Məhkəmə qərarları › İş №2(103)-2528/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2528/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2528/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh Abbasqulu qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 05.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 2.836,26 manat, faiz borcu kimi 352,39 manat, cərimə kimi 2,72 manat, cəmi 3.191,37 manat, habelə iddia ərzəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən (borc alandan) iddiaçının (borc verənin) xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, 3.191,37 manat pulun hissə-hissə ödənilməsi barədə qərar qəbul olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayəti rədd olunmalıdır. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, cavabdehin iddiaçının qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. O cümlədən cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddianı etiraf edib. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Apellyasiya şikayətində qeyd olunan, qətnamənin hissə-hissə icra edilməsinə dair müraciətlə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər cavabdeh bu məsələ ilə bağlı müraciət etməyib. Qətnamənin hissə-hissə icrası barədə qərar apellyasiya şikayəti əsasında qəbul edilə bilməz. Qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh onun hissə-hissə icra edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar