Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2536/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(006)-124/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2017-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 24 faiz dərəcəsi ilə 87300 ABŞ dolları məbləğində kredit verilmişdir. 2.Həmin tarixli ipoteka müqaviləsinə əsasən yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı kimi "xxxx" ASC ilə Şükürov Mejdun Bayram oğlu və Cavabdeh arasında bağlanmış Mejdun Şükürovun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Musabəyov yaşayış sahəsi Kamal Rəhimov küçəsində yerləşən 15 saylı evin 131,4 kv.m ümumi sahəsi olan 3 otaqlı 121 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti 153000 manat müəyyən edilmişdir. Bankın ipoteka hüququ və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Cavabdeh Şükürov Mejdun Bayram oğlu 22 dekabr 2020-ci il tarixində vəfat etmişdir.
4. 30 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Musabəyov yaşayış sahəsi Kamal Rəhimov küçəsində yerləşən 15 saylı evin 121 saylı mənzili vərəsəlik qaydasında onun arvadı X1.
5. "xxxx" ASC tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə banka 50537,75 manat əsas borcu, 4917,56 manat faiz borcu, 5846,49 manat dəbbə borcu, ümumilikdə isə cəmi 61301,8 manat borcu vardır.
a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh və Şükürov Mejdun Bayram oğluna qarşı (X6 üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı bankın xeyrinə 50537,75 manat məbləğində əsas borc, 4917,56 manat məbləğində faiz borcu, 6346,49 manat məbləğində cərimə olmaqla cəmi 61801,8 məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Musabəyov yaşayış sahəsi Kamal Rəhimov küçəsində yerləşən 15 saylı evin 131,4 kv.m ümumi sahəsi olan 3 otaqlı 121 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait hesabına kredit borcunun və məhkəmə xərclərinin ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh iddiaçı bankın xeyrinə tutulması və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. 02 sentyabr 2021-ci il tarixində iddiaçı bank iddia tələbini dəqiqləşdirərək cavabdeh qismində Cavabdeh və X4 cəlb etmiş, əsas və faiz borcunun məbləği dəyişilməz qalmaqla cərimə məbləğini azaldaraq 5846,49 manat məbləğində cərimənin, ümumilikdə isə 61301,8 manat borcun Cavabdeh tutulmasını tələb etmiş, qalan tələblər olduğu kimi saxlanılmışdır.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun iddiaçı banka borcu yaranmışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-124/2021 saylı mülki iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2017-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh 50537,75 manat məbləğində əsas borc, 4917,49 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, cəmi 55985,35 manat məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan, vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 məxsus olan, Bakı şəhəri Yasamal rayonu Musabəyov yaşayış sahəsi Kamal Rəhimov küçəsində yerləşən 15 saylı evin 121 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın 151000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait hesabına kredit borcunun və məhkəmə xərclərinin ödənilməsi və mənzilin boşaldılması qət edilmişdir. (hakim X7)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərin iddiaçı bank qarşısında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlikləri yaranmışdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 385.1, 739, 442, 443.1, 448.1-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun məbləğini düzgün müəyyən etməmiş, bundan əlavə ipoteka predmeti olan daşınmaz əmlakın qiyməti real dəyərindən aşağı qiymətləndirilmişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin tələbləri pozularaq, ipoteka predmetinə tutma yönəldikdə cavabdeh mənzili qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürməsə də, məhkəmə cavabdehin mənzildən çıxarılmasına və mənzilin boşaldılmasına qərar vermişdir. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunsa da, qətnamənin borcun məbləği, ipoteka predmetinin ilkin satış qiyməti və mənzilin boşaldılması hissəsi mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissələrdə yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
19. "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanması, Şükürov Mejdun Bayram oğlunun öz mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etməsi, Mejdun Şükürovun məhkəmədə işə baxılan dövrdə vəfat etməsi və ipoteka predmeti olan mənzilin vərəsəlik qaydasında arvadı X2 mülkiyyətinə keçməsi, Cavabdeh iddiaçı banka kredit borcunun olması işin mübahisələndirilməyən hallarıdır.
20. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" ASC-yə olan kredit borcunun məbləğini müəyyən etmək məqsədilə birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, iş materiallarında olan maliyyə arayışı, digər sənədlər və ekspertizanın rəyi nəzərə alınaraq Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbləri baxımından iddia tələbi həcmində iddia təmin edilmişdir. Bundan başqa, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında 151000 manat müəyyən edilmişdir. Müstəqil qiymətləndiricinin rəyi ilə müəyyən edilmiş mənzilin qiyməti (151000 manat), ipoteka müqaviləsində müəyyən edilmiş mənzilin qiymətinə (153000 manat) yaxındır. Apellyator məhkəmə tərəfindən borcun düzgün hesablanmaması və ipoteka predmetinin ilkin satış qiymətinin daha yüksək olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iş materiallarında olan X2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, əri Mejdun Şükürovun mülkiyyətində olan mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldikdə mənzili qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. (1-ci cild i.v.35)
21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-124/2021 saylı mülki iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.