Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-251/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 6842/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli əlavə saziş üzrə 89.097,83 ABŞ dolları əsas, 292.480,45 ABŞ dolları faiz, 18.888,74 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 400.467.02 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6842/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 453.974,30 ABŞ dolları əsas, 159.830,75 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcunun ödəniş gününə manata məzənnə ilə hesablanmaqla və 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2011-ci il tarixli 455/0-USD nömrəli kredit müqaviləsi üzrə 89097,83 ABŞ dolları ABŞ dolları əsas, 159830,75 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 249428,58 ABŞ dolları pulun tutulması, ekspertizanın aparılması ilə əlaqədar olaraq 145 manat ekspertiza xərcinin Cavabdeh dövlət büdcəsinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclaslarında iştirak edən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Emil Həsənov isə apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilməsinə dair hissəsi üzrə yoxlanılması təşkil edir. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “...nə birinci instansiya, nədəki apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış ekspertiza rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə zidd olaraq birbaşa şəkildə heç bir qiymətləndirilmə aparılmadan sübut kimi qəbul edilmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən ekspertiza rəyi üzrə borcun ilkin kredit müqaviləsi üzrə deyil, sonradan bağlanmış kredit müqaviləsinə əlavə sazişin ödəniş cədvəlinə uyğun olaraq hesablanıb-hesablanmadığını aydınlaşdırmalı idi.”. Kassasiya instansiyasının mövqeyini də əsas götürməklə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6842/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi əsas və faiz borcunun müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. İşə əlavə edilmiş xx.xx.2011-ci il tarixli 455/0-USD nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 18 faizlə 48 ay müddətinə 488.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx.xx.2011-ci il tarixli 455/0-USD nömrəli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, 488000 ABŞ dolları məbləğində kreditin qalığı 453974.30 ABŞ dolları müəyyən edilmiş, müddəti 24 ayadək uzadılmışdır. Həmin saziş əsasında tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixədək banka 453974.30 ABŞ dolları əsas, 163440 ABŞ dolları faiz borcu olmaqla, cəmi 617414 ABŞ dolları məbləğində pul qaytarmalı idi. “xxxx” ASC tərəfindən təsdiq edilmiş maliyyə arayışından görünür ki, cavabdeh Cavabdeh müqavilənin müddətinin bitdyi xx.xx.2014-cü il tarixə Banka 453.974,30 ABŞ dolları əsas, 159.830,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 613805,05 ABŞ dolları məbləğinə borcu yaranmışdır. İşdə olan Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, ondan banka olan ödəniş cədvəli üzrə kredit və ona hesablanmış faiz borcunu ödəməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 433.1, 442, 448.1, 465.2, 466.1, 467-ci maddələrinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına istinad edərək iddianı qismən təmin etmişdir. İşə ilk dəfə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən banka ümumilikdə xx xxxx 2017-ci il tarixədək 85.100,00 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 34.269,41 ABŞ dolları əsas borca, 50.830,59 ABŞ dolları faiz borcuna silinir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2011-ci il tarixli 455/0-USD saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh xx xxxx 2017-ci il tarixə banka olan borcu 453.730,59 ABŞ dolları əsas, 400.415,72 ABŞ dolları faiz borcu olmaqla, cəmi 854.146,32 ABŞ dolları məbləğində müəyyən olunur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdeh, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlanmış, xx.xx.2012-ci il tarixdə kreditin müddəti 24 ay müddətinə uzadılaraq, güzəşt müddətinin 23 ay təşkil etməsi müəyyənləşidirlmişdir. Belə olan halda kreditin son müddəti xx.xx.2017-ci il tarix kimi qəbul edilməli, eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2017-ci il tarixədək yaranmış borcu cavabdehdən tələb edir. Bununla bağlı Ali Məhkəmənin yuxarıda qeyd edilən mövqeyini nəzərə alan kollegiya təkrar apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspert qarşısında xx.xx.2017-ci il tarixə olan əsas və faiz borcunun nə qədər məbləğ təşkil etməsi kimi sual qoyulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixə banka 87203,12 ABŞ dolları əsas və 68897,04 ABŞ dolları faiz borcu borcu vardır. Buna görə də kollegiya cavabdehin borc məbləğlərinin düzgün hesablanmaması arqumentini qismən əsaslı hesab edir ve qeyd edir ki, cavabdehdən tutulmalı olan borcun məbləği ekspert rəyinə uyğun müəyyən edilməlidir. Kollegiya cavabdehin əsassız olaraq cərimə borcunun hüablanması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclularının 87203,12 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borclarına münasibətdə iddiaçı 18888,74 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərcləri tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6842/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 453974,30 ABŞ dolları əsas və 159830,75 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilsin. xx.xx.2011-ci il tarixli kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli əlavə saziş üzrə Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan əsas borc 87 203,12 (səksən yeddi min iki yüz üç dollar 12 sent) ABŞ dolları və faiz borcu 68 897,04 ABŞ dolları (altmış səkkiz min səkkiz yüz doxsan yeddi dollar 04 sent) ABŞ dolları məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizalarının xərci qismində 290 (iki yüz doxsan) manatın 145 (yüz qırx beş) manatı İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətindən, 145 (yüz qırx beş) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-251/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-251/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver