Məhkəmə qərarları › İş №2(103)-2525/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2525/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2525/2020 28.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5185/19 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə “xxxx” Açıq Səhmdar Cəmiyyəti üzrə 6.383 (altı min üç yüz səksən üç) manat məbləğində əsas borc, 3.102 (üç min bir yüz iki) manat məbləğində faiz və cərimə borcu, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 2.100 (iki min bir yüz) manat məbləğində əsas borc, 734 (yeddi yüz otuz dörd) manat məbləğində faiz və cərimə borcu olmaqla, cəmi 12.319 (on iki min üç yüz on doqquz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5185/19 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 200 (iki yüz) manat məbləğində kredit borcu, telefon alınması üçün ödənilmiş 2.100 (iki min bir yüz) manat məbləğində əsas borc, 734 (yeddi yüz otuz dörd) manat məbləğində faiz və cərimə borcu olmaqla, cəmi 3.034 (üç min otuz dörd) manat məbləğində pul vəsaiti və həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Cavabdeh qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş tam araşdırılmadan qətnamə qəbul edilmişdir, cavabdeh heç bir sübut təqdim etmədiyi halda məhkəmə onun sözlərinə görə borcu qaytarmasını sübut kimi qəbul etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətlə bağlı aparılan araşdırmalar: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi G.Mahmud və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı 36 ay ərzində ayda 263,47 (iki yüz altmış üç manat qırx yeddi qəpik) məbləğində aylıq ödəniş etməyi üzərinə götürmüşdür. xx xxxxxxxx 2018-ci il tarixli qəbzlərdən görünür ki, 5.804,46 (beş min səkkiz yüz dörd manat qırx altı qəpik) məbləğində kredit ödənişi və 58,63 (əlli səkkiz manat altmış üç qəpik) məbləğində xidmət haqqı İddiaçı tərəfindən “xxxx” ASC-nin Nəsimi rayon filialına ödəniş edilmişdir. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 00428316 nömrəli müqavilənin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında İddiaçı “xxxx” MMC-dən ayda 150 (bir yüz əlli) manat ödəniş etməklə 2.100 (iki min bir yüz) manat dəyərində “X3 9 Dual” mobil telefonu götürmüşdür. xx xxxx 2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə 2.849 (iki min səkkiz yüz qırx doqquz) manat məbləğində ödəniş həyata keçirilmişdir. “xxxx” MMC-ninxx xxxx 2019-cu il tarixli arayışının surətindən görünür ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixli 00428316 nömrəli müqaviləyə əsasən cəmiyyətə olan borcunu ödəmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində İddiaçı verdiyi şikayət ərizəsi ilə bağlı toplanmış materialın surətindən və məzmunundan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı eyni kafedrada bir yerdə işlədiyi Cavabdeh pula ehtiyacı olduğu üçün 2017-ci ildə 6.000 (altı min) manat borc pul verməsi, həmin pulu “xxxx” ASC-dən kredit olaraq götürməsini bildirmiş və Cavabdeh pulu hər ay ödəyəcəyini bildirsə də ödəməmiş, sonra 2018-ci ildə həmin puluqaytarmaq üçün “Kontakt Home”-dan İddiaçı adına dəyəri 3.000 (üç min) manat olan mobil telefon götürmüş və ödənişini etməməsi barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə ünvanlamış olduğu ərizəsi üzrə toplanmış materiallarla müəyyən olunmuşdur ki, tərəflər arasında borc məsələsinə görə narazılıqlar yaranmış, borc məsələsinin Azərbaycan Respublikası Mülki Məhkəmə icraatına aid olması nəzərə alınaraq materialın işə alınaraq müvafiq polis bölməsinin dəftərxanasına təhvil verilməsi məqsədə müvafiq hesab edilərək, ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda tələblər bölünən olduğundan və iddiaçı qətnaməni kredit borcuna aid hissədə mübahisləndirdiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qismən, “kredit borcuna aid hissədə” iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəməkollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. İddiaçı bildirmişdir ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetində eyni kafedrada bir yerdə işlədiyi Cavabdeh pula ehtiyacı olduğu üçün “xxxx” ASC-dən adına illik 27,84% hesablanmaqla 6.000 (altı min) manat pulu götürüb cavabdehə elə bankda da vermiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2.100 (iki min bir yüz) manat dəyərində “Samsung GalaxyNote 9 Dual” mobil telefonunu kreditə götürərək cavabdehə vermişdir. Hazırda “xxxx” ASC üzrə 6.383 (altı min üç yüz səksən üç) manat məbləğində əsas borcu, 3.102 (üç min bir yüz iki) manat məbləğində faiz və cərimə borcu, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 2.100 (iki min bir yüz) manat məbləğində əsas borc, 734 (yeddi yüz otuz dörd) manat məbləğində faiz və cərimə borcu olmaqla, cəmi 12.319 (on iki min üç yüz on doqquz) manat borcu cavabdehdən tələb edir. Rayon məhkəməsində, cavabdeh “xxxx” MMC-yə həmin telefona görə tələb olunan borcu tam etiraf etmiş, kredit borcuna görə iddia tələbini qismən, 2000 manat borca dair hissədə qəbul etmiş, həmin puldan aylıq 300 (üç yüz) manat olmaqla 1800 manat qaytardığını, iddiaçıya cəmi 200 (iki yüz) manat borclu qaldığını qeyd etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir. İddiaçı borcun verilməsi ilə bağlı sübut kimi şahid ifadəsi təqdim edir, cavabdeh də iddia tələbini qismən, 2000 manat hissədə qəbul edir, həmin puldan 1800 manat qaytardığını, cəmi 200 manat borcu qaldığını bildirir. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni borcun qaytarılmasını cavabdeh sübut etməlidir. MM-in 529.1-ci maddəsinin tələbinə görə borclunun tələbi ilə kreditor icranın tamamilə və hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Cavabdeh belə bir sənəd, eləcə də MM-in 529.5-ci maddəsində nəzərdə tutulmuşsonuncu hissənin ödənilməsinə dair sənəd də təqdim edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi cavabdehin borcu qaytarmadığını bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, qətnamə cavabdehdən tutulmalı kredit borcuna aid hissədə dəyişdirilməli, həmin kredit borcuna görə cavabdehin borcu etiraf etdiyi 2000 manat tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən kredit borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 2000 manat tutulmalı, qətnamə apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5185/19 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi cavabdehdən kredit borcunun tutulması hissəsində dəyişdirilsin, həmin borca görə cavabdehdən iddiaçının xeyrinə 2000 manat tutulsun. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar