Məhkəmə qərarları › İş №2(103)-2522/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2522/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2522/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər x1 və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi x9 oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin cavabdeh Şahin Mehmetə qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx x10 Təşkilatı” ASC cavabdeh Şahin Mehmetə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şahin Mehmetdən 15.000 manat məbləğində əsas, 180 manat məbləğində faiz, 1.350 manat məbləğində cərimə, müqavilə müddətindən sonrakı dövr üçün (20.09.2017-ci il tarixdən 20.07.2019-cu il tarixədək) illik 5 faizlə hesablanmış 1.375 manat pul vəsaiti olmaqla, cəmi 17.905 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun BOKT “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxx x10 Təşkilatı” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Şahin Mehmet “xxxxxxxxx x10 Təşkilatı” ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmiş, borclunun müraciətinə müvafiq olaraq onunla “xxxxxxxxx x10 Təşkilatı” ASC arasında 14.09.2017-ci il tarixli, PKLMB-0302 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən borcluya 6 ay müddətinə illik 72% dərəcəsi olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqaviləyə görə BOKT yuxarıda qeyd olunan məbləğdə krediti borcalanın mülkiyyətinə verir və krediti alan isə öz növbəsində həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda isə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Cavabdeh dəfələrlə xəbərdarlıq olunmağına baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirmir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi iləiddia tələbi təmin edilmiş, 14.09.2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh Şahin Mehmetdən 15.000 (on beş min) manat məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni 20.09.2017-ci il tarixinə hesablanmış 180 (bir yüz səksən) manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 20.09.2017-ci il tarixdən 20.07.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 1.375 (bir min üç yüz yetmiş beş) manat məbləğində faiz, cəmi 16.555 (on altı min beş yüz əlli beş) manat məbləğində borc, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “BOKT xxxxxxxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Şahin Mehmetapellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(001)- 6448/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxxxxxxx» x10 təşkilatı ASC-dən kredit almamışdır və ala da bilməzdi. Çünki o, Türkiyə Respublikasının vətəndaşıdır və Azərbaycan Respublikasında daimi yaşamaq hüququ yoxdur. Digər tərəfdən BOKT-nin müəyyən etdiyi qaydalara əsasən kredit təminatsız və ya zaminsiz verilə bilməz. Ən azı qeyd etdiyi səbəblərdən «xxxxxxxxx» x10 təşkilatı ASC-nin Azərbaycan Respublikasında daim yaşamaq hüququ olmayan başqa ölkənin vətəndaşına təminatsız və zaminsiz 15.000 manat kredit verməsi həm Qaydalara, həm də məntiqə uyğun deyildir. Cavabdeh 15.000 manatın ona «xxxxxxxxx» ASC-nin təsisçisi və rəhbəri x5 tərəfindən Bakı şəhəri Sabunçu rayonu Buzovna qəsəbəsində yerləşən villaların təmirtikinti işlərini apararkən, həmin villalara hamam və tualet aksessuarlarının alınmasına «xxxxxxxxx» ASC-də imza etdirməklə verildiyini qeyd etmişdir. İmzaladığı sənədlərin kredit müqaviləsinə aid olması ilə bağlı ona heç nə bildirilməmişdir. Bundan əlavə, cavabdeh hazırkı iddianın qaldırılması səbəbinin «xxxxxxxxx» ASC-nin təsisçisi və rəhbəri x2, onun qardaşı x3 və atası Məhəbbət Məmmədovun ona gördürdükləri təmir-tikinti işlərinin külli miqdarda dəyərini verməkdən yayınmalarına görə onlar barədə Bakı şəhəri Nərimanov rayon polis idarəsinə və Bakı şəhəri Baş polis idarəsinə şikayətlər etməyi və şikayətləri üzrə araşdırılmanın aparılması olduğunu qeyd etmişdir. 05 mart 2020-ci il tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh Şahin Mehmet apellyasiya şikayətində qeyd olunan dəlilləri müdafiə etdiyini, apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili x4 apelyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Şahin Mehmet məhkəməyə gəlməmiş, iddiaçı “xxxxxxxxx x10 Təşkilatı” ASC nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən edilmişdir ki, “xxxxxxxxx” BOKT ASC ilə cavabdeh Şahin Mehmet arasında bağlanmış 14.09.2017-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxx” BOKT ASC cavabdeh Şahin Mehmetə 6 gün müddətinə illik 72% dərəcəsi ilə faiz ödəmək şərti ilə 15.000 manat məbləğində kredit vermişdir. Şahin Mehmet “xxxxxxxxx” BOKT ASC-dən kredit müqaviləsi üzrə həmin məbləğdə pulu almış və müqavilədə göstərilmiş müddətdə kredit məbləğini qaytarmağı, habelə ona hesablanmış faizlərin, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Kredit müqaviləsi üzrə kredit müddəti 20.09.2017-ci il tarixdə bitmişdir. İddiaçı cavabdeh Şahin Mehmetin 20.09.2017-ci il tarixinə 15.000 manat məbləğində əsas, 180 manat məbləğində faiz, 1.350 manat məbləğində cərimə, müqavilə üzrə kredit müddətinin bitdiyi, yəni 20.09.2017-ci il tarixdən 20.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.375 manat faiz, cəmi 17.905 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas və faiz borcunun tutulması hissəsində əsaslı olaraq tam təmin etmiş, cavabdeh Şahin Mehmetdən iddiaçının xeyrinə 15.000 manat məbləğində əsas və kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 20.09.2017-ci il tarixə hesablanmış 180 manat məbləğində faiz, habelə kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 20.09.2017-ci il tarixdən 20.07.2019-cu il tarixədək illik 5% olmaqla hesablanmış 1.375 manat faiz borcu tutulması nəticəsinə gəlməklə düzgün qənaətə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Qeyd olunmalıdır ki, cavabdeh kredit müqaviləsini imzalayarkən həmin sənədin kredit müqaviləsi olması barədə ona heç bir məlumat verilmədiyini, yəni aldadıldığını qeyd etsə də, iş materiallarında olan birinci instansiya məhkəməsinin 15 avqust 2019-cu il tarixli hazırlıq iclasının protokolundan da görünür ki, cavabdeh həmin məhkəmə iclasında iştirak etmiş, iddiaçı tərəfindən ondan tələb edilən borc məbləğini tam olaraq ödədiyini və iddiaçıya hər hansı məbləğdə borcunun qalmadığını bildirmiş və məhkəmə baxışı iclasında bu barədə məhkəməyə sübut təqdim edəcəyini qeyd etmişdir. Lakin məhkəmə prosesinin gedişində cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh onun Türkiyə Respublikasının vətəndaşı olduğu üçün və Azərbaycanda daimi yaşamadığı üçün ona kreditin verilə bilməyəcəyini qeyd etsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, mülki qanunvericiliyin müqavilə azadlığı prinsipindən çıxış edərək, mülki münasibətlərin iştirakçıları qanunvericiliklə qadağan edilməyən istənilən müqaviləni bağlamaqda sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilənin xarici vətəndaşla və ya ölkə ərazisində müvəqqəti yaşayan şəxslə bağlanması ilə bağlı hər hansı məhdudiyyət mövcud deyildir. Bu səbəbdən, kreditin xarici vətəndaşa verilməsi özü-özlüyündə həmin kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(001)-6448/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehəaid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar