Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2512/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli, 2(001)-4155/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra, iddiaçı) Cavabdeh1 (bundan sonra, 1-ci cavabdeh) və Cavabdeh2 (bundan sonra, 2-ci cavabdeh) qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 2842,22 ABŞ dolları əsas, 199,26 ABŞ dolları faiz, 148,94 ABŞ dolları cərimə, cəmi 3190,42 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə 30 ay müddətinə illik 28% ödəmək şərtilə 4000 ABŞ dolları kredit verilmiş, öhdəliyin icrasının təmini məqsədilə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəf müqavilənin şərtlərini pozaraq, kredit borcunu lazımi qaydada ödəməmiş, xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli, 2(001)- 4155/2016 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin olunmuş, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 2842,22 ABŞ dolları əsas, 199,26 ABŞ dolları faiz, 8,52 ABŞ dolları cərimə, cəmi 3050 ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın məzənnəsi ilə manatla) borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. 1-ci cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit borcunun düzgün hesablanmaması, ekspertizanın təyin olunmaması, həbsdə olduğu üçün kredit borcunun ödəyə bilməməsi, məhkəmə iclasında iştirak edə bilməməsi, bu səbəbdən də ekspertizanın təyin olunması üçün vəsatət verə bilməməsi kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və 2-ci cavabdeh qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz 1-ci cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə 1-ci cavabdeh arasında 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin bağlanması, cavabdehə illik 28 faiz ödəmək şərti ilə 30 ay müddətinə 4000 ABŞ dolları kredit verilməsi işin mübahisə olunmayan hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunu mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, ödənişləri və borcun reallıqda nə qədər təşkil etməsi (və ya borcunun olmaması) barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, dəlillərini ümumi sözlərlə ifadə etmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunması barədə apellyasiya şikayətinin dəlili ilə razılaşa bilməz (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda işdə olan sübutlardan da (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, işdən görünür ki, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunmuş cəriməni azaldaraq 8,52 ABŞ dolları həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca münasitəbdə tənasıbsüz deyildir. Bu səbəbdən də məhkəmə koolegiyası tutulması qət edilmiş cərimə məbləğinin daha da azaldılmasını zəruri hesab etmir. 1-ci cavabdehin məhkəmə hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunması halı isə sonuncunu kredit müqaviləsi üzrə öhdəliklərinin icrasından azad etməmişdir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə 1-ci cavabdehə münasibətdə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli, 2(001)-4155/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli, 2(001)- 4155/2016 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2512/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2512/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver