Məhkəmə qərarları › İş №2(103)-2510/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2510/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2510/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov Ziya Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Tukhashvili Ketevana qarşı "kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2(009)-1616/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh x qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gürcüstan Respublikası vətəndaşı x ilə aralarında bağlanmış 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini, 70.000 manat əsas borcun tutularaq ona verilməsi və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, cavabdeh x ilə Moskva Univermağı ticarət mərkəzində tanış olmuşlar və onun qızıl alveri ilə məşğul olduğunu bilmişdir. Cavabdeh onların bir-birini tanımasından istifadə edərək ondan borca pul istəmiş, o da inanaraq 28 yanvar 2020-ci ildə cavabdehə 70.000 manat borc verərək kredit müqaviləsi bağlamış və həmin müqavilənin 2-ci bəndində göstərildiyi kimi, cavabdeh borclu olduğu 70.000 manatı hər ay 35.000 manat olmaqla, 28.03.2020-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hazırda cavabdeh borcu qaytarmaqdan yayınır, telefon zənglərinə cavab vermir və müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirmir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2(009)-1616/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə cavabdeh x apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçıla uzun müddətdir ki, tanışdırlar və bu müddət ərzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşlar, aralarında etibarlı münasibət yaranmışdır. Məhz bu səbəbdən kredit müqaviləsi bağlanmamışdan əvvəl İddiaçı onun 140 min manatdan artıq qiyməti olan zinət əşyasına müştəri olduğunu bildirəndə, adı çəkilən əşyanı satış məqsədi ilə İddiaçı vermişdir. Sərhədlərin bağlanması ilə nəticələnən “COVİD-19” xəstəliyi 2020-ci ilin əvvəlindən onun da məşğul olduğu sahəyə təsir etmiş və satış dayanmışdır. İddiaçı ona məxsus zinət əşyasını ondan aldığı 35.000 ABŞ dolları müqabilində pul vəsaitini vaxtında qaytara bilmədiyi üçün faiz hesabı mənimsəmək qərarına gəlmişdir. Faktiki olaraq o, İddiaçı 35.000 ABŞ dolları almışdır ki, bu məbləğ hazırkı kursla 59.500 manat təşkil edir. Kredit müqaviləsini 70.000 manat həcmində imzalayarkən, həmin məbləğin 10.500 manat hissəsini hər ikisinin razılığı ilə faiz olaraq nəzərdə tutmuşlar. Müqavilənin məzmunundan məlum olur ki, aldığı pul vəsaitini İddiaçı ona faiz ödənilmədən vermişdir. 04 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh x apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz etdiyini, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarına əlavə olunmuş 28.01.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı arasında kredit müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən Əsgərov X1 Respublikası vətəndaşı x 70.000 manat faizsiz borc pul vermişdir. x borcu 28.03.2020-ci il tarixədək hər ay 35.000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə əsasən öhdəliyin icrasının tam və ya hissə-hissə qəbulu borc sənədinin üzərində etdiyi qeyd ilə təsdiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh Gürcüstan Respublikasının vətəndaşı x İddiaçı 70.000 manat məbləğində pul istəmiş, aralarında kredit müqaviləsi bağlanmış və hər ay 35.000 manat olmaqla, 2 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh x İddiaçı alınan pulu müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh x onunla iddiaçı arasında əslində 70.000 manat deyil, 35.000 ABŞ dolları məbləğində borcla bağlı müqavilə bağlandığını, qalan məbləğin isə faiz kimi nəzərdə tutulduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdeh 140.000 manat dəyəri olan brilyant zinət əşyasının İddiaçı olduğunu qeyd etsə də, iş materiallarında olan müqavilədə bu hal öz əksini tapmamışdır. Həmçinin, cavabdeh bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddiaçı isə bu halı etiraf etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh x tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2(009)-1616/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Ziya Şirinov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar