Məhkəmə qərarları › İş №2(103)-2511/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2511/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2511/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank olmayan kredit təşkilatı( BOKT) "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə BOKT "xxxx" MMC-nin Bakı filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmiş və onlarla təşkilat arasında xx.xx.2015-ci il tarixili LBK-Q034615-F nömrəli “X3” bağlanmışdır. Daha sonra X2 əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli L-BK-0034615-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Torpaq alınması” məqsədilə birgə borclulara 24 ay müddətinə, aylıq 2.42%, illik 29 % olmaqla 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə müvafiq olaraq BK-00017375, BK- 00017770, BK-00017773 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2015-ci il tarixindən bu günə qədər cavabdehlər heç bir ödəniş etməmişlər. Beləliklə, hal-hazırda cavabdehin təşkilata ödənilməmiş 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində əsas borcu və 2655.33 (iki min altı yüz əlli beş dollar otuz üç sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 8955.33 (səkkiz min doqquz yüz əlli beş dollar otuz üç sent) ABŞ dolları məbləğində borcu qalmış və xx.xx.2015-ci il tarixinə cavabdehin 257 günlük gecikməsi olmuşdur. Təşkilatla cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli L-BK-0034615-F saylı Kredit müqaviləsinin 3.1 bəndinə əsasən ödənişlə əlaqədar öhdəliklər bu müqaviləyə uyğun yerinə yetirilmədikdə kreditorun bu müqaviləyə əsasən hesablanmış lakin ödənilməmiş faizlərlə birlikdə kreditin vaxtından əvvəl tələb etmə hüququ yaranır. Təşkilatla cavabdehin zaminləri arasında bağlanmış xx.xx.2015-ci il tarixli BK-00017375, BK-00017770, BK-00017773 saylı Zaminlik müqavilələrinin 2.1-ci bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə vermişdir. İddiaçı iddia ərizəsini MM-nin 445.2.1, 500.1, 442, 448.1, 472.1 və 472.2-ci maddələri ilə əsaslandıraraq, cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış 05 fevral 2015-ci il tarixli L-BK-0034615-F nömrəli Birgə Borcluluq, Kredit və BK-00017375, BK-00017770, BK-00017773 saylı Zaminlik müqavilələrinə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ödənilməmiş 6300 ABŞ dolları məbləğində əsas borc və 2655.33 ABŞ dolları faiz borcu, cəmi 8955.33 ABŞ dolları məbləğində pulun (ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(011)-555/2016 saylı qətnaməsi ilə (hakim İ.Abbasova) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 6300 ABŞ dolları məbləğində əsas borc, 2655.33 ABŞ dolları məbləğində faiz borcu, cəmi 8955.33 (səkkiz min doqquz yüz əlli beş dollar otuz üç sent) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.

3. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğu üçün, cavabdehlərdən müştərək qaydada 6300 ABŞ dolları əsas borc, 2655.33 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

4. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2, 427.3, 429.1.3, 442, 448.1, 445.2.1, 449.4, 449.1, 470.1, 472.1, 472.2, 741ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh5 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(011)-555/2016 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh sözügedən mübahisə ilə bağlı olaraq məhkəmə tərəfindən məlumatlandırılmamış, işə obyektiv baxılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi və bildirdi ki, məhkəmə ekspertiza təyin etmədən yalnız işdə olan sənədlərə istinad etməklə qətnamə qəbul edib, borcun müştərək qaydada tutulması qənaətinə gəlsə də, konkret olaraq kimdən nə qədər tutulacağını müəyyən etməyib, məhkəmə kredit müqaviləsindən də artıq ikiqat faiz hesablayıb.

9. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

10. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. İş materiallarından göründüyü kimi Cavabdeh5 tərəfindən şikayət verildiyindən qətnamə yalnız ona münasibətdə yoxlanılır.

11. Eyni zamanda nəzərə alınmalıdır ki, qətnamə iddiaçı tərəfindən də mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi də apellyasiya baxışının predmeti deyildir. 12.Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 13.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 17.Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 18.Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 19.Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(011)-555/2016 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği 1.853,30 ABŞ dolları müəyyən edilməli, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. 24.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarında olan aşağıdakı sübutları araşdırmışdır:

25. İş materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, BOKT tərəfindən Cavabdeh1 illik 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. 26.İş materiallarında olan xx.xx.2015-ci il tarixli Bank olmayan kredit təşkilatı ("xxxx" MMC ilə Cavabdeh5, X1, Cavabdeh3 arasında bağlanmış zaminlik İnüqavilələrindən görünür ki, zaminlər borcalanm bankla arasında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. 27.İş materiallarında olan 05 fevral 2015-ci il tarixli X3ndən görünür ki, həmin müqavilə 05 fevral 2015-ci il tarixli L-BK-0034615-F saylı kredit müqaviləsi ilə birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 verilən 6300 ABŞ dolları məbləğində kreditə təminat olaraq “Kreditor” qarşısında ailə üzvlərinin götürdüyü borc məbləğinə birlikdə təminat verən birgə borcluların borcluluq və zaminlik öhədliyini tənzimləyir. 28.İş materiallarında olan Bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh1 05 fevral 2015ci il tarixli kredit müqaviləsi üzrə bank olmayan kredit təşkilatına olan əsas borcu 6300 ABŞ dolları, 2655.33 ABŞ dolları faiz olmaqla, ümumilikdə 8955.33 ABŞ dolları borcu vardır. 29.İş materiallarında olan “Bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıqlara əsasən məlum olur ki, bank olmayan kredit təşkilatı tərəfindən onlara 5 təqvim günü ərzində borcun ödənilməsi İbarədə xəbərdarlıq göndərilmişdir. 30.İş materiallarında olan və apellyasiya instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 9/3079 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: a. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları və 05 fevral 2015-ci il tarixli, L-BK-0034615-F №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) "xxxx" BOKT MMC-yə olan borcu 9.954,00 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 6.300,00 ABŞ dolları, faiz borcu üzrə 3.654,00 ABŞ dolları. b. Həmçinin çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2017-ci il tarixdə 17,60 ABŞ dolları ödəniş, xx.xx.2019-cu il tarixdə 3.038,30 ABŞ dolları fərmana əsasən kompensasiya ödənişi və xx.xx.2019-cu il tarixdə 1.783,10 ABŞ dolları fərmana əsasən faizdən silinmə edilmişdir. Bütün bunlar nəzərə alındığı təqdirdə 5.115,00 ABŞ dolları (9.954,00 - 17,6 - 3.038,30 - 1.783,10) məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 3.261,70 ABŞ dolları, faiz borcu üzrə 1.853, 30 ABŞ dolları. 31.Məhkəmə kollegiyası rəyi vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdehlərin iddiaçıya 1.853,30 ABŞ dolları faiz borcunun qalmasını işin hallarına uyğun sayır. 32.Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin təminatı qismində zaminlik müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Qeyd olunan müddəaya əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 33.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı (tələbkar) tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh (borclu) isə üzərinə düşən öhdəlikləri lazımı qaydada tam yerinə yetirməmişdir. 34.İşin araşıdırılan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbini əsas götürməklə cavabdehlərdən müştərək qaydada 6300 ABŞ dolları məbləğində əsas borcun tutulması barədə qənaəti düzgün olsa da, məhkəmə 2655.33 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir. 35.Belə ki, Cavabdeh5 nümayəndəsi və vəkilinin vəsatəti əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 9/3079 nömrəli ekspert rəyindən görünür ki, çıxarış məlumatlarına əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən banka ödənilməli olan faiz borcu üzrə 1.853,30 ABŞ dolları müəyyən edilmişdir. 36.Həmin rəydə cavabdehlərin hal-hazıra olan əsas borc məbləğinin 3.261,70 ABŞ dolları təşkil etməsi göstərilsə də, rəyin məzmunundan görünür ki, borcun məbləği qətnamə qəbul edildikdən təxminən 3 il sonra ödənilmiş kompensasiya məbləğinin borcun ödənilməsinə yönəldilməsi nəticəsində azalmışdır. Başqa sözlə, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxıldığı zaman əsas borcun məbləği həqiqətən də, qətnamədə göstərilən həcmdə, yəni 6300 ABŞ dolları təşkil etmişdir. 37.Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həmin zaman mövcud olmuş həqiqi hallarına uyğun olduğuna görə, göstərilmiş əsas (borc məbləğinin sonradan ödənilmiş kompensasiya hesabına azalması) həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, kollegiya izah edir ki, qeyd edilən kompensasiya məbləğinin əsas borcdan silinməsi qətnamənin icrası mərhələsində nəzərə alınmalı, cavabdehlərdən tutulmalı olan məbləğ həmin kompensasiya məbləğinə müvafiq şəkildə azaldılmalıdır. 38.Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. 39.Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 40.Beləliklə iş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(011)-555/2016 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği 1.853,30 ABŞ dolları müəyyən edilməli, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

Qət etdi :

Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(011)-555/2016 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin və cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği 1.853,30 ABŞ dolları müəyyən edilsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul iddiaçı Bank olmayan kredit təşkilatı( BOKT) "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar