquz manat 97 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (40 qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 10076,76 (on min yetmiş altı manat 76 qəpik) manat məbləğində borc Cavabdeh2 birgə qaydada tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar