Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2559/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Zəkəra oğluna qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı Cavabdeh Zəkəra oğluna qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(001)-787/2024 nömrəli qətnaməsindən Cavabdeh Zəkəra oğlunun verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh Zəkəra oğlunun birgə nikahından 1 uşaqları vardır: 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X3.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(001)- 2252/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh Zəkəra oğlundan 27 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı notariat ofisinin 19 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Zəkəra oğlu Bakı şəhər 15 saylı notariat ofisində “Aparıcı Mütəxəssis” vəzifəsində işləyir və onun aylıq əmək haqqı məbləği 400 manat təşkil edir. Cavabdeh Zəkəra oğlunun əmək haqqı kartına köçürülən məbləğ 141 manat təşkil edir.
4. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Bakı Biznes Universitetində təşkilati hissə müdiri vəzifəsində işləyir, aylıq əmək haqqısı 950 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinn 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə müəəyən edilmiş alimentin məbləğinin dəyişdirilərək 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Uşağın qidası, geyimi, baxım xərcləri yüksək məbləğdə olduğundan, ərzaq, geyim və dərmanların qiyməti artdığından uşağın normal fiziki və mənəvi inkişafı üçün əlverişli şəraitdə böyüdülməsi üçün çox xərc tələb olunur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
7. Etiraz onunla əsaslandıırlmışdır ki, rəsmi nikahları pozulduqdan sonra məhkəmənin qərarına əsasən ilk olaraq 170 manat sabit pul məbləğində aliment təyin olunub və sonradan alimet məbləği artırılaraq 193 manat təşkil etmişdir. Həmin məbləği vaxtı-vaxtında ödəyir və 2023-cü ilin dekabr ayı üçün nəzərdə tutulmuş aliment məbləğini də vaxtından əvvəl ödəmiş və bu günə qarşı tərəfə hər hansı bir aliment borcu yoxdur. Aparıcı mütəxəssis olaraq Bakı şəhəri 15 saylı notariat ofisində çalışır və aylıq əmək haqqı 400 manat təşkil edir. Əmək haqqı məbləğində heç bir artım yoxdur. Həmin məbləğdən qanunvericiliyin tələblərinə uyğun tutulmalar və birgə nikah dövründə əldə edilmiş əmlakın pay bölgüsünə görə iddiaçı tərəfə ödəməli olduğu məbləği tam şəkildə ödəmişdir. Hazırda əmək haqqısından pay bölgüsünə görə aylıq icra ödənişi və aliment ödənişi tutulur. Əmək haqqı kartına köçürülən vəsait 141 manat təşkil edir və bu məbləğ onun yeganə gəlir mənbəyi olduğundan ailəsinin və İİ-ci qrup xəstə olan anasının maddi və tibbi ehtiyaclarını tam şəkildə ödəməyə yetmir İddiaçı əmək fəaliyyəti ilə məşğul olur və aylıq əmək haqqı onun əmək haqqı ilə müqayisədə artıqdır. Lakin uşağın maddi ehtiyaclarını qarşılamaq istəmir və onun ödədiyi aliment məbləğini əksər hallarda təyinatı üzrə istifadə etmir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(001)- 787/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Qətnamənin əsaslarına görə, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması haqqında Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(001)-2252/2022 nömrəli qətnaməsinin qəbul edilməsindən 1 ildən çox müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.
10. Məhkəmə gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5, 19, 27-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən şikayət verərək, qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şikayətinin dəlillərinə görə, işin hallarından isə göründüyü kimi, onun himayəsində hazırda da hər iki valideyni, yəni, ana və atası vardır. Yaşlı ana və atasının hazırda xəstəlikləri ilə əlaqədar dərman xərcləri daha da artdığından maddi vəziyyəti olduqca çətinləşmişdir. 400 manat məvacibinlə çətinliklə xəstə ana və atasını saxlayır. Belə bir vəziyyətdə əlavə aliment xərcinə cəlb edilməyi onu olduqca çətin vəziyyətə sala bilər ki, məhkəmə tərəfindən bu halın nəzərə alınmaması anlaşılan deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
16. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyinin birbaşa göstərişinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı sonradan yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişdirilə bilər. Bununla belə, ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılması, əvvəlki məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin 193 manat olmasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin dəyişdirilərək 220 manat məbləğdə müəyyən edilməsi ədalətli və qanuna uyğun hesab edilməlidir.
24. Bu mənada məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
25. Belə ki, cavabdehin real maddi vəziyyətinin aşağı olması onun valideynlik vəzifələrinin icrasından azad olmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də ondan ibarətdir ki, bu cür iddialara baxılarkən uşağın əvvəlki maddi təminatı səviyyəsinin qorunmasına diqqət göstərilməlidir.
26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(001)- 787/2024 nömrəli qətnaməsindən Cavabdeh Zəkəra oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(001)- 787/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev