Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2506/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-1816/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İKB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1824,17 manat əsas borc, 324,65 manat faiz borcu və 139,73 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2288,55 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və xx xxxx 2019-cu il tarixli, 58-0***-******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 36 faizlə 24 ay müddətinə 2309 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə «Hüquqların ötürülməsi barədə» xx xxxx 2019-cu il tarixli 712 saylı Sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 1816/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Fintrend” BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 58-0***-******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, “Fintrend” BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 58-0***-******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 1824,17 manat əsas borc, 324,65 manat faiz borcu, 20 manat cərimə borcu, ümumilikdə 2168,82 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, məhkəmə tam araşdırma aparmamış, mühasibatlıq ekspertizası keçirilməmişdir. Bu müddətdə işləməmiş, başqa gəlir yeri olmamışdır, öhdəsində bir azyaşlı övladı var. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə uyğun şikayət verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlilləri ilə razılaşmayaraq, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin hesabdan çıxarış təqdim edərək, borcun düzgün hesablandığını qeyd etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarına əsasən, “Fintrend” BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 58-0***-******* nömrəli istehlak krediti müqaviləsinə əsasən “Fintrend” BOKT borcluya 24 ay müddətinə, illik 36 faiz hesablanmaqla 2309 manat məbləğində kredit vermiş, “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə «Hüquqların ötürülməsi barədə» xx xxxx 2019-cu il tarixli 712 saylı Sazişə əsasən Cavabdeh ilə “Fintrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə (hazırki İddiaçı ASC) ötürülmüş, xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixinə banka 1824,17 manat əsas borc, 324,65 manat faiz borcu və 139,73 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2288,55 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan aydın olur ki, cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, tərəflər arasında bağlanmış müqaviləni ləğv etmişdir. Belə ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən tərəfindən hər hansı münasibət bildirilməmişdir. Apelyasiya şikayətində irəli sürülən, borcların düzgün hesablanmaması arqumenti (həmçinin bu məqsədlə ekspertizanın təyin edilməsinin zəruriliyi) ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən Kollegiya qeyd edir ki, borcun düzgün hesablandığı hesabdan çıxarışla da müəyyən olunur, belə ki, həmin çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 130 manat ödəniş aparılmış (77,17 m. əsas, 52,83 m. faiz borcuna silinmişdir) və əsas borc məbləği 1824,17 manat qalmışdır. Əsas qalıq borcu olan 1824,17 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 1,82 manat (1824,17x36%/360=1,82), həmin faizlərin hesablandığı müddət isə sonuncu ödənişin edildiyi xx.xx.2020-ci il tarixdən iddia qaldırılarkən verilmiş maliyyə arayışının tərtib edildiyi xx.xx.2020-ci il tarixədək 178 gün olduğu müəyyən edilir ki, bu da 324,7 manat təşkil edir. Cavabdehin dəlilləri əsassızdır, borcun hesablanması üçün ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Həmçinin iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, cərimə borcunun azaldılmasını və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir (i.v. 47). Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlili əsassızdır. Göründüyü kimi, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə alaraq, cərimə məbləğini azaldaraq 20 manat məbləğində müəyyən etmişdir. İşləməməsi, öhdəsində azyaşlı övladının olması barədə cavabdehin dəlillərinə də qiymət verən Kollegiya qeyd edir ki, qeyd olunanlar cavabdehi borcunu ödəməkdən azad etmir. Beləliklə, Kollegiya hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 1816/2020 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2506/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2506/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver