Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2512/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Məmmədova Emilya Cavanşir qızına qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliklərin gecikdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-39/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Məmmədova Emilya Cavanşir qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Məmmədova Emilya Cavanşir qızına 55.000 manat kredit vermişdir.
2. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə 12.000 manat əlavə edilmiş və bu səbəbdən müqavilənin 1-ci bəndi dəyişilmiş, “borc verən borc alana 67 000 manat məbləğində borc pul verir” kimi müəyyən edilmişdir.
3. xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Məmmədova Emilya Cavanşir qızına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin, 2-ci girişində yerləşən, ümumi sahəsi 65 kv.metr olan 123 saylı mənzili İddiaçı xeyrinə ipoteka qoyulmuşdur.
4. xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin 123 saylı mənzili İddiaçı xeyrinə yüklü edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5 İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Məmmədova Emilya Cavanşir qızına (bundan sonra- cavabdeh) qarşı “pul tələbinə dair” iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2023-cü il tarixə qədər bir illik 3.350 manat, fərdi sahibkarlıqla bağlı ədən çıxmış fayda, belə ki, borc verdiyi pulun vaxtında qaytarılmaması və özündə saxlaması ilə bağlı cavabdehdən əldən çıxmış gəlir və faydadan müddət baxımından 21 dekabr 2023-cü il tarixədək 35.000 manat itkiyə məruz qalmış, 72.975+ 3.350+31.000 manat, ümumilikdə 107.325 manat pulun cavabdehdən onun xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin 123 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın həmin mənzilə yönəldilməsi, ipoteka müqaviləsinin şərtlərinə və ona dəymiş ziyanın 107.325 manat məbləğə uyğun olaraq, həmin mənzilin hərracdan satılması və satışdan əldə olunmuş məbləğdən iddiaçıya vurulmuş zərərin tam olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsinin son icra müddəti xx.xx.2022-ci il tarixdə tamamlansa da, cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun qeyd edilən məbləğ qaytarılmamış, müqavilə üzrə müəyyən edilmiş öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh qaytarılma müddəti xx.xx.2022-ci il tarixdə bitmiş 67.000 manat əsas borcun, illik 5% olmaqla 6 aylıq gecikdirmə müddəti üzrə 16 dekabr 2022-ci il tarixə 1675 manat zərərin, 01 yanvar 2023-cü il tarixədək müddət üçün əldən çıxmış fayda üzrə 4.000 manat zərərin ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. 7.Birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında əlavə olaraq göstərmişdir ki, iddiaçı banka olan kredit borcunu şifahi razılığa əsasən artıq 3 ay olmuşdur ki, hər ay 5.000 manat olmaqla ödəmiş və bank iflasa uğradığı üçün məhkəmə qərarları ilə müəyyən edilmiş borcun konkret hara ödəməli olduğunu bilmədiyi üçün vaxtında ödəyə bilməmiş, ödəmənin gecikdirilməsində onun heç bir təqsiri olmasa da, bank ondan heç bir əsas olmadan iddia ərizəsində göstərilən məbləği tələb etmişdir. 8.Birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçının istinad etdiyi faktların heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının iddia etdiyi sözügedən kredit və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə zidd şəkildə aldatma yolu ilə bağlanmışdır. Bu faktla bağlı Bakı şəhəri, Xətai rayon Polis İdarəsində cinayət işi başlanmışdır. Belə ki, Bakı şəhəri, Xətai Rayon prokuroru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərarda göstərilmişdir ki, cavabdeh iddiaçıdan qeyd edilən 67.000 manat puldan faiz çıxılmaqla 55.000 manat pul almışdır. Göründüyü kimi toplanmış materialda dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakının ələ keçirilməsinə əsaslı şübhələr olduğundan Bakı şəhəri, Xətai rayon Polis İdarəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanmışdır. Eyni zamanda sözügedən cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır. 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən, xx.xx.2023-cü il tarixli ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin 123 saylı mənzilinin hazırkı bazar dəyəri 105.000 manat təşkil edir. 10.Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(004)-39/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdehdən əsas borca görə 67.000 manat, illik 5 faiz dərəcəsi ilə faizə görə 4.466 manat pulun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin 123 saylı mənzilinə yönəldilərək, mənzilin ilkin satış qiymətinin 105.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş məbləğin kreditin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra cavabdehin mülkiyyətində olan mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 11.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia cavabdehdən illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 4.466 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, iddia tələbi gecikdirilmiş vaxt üçün 4.466 manatın tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, cavabdehin iddiaçıya olan borcu, yəni 67.000 manatın illik beş faizi 67.000 x 5:100 = 3.350 manat, 1 aylıq məbləğ isə 3.350:12=279 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya gecikdirilmiş vaxt üçün borc 1 il 4 ay üçün hesablanmalıdır. Yəni həmin məbləğ 3.350 manat (67.000 x 5:100) + 1116 manat (279x4) = 4.466 manat təşkil edir. Ona görə də cavabdehdən 67.000 manat, 4.466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu iddiaçının xeyrinə tutulmalı, iddia tələbi cavabdehin mülkiyyətində olan sözügedən mənzilə yönəldilərək, ilkin satış qiyməti 105.000 manat müəyyən edilməklə mənzil açıq hərracdan satılmalı, onun satışından əldə olunmuş məbləğ kreditin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra cavabdehin mülkiyyətində olan qeyd olunan mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdehə verilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddia əldən çıxmış faydaya görə pulun ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, cavabdehin iddiaçının pul vəsaiti hesabına faydalanması, gəlir, artım, bəhər və ya sair maddi qazanc əldə etməsi mülki iş materialları ilə sübuta yetirilmədiyindən, iddia bu hissədə təmin oluna bilməz. 12.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270.1, 385.1, 425.1, 442, 445.7-ci maddələrinin, “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13.Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. 14.Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi ilk öncə həmin müqavilənin etibarlı olub-olmamasını yoxlamalı idi. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində mübahisə predmeti olan əqdin etibarlılığının təsbit edilməsinə dair heç bir qeyd yoxdur. Müqavilədə göstərilən məbləğ real deyildir. Çünki iddiaçı tərəfindən cavabdehə ümumilikdə 55.000 manat borc olaraq verilmiş, lakin müqavilədə 67.000 manat qeyd edilmişdir. Yəni, cavabdeh iddiaçıdan cəmi 55.000 manat borc almışdır. Daha sonra həmin puldan 12.000 manat pul vəsaiti qeyri rəsmi cavabdeh tərəfindən iddiaçıya qaytarılmış və yenidən rəsmi qaydada borc qismində almışdır. Həmin borc müqaviləsinin məbləğinin sonradan 12.000 manat artırılaraq 67.000 manata çatdırılması məhz bununla bağlı olmuşdur. Bu zaman iddiaçının məqsədi müqavilədə faiz göstərməmək və beləliklə də əldə olunacaq faiz gəlirinə görə vergi ödəməkdən yayınmaq olmuşdur. Lakin hər bir halda nəzərə almaq lazımdır ki, həmin müqavilədə qeyd edilən məbləğin real olmaması müqaviləni yalan və etibarsız əqd kimi qiymətləndirmək üçün yetərli olmuşdur. Bundan başqa cavabdeh iddiaçıdan aldığı borc məbləğini, yəni 55.000 manatı X2 vermiş, sonuncu isə buna görə 12.000 manatı iddiaçıya faiz qismində ödəməyi öhdəsinə götürmüş və həmin puldan 10.000 manat ödəniş etmişdir. Bu ödənişləri müvafiq kredit müqaviləsinin arxasında cavabdehin pulu verməsinə və iddiaçının pulu almasına dair edilmiş qeydlərlə də təsdiq olunur. Həmin qeydlərdən aydın olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat və xx.xx.2022-ci il tarixdə 2000 manat olmaqla, ümumilikdə 10.000 manat ödəniş edilmişdir. Həmin pulların təhvil-təslimi tərəflərin öz xəttləri ilə etdikləri qeydlər və imzaları ilə təsdiq olunur. Burdan belə bir nəticəyə gəlmək mümkündür ki, cavabdehin iddiaçıya xx.xx.2022- ci il tarixli, 3M-182 saylı kredit müqaviləsi üzrə cəmi 57.000 manat borcu qalmışdır ki, həmin borcun 2.000 manatını X3 ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə cavabdehə hüquqi yardım göstərilməsinə dair 75/24 saylı, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli, ******* saylı vəkil orderi əldə olunmuş və məhkəməyə təqdim edilmişdir. Müvafiq məhkəmə işinə xx.xx.2024-cü il tarixində qoşulduğu üçün həmin gün saat 10:20-yə təyin edilmiş sonuncu baxış iclasında iştirak edərək iş materialları ilə tanış olmaq və öz mövqeyini bildirmək üçün məhkəmədən ona əlavə vaxt verilməsinə və məhkəmə baxış iclasını növbəti tarixə təxirə salmasına dair vəsatət versə də, məhkəmə müvafiq vəsatətini əsassız və qanunsuz olaraq rədd etmişdir. Bundan sonra isə müşavirə otağına gedərək, 1 dəqiqədən də az vaxt ərzində geri dönmüş və müvafiq mülki iş üzrə qətnamə qəbul etmişdir. Bu səbəbdən də iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmaq və mövqeyini bildirmək üçün fürsəti olmamışdır. Ona görə də məhkəmə tərəfindən cavabdehin vəkili olaraq iş materialları ilə tanış olmaq və mövqeyini bildirmək üçün şəraitin yaradılmaması Mülki Prosessual Məcəllənin 9-cu maddəsində qeyd edilən tərəflərin çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda bütün bu qeyd edilənlərdən başqa, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə reallığa uyğun olmayan məsələlərdən biri də ipoteka öhdəliyi ilə yüklü edilmiş mənzilin qiyməti olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 16.0000 manat müəyyən edilmişdir. Həmin müqavilənin bağlanmasının üzərindən təxminən 1 il 8 ay keçdikdən sonra mənzilin dəyərinin 105.000 manat müəyyən edilməsi həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza formal olaraq aparılmış, mənzilə, onun yerləşdiyi əraziyə, mənzilin təmirlilik dərəcəsinə baxış keçirilməmiş, mənzilin təmiri üçün çəkilən xərclər nəzərə alınmamışdır. Ekspert tərəfindən sadəcə internet saytlarından götürülmüş məlumatlar əsasında rəy tərtib olunmuşdur. Hətta bu zaman da elan saytlarında mübahisə predmeti olan mənzilə oxşar deyil, sahəsi təxminən 2-3 dəfə ondan artıq olan və 2020-ci ildə internetə yerləşdirilmiş mənzillərə dair məlumatlar müqayisə edilmişdir. Həmin ekspert rəyi həqiqəti əks etdirmədiyindən məhkəmə qətnaməsinin əsası kimi qəbul edilə bilməz. Bu səbəbdən də mübahisə predmeti olan mənzilin yenidən qiymətləndirilməsi zəruridir. Məhkəmə qətnaməsində mübahisə predmeti olan əqdin etibarlılığının təsbit edilməsinə dair heç bir qeyd edilməmişdir. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair Kapital Bank ödəniş terminalından əldə edilmiş 2 ədəd qəbz əlavə etmişdir. Həmin qəbzlərin biri 150 manat, digəri isə 95 manat dövlət rüsumunun ödənildiyini təsdiq edir. Lakin iddia ərizəsində iddianın qiyməti 72.975 manat məbləğində olmuşdur. Belə olan halda iddiaçı tərəfindən məhkəməyə ümumilikdə 308,92 manat dövlət rüsumu ödənilməli idi. Lakin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş iddia həcminin artırılması barədə ərizəyə artırılmış iddia məbləğinə dair dövlət rüsumunun ödənilməsi barədə hər hansı bir qəbz əlavə edilməmişdir. Qeyd olunanlardan aşkar şəkildə görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun müəyyən edilmiş məbləğdə və qaydada ödənilməməsini diqqətdən qaçırmış, iddia ərizəsini geri qaytarmalı olduğu halda, prosessual qanunvericiliyin tələblərini pozmaqla yekun məhkəmə aktı qəbul etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin üzərində aparılmış qeydlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat və xx.xx.2022-ci il tarixdə 2000 manat olmaqla, ümumilikdə 10.000 manat cavabdeh tərəfindən iddiaçıya verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə 01 may 2024-cü il qərara əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, X7 barəsində CM-in 178.3.2-ci maddəsi ilə cinayət təqibinə və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, ümumi sahəsi 65 kv.metr olan, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 1028-ci məhəllə, 9 “C” saylı evin 123 saylı mənzilinə yaxın ərazilərdə yerləşən analoji mənzillərin mövcud orta bazar dəyəri təqribən 186.550 (65 kv.metr x 2870 man) manat, likvid qiyməti 167.900 (186550-10%) manat müəyyən edilir. Həmin iş üzrə verilmiş ilkin rəyin nəticəsi ilə hazırkı ekspertiza zamanı müəyyən edilmiş nəticə arasındakı yaranmış fərq son dövrdə müşahidə edilən qiymət artımı ilə əlaqədar olmuşdur. 15.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2(103)- 2871/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi 67.000 manat, 4.466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu, mənzilin ilkin satış qiymətinin 105.000 manat müəyyən edilməsi hissələrində dəyişdirilmiş, iddia qismən təmin edilərək, cavabdehdən 57.000 manat və 304.4 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi 9 “C” saylı evin 123 saylı mənzilinə yönəldilərək, mənzilin ilkin satış qiymətinin 167.900 manat müəyyən edilməklə açıq hərracdan satılması, onun satışından əldə olunmuş məbləğin kredit borcunun ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra cavabdehin mülkiyyətində olan sözügedən mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. 16.Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh sübutları birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığından, təqdim etdiyi xx.xx.2022-ci il tarixli müqavilənin nüsxəsinin arxasında iddiaçı tərəfindən ümumilikdə 10.000 manatın onun özü tərəfindən təsdiq edildiyindən, lakin iddiaçı tərəfindən qeyd edilən məbləğin başqa münasibətlərdən irəli gələn pul vəsaitinə aid olması təsdiq edilmədiyindən, qeyd edilən sübutun mötəbərliyinə aid şübhələr mövcud deyil və o, 10.000 manat pul vəsaitinin qaytarılmasına dair sübut qismində nəzərə alınmalıdır.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəyi ilə mənzilin dəyərinin fərqli olması müəyyən edildiyindən və sonuncu rəyin təkzib edilməsinə dair digər sübutlar təqdim edilmədiyindən, habelə tələb edilən əldən çıxmış gəlir (fayda) hissədə şikayət verilmədiyindən, 5 % dərəcə ilə isə tələbin olmaması və bu hissədə qənaətin əsassız olması nəzərə alınmaqla, qətnamə cavabdehdən 67.000 manat, 4.466 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcu məbləğində pulun iddiaçının xeyrinə tutulması və Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 “C” saylı evin 123 saylı mənzilinə yönəldilərək, ilkin satış qiymətinin 105.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi üçün əsaslar vardır.
18. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş kredit müqaviləsinin arxasında cavabdehin pulu verməsinə və iddiaçının həmin pulu almasına dair müvafiq qeydlər vardır və həmin qeydlərə əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat və xx.xx.2022-ci il tarixdə 2000 manat olmaqla, ümumilikdə 10.000 manat ödəniş edilmişdir. Bu ödənişlərin başqa münasibətlərdən yarandığına dair sübutedici faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 6-ci bəndində qeyd edilmişdir ki, borc verən müqavilə üzrə öhdəliyin icrasının təmamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. 19.Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1,443.1, 443.2, 443.4, 443.7, 445.7, 448.1, 449.1, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 1.01, 1.0.9, 33, 39.3.3-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına, habelə MPM-in 9.3, 14.2, 77.1, 217.1, 217.3, 372.1 və 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
20.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-279/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2(103)- 2871/2024 saylı qətnaməsinin qismən - cavabdeh Məmmədova Emilya Cavanşir qızından İddiaçı xeyrinə illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə 4.466 manat pul tələbinə aid hissədə ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması, qalan mübahisəldəndirilən hissədə qətnamənin dəyişdirilmədən, cavabdeh Məmmədova Emilya Cavanşir qızının kassasiya şikayətinin isə təmin edilmədən saxlanılması qərara alınmışdır.
21. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 21.1.Kassasiya instansiyası məhkəməsi iddianın- “pul məbləğinin ödənilməsini gecikdirməyə görə gecikdirilmiş vaxt üçün illik beş faiz pul tələbinə” aid hissədə istisna olmaqla, mübahisələndirilən qalan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmin hissələrdə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edildiyi üçün qətnamə qeyd olunan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 21.2.Lakin, kassasiya instansiyası məhkəməsi, iddianın- “pul məbləğinin ödənilməsini gecikdirməyə görə gecikdirilmiş vaxt üçün illik beş faiz pul tələbinə” aid hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin hissədə iş üzrə əhəmiyyətli olan hallar tam, hərtərəfli və obyektiv araşdırılmayıb. 21.3.Belə ki, işin mübahisə olunmayan hallarına görə, 16 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə faizsiz 55.000 manat kredit verib və 16 fevral 2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, 16 fevral 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə 12.000 manat əlavə edilib və bu səbəbdən də müqavilənin 1-ci bəndinə “borc verən borc alana 67.000 manat borc pul verir” kimi dəyişiklik edilib. 21.4.Həmçinin apellyasiya instansiyası məhkəməsi, cavabdehin məhkəməyə təqdim etdiyi sözügedən kredit müqaviləsinin üzərində tərəflərin apardıqları qeydlərə əsaslanaraq müəyyən etmişdir ki, cavabdeh 67.000 manat kredit borcundan iddiaçıya 17 mart 2022-ci ildə 2.000 manat, 19 aprel 2022-ci ildə 2.000 manat, 11 may 2022-ci ildə 2.000 manat, 16 iyun 2022-ci ildə 2.000 manat və 19 avqust 2022-ci ildə 2000 manat olmaqla, cəmi 10.000 manat qaytarıb. 21.5.Daha sonra işdən, iddia ərizəsindən görünür ki, tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsinin müddəti 16 avqust 2022-ci il tarixdə bitib və iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə 06 aprel 2023-cü il tarixdə müraciət edib. 21.6.Hazırda digər tələblərlə yanaşı iddiaçı, cavabdehdən (borcludan) pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsini tələb edir. 21.7.Əvvəla, apellyasiya instansiyası məhkəməsi, iddiaçının cavabdehə qarşı qeyd olunan iddia tələbinə, onun məzmununa, habelə onun öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallara diqqət yetirmədən, iddia tələbi üzrə heç bir dəqiqləşdirmə aparmadan, bir tərəfdən iddiaçının cavabdehə qarşı belə bir tələb irəli sürmədiyini qeyd etdiyi halda, digər tərəfdən birinci instansiya məhkəməsinin qətnaməsinə həmin hissədə də dəyişiklik edib (əslində ləğv etməli idi), iddianı həmin hissədə rədd etməklə əslində ziddiyyətli nəticəyə gəlib. 21.8.Ona görə də kassasiya instansiyası məhkəməsi, iddianın bu hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, əldən çıxmış faydanı özündə ehtiva edən zərərin əvəzinin ödənilməsi ilə bağlı ilk növbədə iddiaçının hazırkı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinin tələbləri nəzərdən keçirilə bilər. 21.9.Məlum olduğu kimi zərərin əvəzinin ödənilməsi mülki hüquqi məsuliyyətin ən geniş tətbiq edilən formasıdır. O, həm də mülki hüquq və vəzifələrin yaranma əsaslarından biri hesab olunur. Zərərin ödənilməsi pozulmuş mülki hüquqların bərpasının ən universal vasitəsi kimi bütün Mülki Məcəlləyə nüfuz edib. Zərərin ödənilməsi həm də ona görə universal xarakter daşıyır ki, o başqa müdafiə üsulları ilə birlikdə də tətbiq oluna bilər. 22.Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilib və həmin normada zərərin iki növü fərqləndirilir: real zərər və əldən çıxmış fayda. Normanın mənasına görə, real zərərin tərkibinə isə pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər və əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər daxildir. 23.Əldən çıxmış fayda- hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və ya qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Əldən çıxmış fayda ağlabatan qiymətlər tətbiq edilməklə müəyyən oluna bilər. 24.Əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən, zərərçəkmiş qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Həmçinin əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərər çəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi) müəyyən edilməlidir. 25.Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 26.Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da ifadə olunub. 27.Belə ki, həmin Qərarda göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. 28.Apellyasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə iddianın əsaslılığını qeyd olunan normaların tələbləri baxımından tam, hərtərəfli araşdırmadan, cavabdehin təqsiri üzündən iddiaçının həqiqətən əmlak itkisinə məruz qalıb-qalmadığını dəqiqləşdirmədən, iddia tələbini mübahisələndirilən hissədə rədd etməklə, əslində kredit müqaviləsinin müddəti bitdikdən sonra cavabdehin iddiaçının hesabına əsassız varlanmasına qanunsuz əsas yaradıb. 29.Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanunilik və əsaslılıq baxımından MPM-in 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, həmin normanın mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
31.Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti qəbul etmədi, izahat verərək qeyd etdi ki, sübutlar təqdim edilmişdir, cavabdehin də etirafı var, 3 ildir ki, iş davam edir, 67000 pulun illik beş faizi 3350 manat, 1 aylıq məbləğ isə 279 manat təşkil edir, gecikdirilmiş vaxt 1 il 4 ay üçün hesablanmalıdır, 10.000 manat pulun ödənilməsi cavabdehlə iddiaçı arasında olan kriptovalyuta münasibətlərindən yaranmış borcla bağlıdır, cavabdeh qəbzini rayon məhkəməsinə təqdim etməyib, cavabdeh qəbzi itirdiyini, sonradan tapıldığını bildimişdir, bu da absurddur. 32.Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh ondan kriptovalyuta almışdır, hər ay ödənişlərini edirdi, əvvəllər münasibətləri yaxşı olub, 10.000 manat pul kriptovalyuta ilə bağlı ödənilib. 33.İş üzrə cavabdeh Məmmədova Emilya Cavanşir qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək Sumqayıt İntizabi Məhkəməsində əvvəlcədən təyin edilmiş 2 iclasının olduğunu bildirərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən iştirakının təmin edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə qeyd olunan halı təsdiq edən hər hansı bir sübut təqdim edilməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
34. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71.İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2.Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 443.7.Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş fiziin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
37.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). 38.Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
39.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetində qalan – illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu ilə bağlı hissədə dəyişdirilməlidir. 40.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə Məmmədova Emilya Cavanşir qızı (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə və ona edilmiş 1 saylı əlavəyə əsasən iddiaçı cavabdehə 67000 manat məbləğində kredit vermiş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş, buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 41.Hazırkı iş üzrə kassasiya instansiya məhkəməsinin qərarına əsasən mübahisələndirilən kredit və ipoteka müqaviləsi üzrə cavabdeh Məmmədova Emilya Cavanşir qızından əsas borca görə 57000 (əlli yeddi min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi mübahisə predmeti olmamaqla hazırda həmin məsələlərə qiymət verilməsi apellyasiya baxışının predmetinə daxil deyil. 42.Apellyasiya baxışının predmetində qalan hissədə mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı iddia tələbində İlik 5% olmaqla 6 aylıq gecikdirmə müddəti üzrə 16 dekabr 2022-ci il tarixə 1675 manat zərərin ödənilməsini xahiş etmiş, daha sonra iddia həcminin artırılması barədə ərizəsində gecikmə faizinin xx.xx.2023-cü il tarixədək müəyyən edilməsini xahiş etmişdir. 43.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Məmmədova Emilya Cavanşir qızından üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi gecikdirilmiş vaxt üçün 4466 manat pulun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. İddiaçıya olan borcun, yəni 67000 manat pulu illik beş faizi 67000x5:100=3350 AZN, 1 aylıq məbləğ isə 3350:12=279 AZN təşkil edir. Məhkəmənin mövqeyinə görə iddiaçıya gecikdirilmiş vaxt üçün borc 1 il 4 ay üçün hesablanmalı, yəni həmin məbləğ 3350 AZN (67000x5:100) + 1116 AZN (279x4) = 4466 AZN təşkil edir. 44.Kollegiya qeyd olunan hissədə iddia tələbinin əsaslılığı ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşsa da tutulan məbləğin miqdarı ilə bağlı hissədə razılaşmır. 45.Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə və ona edilmiş 1 saylı əlavəyə əsasən iddiaçı cavabdehə 67000 manat məbləğində kredit vermiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməyərək həmin borcdan yalnız 10000 manat məbləği iddiaçıya geri qaytarmış, kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitsə də cavabdeh tərəfindən öhdəlik tam icra edilməyərək qalan 57 000 manat pul qaytarılmamışdır. 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir” 47.Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetində qalan hissədə iddia tələbinin hüquqi əsasını Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Yəni işin müəyyən edilmiş faktiki halları Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır. 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. 49.İşdən göründüyü kimi cavabdeh mübahisələndirilən kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixədək iddiaçıya ödənilməli olan 57000 manat pulun ödənilməsini xx.xx.2023-cü il (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi tarix) tarixədək gecikdirdiyi üçün iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% ödəmə tələb etməkdə haqlı olmuşdur. 50.Belə olan halda kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməyən əsas məbləğin 57000 manat məbləğində olması nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü tarixədək (1 il, 4 ay) gecikdirilmiş vaxt üçün illik beş faiz yəni 3800 manat ((57.000:100 x 5) = 2850; 2850:12=237,5; 237,5x16=3800) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 51.Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetində qalan – illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu ilə bağlı hissədə dəyişdirilməli, cavabdeh Məmmədova Emilya Cavanşir qızından 3800 (üç min səkkiz yüz) manat illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu İddiaçı xeyrinə tutulmalıdır. 52.Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh Məmmədova Emilya Cavanşir qızının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-39/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmetində qalan – illik 5 % dərəcəsi ilə hesablanmış 4.466 manat pulun tutulması ilə bağlı hissədə dəyişdirilməli, cavabdeh Məmmədova Emilya Cavanşir qızından 3800 manat (üç min səkkiz yüz manat) məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. 53.Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. 54.Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 55.Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Məmmədova Emilya Cavanşir qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-39/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmetində qalan – illik 5 % dərəcəsi ilə hesablanmış 4466 manat pulun tutulması ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh Məmmədova Emilya Cavanşir qızından illik 5 % dərəcəsi ilə hesablanmış 3800 manat (üç min səkkiz yüz manat) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Fuad Abdıyev