Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2530/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(004)- 358/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.07.2018-ci il tarixli müqaviləyə əsasən götürdüyü "xxxx" telefonunun saz vəziyyətdə və ya onun dəyəri kimi ödədiyi 1155 manatın, cavabdehin hərəkətləri nəticəsində öz telefonundan istifadə hüququ pozulduğuna görə 1500 manat maddi ziyanın və ödənilmiş 48 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış 06.07.2018-ci il tarixli müqaviləyə əsasən MMC-dən "xxxx" telefonunu kreditə götürmüşdür. Yanğınsöndürən işləyir və MMC-dən qızıl zəmanətlə 905 manata götürdüyü mobil telefon yanğın hadisəsi baş verdiyi vaxt, xidmət zamanı cibindən düşərək ekranı sınmışdır. Telefon qızıl zəmanətlə götürüldüyünə görə MMC-nin servis xidmətinə gedərək ustadan telefonu təmir etməsini xahiş etmiş, lakin telefonun təmirinə görə əlavə 150 manat pul tələb edilmişdir. Telefonu zəmanətlə götürdüyünü və zamənət müddətinin bitmədiyini izah etsə də, əməkdaş razılaşmamış və telefonu təmir edilməsi üçün servisdə qoyaraq evə qayıtmışdır. Cavabdeh müqavilənin şərtlərinə riayət etməmiş, zəmanət müddətində telefonu təmir etmək əvəzinə, əsassız olaraq ona qarşı məhkəmədə iddia qaldırmışdır. Yardımlı Rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(038)-190/2019 saylı qətnaməsi ilə ondan 900 manat əsas borc, 225 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1155 manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə apelyasiya şikayəti versə də, şikayəti təmin edilməmişdir. Lakin telefonu həmin vaxtdan MMC-nin servis xidmətində qalmış və pulunu ödədiyi telefondan istifadə hüququ məhdudlaşdırılmışdır. Telefonun pulunu tam ödəməklə öz üzərinə düşən öhdəliyi tam icra etsə də, cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmiş və telefonunu servis xidmətində saxlamaqla, həm telefondan istifadə hüququnu həmdə, müqavilədə qeyd edilən şərtləri pozmuşdur. Dəfələrlə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Bundan sonra məcbur olub özünə telefon almış və maddi zərər görmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2021-ci il tarixli 2(004)- 358/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, telefon qızıl zəmanətlə satılmış olsa da, həmin zəmanət talonunda göstərilmişdir ki, ödənişlər gecikdirildiyi halda zəmanət qüvvədən düşür, hazırki iş üzrə iddiaçı tərəfindən ödənişlər gecikdirilmiş və nəticədə qızıl zəmanət qüvvədən düşmüşdür. Buna görə də iddiaçı telefonu servisə verərkən ödəniş edilməsi tələb edilmiş, o isə ödəniş etməyərək, telefonu servisdə qoymuşdur. Digər tərəfdən qüvvədə olan qətnamə ilə MMC-nin iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyi üçün yaranmış borc məbləği ondan tutulmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1374/2020 saylı 13.08.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Yardımlı Rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(038)-190/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMCnin cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” iddiası təmin edilmiş, cavabdehdən 06.07.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" markalı mobil telefon üçün 900 manat əsas borc, 225 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1155 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tərəflər arasında bağlanmış 06.07.2018-ci il tarixli müqavilənin ləğv edilməsi qət edilmişdir. Cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı 06.07.2018-ci il tarixli müqaviləyə əsasən götürdüyü "xxxx" telefonunun saz vəziyyətdə və ya onun dəyəri kimi ödədiyi 1155 manatın cavabdehdən alınıb ona qaytarılması, cavabdehin hərəkətləri nəticəsində öz telefonundan istifadə hüququ pozulduğuna görə 1500 manat maddi ziyanın cavabdehdən alınaraq ona verilməsini tələb edir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəsini almış qətnamə ilə təmin olunan iddianın mübahsiləndirilməsi məqbul deyil, habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir, iddiaçı tələbi yetərincə əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd edilən qətnamədən görünür ki, İddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilməmişdir. Sonuncu telefonu 900 manata almış və həmin məbləğdə də əsas borc tutulmuşdur. İddiaçı həmin iş üzrə verdiyi apelyasiya şikayətində hazırki iş üzrə qeyd etdiyi dəlillərə əsaslanmış və məhkəmə əsassız olması qənaətinə gələrək, apelyasiya şikayətini təmin etməmişdir. İş materiallarında olan Sifariş qəbzindən görünür ki, iddiaçı telefonu 31.10.2018-ci il tarixdə Servisə vermişdir. Həmin qəbzdə zəmanətsiz olduğu göstərilmişdir. İddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sənədi nə birinci instansiya məhkəməsində, nə də ki apelyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya qeyd edir ki, burada hər iki tərəf öz tələblərini və etirazını əsaslandırmağa borcludur. Cavabdeh tərəf öz hərəkətlərinin qanuniliyini sübuta yetirməli olduğu kimi, iddiaçı da öz tələbini kifayət qədər aydın əsaslandırmalıdır. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı və sübuta yetirə bildiyi halda onun tələbi keçərlidir. İddiaçı tələbini əsaslandıra bilməmişdir. Eyni zamanda apelyasiya şikayətində konkret dəlilə əsaslanmamış, iddia tələbində göstərdiklərini sadalamışdır. Kollegiya hesab edir ki, şikayət əsassızdır və şikayətdə göstərilən dəlillər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-358/2022 saylı iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2530/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2530/2022
20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver