Məhkəmə qərarları › İş №2(103)-40/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-40/2025

13.01.2025 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-40/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh1 vəkili Nümayəndə iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-357/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2019-cu il tarixli, 559/E nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 300 ay müddətinə, illik 8% olmaqla, 179.000 manat məbləğində kredit verilmişdir.

2. İpoteka saxlayan qismində ”Amrahbank” ASC ilə ipoteka qoyan qismində Cavabdeh2 və borc alan qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 559/EG saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayanla Borcalan arasında bağlanmış xx.xx.2019-cu il tarixli 559/E saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti qarşılıqlı razılığa əsasən 175.000 manat dəyərində qiymətləndirilmişdir.

3. LPO İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə borcu 178.047,45 manat əsas, 13.588,43 manat faiz, cəmi 191.635,88 manat təşkil edir.

4. İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişlə, kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir.

5. Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalının çıxarışından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə **********3 qeydiyyat nömrəli elektron ərizəsi icra edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 559/E saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 300 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 179.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 625C saylı bağ evi ipotekaya qoyulmuşdur. Bağ evinin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh1 ipoteka qoyan Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 559/EG saylı Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasn borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********284 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə öhdəliklərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 191.635,88 manat təşkil edir. Bundan 178.047,45 manat əsas, 13.588,43 manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 191.635,88 manat, bundan 178.047,45 manat əsas, 13.588,43 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 625C saylı bağ evinə yönəlməsi, yuxarıdakıları əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 5898/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6993 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi və s.) xx.xx.2019-cu il tarixli, 559/E saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu: - xx.xx.2021-ci il tarixə (sualda qeyd olunan tarix) olan əsas borc üzrə - 179.000 manat, faiz borcu üzrə - 13.774,89 manat; - xx.xx.2021-ci il tarixə (ekspertin rəy verdiyi tarix) olan əsas borc üzrə - 179.000 manat, faiz borcu üzrə – 20.378,00 manat müəyyən edilmişdir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 357/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

11. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi haqqında PRE/08/2022 nömrəli rəyinə əsasən A Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinin bazar dəyəri 203.160 manat, likvid dəyəri 182.844 manat təşkil etmişdir.

12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 357/2022 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 559/E saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 178.047,45 manat əsas borcu, 13.588,43 manat faiz borcu, həmçinin 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumu, cəmi 191.705,88 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan, ilkin satış qiyməti (likvid dəyər) 182.844 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə yönəldilməli, həmin bağ evi açıq hərracdan satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 Adil qızı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

14. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz.

15. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi 178.047,45 manat əsas borcun və 13.588,43 manat faiz borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

16. Bundan əlavə, məhkəmə iddiaçının nümayəndəsi iddia ərizəsində zamin kimi Cavabdeh2 qeyd etsə də, iddia ərizəsinə tərəflər arasında zaminlik müqaviləsinin bağlanmasına dair heç bir rəsmi sənədi təqdim etməmişdir.

17. Bu halda məhkəmə hesab etmişdir ki, zaminlik müqaviləsi mövcud olmadığından iddiaçının cavabdeh kimi X3 yaranmış borc üzrə pulun müştərək qaydada tutulması hissəsində iddia tələbi təmin oluna bilməz.

18. Məhkəmə hesab etmişdir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, konkret hazırki işdə ipoteka müqaviləsi 2019-cu ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz.

20. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiyməti nəzərə alınmasını qanuni, əsaslı və ədalətlidir.

21. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir.

22. Məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehlərdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, həmçinin Cavabdeh2 zamin olmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

23. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbinin ipoteka qoyulmuş bağ evi satıldıqdan sonra həmin evin boşaldılaraq banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir.

24. Məhkəmə qanunvericiliyin yuxarıda istinad olunan tələblərini əsas tutaraq hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş bağ sahəsinə tutma yönəldildikdən sonra həmin bağ sahəsinin 1 ay ərzində Cavabdeh2 tərəfindən boşaldılmalı, əks təqdirdə Cavabdeh2 məcburi qaydada bağ sahəsindən əşyaları ilə birlikdə çıxarılmalıdılar.

25. Lakin məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan bağ sahəsi satıldıqdan sonra onun banka təhvil verilməsi hissədə tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, ipoteka predmeti olan bağ sahəsi açıq hərracdan satıldıqdan və Cavabdeh2 tərəfindən boşaldıldıqdan sonra bağ sahəsini almış şəxsə təhvil verilməlidir. Bank iş üzrə ipoteka saxlayan olsa da və bağ sahəsi açıq hərracdan satılarkən onu əldə etmək hüququ olsa da, bunun isə qabaqcadan müəyyən edilməsi mümkün olmadığı üçün, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra banka təhvil verilməsi barədə tələb əsassızdır. Məhkəmə qeyd etmişdir ki, həmin əmlak hərracı udmuş və ya bağ sahəsini əldə etmiş şəxsə təhvil verilməlidir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 442, 443.1, 448.1, 449.1, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.1, 39.3.2, 39.3.3, 39.3.4, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

27. Qətnamə ilə razılaşmayan Cavabdeh1 ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə formal olaraq mübahisəyə aidiyyəti olmayan hüquq normalarının sadalanmasına həsr edilmiş, nə üçün məhz iddianın qismən təmin olunması nəticəsinə gəlindiyi isə əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticələr səhvdir, reallığı əks etdirmir. Məhkəmə borclu idi ki, bağlanmış kredit və ipoteka müqavilələrinin şərtlərini nəzərdən keçirərək tərəflərin müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı vəzifələrini icra edib-etməmələrini və indiyədək ödənilən məbləğin niyə əsas borca deyil, faiz və cərimələrə silindiyini araşdırsın. Belə ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 559/E saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 300 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 179.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 625C saylı bağ evi ipotekaya qoyulmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışa nəzər yetirdikdə məlum olur ki, kredit müqaviləsi üzrə cavabdehin indiyədək ödədiyi məbləğlərin heç biri əsas borca silinməmişdir. Buradan belə qənaətə gəlmək olar ki, kredit müqaviləsi üzrə ödənilən məbləğin əsas və faiz borcuna dair hissədə çıxılmalar bank tərəfindən düzgün aparılmamışdır. Nəsimi Rayon Məhkəməsində işə baxılarkən yuxarıda qeyd edilən nüanslara diqqət yetirilməmiş, yalnız LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun təqdim etdiyi iddia ərizəsində göstərilən əsassız rəqəmlər üzrə formalaşan tələb heç bir hesablama aparılmadan təmin edilmişdir. Yəni, Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilən 2(006)-357/2022 saylı, xx.xx.2022-ci il qətnamə ilə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilərkən əsas və faiz borcunun müəyyən edilməsinin hansı meyarlara söykəndiyi tam dəqiqləşdirilməmiş və yalnız bankın təqdim etdiyi iddia ərizəsinə və əlavələrə istinad edilməklə göstərilən hallar digər sübutlarla təsdiqini tapmamışdır. Eləcə də iş üzrə mühasibatlıq ekspertizasının rəyi mötəbər hesab edilə bilməz. Çünki ekspert rəy verərkən iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışı düzgün analiz edə bilməmiş və səhv nəticəyə gəlməklə əsassız rəy vermişdir. Hesab edir ki, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı və ekspert qarşısına işin qanuni həlli istiqamətində yaranan ziddiyəti aradan qaldıracaq suallar qoyulmalıdır. Bununla da iddia ərizəsi məhkəməyə verilən tarixdə tələb edilən əsas və faiz borclarının hansı hesablama metodikasına uyğun müəyyən edildiyi aydınlaşdırılmalıdır. Məhkəmə qeyd etmişdir ki, evin ilkin satış qiyməti 182.844 manat müəyyən edilməlidir. Lakin həmin qiymət kifayət qədər aşağıdır. Belə ki, hal-hazırda həmin evin bazar qiyməti 400.000 manatdan, likvid dəyəri 350.000 manatdan çoxdur. "xxxx" MMC tərəfindən rəy verilərkən MMC-nin mütəxəssisləri həmin evə real baxış keçirmədən qiymət müəyyən etmişlər ki, bu hal da həmin rəyin mötəbər olduğunu istisna edir. Hesab edir ki, təkrarən məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilməli və ipoteka predmeti olan evin dəyəri yenidən müzakirə olunmalıdır. Mübahisələndirilən qətnamənin qət etdi hissəsində qeyd edilmişdir ki, ev açıq hərracdan satıldıqdan sonra satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. Lakin borc ödənildikdən sonra yerdə qalan vəsaitin taleyi açıq qalmışdır. Bu da gələcəkdə qətnamənin icraya yönəlməsi prosesində icra mexanizminin qanunauyğun tətbiq olunmasına maneələr yaradacaqdır. Bununla bir daha müəyyən olunur ki, məhkəmə qətnaməni qəbul edərkən gəlinən nəticəyə səthi münasibət bildirmişdir. Qətnamənin qət etdi hissəsində qeyd edilən ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılması hissəsi ilə bağlı qeyd etmək istəyir ki, həmin hissə əsaslandırılarkən “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsi səhv təfsir edilmiş və qeyd edilmişdir ki, həminQanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Lakin “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Odur ki ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılması hissəsinin qətnamədə əks etidirilməsi “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin tələbləri baxımından qanunauyğun hesab edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosussual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

34. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Maddə 36.3. ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-40/2025 nömrəli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-357/2022 nömrəli qətnaməsi “Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılsın” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata, bu tələbə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

38. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətində Cavabdeh1 qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-40/2025 nömrəli qərardadı nəzərə alınmaqla, qətnamənin əsaslığı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi” hissələrində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti məbləği hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

40. İşin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə ipoteka saxlayanın-iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

41. İlkin olaraq məhkəmə kollegiyası borc tələbinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin bu hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.

42. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kredit müqaviləsinə görə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6993 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi və s.) xx.xx.2019-cu il tarixli, 559/E saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu: - xx.xx.2021-ci il tarixə (maliyyə arayışının tarixi) olan əsas borc üzrə - 179.000 manat, faiz borcu üzrə - 13.774,89 manat müəyyən edilmişdir.

43. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən də artıqdır.

44. Bununla belə, cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunun düzgün hesablanmaması barədə dəlil irəli sürsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir.

45. Bu səbəbdən, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

46. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/671-10/732 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 206.80 kv.metr olan fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 340.000 manat (206,80 kv.metr x 1647,00 manat), likvid dəyəri 306.000 (340.000 manat – 10%) manat məbləğində müəyyən edilir.

48. Bundan sonra kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir.

49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/52xx-xx/5029 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə 2024-cü ilin oktyabr-noyabr aylarına olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 390.850 manat (206,80 kv.metr x 1890,00 manat), likvid dəyəri 351.760 (390.850 manat - 10%) manat məbləğində müəyyən edilir. İnternet saytlarında olan məlumatlara əsasən 9/671-10/732 №-li, xx.xx.2024-cü il tarixli rəylə, 9/52xx-xx/5029 №-li, xx.xx.2024-cü il tarixli rəy arasındakı fərq tələb və təklifdən asılı olaraq yaranmışdır. Həmin fərdi yaşayış evi barədə 2019-cu ilin oktyabr ayına və 2022-ci ilin fevral ayına internet saytlarında satış elanları olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir.

50. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyi ilə müqayisədə ekspert rəyini daha mötəbər hesab edərək belə qənaətə gəlir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinin ilkin satış qiyməti ekspert qarşısında qoyulmuş suala müvafiq olaraq 306.000 manat müəyyən edilməlidir.

51. Məhkəmə kollegiyası borc ödənildikdən sonra yerdə qalan vəsaitin taleyinin açıq qalması ilə bağlı apellyasiya şikayətinin dəlilinə mübasibətdə qeyd edir ki, qətnamədə cavabehdən iddiaçının xeyrinə tutulmalı olan borc məbləği dəqiq olaraq göstərilmiş və icra mərhələsində ipoteka predmetinin satışından əldə olunmuş məbləğdən (həmin məbləğ borc məbləğindən artıq olduğu təqdirdə) yalnız qətnamə ilə müəyyən edilmiş borc məbləği iddiaçının xeyrinə tutula bilər. Yuxarıda istinad olunan Mülki Məcəllənin 319.6-cı maddəsində də göstərilmişdir ki, əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-357/2022 nömrəli qətnaməsi poteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinin ilkin satış qiyməti 306.000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində vəsait Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar