Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2564/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı Bokt «xxxx» MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı, Cavabdeh4, Cavabdeh5 qarşı «kredit borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-739/2020 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxx» MMC Cavabdeh2 və qeyrilərinə qarşı «kredit borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 739/2020 saylı qətnaməsi ilə (hakim Nərminə Rzayeva) iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 ondan apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 apellyasiya şikayətini zaminlik müqaviləsinin qüvvəsini itirməsi, faktiki olaraq silinməsi, zaminlərin müqavilənin uzadılmasında iştirak etməməsi və s. ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6486/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi borcun tutulması hissəsində dəyişdirilmiş, digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sonradan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 739/2020 saylı qətnaməsindən Cavabdeh5 apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh5 apellyasiya şikayətini zaminlik müqaviləsinin qüvvəsini itirməsi, zaminlikdən çıxması və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh5 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, işə bir dəfə mahiyyəti üzrə apellyasiya instansiyası məhkəməsində baxılmış, Cavabdeh5 apellyasiya şikayətində göstərdiyi hallara da müvafiq qaydada qiymət verilmişdir. Belə ki, əvvəlki - Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri də əsasən hazırki apellyasiya şikayətinin dəliləri ilə eynilik təşkil etmişdir. Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarıninın apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair xx xxxxxxx 2020-ci il tarixli qərardadının 43-cü bəndində göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olubolmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd edilən qərardadında bu nəticəyə gəlmişdir ki;
1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.
4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Göründüyü kimi, məhkəmə aktlarının bir tərəfin apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Birinci instansiya məhkəmə isə qeyd edilən hala diqqət yetirməmiş, qətnamənin mübahisələndirilən hissədə əvvəllər apellyasiya qaydasında yoxlanılıb-yoxlanılmamasına qiymət verməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apellyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. İşdə olan məktubdan və qaimədən (iş vərəq 68-69) görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh5 rəsmi qeydə alındığı ünvana xx xxxxxx 2020-ci il tarixdə göndərilmiş, həmin məktub məhkəməyə geri qayıtmamışdır. Eyni zamanda, iş materiallarından görünür ki, işə apellyasiya qaydasında mahiyyəti üzrə baxılarkən Cavabdeh5 ünvanına göndərilmiş məktublar (səh. 86 və 103), o cümlədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi rəsmi qaydada təqdim edilmişdir. Apellyasiya şikayəti isə xx xxxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuş, lakin məhkəmə müddətin ötürülüb-ötürülməməsi məsələsini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-nin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. X3 Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Eyni zamanda, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, MPM-nin 361.1.2-ci maddəsinin tələblərinə zidd olaraq şikayətdə onu verən şəxsin ünvanı göstərilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamadan, onu baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh2 və qeyrilərinə qarşı «kredit borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-739/2020 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.