Məhkəmə qərarları › İş №2(103)-2541/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2541/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2541/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh X2 və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair 2(008)- 5675/2021 saylı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2012-ci il tarixli R-BS- DK0154518/12 saylı Razılaşmaya əsasən bank müştəriyə müxtəlif növ kreditlər verilməsi, hesabların açılması və s. kimi müqavilədə göstərilən şərtlərlə məhsullar təklif edir, müştəri isə həmin məhsulları əlavə təsdiqləmə proseduruna riayət etməklə şərtlər daxilində sifariş edir və sifariş müvafiq qaydada bank tərəfindən təsdiq edildikdən sonra onlardan istifadə edir. (maddə 1.1) Bu razılaşma üzrə müştərinin bank tərəfindən təsdiq edilmiş sifarişləri üzrə vəsaitlər müştəriyə ona təqdim edilmiş kart vasitəsilə təqdim edilir. (maddə 1.2) Müştəri sifarişlər üzrə verilmiş kredit və hesablanmış faizləri bank tərəfindən müəyyən olunmuş qaydada bankın kassasına nağd və ya onun müxbir hesabına köçürmə yolu ilə müvafiq kreditin müddətində tamamən qaytarır. (maddə 1.3) Müqavilənin 2-ci maddəsində bank tərəfindən müştəriyə 150 manat məbləğində bərpa olunan kredit xətti və maksimum 10000 manat məbləğində nağd kredit verilməsi kimi məhsullar təklif olunur. Razılaşma üzrə təklif edilən məhsullardan birini və ya hər ikisini müştəri banka müəyyən edilmiş vasitələrlə və qaydada müraciət etməklə əldə edə bilər. Bu razılaşma üzrə sifariş üçün vasitə kimi həm müştərinin banka fiziki şəxs olaraq müraciəti, həmçinin qısa mesaj (SMS) vasitəsi ilə müəyyən müraciəti başa düşülür. (maddə 3.1) Bank müştərinin konkret sifarişini aldıqdan sonra onun icrasının mümkünlüyünü özünün daxili qaydalarına əsasən müəyyənləşdirir və sifarişdə qeyd edilən məhsulun təqdim edilməsi mümkün olduqda bu barədə müştəriyə məlumat verir. Sifarişin icrası həmin şərtlərlə mümkün olmadıqda bank müştəriyə icrası mümkün olan şərtlər barədə məlumat verir. (maddə 3.2) Həmin şərtlər müştərini qane etdikdə sifarişin həmin SMS vasitəsi ilə kredit məbləğinin kart hesabına yerləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir : Müştəri bankın təklif etdiyi kredit məbləği və şərtləri ilə razılaşdığı halda müvafiq nömrəyə razılıq SMS göndərir. Cavab SMS-də bank tərəfindən müştəriyə hansı məbləğdə və şərtlərlə kredit verilə biləcəyi barədə məlumat göndərilir. Bundan sonra bank tərəfindən müştərinin kart hesabına razılaşdırılmış məbləğdə və şərtlər çərçivəsində vəsait yerləşdirilir. (maddə 3.3) Müştəri bu razılaşma üzrə sifariş etdiyi məhsulları Razılaşmanın 2-ci maddəsində qeyd edilən limitlər çərçivəsində sifariş edə bilər. (maddə 3.4)

2. Tərəflər arasında 13 sentyabr 2012-ci il tarixində əqdlərin bağlanma şərtlərinə dair BS- DK0154518/12 saylı Baş saziş imzalanmışdır.

3. İddiaçı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı-yə 5868,46 manat əsas borcu, 2508,7 manat faiz borcu vardır. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı-yə 5868,46 manat əsas borcu, 1895,45 manat faiz borcu vardır.

a) Birinci instansiya məhkəməsindəki icraat

4. Kreditor İddiaçı borclu Cavabdeh qarşı kredit borcunun tutulması barədə məhkəmə əmrinin verilməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək borcludan 5868,46 manat əsas borc, 2508,7 manat faiz borcu və 20 manat dövlət rüsumunun kreditor bankın xeyrinə tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir.

5. Məhkəmə əmrinin verilməsi barədə ərizə belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2012-ci il tarixli Baş sazişə əsasən borcluya 14 iyul 2014-cü il tarixdə illik 28 faiz olmaqla 58 ay müddətinə 5988 manat məbləğində kredit verilmişdir. Müqavilənin bağlanması SMS vasitəsilə həyata keçirilmişdir. Borclu kartdan məxaric etdiyi məbləği və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2022/2016 saylı iş üzrə 01 fevral 2016-cı il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh 5868,46 manat əsas borc, 2508,7 manat faiz borcu və 20 manat dövlət rüsumunun kreditor İddiaçı-nin xeyrinə tutulması əmr edilmişdir.

7. Cavabdeh məhkəmə əmrinə etiraz vermiş, 08 iyul 2021-ci il tarixli qərardadla məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(008)- 5675/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5868,46 manat əsas borc, 1895,45 manat faiz borcu və 20 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması qət edilmişdir. (hakim X4)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçı bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlikləri yaranmışdır. Buna görə də iddia tələbi maliyyə arayışında göstərilən həcmdə təmin olunmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2, 442, 443.1, 445, 448.1, 449.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildə İddiaçı-dən cəmi 500 manat məbləğində SMS vasitəsilə kredit götürmüş və həmin krediti tam ödəmişdir. Əgər onun həmin banka kredit borcu qalsaydı, həmin kredit “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşərdi. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş cavab məktubundan da görünür ki, onun İddiaçı-yə borcu yoxdur. Məhkəmə bu halı da araşdırmamışdır ki, onun istifadəsində olan (055) *** ** ** saylı mobil telefonundan İddiaçı-yə kredit sifarişi verilməsi barədə SMS göndərilməmişdir. Beləliklə, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X1 izahatında cavabdehin bankdan SMS vasitəsilə kredit götürdüyünü, kreditin az bir hissəsi ödənilsə də, çox hissəsinin ödənilmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.3 Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, cavabdehin iddiaçı bankdan 14 iyul 2014-cü il tarixində 5988 manat məbləğində kredit götürməsi və banka borclu qalması barədə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir.

18. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi ona istinad edir ki, tərəflər arasında bağlanmış 13 sentyabr 2012-ci il tarixli Baş sazişə əsasən cavabdehə 14 iyul 2014-cü il tarixində illik 28 faiz olmaqla 58 ay müddətinə 5988 manat kredit verilmişdir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, o, 2014-cü ildə banka SMS göndərərək 500 manat kredit götürmüş, həmin krediti tam qaytarmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının Sabunçu Rayon Məhkəməsinin sorğusuna verdiyi 19 oktyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının icrası Mərkəzi Bankın 01 mart 2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh ilə İddiaçı arasında 13 sentyabr 2012-ci il tarixdə 3200 manat məbləğində kredit müqaviləsi və həmin tarixdə 400 manat məbləğində kredit xətti müqaviləsinin rəsmiləşdirilməsi barədə məlumatlar daxil edilmişdir. Həmin məlumatlara əsasən bu müqavilələr üzrə öhdəliklər qanun qüvvəyə mindiyi günə---01 mart 2019-cu il tarixədək tam şəkildə icra edildiyindən, restrukturizasiya hissəsində Fərmanın təsiri dairəsinə düşməmişdir. (i.v.78, 89) Apellyasiya icraatı zamanı iddiaçı bankın nümayəndəsinə İddiaçı tərəfindən Cavabdeh SMS vasitəsilə 5988 manat məbləğində kredit verilməsini təsdiq edən sənədlərin (kreditin ayrılmasına dair SMS bildiriş, kreditin ayrılmasına dair razılıq, kredit kartının verilməsinə dair sənəd və s.) məhkəməyə təqdim olunması təklif olunmuş, bu barədə həmin banka sorğu da göndərilmişdir. Lakin bank tərəfindən bu barədə məhkəməyə heç bir sənəd təqdim olunmamışdır. Bundan əlavə, məhkəmə tərəfindən müvafiq qərardad qəbul olunaraq hazırkı iş üzrə Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" MMC-yə sorğu verilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankından Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış B-BS-DK015451812 saylı razılaşma və həmin saziş çərçivəsində xx.xx.2014-cü il tarixdə kredit verilib-verilməməsi barədə Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların verilməsi, habelə "xxxx" MMC-dən xx.xx.2014-cü il tarixdə Cavabdeh istifadəsində olan (055) ***-**-** saylı telefona kredit verilməsi ilə bağlı sms göndərilib-göndərilməməsi, əgər göndərilmişdirsə, mesajın məzmunu barədə məlumat verilməsi tələb olunmuşdur. "xxxx" MMC tərəfindən müvafiq SMS-lərin mətnlərinin verilməsi texniki cəhətdən mümkün olmamış, Mərkəzi Bank isə bildirmişdir ki, kredit tarixçələri barədə məlumatlar Mərkəzi Bankda toplanmır. İddiaçı bank öz iddia tələbinin əsası kimi istinad etdiyi hala dair məhkəməyə tərəflər arasında bağlanmış 13 sentyabr 2012-ci il tarixli Razılaşmanı və Baş sazişi təqdim etmişdir. Tərəflər arasında bağlanmış 13 sentyabr 2012-ci tarixli Razılaşmada qeyd olunmuşdur ki, Razılaşma üzrə təklif edilən məhsullardan birini və ya hər ikisini müştəri banka müəyyən edilmiş vasitələrlə və qaydada müraciət etməklə əldə edə bilər. Bu razılaşma üzrə sifariş üçün vasitə kimi həm müştərinin banka fiziki şəxs olaraq müraciəti, həmçinin qısa mesaj (SMS) vasitəsi ilə müəyyən müraciəti başa düşülür. Bank müştərinin konkret sifarişini aldıqdan sonra onun icrasının mümkünlüyünü özünün daxili qaydalarına əsasən müəyyənləşdirir və sifarişdə qeyd edilən məhsulun təqdim edilməsi mümkün olduqda bu barədə müştəriyə məlumat verir. Sifarişin icrası həmin şərtlərlə mümkün olmadıqda bank müştəriyə icrası mümkün olan şərtlər barədə məlumat verir. Həmin şərtlər müştərini qane etdikdə sifarişini həmin SMS vasitəsi ilə kredit məbləğinin kart hesabına yerləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir : Müştəri bankın təklif etdiyi kredit məbləği və şərtləri ilə razılaşdığı halda müvafiq nömrəyə razılıq SMS göndərir. Cavab SMS-də bank tərəfindən müştəriyə hansı məbləğdə və şərtlərlə kredit verilə biləcəyi barədə məlumat göndərilir. Bundan sonra bank tərəfindən müştərinin kart hesabına razılaşdırılmış məbləğdə və şərtlər çərçivəsində vəsait yerləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, SMS vasitəsilə verilmiş kreditlərə dair mübahisələr üzrə banklar bir qayda olaraq SMS-lərin mətni əks olunan sübutları məhkəməyə təqdim edirlər. Hazırkı işdə isə İddiaçı dəfələrlə təklif olunmasına baxmayaraq, bu sübutları məhkəməyə təqdim etməmişdir. Bankın təqdim etdiyi hesabdan çıxarış bilavasitə bu iddianın təmin olunmasında maraqlı olan İddiaçı tərəfindən tərtib olunduğundan və çıxarışda əks olunan məlumatlar digər sübutlarla təsdiq olunmadığından, məhkəmə kollegiyası bankın təqdim etdiyi hesabdan çıxarışı sübut növü kimi qəbul etmir. Göründüyü kimi, iddiaçı bank tərəfindən məhkəməyə müştərinin kredit almaq üçün banka fiziki şəxs olaraq müraciəti və ya qısa mesaj (SMS) göndərməsi barədə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəmə sorğusuna verilmiş cavab məktubunda Cavabdeh ilə İddiaçı arasında 13 sentyabr 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi və kredit xətti müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi qeyd olunmuşdur. Kollegiya onu da vurğulayır ki, Cavabdeh İddiaçı-yə kredit borcunun 01 mart 2019cu il tarixinə kredit borcunun olmaması barədə məlumat Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən verilmişdir.

19. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəflər arasında bağlanmış 13 sentyabr 2012-ci il tarixli Baş sazişə əsasən cavabdehə 14 iyul 2014-cü il tarixdə illik 28 faiz olmaqla 58 ay müddətinə 5988 manat məbləğində kredit verilməsini və cavabdehin iddiaçıya borclu qalmasını sübuta yetirə bilmədiyindən, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bank öz iddia tələbini sübut etməkdə prosessual passivlik nümayiş etdirmişdir.

20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5675/2021 saylı mülki iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar