Məhkəmə qərarları › İş №2(103)-2527/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2527/2020

10.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2527/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X22 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili X26, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakın satışı zamanı əldə edilmiş pul vəsaitinin payına uyğun hissəsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-4537/2019 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 49, 78 nömrəli mənzilin satışından əldə olunan 63.000 manat pul məbləğinin yarısı - 31.500 manat pul məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası ilə anası arasında bağlanmış nikah xx.xx.1985-ci ildə ləğv edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 49, mənzil 78 anası Fatma İsmayılovanın adına qeydiyyatdan keçmiş, anası həmin mənzildə yaşamış, xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. O, həmişə anası ilə maraqlanmış, bir övlad kimi üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Qardaşı olan cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Miras əmlakla bağlı hər hansı bir vəsiyyətnamə olmamışdır. O, anasının vəfatından sonra mənzildə yaşayıb sahiblik edərək mirası şəksiz qəbul etdiyini nümayiş etdirmişdir. Cavabdeh bir gün də belə olsun mənzildə yaşamamışdır. Anasının vəfatından sonra ərizə vermək məqsədi ilə 9 nömrəli notariat orqanına getmiş, lakin doğum haqqında şəhadətnamə olmadığı üçün ərizəsi notariat kontoru tərəfindən qəbul edilməmiş, bunun üçün doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi təmin edilmişdir. Yeni doğum haqqında şəhadətnamə aldıqdan sonra notariat kontoruna getdikdə, qanunla müəyyən edilmiş müddət ötdüyündən miras əmlakı faktiki qəbul etməyi barədə məhkəmə qərarının lazım olduğu bildirilmişdir. Digər qardaşı İlqar xəstə olduğundan və kirayədə yaşadığından o özü həmin mənzildə yaşamışdır. Daha sonra qardaşını kirayədən götürüb həmin mənzilə gətirmişdir. Bu səbəbdən də arxayın olmuşdur ki, ondan xəbərsiz kimsə mənzili öz adına rəsmiləşdirə bilməz. Lakin cavabdeh miras əmlakı qanunsuz olaraq öz adına rəsmiləşdirmiş və həmin mənzili alqı-satqı yolu ilə özgəninkiləşdirərək, 63.000 manata başqa bir şəxsə satmış, mənzilin satışından əldə etdiyi pulu öz xeyrinə xərcləyərək mənimsəmişdir. Daimi olaraq 1993-cü il tarixdən “Şamaxinka” adlanan yerdə yaşayır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4537/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 49, 78 nömrəli mənzilin satışından əldə olunan 63.000 manat pul məbləğinin 1/4 hissəsi, yəni 15.750 manat pul məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh (X28) oğlundan tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Miras qalmış əmlakın satışından əldə edilmiş pul məbləğindən o, yalnız 20.000 manat vəsait özünə götürmüş, qalan məbləği isə qardaşı İlqarın maddi və sosial problemlərinə xərcləmişdir. Bu hallar iddiaçının bundan əvvəl Nərimanov Rayon Məhkəməsində qaldırdığı digər iddia tələbinə baxılarkən sübuta yetirilmişdir. Qardaşı İlqar özü etiraf etmişdir ki, miras əmlakın satışından əldə edilmiş pul vəsaitinə ona mənzil, Opel markalı avtomobil alınmış, sürücülük vəsiqəsinə xərclər çəkilmiş, qızının göz əməliyyatı edilmiş və digər xərclər də olmaqla 43.000 manat onun üçün xərclənmişdir. İddiaçı bütün bunları bilmiş, hər hansı etirazı olmamışdır. Belə olan halda, hazırda iddiaçı ilə bərabər onun da payı 15.750 manat müəyyən edildiyi halda, onun mənzilin satışından götürdüyü 20.000 manatın 15.750 manatı hansı əsasla iddiaçıya qaytarılmalıdır. Bu zaman onun payı ümumiyyətlə nəzərə alınmamış olur. İddiaçının hazırki iddia tələbi ilə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı (bacısı) barədə Notariat Kontoruna hər hansı məlumat verməmişdir. Digər qardaşlarının isə sənədlərində müəyyən problemlər olduğu üçün mübahisəli mənzil onun adına rəsmişləşdirilmişdir, mənzil satıldıqdan sonra onun borcu ödənilmiş, qardaşı İlqara 25.000 manata ev və 4.750 manata Opel markalı avtomobil alınmışdır. Məhkəmə kollegiyasını iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, mübahisəli mənzilin satışından əldə edilmiş pul məbləğinin cavabdehin bildirdiyi kimi bölünməsinin iddiaçıya hər hansı aidiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı daha əvvəl cavabdehlər X13, 9 saylı Notariat Kontorunun notariusu X14, X6, X18, Bakı şəhəri 15 saylı notariat kontorunun xüsusi notariusu X27, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun notariusu X23 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-552/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6112/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş materialları, qanuni qüvvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsinə əsasən işin mübahisəsiz halları olaraq müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 49, 78 nömrəli mənzil xx xxxxxxxx 1999-cu il tarixli 3-M-A-3-433 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx xxxxxxxx 2011-ci il tarixdən MA seriyalı 027757 nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən X12 mülkiyyətində olmuş, sonuncu ilə X15 arasında bağlanmış nikahın pozulması xx xxxx 1985-ci il tarixdə qeydə alınmış, X25 xx xxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Mərhumənin vəfatından sonra miras əmlak kimi həmin mənzil və qızıl-zinyət əşyaları qalmış və onun İ növbədə 4 vərəsəsi olmuşdur: qızı İddiaçı, oğulları X13, X18 və X19. X19 və X1 xx xxxxx 2017-ci il tarixli, 7E-7698 və 7E-7697 nömrəli ərizələr ünvanlayaraq İsmayılov xx xxxxx 2015-ci il tarixdə vəfat etmiş X10 qalmış miras əmlakı qəbul etmədiklərini və gələcəkdə də qəbul etmək niyyətində olmadıqlarını bildirmişlər. Hazırki iş üzrə cavabdeh mirasın qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddət keçdikdən sonra xx xxxx 2017-ci il tarixdə 9 saylı Notariat Kontoruna vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə müraciət etmiş, xx xxxxx 2015-ci il tarixdə vəfat etmiş X16 özündən başqa digər vərəsələrinin olmasını qeyd etməmişdir.Notariat icraatında 9 saylı Notariat Kontorunun notariusu tərəfindən çap edilmiş vətəndaşlıq vəziyyəti aktlarından çıxarışda X24 ilə X7 X17 adlı övladı olması faktı məlum olduğu halda, X9 miras əmlak olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə dair yeganə vərəsə olmasına dair xx xxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. xx xxxxxx 2017-ci il tarixdə notarial qaydada bağlanmış reyestrdə 4Ə-1096 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X13 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 49, 78 nömrəli mənzili X4 63.000 manata satmışdır. Hazırda isə iddiaçı anasından miras qalmış mənzilin satışından əldə edilən vəsaitin yarısını tələb edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, vəfat etmiş X16 İ növbədə 4 vərəsəsinin olmasını nəzərə alınmaqla, müəyyən edilmiş miras əmlakın satış pulundan vərəsə kimi payı, yəni 63.000 manatın 1/4 hissəsi - 15.750 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməli olması barədə nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Mülki Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-ci maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Göründüyü kimi, vəfat etmiş F.Məmmədovanın İ növbədə 4 vərəsəsinin - qızı İddiaçı, oğulları X13, X18 və X19 olması işin mübahisəsiz halıdır. Miras qalmış mübahisəli mənzillə bağlı yeganə vərəsə olmasına dair hazırki iş üzrə cavabdehə xx xxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Birinci növbə vərəsələrdən biri olan İddiaçı isə ümumiyyətlə nəzərə alınmamışdır. Miras qalmış əmlakı cavabdeh satmışdır. İddiaçının daha əvvəl qaldırdığı iddia tələbi isə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericilik normalarının tələblərinin pozulması ilə verilmiş olsa belə, eləcə də iddiaçının miras əmlakda vərəsəlik hüququnun olması faktlarının mövcudluğuna baxmayaraq sözügedən alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericiliyin tələblərinin pozulması halının müəyyən edilməməsi mübahisələndirilən sözügedən əqdin etibarsızlığını və onun əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsini mümkün etmədiyindən, satıcı tərəf kimi çıxış edən X8 həmin əmlaka qanunsuz olaraq mülkiyyət hüququ əldə etməsi faktı mövcud olsa da, məhkəmə bu halın mövcudluğuna baxmayaraq, alıcı X5 vicdanlı alıcı kimi qiymətləndirildiyindən, rədd edilmişdir. İddiaçıya onun vərəsəlik hüququ üzrə əldə edə biləcəyi, lakin əldə edə bilmədiyi bu hüquqlarının pozulması ilə bağlı onun məruz qaldığı zərərin əvəzini ödəmək üçün cavabdehlər X9 və X11 qarşı müvafiq qaydada miras əmlakın satış pulundan vərəsə kimi payının alınmasına dair iddia qaldırmaq hüququnun olması izah olunmuşdur. Göründüyü kimi, iddiaçının hazırki tələbi əsaslıdır, belə ki, anasından qalmış miras əmlaka dair qardaşı, yəni cavabdeh yeganə vərəsə olmasına dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış, mənzili də başqasına satmışdır. Ona görə iddiaçı miras qalmış əmlakın satışından əldə edilən pul məbləğindən ona çatası payı tələb etməkdə haqlıdır. Qanunvericiliyin tələbinə əsasən də 4 vərəsə olduğundan, məhkəmə haqlı olaraq mənzilin satışından əldə edilmiş məbləğin (63.000 manat) ¼ hissəsinin (15.750 manat) iddiaçıya verilməli olması qəanətinə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi, pulun 43.000 manatının qardaşı İlqara xərclənməsi, onun yalnız 20.000 götürməsi, hazırki qətnamə ilə iddiaçıya verilən məbləğin ondan tutulmasının əsassız olması və onun payının nəzərə alınmaması ilə bağlı qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, cavabdeh yeganə vərəsə olması barədə miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış, mənzil onun adına rəsmiləşdirilmiş, o da mənzili satmışdır. Mənzilin satılmasından əldə etdiyi pul məbləğinin hansı məqsədlə xərclənməsi iddiaçının tələbinin rədd edilməsinə əsas vermir, belə ki, mənzili cavabdeh satmış, iddiaçı isə miras qalmış əmlakdan ona çatacaq paydan məhrum olmuşdur. Cavabdehin mənzili sataraq qardaşına və ya digər məqsədlər üçün xərcləməsi iddiaçıya çatacaq payı verməməsinə əsas verən hal deyildir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4537/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar