Məhkəmə qərarları › İş №2(103)-2505/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2505/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2505/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh tərcüməçi: X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-731/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 250 manat məbləğində dəyən ziyanın tutulmasını və tez bir zamanda suyun axıdılmasına səbəb olan halların aradan qaldırılmasına dair göstəriş verilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanının birinci mərtəbəsində yaşayır. Cavabdeh həmin binanın 2-ci mərtəbəsində yaşayır. 2017-ci ilin yazında vətəndaş Cavabdeh öz mənzilini təmir etməyə başlamışdır. Onun təmirindən sonra isə vanna otağına su axmağa başlamışdır. Bir neçə dəfə qonşusu Cavabdeh evinə su axıdılması barədə xəbərdar etsə də, o, buna əhəmiyyət verməyərək onu xoşagəlməz sözlərlə alçaldaraq qovmuşdur. Bu barədə aidiyyatı təşkilatlara müraciət etsə də onun mənzilinə dəymiş ziyanın qarşısını alan məsul şəxs olmamışdır. Hətta qonşuya gedən suyu bağlatdırmaq istədikdə buna icazə verməmişlər. Bu günə qədər evinin tavanında nəmlik, su sızması davam etməkdədir. Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1025/2018 saylı qətnaməsi ilə iddiası təmin edilərək, Cavabdeh onun xeyrinə 306 manat dəymiş zərərin əvəzi ödənilmişdir. Lakin, Cavabdeh əməlləri bu gün də davam etməkdədir. Evinə hələ də su onun tərəfindən axıdılır. Qonşu kimi onu eşitmək istəmir. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-731/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 110 manat vurulmuş zərərin əvəzinin və iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun tutulması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manatının İddiaçı və 50 manatının Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş xüsusi cihazla keçirilən (X4) 80 manat ekspertiza xərcinin 40 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, ekspert rəyində iddiaçının mənzilinə dəyən zərərin məbləği göstərilsə də, zərərin məhz onun təqsiri nəticəsində dəydiyini təsdiq edən məlumat olmaması, daha əvvəl 2018-ci il tarixdə məhkəmə qətnaməsi ilə suaxıtmaya görə ondan 306 manat maddi ziyan tutulmuş və o icra və probasiya şöbəsinə həmin məbləği ödəmişdir. Hazırda iddiaçı əsassız olaraq iddia qaldıraraq evində yaranmış nəmişlik səbəbindən ona dəymiş ziyanı tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə yanaşı bildirmişdir ki, məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatına əsasən ekspert onun evinə baxış keçirmiş lakin onun mənzilindən su axıdılmasını məyyən edə bilməmişdir, bununla belə iddiaçı müstəqil ekspert tutaraq su borularında sızma olmasını müəyyən etmişdir. Həmçinin iddiaçının evində nəmişlik yaranmasında onun təqsiri yoxdur, belə ki, ümumi binada problemlər mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, qətnamənin ekspertiza xərcinin ondan tutulması hissəsindən narazı qaldığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən aydın olur ki, onun iradə ifadəsi qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 4, mənzil 3/6 İddiaçıyevnanın xüsusi mülkiyyətindədir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)- 1025/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçıyevnanın xeyrinə 306 (üç yüz altı) manat vurulmuş zərərin əvəzi tutulmuşdur. (qətnamə icra olunmuşdur.) İş materiallarında olan 5 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli aktından görünür ki, Xaqani küçəsi 4 saylı evin, 3/6 saylı mənzilində yaşayan İddiaçı su axıntısı ilə bağlı xx.xx.2020-ci il tarixdə ünvanlandığı ərizəsinə əsasən, mənzilinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sanitar qovşağın tavanında su axıntısı aşkar edilməmişdir, yalnız nəmişlik vardır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1594 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 4 saylı evin 11 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malaaltı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən də 3/6 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 4 saylı evin 3/6 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 110,0 manat məbləğində müəyyən edilir. (aparılmış tədqiqatın dəyəri 100 manat) İş üzrə təyin edilmiş “Quru ev” müstəqil ekspertin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 4 saylı evin 3/6 saylı mənzilin dəhlizində (mətbəx dəhlizdə yerləşir) və sanitariya qovşağının tavanında nəmlik və su sızması izləri aşkar olunmuşdur. Su sızmasının səbəbini aşkar etmək məqsədilə həmin mənzilin üst mərtəbəsində yerləşən mənzilin santexnika sisteminə (sanitar qovşağının su xətləri, sanitar qovşağının kanalizasiya boruları və ümumi su xətti borusunun mənzilə daxil olan hissəsinə) baxış keçirilmişdir. İnspeksiyanı keçirmək məqsədilə termoqrafik görüntü kamerası, akustik avadanlıq və kanalizasiya sistemləri üçün nəzərdə tutulan endoskopik avadanlıqdan istifadə olunmuşdu. Mənzilin kanalizasiya borularında (50 mm və 100 mm diametrli) sızma, daralma yaxud tutulma müşahidə olunmamışdır. Mənzilin ümumi su xəttinin kranı nasaz vəziyyətdə olduğu aşkar olunmuşdu. Belə ki, həmin kran bağlı vəziyyətdə olduqda boru ilə kranın birləşmə hissəsindən su sızır. Bu da öz növbəsində həmin suyun həm kafelin altı ilə divara həmdə kafelin üstü ilə yerə sızmasına səbəb olur. Eyni zamanda, unitazın çıxışında yerləşən 100 mm diametrlik borunun hamamın divarına birləşdiyi yerdə metlax və kafelin arasında boşluq müşahidə olunmuşdur. Ehtimal edilir ki, su həmin boşluqa keçib döşəmənin altına və aşağı mərtəbəyə sızır. İş materiallarında olan ƏİA/4 seriyalı, 756916 saylı, xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçıyevna 80 manat ekspertiza xərcini tam ödəmişdir. İş materiallarında olan 5 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli aktından görünür ki, Xaqani küçəsi 4 saylı evin, 3/6 saylı mənzilində yaşayan İddiaçı ərizəsinə əsasən, mənzilinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sanitar qovşağın tavanın nəm olması, lakin su axıntısı olmaması aşkar edilmişdir. Bundan başqa üst mərtəbədə yerləşən 11 saylı mənzilin hamam otağına baxış keçirərkən, ümumi su xəttinin su kranının nasaz olduğu aşkar edilmiş və 11 saylı mənzildə yaşayan Cavabdeh bildirilmişdir ki, gələcəkdə su axıntısı baş verməməsi üçün hamam otağının su kranını dəyişdirsin. İş materiallarında olan 5 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, 220 saylı Cavabdeh ünvanladığı məktubundan görünür ki, ünvana baxış keçirilmiş, sıradan çıxmış su kranı Cavabdeh tərəfindən təmir edilmişdir. Hal-hazırda su kranında axıntı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi məhz yuxarıda qeyd olunanları əsas götürərək və Mülki Məcəllənin 1096-ci, 1097-ci, 1115-ci və 21-ci maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, “Quru ev” müstəqil ekspertin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 4 saylı evin 3/6 saylı mənzilin dəhlizində (mətbəx dəhlizdə yerləşir) və sanitariya qovşağının tavanında nəmlik və su sızması izləri aşkar olunmuşdur. Su sızmasının səbəbini aşkar etmək məqsədilə həmin mənzilin üst mərtəbəsində yerləşən mənzilin santexnika sisteminə (sanitar qovşağının su xətləri, sanitar qovşağının kanalizasiya boruları və ümumi su xətti borusunun mənzilə daxil olan hissəsinə) baxış keçirilmişdir. İnspeksiyanı keçirmək məqsədilə termoqrafik görüntü kamerası, akustik avadanlıq və kanalizasiya sistemləri üçün nəzərdə tutulan endoskopik avadanlıqdan istifadə olunmuşdu. Mənzilin kanalizasiya borularında (50 mm və 100 mm diametrli) sızma, daralma yaxud tutulma müşahidə olunmamışdır. Mənzilin ümumi su xəttinin kranı nasaz vəziyyətdə olduğu aşkar olunmuşdu. Belə ki, həmin kran bağlı vəziyyətdə olduqda boru ilə kranın birləşmə hissəsindən su sızır. Bu da öz növbəsində həmin suyun həm kafelin altı ilə divara həmdə kafelin üstü ilə yerə sızmasına səbəb olur. Eyni zamanda, unitazın çıxışında yerləşən 100 mm diametrlik borunun hamamın divarına birləşdiyi yerdə metlax və kafelin arasında boşluq müşahidə olunmuşdur. Ehtimal edilir ki, su həmin boşluqa keçib döşəmənin altına və aşağı mərtəbəyə sızır. Bununla yanaşı kollegiya qeyd edir ki, ekspert tərəfindən su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 110 manat olması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə apellyatora aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-731/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 110 manat vurulmuş zərərin əvəzinin və iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun tutulması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manatının İddiaçı və 50 manatının Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş xüsusi cihazla keçirilən (X4) 80 manat ekspertiza xərcinin 40 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Qürbət Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar