Məhkəmə qərarları › İş №2(103)-2530/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2530/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2530/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə görə davam edən kompensasiya” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2754/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə görə davam edən kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aramızda Bakı şəhəri 14 saylı notariat kontorunda AN-İ ******* nömrəli və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən götürülmüş öhdəliklər icra edilmədiyinə görə cavabdehdən mənim xeyrimə 170.000 (yüz yetmiş min) manat kompensasiya məbləğinin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında xx xxxx 2018-ci il tarixində Bakı şəhəri 14 saylınotariat kontorunda AN-İ ******* nömrəli və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmışdır. AN-İ ******* nömrəli müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini alıcı olaraq İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. AN-İ ******* nömrəli müqavilənin 1-ci bəndinin a yarımbəndinə əsasən “Satıcı”, yəni Cavabdeh Əli oğlu Bakı şəhəri, Binəqədi rayonu. Novxanı Bağ sahəsi ünvanında yerləşən, y/s 239.7 kv.m k/s 205.6 kv.m olan (ü/s 445.6 kv.m), 6 otaqlı 944 saylı bağ evini və həmin müqavilənin 1-ci bəndinin b yarımbəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağ sahəsi ünvanında yerləşən 944 saylı bağ evinin mülkiyyətində olan 0.09 ha torpaq sahəsini alıcı olaraq İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan torpaq sahəsi və bağ evi ilə bağlı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Adı çəkilən hər iki müqavilənin 11-ci bəndinə əsasən ''Satıcı" daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə “Alıcı'nın bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2018-ci il tarixinədək alıcının faktiki sahibliyinə təhvil verməyi və bağ evini torpaq sahəsi ilə birlikdə qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürür. Satıcı ailə üzvləri ilə birlikdə qeyd olunan əmlakı müqavilədə göstərilən müddətdə Alıcıya təhvil vermədiyi təqdirdə hər ay üçün alıcıya 5000 (beş) manat kompensasiya ödəməyi öhdəsinə götürür. Alıcı olaraq iddiaçı tərəfindən müqavilələr üzrə öhdəlik götürdüyü vəzifələrin icra olunmasına baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1953/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə X2 arasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx xxxx 2018-ci ıl tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh öhdəsinə götürdüyü vəzifəyə əsasən ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini qeyd-şərtsiz tərk edərək həmin torpaq sahəsini yardımçı vasitələri ilə birlikdə İddiaçı, təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1957/2019 saylı, 11.03 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə X2 arasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx xxxx 2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh öhdəsinə götürdüyü vəzifəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağ sahəsi ünvanında yerləşən, y/s 239.7 kv.m k/s 205.6 kv.m olan (ü/s 445.6 kv.m), 6 otaqlı 944 saylı bağ evini torpaq sahəsi ilə birlikdə qeydsiz-şərtsiz boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddia tələbləri tam təmin edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnamələrini apellyasiya qaydasında mübahisələndirmişdir. Bakı Apellyasiya Məıhkəməsinin 2(103)-9337/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2(103)- 9317/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamələri ilə apellyasiya şikayətlərim qismən təmin edilərək Binəqədi rayon Məhkəməsinin hər iki qətnaməsi öhdəliyin yerinə yetirilmədiyi səbəbindən cavabehdən iddiaçının xeyrinə 20.000 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamələr qəbul edilmiş, hər iki qətnamə ilə Cavabdeh İddiaçı xeyrinə 20.000 manat məbləğində pul tutulması qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlsə də bu günki günə qədər Cavabdeh bağ evi və torpaq sahəsini tərk etməyərək ona təhvil verməmişdir. Bu səbəbdən də müqavilələrdə nəzərdə tutulan kompensasiya məbləği hər ay artmaqda davam edir. Hesab edir ki, Cavabdeh xx xxxx 2018-ci il tarixində Bakı şəhəri 14 saylı notariat kontorunda AN-İ ******* nömrəli və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri üzrə qeyd olunan daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə təhvil verilməli olduğu müddətdən 21 ay keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən 170.000 (yüz yetmiş min) manat kompensasiya məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir (10.000 manat x 21 ay = 210.000 manat; 210.000 - 40.000 =170.000 manat). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2754/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 170000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir (sədrlik edən: Solmaz Ədilova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2754/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin 2-ci səhifəsinin 1-ci abzasında; “hər iki qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlsə də bu günə qədər Cavabdeh bağ evi və torpaq sahəsini tərk etməyərək mənə təhvil verməmişdir. Bu səbəbdən də müqavilələrdə nəzərdə tutulan kompensasiya məbləği hər ay artmaqda davam edir” göstərmişdir. İddiaçının nümayəndəsi isə İ instansiya məhkəməsində də ilk iclaslarda iddia ərizəsinə uyğun izahat verərək əmlakların iddiaçıya təhvil verilmədiyini və bununla da hər dəfə eyni iddia ilə müxtəlif vaxlara görə kompensasiya tələb edəcəklərini bildirsə də, növbəti məhkəmə iclasında hakimin tələbi ilə icra məmuru tərəfindən əmlakların iddiaçıya təhvil verilməsi barədə xx.xx.2020-ci il tarixli aktı məhkəməyə təqdim etməklə əmlakların onlarda olduqlarını təsdiqləmişdir. Bundan əlavə, Cavabdeh nümayəndəsi xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında izahat verərkən də bildirmişdir ki, daşınmaz əmlakın alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilələr əslində həqiqi niyyəti əks etdirməmiş, formal olaraq rəsmiləşdirilmişdir. Əslində tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və iddia tələbinin əsası kimi göstərilən müqavilələr tərəflər arasında maliyyə məsələləri ilə bağlı imzalanmışdır. Tərəflər arasında ilkin müqavilə xx.xx.2017-ci il tarixdə, sonuncu müqavilə isə xx.xx.2018-ci il imzalanmışdır. Təkcə bu fakt özü iddiaçının məqsədinin cavabdehi aldadaraq “kompensasiya” ilə yükləməklə borcdan dəfələrlə artıq qiymətə olan əmlakının ələ keçirilməsi olmasını sübuta yetirir. Xüsusi mülkiyyətdə olan evin və ya torpaq sahəsinin alqı-satqısı 1(bir) il ərzində niyə həyata keçirilməlidir? Real alqı-satqı olmamış və cavabdehə heç kim pul ödəməmişdir. İddiaçı özü üçün sərfəli olan əqdi bağlamaq məqsədilə cavabdehi aldatmış, əqdin bağlanması üçün mühüm əhəmiyyətli olan hallar və faktlar barəsində cavabdehdə qeyri-düzgün təsəvvür yaratmışdır. Belə ki, iddiaçı cavabdehə “sən bağı satıb mənə olan borcunu qaytararsan, mənə sənin bağın, torpağın lazım deyil” deməklə müqavilələrin bağlanmasına təhrik etmişdir. Nəticədə iddiaçı bu yolla arzuladığı və öz iradəsinə müvafiq olan, lakin cavabdehin mənafeyinə zidd olan əqdlərin bağlanmasına nail olmuşdur. Bununla da, bağlanmış əqdlərdə həm cavabdehin həqiqi iradəsi təhrif edilmiş, həm də mülkiyyətçi kimi hüquqları pozulmuşdur ki, nəticədə mülki qanunvericiliyinin tələblərinə zidd müqavilələr imzalanmışdır. Sözügedən və iddia tələbinin əsası olan müqavilələrin xx.xx.2018-ci il tarixdə imzalanması, cavabdehə xx.xx.2018-ci il tarixədək əmlakları təhvil vermək üçün vaxt verilməsi, iddiaçının Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsini 1 il 5 aydan sonra icraya yönəltməsi də iddiaçının məqsədinin icranı bilərəkdən yubatmaqla hazırda tələb etdiyi kompensasiya məbləğləri ilə əlavə gəlir əldə etmək olduğunu sübuta yetirir. Alqı-satqı əsasında iddiaçının mənimsədiyi əmlaklar cavabdehin ona olan borcumdan qat-qat artıqdır. Məhkəməyə vəsatət verərək bu faktın, yəni icranın tələbkarın (iddiaçının) iradəsinə uyğun olaraq yubanmasının təsdiqi ilə bağlı icra məmurunun məhkəməyə dəvət olunaraq şahid kimi dindirilməsi və icra işinin tələb olunaraq baxış keçirilməsini cavabdeh tərəf xahiş etsə də vəsatət təmin olunmamışdır. İddiaçı məhz cavabdeh tərəfindən icranın yubadılmasını sübuta yetirən hər hansı bir sübutü məhkəməyə təqdim etməmişdir. İcra iddiaçının (tələbkarın) istəyinə uyğun olaraq həyata keçirilməmişdir. İddiaçı alqı-satqı müqavilələrini imzalamağı qarantiya olaraq risklərini sığortalamaq üçün təklif etmişdir və cavabdehə bağ sahəsinin satışı ilə məşğul olmasını tapşırmışdır, lakin cavabdeh bir neçə real alıcı tapsa da iddiaçı müxtəlif bəhanələrlə alıcılarla qiymətdə razılaşmamışdır. Bu da iddiaçının məqsədinin icranı bilərəkdən yubatmaqla hazırda tələb etdiyi kompensasiya məbləğləri ilə əlavə gəlir əldə etmək olduğunu sübuta yetirir. Hazırda cavabdehin bütün əmlakı iddiaçıya təhvil verilmiş bağ sahəsindədir və iddiaçı cavabdehə zəruri geyim əşyalarını götürməyə belə nadir hallarda hədəqorxu ilə icazə verir. Sonuncu dəfə də xx.xx.2020-ci il tarixdə cavabdeh qış mövsümü ilə bağlı bəzi geyim əşyalarını götürmək üçün evin açarını saxlayan Elməddin adlı şəxsə zəng etdikdə sonuncu yalnız məhkəmə qətnaməsinin ondan alınması barədə qəbzə imza etməklə bunun mümkün olduğunu bildirmiş, əks təqdirdə evə yaxınlaşarsa, polisə şikayət edəcəyi ilə hədələmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh (və ya nümayəndəsi) kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu. Novxanı Bağ sahəsi ünvanında yerləşən, y/s 239.7 kv.m k/s 205.6 kv.m olan (ü/s 445.6 kv.m). 6 otaqlı 944 saylı bağ evini və həmin bağ evinin mülkiyyətində olan 0.09 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh ünvan 5 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə verir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001 )-1957/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, daşınmaz əmlakın boşaldılaraq təhvil verilməsi və kompensasiya tələbinə dair" iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ilə iddiaçı arasında olan Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə uyğun olaraq X1 öhdəsinə götürdüyü vəzifəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağı sahəsi ünvanında yerləşən y/s 239,7 kv/m k/s 205,6 kv/m olan (ü.s 445.6 kv/m) 6 otaqlı 944 saylı bağ evini torpaq sahəsi ilə birlikdə boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə, yəni cavabdehin öhdəliyini yerinə yetirmədiyi səbəbindən cavabdehdən iddiaçının xeyrinə 20000 (iyirmi min) manat kompensasiyanın, ödəniləcək kompensasiya məbləğinin hər gün üçün 0,1% olmaqla dəbbə pulu qismində 2400 (iki min dörd yüz) manat pulun tutulması hissəsində rədd edilməsi, iddia ərizəsi qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manatını Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, qalan 50%-i, yəni 15 (on beş) manatı iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-1953/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, daşınmaz əmlakın boşaldılaraq təhvil verilməsi və kompensasiya tələbinə dair» iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ilə iddiaçı arasında olan Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh öhdəsinə götürdüyü vəzifəyə əsasən ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi boşaldılaraq yardımç vasitələri ilə birlikdə İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə, yəni cavabdehin öhdəliyini yerinə yetirmədiyi səbəbindən cavabdehdən iddiaçının xeyrinə 20 000 (iyirmi min) manat kompensasiyanın, ödəniləcək kompensasiya məbləğinin hər gün üçün 0,1% olmaqla dəbbə pulu qismində 2400 (iki min dörd yüz) manat pulun tutulması hissəsində rədd edilməsi, iddia ərizəsi qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manatını Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, qalan 50%- i, yəni 15 (on beş) manatı iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 9317/2019 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-957/2019 nömrəli qətnaməsi öhdəliyin yerinə yetirilmədiyi səbəbindən cavabdehdən iddiaçının xeyrinə 20000 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 20000 manat məbləğində pulun tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 9337/2019 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-1953/2019 nömrəli qətnaməsi öhdəliyin yerinə yetirilmədiyi səbəbindən cavabdehdən iddiaçının xeyrinə 20000 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 20000 manat məbləğində pulun tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2738/2020 saylı qərarı ilə Cavabdeh və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)- 9317/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixli akta əsasən Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-9337/2019 nömrəli icra sənədinə əsasən Cavabdeh öhdəsinə götürdüyü ünvan 4 boşaldılaraq yardımçı vasitələri birlikdə İddiaçı təhvil verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9317/2019 nömrəli icra sənədinə əsasən Cavabdeh öhdəsinə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 944 saylı bağ sahəsi torpaq sahəsi boşaldılaraq yardımçı vasitələri birlikdə İddiaçı təhvil verilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılışdırılmış iradə ifadəsi (iki tərəfli əqdi) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kollegiya hesab edir ki, tərəflər arasında iradə ifadəsi əsasında bağlanmış xx.xx.2018-ci il tarixli, AZ-İ No ******* və 0700582 saylı Daşınmaz Əmlakın alğı-satqı müqavilələrinin şərtləri həmin əqdlər üzrə tərəf olan şəxs tərəfindən pozulmuş, yəni Cavabdeh öhdəsinə götürdüyü vəzifəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağ sahəsi ünvanında yerləşən 942 və 944 saylı bağ evlərini və həmin bağ evlərinin mülkiyyətində olan müvafiq olaraq 0,09 ha və 0.12 ha torpaq sahəsini boşaldaraq yardımçı vasitələri ilə birlikdə İddiaçı təhvil verməli olduğu halda bunu etmədiyindən müqavilə üzrə razılaşdırılmış digər əsasın yaranmasına şərait yaratmışdır (müqavilələrin 11-ci maddəsi). Belə ki, xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı (Cavabdeh) ailə üzvləri ilə birlikdə qeyd olunan əmlakı müqavilədə göstərilən müddətdə Alıcıya (İddiaçı) təhvil vermədiyi təqdirdə hər ay üçün alıcıya 5000 (beş min) manat kompensasiya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı (Cavabdeh) ailə üzvləri ilə birlikdə qeyd olunan əmlakı müqavilədə göstərilən müddətdə Alıcıya (İddiaçı) təhvil vermədiyi təqdirdə hər ay üçün alıcıya 5000 (beş min) manat kompensasiya ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırki iddia tələbindən, apellyasiya şikayətinin dəlillərindən və iş materiallarından da görünür ki, xx.xx.2020-ci il tarixli akta əsasən Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)- 9337/2019 nömrəli icra sənədinə əsasən Cavabdeh öhdəsinə götürdüyü ünvan 4 boşaldılaraq yardımçı vasitələri birlikdə İddiaçı təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9317/2019 nömrəli icra sənədinə əsasən Cavabdeh öhdəsinə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 944 saylı bağ sahəsi torpaq sahəsi boşaldılaraq yardımçı vasitələri birlikdə İddiaçı təhvil verilmişdir. Qeyd edilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* və AZ-İ № ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqavilələrinin şərtləri nəzərə alınmaqla aşağıda qeyd olunan kompensasiyanın tələb etməkdə haqlı olmuşdur: xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı müqavilə üzrə (5000 manat x 21 ay=105 000 manat), xx.xx.2018-ci il tarixli, AZ-İ № ******* saylı müqavilə üzrə (5000 manat x 21 ay=105 000 manat). İş materiallarına əsasən sübut olunur ki, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da həm müqavilə şərtlərini, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır (10000 x 21 ay = 210 000 manat; 210000 – 40000 = 170 000). Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsi, yəni 170 000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2754/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar