Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2519/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər “X2 X1 Anonim” MMC-yə və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsə qarşı “əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-7051/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 manat vurulmuş ziyanın cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsdən, 21.945 manat vurulmuş zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “X2 Sənayi ve Ticarət Anonim” MMC-dən tutularaq, İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-7051/2020 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və iddia ərizəsi, əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-7051/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin inzibati məhkəməyə aid olması sadəcə mübahisə tərəflərindən birinin inzibati orqan (püblik hüquqi şəxs) olması ilə əsaslandırıla bilməz. Mübahisənin xarakteri də mütləq araşdırılmalıdır. Hazırkı iş üzrə cavabdehlərdən biri publik hüquqi şəxs olsa da mübahisə mülki hüquqi xarakterlidir. Belə ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Gəncə-Qazax magistral yolunun tikintisi ilə bağlı digər Cavabdeh "X2 X1 Anonim” MMC-ilə podrat müqaviləsi bağlamışdır. Sonuncu isə öz növbəsində tikinti işlərini həyata keçirərkən ehtiyatsızlıq ucbatından iddiaçıya məxsus evə zərər vurmuşdur. Göründüyü kimi, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” ilə “X2 X1 Anonim" MMC arasındakı münasibətlər podrat müqaviləsi əsasında yarandığı üçün mülki hüquq münasibətlərinin təsir dairəsi altındadır. “X2 X1 Anonim” MMC ilə iddiaçı arasında baş verən mübahisə isə delikt əsasında yarandığından yenə mülki hüququn təsir dairəsinə düşür. Başqa sözlə, cavabdehlərlərin öz arasında və onlarla iddiaçı arasında yaranan münasibətlər zənciri tamamilə mülki xarakterlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-7051/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (24). Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (31). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, “Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.” Həmin Qərarın 4-cü bəndinə əsasən, “İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir.” Həmin Qərarın 5.2-ci bəndinə əsasən, “Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.” İş materiallarının tədqiqi əsasında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki tələblə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsə qarşı iddia qaldırdığına əsaslanaraq işə rayon (şəhər) məhkəmələri tərəfindən deyil, inzibati məhkəmələr tərəfindən baxılmalı olduğu qənaətinə gəlmiş və iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Lakin məhkəmə hazırkı mülki iş üzrə digər cavabdeh olan “X2 X1 Anonim” MMC-yə qarşı iddiaya ümumi məhkəmədə baxılmasının mümkünlüyünü araşdırmamış və (ya) bu məsələyə öz münasibətini bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halı araşdıraraq, iddia ərizəsinin icraata qəbul edilməsinin mümkün olub-olmaması barədə qərar qəbul etməlidir. Ona görə də qərardad ləğv olunmalı, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-7051/2020 saylı qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2519/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2519/2021
02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver