Məhkəmə qərarları › İş №2(103)-2551/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2551/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2551/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC (MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən sonuncunun **********02506 İMEİ nömrəli, “İphone X” markalı telefon və “Apple AirPods White” markalı qulaqcıq aldığını, cavabdehə edilmiş müraciətlərə baxmayaraq onun borcunu ödəmədiyini, nəticədə alqı-satqı qiyməti 4002 manat (24 ay x 147 manat + 474 manat ilkin ödəniş) olan telefon və qulaqcıq üçün 2042 manat ödənilməmiş məbləğ, 485 manat dəbbə pulu olmaqla ümumilikdə 2527 manat borcunun yarandığını, həmin borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02506 olan “iPhone X” markalı telefon, “Apple AirPods White” markalı qulaqcıq üçün 2042 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2120 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, bəzi ödənişlərinin nəzərə alınmadığı və əsas borcun məbləğinin çox göstərildiyi, əsas borcunun məbləği dəqiqləşdirildikdən sonra borcunu hissə-hissə ödəyəcəyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş, şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. “xxxx” MMC-nin kollegiyanın iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış, MMC Cavabdeh 474 manat ilkin ödəniş, 24 ay müddətində aylıq ödənişi 147 manat olmaq şərtilə qiyməti 4002 manat olan “İphone X” markalı telefon və “Apple AirPods White” markalı qulaqcıq satmış, cavabdeh öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmiş, nəticədə borcu yaranmış, MMC tərəfindən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, cavabdeh telefona görə yaranmış borcundan ümumilikdə 1960 manat ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə və ondan əsas borca görə 2042 manat tutmaqda haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cavabdeh 1960 manatdan daha artıq ödəniş etdiyinə dair heç bir sübut təqdim etməmişdir; aldığı əşyaların ümumi dəyəri olan 40xx xxxxxxxx 1960 manat ödənildiyi əsas götürüldükdə isə qalıq borcun məbləğinin 2042 manat təşkil etdiyi aydın olur. Məhkəmə iclaslarında iştirakının təmin edilmədiyinə dair apellyatorun apellyasiya şikayətinin dəlilini isə kollegiya əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəməyə gəlmədiyi məlum olur. Məlumatlı olduğu məhkəmə iclasına getməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu hal, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1386/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar