Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2557/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 840/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC-nin (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4099,13 manat əsas, 653,69 manat faiz, 148,09 manat cərimə borcu olmaqla, cəmi 4900,91 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 69,41 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 25% ödəmək şərtilə 4099,13 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 23 oktyabr 2024-cü il, çərşənbə günü tarixinə "xxxx" KB ASC-yə 4099,13 manat əsas, 653,69 manat faiz, 148,09 manat cərimə borcu olmaqla, cəmi 4900,91 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-840/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia təmin olunaraq, əsas borc üzrə 4099.13 manat, faiz borcu üzrə 653.69 manat, cərimə borcu üzrə 148.09 manat olmaqla, cəmi 4900.91 (dörd min doqquz yüz, doxsan bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69,41 (altmış doqquz manat, qırx bir qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, borcun azaldırlaraq iddianın qismən təmin olunmasını barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən razı olması, hazırda işsiz olması, maddi imkanının olmaması, ödəmə qabiliyyətinin azalması, bu səbəbdən ödənişləri gecikdirməsi, hazırkı halda borcu ödəməsinin imkansız olması, iddianın tam təmin olunması və pulun ondan tutulmasının onun maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirəcəyi, borcun azaldılmalı olması və s . kimi əsaslandıraraq, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni faiz borcunun və cərimənin tutulması hissələrində ləğv olunmalı, iddia həmin hissələrdə qismən təmin olunmaldır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 25% ödəmək şərtilə 4099,13 manat məbləğində kredit verilməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan sübutlardan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, ödənişlərini ödəniş qrafikinə uyğun həyata keçirməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən, borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən isə görünür ki, cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razılaşmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə vəsaitin köçürülməsi, əlavə kredit təklifləri və s. barədə sms bildiriş yolu ilə məlumatlar göndərilmişdir. İş materiallarında olan arayışdan görünür ki, 23 oktyabr 2024-cü il tarixə cavabdehin əsas məbləğ üzrə 4099,13 manat, faiz üzrə 653,69 manat, cərimə üzrə 148,09 manat, ümumilikdə isə 4900,91 manat borcu yaranmışdır. Həmçinin, işdə olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş, bu səbəbdən cavabdehin xx.xx.2024-cü il tarixə - 4099,13 manat əsas, 436,62 manat faiz, 44,89 cərimə borcu yaranmışdır. Həmin borcun 3 gün müddətində bağlanması təklif olunmuş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İddianı təmin edən birinci instansiya məhkəməsi qeyd edilənlərlə yanaşı, xüsusilə iddiaçının məhkəmə iclasında iddianı etiraf etməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsində şəxsən iştirak etmiş, lakin etirazının əsası kimi məhkəməyə hər hansı sübut da təqdim etməmişdir. Əksinə, bank qarşısında öhdəliyinin olmasını təsdiq etmişdir. Cavabdeh apellyasiya şikayətində dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmış, lakin hər hansı sübut təqdim etməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı faiz borcunu xx.xx.2024-cü il tarixədək hesablamaqda haqlı olmamışdır. Belə ki, işdə olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər lazımi qaydada yerinə yetirilməməsi səbəbindən, cavabdehdən xx.xx.2024-cü il tarixə - 4099,13 manat əsas və 436,62 manat faiz, 44,89 cərimə borcu tələb olunmuş, həmin borcun 3 gün müddətində bağlanması təklif olunmuş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Göründüyü kimi, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar, müqaviləni birtərəfli qaydada ləğv etməklə, müvafiq iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş, dərhal bütün borcun ödənilməsini tələb etmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə görə - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən qərarında həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu sonda bu qərara (Qərarın 3 və 4-cü bəndləri) gəlmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Məhkəmə kollegiyası işdə olan sübutları məcmu halda qiymətləndirərək bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar, müqaviləni xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada ləğv etməklə, müvafiq iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş, dərhal bütün borcun ödənilməsini (4099,13 manat əsas və 436,62 manat faiz, 44,89 cərimə borcu) tələb etmişdir. Lakin, iddia ərizəsindən görünür ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş faizləri həmin tarixdən sonra da hesablamaqda davam etmiş və 23 oktyabr 2024-cü il tarixə əsas məbləğ üzrə 4099,13 AZN, faiz üzrə 653,69 AZN, cərimə üzrə 148,09 AZN, ümumilikdə isə 4900,91 AZN tələb etmişdir. Odur ki, Kollegiya hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanılan kredit müqaviləsinə əsasən faiz borcunun məbləği iddiaçının cavabdehə ünvanlanlıdığı, faktiki olaraq müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmiş xx.xx.2024-cü il tarixli iradə ifadəsinə əsasən həmin tarixə müvafiq olaraq hesablanmalıdır. Yuxarıda da qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddianı tam şəkildə təmin edərkən iddianın cavabdeh tərəfindən etiraf etməsinə əsaslanmışdır. Lakin, məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, MPM-nin 5.4-cü maddəsinə əsasən şəxslər qanunda başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Göründüyü kimi, mülki prosesdə tərəflər bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında öz hüquqlarını həyata keçirir, maraqlarını müdafiə edirlər. Bu əsasla, cavabdeh iddianı etiraf edə, ona qarşı öz etirazlarını bildirə bilər. Cavabdeh tərəfindən iddia etiraf edildiyi halda isə, prosessual qanunvericliyə əsasən cavabdehin iddianı etiraf etməsi protokola yazılır, protokolu cavabdeh imzalayır. Cavabdehin iddianı etiraf etməsi protokola daxil edilmədiyi halda isə məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunur. Hazırkı halda isə, məhkəmə cavabdehin iddianı məhkəmə iclasında etiraf etməsinə istinad etsə də, protokol müvafiq qaydada imzalanmamış, eləcə də cavabdehin iddianı etiraf etməsi barədə iş materiallarında məhkəməyə ünvanlanan yazılı ərizənin olması müəyyən olunmamışdır. Bununla yanaşı, cavabdehin mövqeyindən açıq-aşkar görünür ki, o iddianı tam etiraf etmir, borcun azaldılmasını xahiş edir. MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə olan halda isə, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən faizlərin və cərimənin tutulması hissədə ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləği 436,62 manat, cərimənin məbləği 44,89 manat həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 384.0.2-ci maddələrinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - faizlərin və cərimənin tutulması hissəsində ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, cavabdehdən iddiaçının xeyrinə 436,62 manat faiz borcu, 44,89 manat cərimə borcu tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (4900,91 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 840/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-840/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, yəni faiz və cərimə borcunun tutulması hissəsində ləğv olunsun, həmin hissədə iddia qismən təmin olunsun. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 436,62 (dörd yüz otuz altı manat altımış iki qəpik) manat faiz borcu, 44,89 (qırxdörd manat səksən doqquz qəpik) manat məbləği cərimə borcu tutularaq, iddiaçı "xxxx" KB ASC-yə verilsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə (əsas borc və məhkəmə xərci hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2557/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2557/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver