Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2517/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” 2(001)-4822/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 949,33 manat məbləğində əsas, 113,29 manat məbləğində faiz, 191,39 manat məbləğində cərimə, cəmi 1.254,01 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 36 faizlə 12 ay müddətinə 1.620 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. “FİNtrend” Bank Olmayan Kredit Təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli, 004 nömrəli müqaviləyə əsasən 10 sentyabr 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "FİNtrend” Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci ilin avqustun 11dək Cavabdeh banka 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 949,33 manat məbləğində əsas, 113,29 manat məbləğində faiz, 191,39 manat məbləğində cərimə, cəmi 1.254,01 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 584,50 (beş yüz səksən dörd manat, əlli qəpik) manat məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbi təmin edilməyən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh etdiyi ödənişə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin əsas, faiz və cərimə borcunun məbləğləri düzgün müəyyən edilməmişdir. Belə ki, işin materiallarından görünür ki, cavabdeh İddiaçı ASC-dən 10 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən illik 36 faiz olmaqla 12 ay müddətinə 1620 manat kredit almış və bu vaxtadək həmin kredit üzrə gecikmələrlə yanaşı az məbləğdə ödənişlər aparmışdır. Bu səbəbdən banka tərəfindən 11 avqsut 2020-ci il tarixli maliyyə arayışına əsasən 949.33 manat əsas, 113.29 manat faiz və 191.39 manat cərimə borcu olmaqla cəmi 1254.01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bundan sonra, bankın iddia ərizəsi üzrə işə məhkəmədə baxılarkən Cavabdeh müxtəlif tarixlərdə banka cəmi 520 manat məbləğində ödəniş etmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə münasibətlər davam etdiyindən və iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilmədiyindən bank tərəfindən məhkəməyə müraciət olunandan sonrada, yəni işə məhkəmə tərəfindən baxılarkən kredit müqaviləsinə uyğun olaraq faiz və cərimə hesablanmışdır. Odur ki, Cavabdeh tərəfindən aparılmış 520 manat məbləğində ödənişdən hesabdan çıxarışa əsasən 14.49 manat faiz borcuna və 505.51 manat cərimə borcuna silinmə aparılmışdır. Lakin məhkəmə müqavilə üzrə öhdəliklərin davam etməsini və bankın cavabdeh tərəfindən aparılmış ödənişin necə silinməsini müəyyən etməyərək, öz mülahizəsi əsasında hesablamlar apararaq Cavabdeh 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 584.50 manat kredit borcunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirlər ki, Cavabdeh 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə qətnamə qəbul edilən tarixə yəni 13 noyabr 2020-ci il tarixə maliyyə arayışına əsasən 949.33 manat əsas, 185.2 manat faiz və 11.4 manat cərimə borcu olmaqla cəmi 1145.93 manat borcu vardır. Apellyasiya baxışı zamanı cavabdeh şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə iddianın təmin olunmamış hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “FİNtrend” Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə “FİNtrend” Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 36% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 1.620 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş məbləği “FİNtrend” Bank Olmayan Kredit Təşkilatından qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizi və gecikməyə yol verdiyi təqdirdə hesablancaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. “FİNtrend” Bank Olmayan Kredit Təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən “FİNtrend” Bank Olmayan Kredit Təşkilatı razılaşdırılmış, o cümlədən 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüququları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüququları, o cümlədən, tam həcmdə ödənilməmiş faizləri və cərimə sanksiyalarını iddiaçı “xxxx” İKB ASC-yə güzəşt etmişdir. Bu barədə cavabdehə məlumat verilmiş və bütün aidiyyəti sənədlər “FİNtrend” Bank Olmayan Kredit Təşkilatı tərəfindən iddiaçı “xxxx” İKB ASC-yə təhvil verilmişdir. Sonradan cəmiyyətin adı dəyişdirilərək, İddiaçı ASC olmuşdur Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur; 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, apellyasiya baxışında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/2418 nömrəli rəyindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı 13.11.2020-ci il tarixə Cavabdeh qeyd edilən kredit öhdəliyi üzrə banka 564,08 manat əsas, 1,69 manat faiz, cəmi 565,77 manat borcu vardır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2(001)-4822/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2517/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2517/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver