Məhkəmə qərarları › İş №2(103)-251/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-251/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-251/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqaviləsi üzrə borcun tutulması tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 24.08.2017-ci il tarixli, 101804- 375666/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 2.694,15 manat, faiz borcu kimi 944,73 manat, cəmi 3.638,88 manat, habelə dövlət rüsumunun əvəzi kimi 30 manat, bank xidmətinə görə ödənilmiş haqqın əvəzi kimi 0,40 manat cavabdeh (kredit alan) Cavabdeh1 və cavabdeh (zamin) Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 24.08.2017-ci il tarixli, 101804-375666/1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 8.000 manat kredit verib. Kredit 36 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəci 30 faiz müyyən edilib. Eyni tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 kreditin öhdəliyinin icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Əsas borca aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı əsas borc kimi 2.694,15 manat tələb edib, birinci instansiya məhkəməsi həmin məbləğin tutulmasını qət edib. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 27.12.2021-ci il tarixli, 9/8998 nömrəli rəyinə görə əsas borcun məbləği 2.741,85 manat təşkil edir. Göründüyü kimi, əsas borcun məbləği qətnamədə göstərilən məbləğdən çoxdur. Məhkəmə iddia tələbi həddində qətnamə çıxarırır, ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq əsas borc kimi 2.694,15 manat tutulmasını qət edib. Faiz borcuna aid hissədə qətnamə dəyişdirilməli, faiz borcunun məbləği 459,79 manat müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi faiz borcu kimi 944,73 manat tutulmasını qət edib. Lakin ekspert rəyinə görə müqavilə müddətinin sonuna, yəni 24.08.2020-ci il tarixə faiz borcunun məbləği 459,79 manat təşkil edir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə faiz borcunun məbləğinə aid hissədə dəyişdirilməlidir. Faiz borcunun məbləğinin dəyişməsi ümumi borcun məbləğinə təsir etdiyinə görə qətnamə ümumi borcun məbləğinə aid hissədə də dəyişdirilməlidir. Digər cavabdeh – zamin Cavabdeh2 apellyasiya şikayəti vermədiyindən qətnamənin ona aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Əsas borcun məbləği 2.694,15 manat, faiz borcunun məbləği 459,79 manat, cəmi borcun məbləği 3.153,94 manat müəyyən edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Mühasibat ekspertizasının xərci olan 50 manat Cavabdeh1 Məhkəmə Eksperizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar