Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2532/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Etibar Alıevin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: borcun tutulması, əldən çıxmış faydanın və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Etibar Alıevin Cavabdeh qarşı “borcun tutulması, əldən çıxmış faydanın və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-245/2025 nömrəli qətnaməsindən iddiaçı Etibar Alıev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Etibar Alıevlə (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 10.000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsi ilə cavabdehə borc verməyi, cavabdeh isə krediti xx.xx.2021-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, ümumilikdə 16.803,83 manat borcun 5 gün müddətində ödənilməsi, öhdəlik icra olunmadığı təqdirdə borcun tutulması və s. tələblərlə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9680 saylı ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə (iddianın verildiyi tarixə) müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt (illik 5%) üçün hesablanmış faiz borcu 1.488,89 manat məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Etibar Alıev Cavabdeh qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrllə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən 10.000 manat məbləğində borcun, həmin vəsaitin qanunsuz saxlamaqla faydalanmağına görə 2.340,82 manat məbləğində əldən çıxmış faydanın, qətnamə icra olunan tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmalı olan pulun, mənəvi zərərə görə 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140,41 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, ona olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 10.000 manat məbləğində borcu razılaşdırdıqları kimi ona ödəməlidir. Mövcud qanunvericiliyin, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən də göründüyü kimi, borc müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ mövcuddur. Hazırki işin hallarından da göründüyü kimi onun tərəfindən öhdəliyin icrasının son müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Artıq həmin tarixdən etibarən cavabdehə etdiyi bütün xəbərdarlıqlara baxmayaraq, borcun ona ödənilməsi təmin edilməmişdir. Buna görə də hazırda xx.xx.2021-ci il tarixindən illik 5 faiz olmaqla hesablanmış pulun cavabdehdən alınaraq ona ödənilməsi üçün qanuni və hüquqi əsaslar yaranmışdır. Hazırki iş üzrə də hesabdan çıxarış və bank bukletindən görünür ki, uzun müddətdir istifadə etdiyi və hazıradək faydalana bildiyi “Xalq Bank" ASC-nin cashback kampaniyasına əsasən, kartda qalığa illik 8% miqdarında əlavə gəlir hesablanır və həmin bankda olan hesabından çıxarışdan görünür ki, artıq bir neçə dəfə həmin gəlir ona məxsus hesabına yüklənmişdir. Lakin cavabdehin artıq 3 ilə yaxın müddətdə ona məxsus olan 10.000 manat vəsaiti özündə saxlaması səbəbindən o, həmin gəlirdən məhrum olmuş və bu da onun qanunvericliklə qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə de hesab edir ki, 2 il 338 gün müddətində 10.000 manat məbləğində pulun illik 8% faiz hesablamaqla əlindən çıxan fayda hissəsi olan 2.340,82 manat (1-ci il üçün 800 manat, 2-ci il üçün 800 manat və 338 gün üçün 740,82 manat (338 x 800/365 = 740,82) məbləğində pul cavabdehdən alınaraq onun xeyrinə tutulmalıdır. Digər tərəfdən, cavabdeh onun inam və güvənindən dəfələrlə istifadə edərək onu aldatmış, hər dəfə müxtəlif bəhanələr gətirərək borca verdiyi pulu mənimsəmiş və onu şiddətli formada əsəb keçirməyə vadar etmişdir. Bu haldan sonra onun ətrafındakı digər insanlara, hətta öz yaxınlarına belə inamı zəifləmiş, cəmiyyətdə bir fərd olaraq sağlam münasibətlər qura bilməyinə olan inancı sarsılmışdır. Bunu aradan qaldırmaq üçün bir neçə dəfə psixoloji dəstək belə almağa məcbur olmuşdur. Çarəsiz qalıb cavabdehin valideynlərinə müraciət etsə də, onlar da övladlarının əməllərindən məsul olmadıqlarını bildirmiş və məsələyə laqeydlik göstərmişlər. Bu hal isə onu daha da ümidsizliyə sövq etmiş və sonda məhkəməyə müraciət edərək qanunla qorunan mənafelərimin bu formada müdafiəsinə məcbur qalmışdır. Qeyd edilənlərə əsasən, hər nə qədər keçirdiyi stres və mənəvi iztirabların ekvivalenti olmasa da, 3.000 manat məbləğində mənəvi zərər məbləği cavabdehdən tutularaq ona ödənilməlidir.
4. Bundan sonra iddiaçı Etibar Alıev ərizə təqdim edərək, Cavabdeh ona qarşı xeyli miqdarda ziyan vurmaqla törətdiyi əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayətinin əlamətləri ilə xarakterizə edilən ictimai təhlükəli əməllərin törədilməsi kimi qiymətləndirilərək araşdırılması və qanunun istinad olunan maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərardad qəbul edilməklə aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 245/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 10.000 manat məbləğində borcun, gecikdirilmiş vaxt üçün xx.xx.2024-cü il tarixədək (illik 5 faizlə) 1.488,89 manatın və gecikdirilmiş vaxt üçün xx.xx.2024-cü il tarixdən qətnamə icra olunan tarixədək illik 5 % hesablanmaqla faiz borcunun, mənəvi zərərin əvəzi kimi 500 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın tutularaq iddiaçı Etibar Alıevin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi, Cavabdeh 100 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X5).
6. Məhkəmə əsas borc məbləğinin cavabdehdən tutulması ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçıdan 10.000 manat borc alması, həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətə - xx.xx.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürməsi, lakin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə hazırki tarixədək iddiaçıya borcunu ödəməməsi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Belə olan halda məhkəmə bu halları, habelə cavabdehin iddianı qeyd olunan hissədə etiraf etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə 10.000 manat məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
7. Məhkəmə əldən çıxmış faydanın cavabdehdən tutulmasına münasibətdə qeyd etmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu halda iddiaçıya iddia etdiyi formada ziyanın dəyməsini müəyyən etmək mümkünsüzdür. Belə olan halda, iddia üzrə iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş iddia tələbinin bu hissədə əsassız olması təsdiq olunur.
8. Məhkəmə əsas borcun gecikdirilməsinə görə illik 5 % məbləğində pulun cavabdeh tərəfindən ödənilməsinə münasibətdə qeyd etmişdir ki, borc xx.xx.2021-ci il tarixədək, habelə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilməsinə baxmayaraq hazırki tarixədək ödənilməmişdir. Bununla belə, cavabdeh tərəfindən pul vəsaitinin icrası gecikdirilmiş və bu gecikmə işdə olan sənədlərlə, habelə cavabdeh tərəfin izahatı ilə də öz təsdiqini tapmışdır. İddiaçının vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yarandığından, iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesablanmaqla, faiz borcunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi vaxtdan hazırki tarixədək 6 aydan çox müddət keçməsini, kredit müqaviləsi üzrə borcun hazırki tarixədək ödənilməməsini nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2024-cü il tarixədək olan müddətlə yanaşı, xx.xx.2024-cü il tarixdən qətnamə icra olunan tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə, vurulmuş mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasına münasibətdə qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə borcunu 2021-ci ilin iyun ayınadək qaytarmalı olmasına baxmayaraq 3 ildən çox müddət ərzində ödəməmiş, bu isə iddiaçının hüquqlarının bərpa olunması məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, məhkəməyə müraciət etmək məcburiyyətində qalmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. İddiaçı artıq uzun müddətdir ki, hüquqlarının bərpa olunmasını cavabdehdən tələb edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir. Məhkəmə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının hüquqlarının pozulmasını, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin uzun müddətli hərəkətsizliyini, iddiaçının mənəvi sarsıntıya və iztirablara dözüm həddini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 500 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.
10. Məhkəmə iddiaçının xüsusi qərardadın çıxarılması barədə vəsatəti ilə əlaqədar qeyd etmişdir ki, hazırki iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə onlar arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdeh müqavilə şərtlərini pozmuş, müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Bununla da, iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Məhkəmə iddiaçının tələbi üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlmişdir ki, cavabdehin hərəkətlərində cinayət əlamətləri (dələduzluq və s.) aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.
11. Məhkəmə iddia tələbi cavabdehə münasibətdə qismən təmin edildiyindən, onun dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun iddia tələbinin təmin edildiyi hissəsinə mütənasib olaraq 100 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir.
12. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddianın qeyd olunan faiz hissədə təmin olunması nəzərə alınaraq, cavabdehdən işə baxılması ilə əlaqədar məsrəf olaraq 100 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 14.1-ci, 21-ci, 385.1-ci, 443-cü, 445.7-ci, 449-cu, 739-cu, 740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 115.0.1-ci, 119-cu, 124.3-cü, 191.3-cü, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı Etibar Alıev qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin özünün kökündə duran və əldən çıxmış faydanın tutulmasının mümkünlüyünü təsbit edən normaların heç birini hazırki mübahisəyə tətbiq etməmiş, iddianın əsaslılığını həmin maddələrə münasibətdə yoxlamamış, həmin pulun onda qalması halında ondan faiz əldə edəcəyi ilə bağlı hansısa sübutun olmadığı qənaətinə gəlmiş və bunun sadəcə ehtimala söykəndiyini bildirmişdir. Məhkəmə sözügedən tələbinin əsasında duran hüquq normalarının, ümumiyyətlə, təhlilini aparmamış və Mülki Məcəllənin 445.7-ci, 449-cu maddələrinin, habelə bu barədə KM mövqeyini nəzərə almadan iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsində əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə "xxxx" ASC-dən əldə edilmiş hesabdan çıxarışa diqqət yetirməmiş, həmin sübutun tədqiqini, ümumiyyətlə, aparmamışdır. Halbuki “Xalq Bank" ASC-nin cashback kampaniyasına əsasən, kartda qalığa illik 8% miqdarında əlavə gəlir hesablanır və sözügedən hesabdan çıxarışdan da görünür ki, artıq bir neçə dəfə həmin gəlir onun hesabına yüklənmişdir. O, bu vasitə ilə hesabında olan vəsaitə hər il müəyyən miqdarda əlavə gəlir əldə edir və bu pul onun gündəlik ehtiyacları üçün olduqca önəm daşıyır. Lakin cavabdehin artıq 3 ilə yaxın müddətdə ona məxsus olan 10.000 manat vəsaiti özündə saxlaması səbəbindən o, həmin gəlirdən məhrum olmuşdur və bu da onun qanunvericliklə qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə mənəvi zərərlə bağlı hissədə işə tətbiq edilməli normaları düzgün seçsə də, onun tam təfsirini apara və öz mövqeyini düzgün əsaslandıra bilməmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməyən hissələri lazımi qaydada əsaslandırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırda apellyasiya şikayətində qətnamənin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin olunması xahiş edildiyindən, qətnamə yalnız mübahisələndirilən, yəni iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, həmin hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləği iddiaçıdan qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, bugünədək iddiaçıya olan borcunu qaytarmamışdır. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya (bildiriş) göndərilərək, borcun və digər zərər məbləğlərinin 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, öhdəlik bundan sonra da icra edilməmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
28. İddiaçı da həmin müqavilə üzrə yaranmış əsas borc məbləği ilə yanaşı, həmçinin əldən çıxmış faydanın, gecikdirilmiş vaxta görə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun və vurulmuş mənəvi zərərin əvəzinin tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi də iddianı əsas borcun və gecikdirilmiş vaxta görə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması hissəsində tam, mənəvi zərərin tutulması hissəsində isə qismən təmin etmişdir. Hazırda iddiaçı verdiyi apellyasiya şikayəti üzrə əldən çıxmış faydanın və mənəvi zərərin təmin edilməyən hissəsinin də tutulmasını tələb edir.
29. Məhkəmə kollegiyası bu baxımdan ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
31. İddiaçı kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən əldən çıxmış fayda qismində pulun tutulması tələbini kart hesabında olan qalığa hesablanan əlavə gəlirdən məhrum olmasına (“Xalq Bank" ASC-nin cashback kampaniyasına əsasən kartda qalığa illik 8% miqdarında əlavə gəlirin hesablanmasına) istinad edərək əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və qeyd edir ki, hər bir halda iddiaçının istinad etdiyi hallar mötəbər və konkret əsaslara söykənməli, fərziyyə və ehtimallara əsaslanmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin pul məbləğindən faydalana bilməməsi, pul məbləği özündə olacağı təqdirdə hansı işlər görə biləcəyi və gördüyü işlərin müqabilində nə qədər gəlir əldə edə biləcəyi barədə hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş, nəticədə, öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilən bank hesabından çıxarış məlumatları onun hər hansı fayda götürməkdən məhrum olduğu və bu əsasla da iddianın həmin hissədə təmin edilməsi qənaətinə gəlməyə kifayət etmir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qəbildən olan dəlillərini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir.
32. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği ağlabatan hesab edilə bilməz. Ümumiyyətlə iddiaçı bu tələbinin əsaslılığına dair hər hansı sübut təqdim etməmişdir. Lakin cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası yalnız mənəvi zərər tələbinin təmin edilməyən hissəsinə hüquqi qiymət verir və hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi tərəfindən tutulmuş mənəvi zərər məbləğinin artırılması üçün hər hansı əsas müəyyən etmədiyindən həmin hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
33. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilnlərin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
34. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməyən və mübahisə predmetini təşkil edən hisssəsinin qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Etibar Alıevin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-245/2025 nömrəli qətnaməsi iddiaçı Etibar Alıevin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı Etibar Alıevə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.