Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2508/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları:
1. İddiaçı “Azər-Türk Bank ASC” Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 128548.98 (bir yüz iyirmi səkkiz min beş yüz qırx səkkiz manat 98 qəpik) əsas, 1259.92 (bir min iki yüz əlli doqquz manat 92 qəpik) manat faiz cəmi 129808.9 (bir yüz iyirmi doqquz min səkkiz yüz səkkiz manat 90 qəpik) manat pul, iddia əizəsinə görə ödənilmiş 370 (üç yüz yetmiş manat) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-NİN 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 45 (qırx beş manat) manat ödəniş tutulmasını, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0348 kv.m olan torpaq sahəsinin və ümumi sahəsi 162.20 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsini, tutmanın ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0348 kv.m olan torpaq sahəsinə və ümumi sahəsi 162.20 kv.m olan yaşayış ünvanına yönəldilməsini, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılmasını və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsini, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0348 kv.m olan torpaq sahəsinə və ümumi sahəsi 162.20 kv.m olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Fərid Əyyubov) ilə iddia tələbi qismən təmin edilmişdir.
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
4. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə ərizə tədqim edərək Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə borc tam ödənildiyindən, Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsindən imtina etdiklərini bildirmiş, iddia tələblərindən imtina barədə ərizəsinin qəbul edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə iclasında iştirak edən cavabdeh borcu tam ödədiyini qeyd edərək, mübahisənin öz həllini tapdığını təsdiqləmiş və iddiadan imtina və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümyaəndəsi məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsindən imtina etdiklərini bildirmiş, iddia tələblərindən imtina barədə ərizəsinin qəbul edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi:
8. Məhkəmə kollegiyası iddiadan imtinaya dair ərizəni müzakirə edərək hesab edir ki, iddiaçının iddiasından imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
10. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
11. Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər.
12. Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
13. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.
14. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
15. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
16. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Nəticə:
17. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı “Azər-Türk Bank ASC”-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.
18. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
19. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402.2.4-cü maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin öz qulluq mövqeyinə əsasən gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə, yəni icraatı başlamış tərəflərin vəsatətinin (xahişinin) təmin olunmasının rəsmiləşdirilməsi ilə bağlıdır. Məlum məsələdir ki, vəsatəti (xahişi) təmin olunan tərəfin, xahişinin təmininə dair məhkəmə aktını (qərardadını) mübahisələndirməsi öz-özlüyündə məntiqsiz və anlaşılmaz olardı. Bu baxımdan da, müəyyən olunur ki, iddiaçının iddiasından imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı “Azər-Türk Bank ASC”-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı “Azər-Türk Bank ASC”-nin iddia tələblərindən imtinası qəbul edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov