Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2561/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Şirinov Ziya Allahverdi oğlu, Hakimlər: X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 Rahman oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Rəhman oğluna qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəlilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 Rahman oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC, Cavabdeh1 iddia tələbdə qeyd olunan məbləğdə kredit borcunun tutulması, tutmanının Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra cavabdehlərin həmin yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 əsas borca görə 35.492,72 ABŞ dolları, faiz borcuna görə 23.943,75 ABŞ dolları olmaqla, cəmi 59.436,47 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsində yerləşən 20 saylı binanın 1ci mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına kredit borcun ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehlərin həmin mənzildən ən geci 1 ay ərzində çıxarılması qət edilmişdir. Cavabdeh4, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, məhkəməəmtəəşünaslıq ekspertizası keçirilərək alınmış ekspert rəyinə müvafiq qərar qəbul edilməsini xahiş etmiş və şikayətini ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi və məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizasının keçirilməməsi ilə əsaslandırmışdır. Bakı Apelyasiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmışıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2011-ci il qərarı ilə, cavabdeh Kamran Yusifoun kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra digər Cavabdeh1, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilərək alınmış ekspert rəyinə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmiş, tərəfindən əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə tərəfindən buna qiymət verilməmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti aşağıdakılara əsasən qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya, vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli Qərardadına əsasən, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. İşin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi, Cavabdeh1 apelyasiya şikayəti digər Cavabdeh4 daha əvvəl verdiyi şikayətlər əsasında apelyasiya və kassasiya qaydasında yoxlanılmış hissə (ipoteka predmetinin ilkin satış qiymətinin düzgünlüyü) ilə bağlıdır. Belə olan halda, yəni rayon məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı qeyd olunan hissədə cavabdehlərdən birinin apelyasiya və kassasiya şikayəti əsasında yoxlanılaraq, yekun qərarla bir dəfə artıq hüquqi qiymət verildiyindən həmin qətnamənin digər cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə təkrarən yoxlanılması yolverilməzdir. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmələrin iş üzrə bir tərəfin şikayəti əsasında eyni hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, həmin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-30/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh1 Rahman oğlu tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2561/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2561/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver