Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2552/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(004)-5344/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, 70000 manat pulun və MM-in 445.7-ci maddəsinə əsasən əsas borc məbləği qətnamə çıxan günədək 5% faiz hesablanmaqla ona ödənilməsi və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(004)-5344/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 68000 (altmış səkkiz min) manat alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 faizi, yəni 15 (on beş) manatı iddiaçıya aid edilməsi, qalan 50 faizi, yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin qismən, yəni məhz MM-nin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği qətnamə çıxan günədək 5% faiz manat məbləğində pulu hesablanmaqla, ona ödənilməsi hissədə təmin olunmayan hissəsini ləğv edərək, təmin edilməyən MM-nin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği qətnamə çıxan günədək 5% faiz manat məbləğində pulu hesablanmaqla, ona ödənilməsi hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin MM-nin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği qətnamə çıxan günədək 5% faiz manat məbləğində pulu hesablanmaqla ona ödənilməsi hissəsi təmin edilməməsi barədə izahını düz verməmişdir. Belə ki, onun tərəfindən irəli sürülmüş iddia tələbində MM-ııiıı 445.7-ci maddəsinə istinad edilmişdir, əldən çıxmış faydadan söhbət getmir, burada sırf MM-in 445.7-ci maddəsinə əsasən əsas borc məbləği qətnamə çıxan günədək 5% faiz manat məbləğində pulu hesablanmaqla ona ödənilməsi hissəsində haqlıdır və məhz bu hissədə apellyasiya şikayəti (iddia tələbini) təmin edilməlidir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnaməni qismən - 68000 manat məbləğində pul vəsaitinin, 30 manat məbləğində dövlət rüsumunun 15 manatının Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının səmimi olmamasını onlar məhkəmədə həm də onunla əsaslandırdılar ki, əvvəla iddiaçı ilkin olaraq guya ödənilməmiş borcu 70000 manat miqdarında tələb edirdi. Yəni, ona 2000 manat pulun bank vasitəsi ilə ödənilməsi barədə bank qəbzinin cavabdehdə olduğunu unutmuşdu. Yalnız məhkəmənin ilk iclasında həmin qəbzin mövcud olduğunu bilən kimi, 2000 manat hissəsində öz iddia tələbini azaltdı. Əgər həmin qəbzin cavabdehdə olmadığını bilsəydi, əvvəlki tələbində qalacaqdı. Belə ki, iddiaçı həmin qəbzin cavabdehdə saxlanıldığını güman etmirdi. Çünki, iddiaçı əmin idi ki, cavabdeh borcu tam ödədikdən sonra onunla borc müqaviləsinə xitam verilməsi üçün iddiaçının özünün etdiyi təklifə səhlənkar yanaşıb, hər dəfə notariusa getməyi təxirə salıbsa, deməli bu səbəbdən qəbzi də özündə saxlamayacaq. Digər tərəfdən, əgər iddiaçı səmimi olsaydı, 2000 manatın ona qaytarılmasını unutmamalıydı. Belə ki, həmin 2000 manatı o, avtomobildə qəzaya düşərkən cavabdehdən istəmişdi və bu da sonradan yaddan çıxası sıradan bir hadisə deyildir. İddiaçının qeyri-səmimi olması, yalan danışması həm də onunla izah olunur ki, cavabdehin ona borcunu qaytarmadığını görəndə, onları bu məqsədlə tanış etmiş Sevinc Dadaşovaya bir dəfə də olsun zəng edərək Cavabdeh şikayət etməmişdir. Axı, adətən borc verən kimin vasitəsilə borc verdiyi pulun geri qaytarılmadığını gördükdə, ilkin olaraq həmin vasitəçiyə öz iradını bildirir. İddiaçı bunu ona görə etməmişdir ki, o, özü bir neçə dəfə Sevinc Dadaşovadan xahiş etmişdir ki, Cavabdeh desin ki, gedib onunla müqaviləyə xitam verilməsi barədə notariusda sənəd imzalansın. Daha sonra, şahid Sevinc Dadaşovanın verdiyi izahatın nəyə görə inandırıcı olmamasını, habelə onun ifadəsinin hansı iş materialları və halları ilə təkzib edildiyini məhkəmə nə göstərə, nə də əsaslandıra bilməmiş, şahid ifadəsinə iddiaçının xeyrinə birtərəfli yanaşmış və obyektiv hüquqi qiymət verməmişdir. Müqaviləyə görə borcun geri qaytarılma tarixi 2018-ci ilin dekabr ayı göstərilmişdir. Amma cavabdeh borcu 2018-ci ilin oktyabr ayında tam olaraq ödəyərək bağlamışdır. Məhkəmə iddiaçının niyə cavabdeh guya borcu qaytarmaqdan imtina etdiyini bildiyi andan dərhal sonra deyil, 1 il 10 aydan sonra məhkəməyə müraciət etdiyi hala da əhəmiyyət verməmiş, bunu ümumiyyətlə araşdırmamış və hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, müqavilə yanvar ayında bağlanıb. İddiaçı ona may ayında dedi ki, ona pul lazımdır. İddiaçını Sevinc vasitəsilə tanımışdır. Aralarında inam münasibətləri olub. 1-ci dəfə iyun ayında Sevincin yanında “Şəhrizad” restoranında 40.000 manat, sonra avqust ayında iki dəfə olmaqla birlikdə 15.000 manat özünün gözəllik salonunda qaytarmışdır. Əsas borcu oktyabr ayında bağladı. Aylar ərzində 2000, 1000 manat məbləğlərlə pulu ödəmişdir. Pulları həmişə şəxsən özünə vermişdir. Onun iddiaçıya borcu yoxdur. Əsas borcdan əlavə 10.500 manat faiz də ödəmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, kredit müqaviləsi xx.xx.2018-ci ildə bağlanıb. Cavabdeh öhdəliklərini 2018-ci ilin oktyabr ayına kimi bitirib. 2019-cu il ərzində iddiaçının heç bir addımı olmayıb. Məhkəmədə iş olanda məlum olur ki, belə bir iddiası var. Sevinc Dadaşova şahid kimi ifadə verir. İşdən görünür ki, İddiaçı məhz Sevinc Dadaşova vasitəsilə cavabdehi tanıyıb. Hər iki tərəf telefon danışıqlarında pulun ödənildiyini təsdiq etdiyi halda, iddia qaldırır ki, sonradan ondan pul götürüb. Tərəflər və Sevinc Dadaşova arasında etibar, inam münasibətləri olub. Cavabdeh 80.500 manat, yəni əsas borcdan əlavə də 10.500 manat faiz ödəyib. 7 ay ərzində borcu ödəyib. Pul faizə götürülmüşdü. Məhkəmə iclasında İddiaçı bildirdi ki, aralarında barışıq olsa idi, apellyasiya şikayəti vermək istəmirdi. Lakin cavabdeh razılığa gəlmək istəmir. Cavabdeh onu notariusa özü apardı, müqavilə bağladılar. Pulu da notariusun yanında verdi. Cavabdeh ona pul qaytarmayıb. Qardaşı oğlu qəza keçirdəndə ona pul lazım idi və Nərimandan 10.000 manat istədi. Əgər etiraf etmək istəməsəydi heç 2000 manatı da etiraf etməzdi. Çünki, həmin məbləğ onun adına göndərilməmişdi. Sevinclə iş münasibətləri olub və pulu Sevinc vasitəsilə vermişdir. Ona restoranda 40.000 manat pul verilməyib. Məhkəməyə iddia verməzdən əvvəl cavabdehə dəfələrlə zəng edib pulunu istəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi əldən çıxmış faydanı onlar əldən çıxmış fayda deyil, faiz borcu kimi qəbul edirlər. İddiaçı rayon məhkəməsində iştirak etmişdi. İddiaçı 2000 manatı ödənildiyini bildirdi, lakin sonra heç bir ödəniş olmayıb. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2018- ci il tarixədək qaytarmaq şərti ilə 70000(yetmiş min) manat borc vermişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtiylə 70000 manat məbləğində pulu borca vermişdir. Cavabdeh iddiaçıdan aldığı pulu xx.xx.2018-ci il tarixədək qaytaracağına dair öhdəlik götürsə də, həmin tarixədək aldığı borc məbləğini geri qaytarmamışdır. Məhkəmə iclasında həmçinin tərəflərin etirafedici izahatları ilə cavabdehin iddiaçıya olan borcundan 2000 manat məbləğində ödəniş etdiyi, cavabdehin hal-hazırda iddiaçıya 68000 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Cavabdeh iddia tələbinə etirazını iddiaçıya olan borcunu müxtəlif vaxtlarda və müxtəlif şəxslər vasitəsi ilə ödəməsi və bu ödəniş barədə iddiaçıdan qəbz alması ilə əsaslandırsa da, bu halları sübut edəcək hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şahid qismində dindirilmiş Sevinc Dadaşovanın verdiyi izahata tənqidi yanaşaraq qeyd edir ki, şahidin verdiyi izahat inandırıcı deyildir və həmin qeyd edilmiş hallar iş materialları və işin halları ilə təkzib edilmişdir. İddia tələbinin Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi xx.xx.2018-ci il tarixdək qüvvədə olduğundan və hal-hazırda həmin müqavilənin qüvvədə olma tarixi artıq bitdiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanmış 5 faiz məbləğinin tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 68000 (altmış səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddianın təmin edilməyən hissəsində ləğvi və iddianın tam təmin edilməsi, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər isə qətnamənin ləğvi və iddianın tam rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməməsi hissəsi, cavabdehin apellyasiya şikayətinin obyektini də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyektlər apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh borcu tam qaytardığını bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi kredit müqaviləsi üzrə aldığı borcu tam qaytarmasını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən kredit müqaviləsi bağlansa da cavabdeh həmin müqavilə üzrə öhdəliyini tam icra etdiyini bəyan edir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, notariat qaydasında bağlanmış kredit müqaviləsi üzrə aldığı kredit borcunu qaytardığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Şahid ifadəsini isə məhz bu xarakterli mübahisə üzrə mötəbər qəbul etmək olmaz. Çünki, cavabdeh həqiqətəndə aldığı kredit borcunun qalan hissəsini bəyan etdiyi kimi qaytarırdısa bu barədə kredit müqaviləsində yaxud hansısa yazlı sənəddə bunun qeydiyyatını da apara bilərdi. Bu daha mötəbər sübut olardı. Ancaq cavabdeh nədənsə borcunu şahidin yanında qaytardığını bəyan edir və şahid ifadəsinin mötəbər sübut kimi qəbul edilməsini istəyir. Lakin şahid ifadəsi alınmış borcun tam qaytarıldığını bilavasitə təsdiq etmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının da şikayətində göstərdikləri dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə də iddianın təmin olunması üçün əsas ola bilməz. Belə ki, iddiaçının izahatından da bəlli olur ki, kredit müqaviləsində nəzərdə tutulmasa da orada göstərilən məbləği cavabdehin ona müəyyən məbləğdə mükafat(istifadə haqqı) ödəyəcəyinə görə vermişdir. Əks halda əvvəllər bir-birini tanımayan və qohumluq əlaqəsi olmayan bu tərəflər arasında kredit müqaviləsi bağlanması da mümkünsüz olardı. Buna görə də iddiaçının cavabdehin həmin puldan istifadə etməsinə görə ona istifadə haqqı(faiz) ödmədiyi barədə izahatı da inandırıcı və ağlabatan görünmür. Əks halda tərəflər aralarında yaranmış kredit münasibətlərinin uzun müddət davam etməsində maraqlı olmazdılar. Ona görə də iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği qətnamə çıxan günədək 5% faiz hesablanmaqla ona ödənilməsi hissəsi təmin edilə bilməz. Çünki, qeyd olunan hallar nəzərə alınmalı və cavabdehin həddindən artıq maliyyə məsuliyyətinə cəlb edilməsinin yol verilməzliyi də nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının və cavabdehin apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(004)- 5344/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2552/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2552/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver