Məhkəmə qərarları › İş №2(103)-2564/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2564/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2564/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

2. Cinayət işinin başlamasına əsas və səbəb zərərçəkmiş şəxs tərəfindən sonradan dəyişdirilmişdir. Belə ki, İddiaçı Polis tərəfindən cinayət işi başlanılması üçün əvvəlcə təqsirləndirilən şəxsə əlillik və pensiya düzəltmək üçün 29100 manat verdiyini bildirmiş, lakin sonradan hadisələrin ifadəsində olduğu kimi cərəyan etdiyini açıqlamışdır.

3. Həmin qərardan görünür ki, Cavabdeh2 təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat zamanı İddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və Cavabdeh1 isə şahid qismində dindirilmişdir.

4. Həmin cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Cavabdeh2 həqiqətən də dərman satışı ilə məşğul olub-olmaması araşdırılmasa da, təqsirləndirilən şəxsin əməlində cinayətin əlamətləri olmadığı müəyyən edilmişdir.

5. Bununla yanaşı Cavabdeh1 şahid kimi ifadəsində bildirmişdir ki (ixtisarla), Soltanla münasibətləri yaxşı olduğu vaxtlarda Soltana onu da dərman biznesinə qoşmağını xahiş etmişdir. Soltan ona dərman işinə qoyacağı hər hansı bir məbləğin üzərində özünün də xeyrinin olacağını və verdiyi məbləği ona 100 faiz xeyri ilə qaytaracağını demişdir. Soltan ona xarici dövlətlərdən gələn dərmanların dövlətin hesabında olan depolara yerləşdirildiyini və oradan Bakı şəhərindəki apteklərə və müxtəlif xəstəxanalardakı tanıdığı həkimlərə paylanıldığını, həmin dərmanların satıldıqca gəlir əldə etdiyini bildirmişdir. O, Soltana tam inandıqdan sonra 2022-ci ildə 6.000 manat və Soltan ona dərmanlar 2-3 ay ərzində satıldıqdan sonra 100 faiz xeyir verəcəyini demişdir. Bir aydan sonra Soltan ona verdiyi 6.000 manatın üzərində 6.500 manat, yəni 500 manat xeyirlə geri vermişdir. Gəlirdən qalıq qalan 5.500 manatı isə 2-3 ay ərzində verəcəyini bildirmişdir. İkinci dəfə isə ona eyni şərtlərlə 3.000 manat vermişdir. Soltan 1 aydan sonra birinci qalıqdan 5.500 manatını və ikinci dəfə verdiyi puldan əlavə 1.500 manat, yəni 4.500 manat qaytarmışdır. Soltan ümumilikdə cəmi verdiyi 9.000 manat puldan 16.500 manat qaytarmışdır. Bundan sonra Soltana inamı artmış və tanıdığı yaxın adamlara bu barədə məlumat vermişdir. Raufla Soltanı tanış etmiş və onlar da verdiyi pulun üzərində 15-20 faiz gəlir verəcəyi barədə razılaşmışlar. xx.xx.2022-ci ildə Laçın 7000 manatı Raufa, Rauf ona, o da onların yanında Soltana vermişdir. Soltan pulu aldıqdan sonra 2-3 ay ərzində 15-20 faiz xeyri ilə birlikdə qaytaracağını demişdir. Soltan işlərin qaydasında olduğunu ona deyirmiş və o da pul sahiblərinə bu barədə məlumat verirdi. Raufdan da eyni qaydada 22.500 manat alıb Soltana vermişdir. Daha sonralar Rauf və Laçın ondan işlərin nə yerdə olduğunu soruşmuş, o da hər dəfəsində Soltandan öyrənib onlara məlumat verirdi. 2022-ci ilin noyabrında Laçın və Rauf ona zəng edərək pullarını geri istəmişlər. Soltan isə əvvəlcə işin gecikdiyini, sonra işin alınmadığını, daha sonra isə onu aldatdıqlarını deyirdi. Soltan ona aldığı pulu geri qaytaracağını deyirdi. Rauf və Laçın verdikləri pulları ondan tələb etməyə başlamış, o da Soltandan tələb etmişdir. Soltanla əvvəlcədən razılıqları əsasında o Soltana hər dəfə adam tapıb gətirəndə ona da müəyyən məbləğdə pul verməyi öhdəsinə götürmüşdür. Laçından 7.000 manatı aldıqdan sonra Soltan ona 500 manat, Raufdan aldığı 22.500 manata görə 1.500 manat vermişdir. 10 noyabr 2022-ci il tarixdə o Soltandan 4.400 manat pul alıb Raufa vermişdir.

6. İş üzrə təqsirləndirilmiş şəxs qismində dindirilmiş Cavabdeh2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Rauf adlı şəxsi əvvəllər tanımamış, ondan heç vaxt birbaşa pul almamışdır. Cavabdeh1 1 il əvvəl idman zalında məşqçi kimi tanımışdır. Raufu da Əyyamın vasitəsilə tanımışdır. Onun ailəsində maddi çətinliklə olduğu üçün 2021-ci ildə dərman alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Dərman işində yaxşı qazanc olduğu üçün Əyyamla söhbət zamanı dərman işinə pul qoyacağı təqdirdə yaxşı qazanc olacağını demişdir. Əyyam onunla razılaşmışdır ki, onun verdiyi pulun üstündə 20 faiz əlavə pul qaytarmaqla yanaşı, həm də satışdan qazanc verməli imiş. Əyyamdan cəmi iki dəfə pul almışdır. Birinci dəfə 2022-ci ilin may ayında 3.000 manat və həmin pula görə 6.200 manat qaytarmış, ikinci dəfə aldığı 6.000 manata görə 11.000 manat pul qaytarmışdır. Həmin 3.000 və 6.000 manat pulları alanda Əyyamın tanışı Rauf da orada olmuşdur. Həmin pulların Əyyama və ya başqa şəxsə məxsus olmasını bilməmişdir. Daha sonra isə həmin pulları nənəsindən, atasından aldığını deyirmiş. Əyyam ondan qaytardığı pulların qazanc olduğunu deməklə əsas pulu da qaytarmağı tələb etmişdir. Həmin vaxt ona demişdir ki, həmin 6.000 manat pulu Raufdan alıb ona vermişdir. O isə ona verdiyi pulun müqabilində kifayət qədər pul qaytardığını desə də, Əyyam ondan əlavə pullar tələb edirmiş. Əyyam onun Raufa əlavə pullar verməli olduğunu deyirmiş. O isə Raufdan pul almadığını və Raufa heç bir pul qaytarmalı olmadığını demişdir.

7. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində (ixtisarla) bildirmişdir ki, Əyyam ona Soltan adlı tələbəsinin olduğunu, Soltanın özünə Bakı şəhərində dərman firması qurduğunu, müxtəlif xarici dövlətlərdən müxtəlif dərmanlar gətirdiyini, həmin dərmanları xəstəxana və apteklərə satdığını, bununla da yaxşı gəlir əldə etdiyini bildirdi. Bundan əlavə Əyyam ona Soltanda 4.000 manata yaxın pulunun olduğunu və yaxşı gəlir əldə etdiyini bildirdi. Əyyam ona nə qədər çox pul qoysa o qədər də gəlir götürəcəyini demişdir. Əyyam onun yanından Soltana zəng vurmuş və onu Soltanla görüşdürmək barədə danışıqlar aparmışdır. Onlar görüşdükdən sonra Əyyam Soltanın yanında dərman işinin detallarını danışmış və Soltan da Əyyamın dediklərini təsdiq etmişdir. Hətta Əyyam nənəsindən, atasından, dostundan aldığı 40.000 manat pulu Soltana verdiyini və birgə pul qazandıqlarını bildirmişdir. O da Soltan və Əyyama bu işə qoşulmaq istədiyini və pul qazanmaq istədiyini bildirdi. Soltan ona verəcəyi puldan özünə də xeyir qalacağını, ona isə ayrılıqda verdiyi məbləğdən 15-20 faiz qazancı ilə qaytaracağını bildirdi. Lakin nə Soltan, nə də Əyyam konkret hansı məbləğdə ona pul verəcəklərini bildirdi. O dostu Laçından aldığı 7.000 manat pulu 21 may 2022-ci il tarixdə Əyyama, Əyyam isə Soltana verdi. Laçın həm Əyyamla, həm də Soltanla mütəmadi olaraq telefonla əlaqə saxlamış işlərin nə yerdə olduğunu soruşmuşdur. Soltan Laçına dərmanları sifariş etdiklərini, dərmanların yolda olduğunu və gəldikdən sonra satacaqlarını bildirmişdi. Həmçinin Əyyam da Soltanın dediklərini təkrarlayırmış. Həmin ərəfədə o da avtomobilini satışa qoymuşdu. 2022-ci ilin sentyabr ayında avtomobili 20.500 satmış və üzərinə 2.000 manat qoymaqla 30 sentyabr 2022-ci il tarixdə yenə eyni restoranda Əyyama, Əyyam da Laınla onun yanında Soltana vermişdir. Soltan pulu aldıqdan sonra 2- 3 ay ərzində bütün işlərini həll olunacağını və onun 22.500 manat pulunu 15-20 faiz gəlirlə özünə qaytaracağını demişdir. 2022-ci ilin oktyabr ayında Laçın və o Əyyam və Soltandan işlər barədə məlumatlar almış işlərin gecikməsi barədə bəhanələr eşitdikdən sonra aldadıldıqlarını başa düşmüşlər. Daha sonra Laçın ondan pulunu tələb etmiş 2022-ci ilin noyabrında Əyyam ona 4.400 manat pulu Soltandan alıb qaytarmışdır. O isə 2.600 manat əlavə etməklə Laçının 7.000 manat pulunu qaytarmışdır. İlk dəfə Nərimanov rayon polisində Əyyamdan şikayət etmiş və mübahisənin mülki xarakterli olduğu ona bildirilmişdir. Daha sonra o, şikayətinin dəlillərini məqsədyönlü şəkildə dəyişmiş və Əyyam və Soltanın ondan pensiya, əlillik dərəcəsi adı ilə ondan 29.500 manat pul aldığı barədə polisə şikayət etmişdir. Lakin reallıq izahatında göstərildiyi qaydada olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25.100 manat və ödənilmiş 168 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 qapı qonşusudur. Cavabdeh1 28 May metrostansiyasının yaxınlığında yerləşən “Black Cub” idman zalında fitness məşqçi kimi işləyir. O,həmdə yaşadığı mənzildə müxtəlif növ şirniyyatların bişirilməsi və satışı ilə məşğul olur. Əyyamla münasibəti qonşu kimi daima yaxşı olmuşdur. 2011-ci ildən "xxxx" QSC-də Dərnəgül stansiyasında stansiya növbətçisi vəzifdəsində işləyir. Əmək haqqısı az olduğu üçün maddi sıxıntılar keçirir. Bu barədə Əyyama bildirdi ki, əlavə işlə məşğul olmaq isdəyir. 2022-ci ilin may ayının ortalarında Əyyamla söhbət edərkən o bildirdi ki, onun Sultan adlı tanışı var. Sultanın özünə məxsus Bakı şəhərində dərman firması olduğunu bildirmiş, xarici dövlətlərdən müxtəlif növ dərmanlar gətizdirdiyini və həmin dərmanları Bakı şəhərində müxtəlif apteklərə və xəstəxanlardakı tanıdığı həkimlərə satdığını və bununla da yaxşı gəlir əldə etdiyini bildirmişdir. Hal-hazırda özünün Sultanla iş gördüyünü və Sultanda 40.000 manata yaxın pulunun olduğunu bildirmişdir. Əyyam ona təklif etdi ki, o da pul qoysun və qoyduğu pulun 15-20%-ni qazanc kimi götürsün. O, Əyyamı çoxdan tanıdığı və inandığı üçün onun dediklərinə inandı və Sultanla tanış etməsini xaiş etdi. Əyyam yanında Sultanın mobil nömrəsinə zəng etdi ona haqqında məlumat verdi və görüşmək istədiyini bildirdi. Sultan razılaşdı və Nəsimi rayonu Mir Cəlal küçəsi 278 saylı ünvanında yerləşən “Chado” resdoranında görüşməyi təklif etdi. 2022-ci ilin may ayının ortalarında o, Sultan və Əyyam həmin restoranda görüşdülər. Sultan orada bildirdi ki, həqiqətən o xarici ölkələrdən dərman gətizdirir və Bakı şəhərində apteklər və xəstəxanalarda tanıdığı həkimlərə satır. Sultan ona bildirdi ki, əgər istəsə o d pul qoya bilər, nə qədər çox pul qoysa qazancı da bir o qədər çox olar. Həmin vaxt onun nəğd pulu olmadığı üçün pul qoya bilmədi. Sonra bu barədə yaxın dostu olan Laçın Kərimova bildirdi. Laçın bildirdi ki, onun əlində nəğd 7.000 manat pulu var. Bu barədə o, zəng edərək Əyyama bildirdi. 21 may 2022-ci il tarixdə saat təxminən 20 radələrində o, ünvan 1 ünvanında yerləşən “Chado” restoranında görüşdü və orada Soltan Laçına bildirdi ki, əgər o da pul qoysa 15-20 % olmaqla qazanc əldə edəcək və qoyduğ pul da 2-3 aya qazancla birlikdə geri qaytarılacaqdır. Laçın cibində olan 7000 manat pulu çıxarıb sayaraq ona Verdi, o, isə həmin pulu Əyyama verdi. Əyyam isə yanlarında pulu Soltana verdi. O və Laçın hər dəfə Əyyam və Soltana zəng etdikdə onlar bildirirdilər ki, dərmanlar Bakıya daxil olub və satışa verilib. 2022-ci ilin sentyabr ayının sonlarında özünə məxsus olan “Mitshubisi Pajero” markalı avtomobilini 20500 manata satdı və özündə olan 2000 manatıda onun üzərinə qoyaraq 30 sentyabr 2022-ci il tarixdə saat təxminən 20-00 radələrində Nəsimi rayonu Mir Cəlal küçəsi 278 saylı ünvanında yerləşən “Chado” restoranında Laçın Kərimovun yanında Əyyam və Soltana verdim. O, orada 22500 manatı sayaraq Əyyama verdi. Əyyam isə həmin pulu yanlarıda Soltana sayıb verdi. Laçınla o birlikdə Əyyam və Soltana 29500 manat pul verdilər. Bir müddət keçdikdən sonra başa düşdülər ki, cavabdehlər onlar aldadırlar. Belə olan halda Laçın pulunu tələb etməyə başladı.10 noyabr 2022-ci il tarixdə Cavabdeh1 onun yaşadığı evə gələrək 4400 manat qaytardı. O, isə həmin pulun üzərinə 2600 manat qoyaraq dostu Laçın Kərimova 7000 manat qaytardı. Hal-hazırda cavabdehlər ona 25100 manat ziyan vurublar və həmin məbləği ona könüllü qaytarmaq istəmirlər. Vurduqları ziyanı könüllü qaytarmaq istəmədikləri üçün Nəsimi polis İdarəsinə müraciət etdi və bununla əlaqədar olaraq araşdırma aparıldı və cavabdehlər polis idarəsində verdikləri izahatlarında onun qeyd etdiklərini etiraf etdilər. Lakin yenə də vurduqları ziyanı ona ödəməmişlər. Polis idarəsində isə xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etdilər və ona izah etdilər ki, mülki iddia ilə məhkəməyə müraciət edə bilər. Ona görə də, o, məhkəməyə müraciət etməli oldu.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, Əyyamı və Soltanı Raufa görə tanımışdır, Rauf isə onun dostudur. 2022-ci ilin yay aylarında Rauf ona qonşusu Əyyamın dərman biznesi olduğunu və investisiya qoyaraq gəlir əldə edə biləcəyini bildirdi. Biznesin şərtləri ilə bağlı isə konkret müzakirəsi olmamışdır. O isə Raufla razılaşaraq təyin olunmuş görüş yerinə, yəni “Chado” restoranına Raufla birlikdə getdi. Orada Əyyam və Soltanla tanış oldu. Danışıqlardan sonra o, 7000 manat pulu Raufa, Rauf Əyyama, Əyyam isə onların yanında Soltana verdi. Daha sonralar yenə onun iştirakı ilə Rauf da maşını satdıqdan sonra 22500 manat pulu eyni qaydada Əyyama, Əyyam isə onların yanında Soltana vermişdir. Bundan bir neçə ay sonra hər hansı qazanc verilmədiyinə görə o, pulunu Raufdan geri istədi. Rauf isə Əyyamdan aldığı 4400 manat pulun üstünü düzəldərək ona qaytardı. Onun pulu qayıtdığına görə Polisə şikayət etməmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2023 saylı, 12 yanvar 2023cü il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia tələbi təmin edilmişdir.

12. Məhkəmə işin müəyyən edilmiş halları baxımından o qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətləri olmuşdur. Belə ki, iddiaçı cavabdehlərin ticarətinə investisiya qoyaraq, onların birgə fəaliyyətinə qoşulmaq istəmiş və nəticədə cavabdehlər bununla razılaşaraq iddiaçıdan 29500 manat pul almışdır. Cavabdehlər arasında birgə fəaliyyətin mövcudluğu və bundan dolayı birgə borcluluq qənaəti həm tərəflərin izahatlarından, həm polisdə verdiyi ifadələrdən, həm də şahid ifadəsindən yaranmışdır. Belə ki, Cavabdeh1 polisdə verdiyi və məhkəmə iclasında təsdiq etdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh2 iddiaçını ticarətə qoşduğu üçün ona toplamda 2000 manat pul vermişdir. Bundan əlavə iddiaçı ilə Cavabdeh1 izahatlarındakı dəlilləri məhkəmə iclasında dindirilən və prosesin bir başa iştirakçısı olmuş şahid təsdiq etmişdir. Yəni dindirilən şahid Cavabdeh1 verilən vəsaitin Cavabdeh2 ötürüldüyünü təsdiq etmişdir.

13. Məhkəmə Cavabdeh2 Polisdə verdiyi izahatına tənqidi yanaşaraq o qənaətə gəlmişdir ki, onun verdiyi ziddiyyətli ifadələr özünü müdafiə xarakteri daşımışdır. Belə ki, 6000 manat qoyulan vəsaitə görə 11000 manat məbləğdə vəsaiti hansı əsasla qaytardığını, 3000 manat qoyulan vəsaitə görə isə hansı əsasla 6000 manat qaytardığını bildirməsə də, Cavabdeh1 ondan qaytarılan pulların qazanc olduğunu əsas gətirməklə əlavə olaraq əsas məbləği də tələb etməsi barədə ziddiyətli fikirlər bildirmişdir. Hansı ki, özünün bildirdiyinə görə aldığı pulun üstündə ona 20 faiz əlavə pul qaytarmaqla yanaşı, həm də satışdan qazanc verməsi barədə onunla Cavabdeh1 arasında razılaşma olmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs qismində dindirilən Cavabdeh2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, izahatının sonunda Cavabdeh1 İddiaçı məxsus hər hansı vəsait almadığını bildirmişdir. Hansı ki, irəli sürülən ittiham hissə-hissə olmaqla İddiaçı 29500 manat vəsaitin alınması olmuşdur.

14. Məhkəmə həmçinin qeyd etmişdi ki, cavabdehlər müqavilə üzrə öhdəliyini icra etməmiş və müqavilə şərtlərini pozmuşdur. İddiaçı isə cavabdehlərin müqaviləni pozmasına görə müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bu səbəbdən də onun müqavilədən imtina etməklə müqavilə üzrə verdiklərini tələb etməsi əsaslıdır. Cavabdehlər isə pulun bir hissəsini qaytarmaqla faktiki olaraq iddiaçının müqavilədən imtinasını qəbul etmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 500.1, 500.2, 500.1-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayətləri vermişlər.

17. Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir faktla iddiasının Cavabdeh2 münasibətdə əsaslı olmasını sübut edə bilməmişdir. MPM-nin 88-ci maddəsi: “Məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyən edilmiş qüvvəsi yохdur. birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar və işin faktiki halları düzgün qiymətləndirilməmişdir.

19. Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu təqsirinə adekvat olaraq məsuliyyət daşıyır, və risk dairəsinə daxil olan öhdəliklərə uyğun olaraq məsuliyyət daşımalıdır. Lakin 1-ci instansiya məhkəməsinin qətnaməsinə baxılsa görmək olar ki, cavabdehə aid olmayan öhdəliklərə dair məsuliyyəti müəyyənləşmiş və borclu olmadığı halda ondan pul tutulmuş və cavabdehin bu Məcəllə ilə və Konsitusiya ilə qorunan hüquqları pozulmuşdur. İddiaçı heç bir faktla iddiasının ona münasibətdə əsaslı olmasını sübut edə bilməmişdir. MPM-nin 88-ci maddəsi: “Məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyən edilmiş qüvvəsi yохdur. Birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar və işin faktiki halları düzgün qiymətləndirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instasiya məhkəməsinin işə düzgün yanaşmadığını hesab edir. Birinci instasiya məhkəməsi Raufla Əyyam arasında olan münasibəti müəyyən etməli idi, çünki Əyyam öz ifadəsində pulu Raufdan aldığını və daha sonra Soltana verdiyini bildirir. Əyyam pulu Soltana verdiyini sübut etməli idi. Əyyam pulu Raufdan aldığını etiraf edir, lakin Raufa verdiyini sübut edə bilmir. Soltan aldığı həcmdə etiraf edir. İddia Əyyama münasibətdə təmin edilməli idi. Daha sonra əgər Soltanla bir münasibəti var idisə, bununla bağlı yenidən iddia qaldırmalı idi. Məhkəməyə təqdim olunmuş ərizədə Muxanov Rauf pulu Əyyama verdiyini və bu səbəblə Əyyamdan şikayətçi olduğunu bildirir. Bu işin birinci halıdır. İddiaçı Muxanov Raufun verdiyi izahatlar ziddiyətdir, belə ki, gah bildirir ki, guya iş qurmaq üçün pul ondan alınmışdır, daha sonra maşını sataraq zərəri ödəmişdir, sonra maşını sataraq pulu Əyyama vermişdir. Əvvəlki ifadələrində bildirir ki, guya maşını sataraq Laçının zərərini ödəmiş, daha sonrakı ifadələrində isə maşını sataraq pulu Əyyama verdiyini bildirmişdir. Cavabdeh2 sadəcə Əyyamdan pul götürmüşdür. Aldığı pul vəsaitini də özü etiraf etmişdir ki, nə qədər pul almışdır. Soltan izahatında qeyd edir ki, Əyyamdan 3000 manat və 6000 manat olmaqla, ümumilikdə 9000 manat məbləğində vəsait almışdır. Pulu ticarətlə məşğul olmaq üçün, iş görmək məqsədilə almışdır. Pensiya barəsində məlumatları yoxdur, qarşı tərəf ilk vaxtlar şikayəti o adla vermişdi, daha sonra izahatlarını dəyişərək birgə biznes ilə məşğul olmaq adı ilə verdiyini bildirmişdir. Soltan dərman işi ilə məşğuldur. Pensiya məsələsinin bura aidiyyəti yoxdur. Soltan pulun iddiaçıya məxsus olduğunu bilmirdi, bunu sonradan dedi. Soltan Əyyama pulun üzərində faiz verirdi, pulun kimə məxsus olması ona maraqlı deyildi. Bəli, Əyyam və Soltan arasındakı münasibət borc münasibəti idi, pul verib, pul alırdı. Rauf pulu Əyyamı tanıdığı üçün Əyyamdan istəyib. Əyyam da pulun Soltanda olduğunu bildirib. Raufun özünün etirafə vardır ki, pulun 12 min manat hissəsi Əyyamdadır, əgər pul Əyyamdadırsa o zaman Soltandan pul niyə tələb olunmalı idi. Əyyam öz ifadəsində Soltanın 16500 manat məbləğindəki vəsaiti geri qaytardığını etiraf edir. Əyyam Soltandan istifadə edərək gəlirlər əldə etmişdir. Pul ona əlbəəl verilməyibdir, onu nə Rauf, nə də Laçın tanımayıbdır. Ona pulu Əyyam veribdir, o da Əyyamla onlar arasında olan məsələdir. Soltan deyir ki, o, Əyyamın işinə qarışmırdı, Əyyam əvvəlcə pulun üzərindən götürürdü, qalan hissəni isə ona verirdi. Həmin verilən məbləğdən Əyyama pullar qaytarırdı. Soltan bildirir ki, o, Əyyama artıqlaması ilə pul qaytarmışdır.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Soltan onu da aldatmışdır. Bununla bağlı polisə də müraciət etmişdir. Sözügedən pullar ona məxsus deyil, başqa adamlara məxsus idi. O, idman salonunda məşqçidir. Soltan da işlədiyi salona gəlmişdi. Özünü imkanlı biri kimi qələmə verdi. Ona məşq keçməyi üçün yüksək miqdarda pul təklif etmişdi. Tanışlığı belə oldu. Zaman keçdikcə münasibətləri dostluğa çevrildi. Ona gördüyü işlərdən də bəhs elədi. Bu hallar onda bir tamaha yol açdı. Ətrafındakı adamlara onun və onun gördüyü işlər barəsində danışdı. Bugün də bunların hamısının yalan olduğu ortaya çıxdı. Onun ətrafdakılara verdiyi pulu ona işdən əldə etdiyi gəlir kimi verirdi. Bəli, may ayında Rauf tərəfindən 7000 manat, daha sonra sentyabr ayında isə Rauf tərəfindən 20500 manat pul ona verilmişdi, cəmi 4400 manat məbləğində pul qaytarılmışdır. Həmin məbləğlər oturduqları kafedə verilmişdir, nə qədər verildiyini bilmir, yadında deyil. O, onları sadəcə tanış etmişdir. Pul ondan Soltana keçib. Pul ona verilib və o da onu qaytarmışdır. Laçının Nərimanov Rayon Polis İdarəsində izahatında pensiya ilə bağlı dedikləri həqiqətə uyğundur, əslində elə olmuşdur, ona izahatını dəyişməyini dedilər, o da izahatını dəyişdi. Həmin izahatı o da o formada vermişdir. 4400 manat məbləğin verildiyini təsdiq edir, lakin 1500 manatın qaytarılması barədə yadında deyil, yəqinki qaytarıb. Soltan tərəfindən ona pul qaytarılmalıdır, onu çox aldatmışdır. Bununla bağlı polisə məlumat vermişdir, lakin rədd qərarı verilmişdir. Soltanın ona təxmini olaraq 60 min manat məbləğinə, bəlkə də, daha çox borcu var. Onun bu işlərlə bağlılığı yoxdur, o, dərman işləri ilə məşğul olmamışdır. İşi Soltan görmüşdür, o, sadəcə tanış etmişdir. O, 4400 manatdan əlavə pul verməmişdir. Rauf tərəfindən Soltana verilmiş puldan gələcəkdə qazanc hissəsindən ona pul veriləcəkdi. 4400 manat ona verilmişdi, elə onu da iddiaçıya qaytardı. Pulu o götürmədiyi üçün ondan pul tutulmamalı idi, Raufun pulunun ona aidiyyəti yoxdur, çünki iddiaçı işi Soltanla danışmışdı, onunla danışmamışdı. Soltanın niyyəti camaatı aldatmaqdır, o, hazırda başqalarının pulunu qaytarır. Raufun pulunu o götürməmişdir ki, o da qaytarsın. Onun bu işdə rolu sadəcə vasitəçi olmağıdır. Soltan onu da, ondan istifadə edərək onun yaxınlarını da aldatmışdır. Soltan dələduzdur. Bunu hamı, həmçinin vəkili də bilir. Ona gördüyü iş qarşılığında Soltan ona pul verməli idi. Ona qazancdan aylıq gəlir verirdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, qarşı tərəf bildirir ki, Soltanı tanımır, Soltanı necə tanımır ki, onun atası ilə də görüşmüşdür. Onlar Əyyamla qapı qonşudur. Təqaüdlə bağlı məsələni öz aralarında həll etmişdilər. Əyyam Soltan vasitəsilə onu dərman ticarətinə qoşacağına dair vəd vermişdi. Əyyam fitnes klubda məşqçidir, eyni zamanda evdə şirniyyat məhsulları bişdirir. O, iki dəfə pul vermişdir. Birinci dəfə dörd nəfər görüşmüşdülər, tanışlıq olmuşdur, pul verməmişdi. Onun Laçın adında bir nəfər dostu var, kasıb oğlandır, Sədərəkdə günəmuzd işləyir, ona bildirdi ki, belə bir iş var, gəlirli işdir. Birinci dəfə Laçın 7 min manatı ona verdi, o, isə Əyyama, Əyyam isə Soltana verdi. O, pulu Əyyama verəndə Soltan orda idi. O, Əyyamı tanıyırdı, pulu ona görə ona verdi və orada Əyyamın pulu Soltana verdiyini gördü. Daha sonra isə öz maşınını satdı və 20500 manat pulu Əyyama verdi, Əyyam da onların yanında pulu sayaraq Soltana verdi. Həmin görüşdə yenə dördü iştirak edirdi. 4400 manat məbləğindəki pul Əyyam tərəfindən ona qaytarılmışdır. Əldə edəcəyi gəlir haqqında Soltan onlarla danışıqlar aparmış və söz də vermişdir. Həmin pulu borc kimi verməmişdir. O pulu dərman ticarətinə qoşulmaq niyyətilə vermişdir. Təqaüd işi ilə bağlı heç bir pul verməmişdir. Avtomobili 20500 manata satmışdır. Əyyamı tanımasa idi, Soltana pulu verməzdi. O, pulu dərmana görə vermişdir. Nərimanov Rayon Polis İdarəsində ziddiyyətli ifadələr olmuşdur, düzdür. Nərimanov Rayon Polis İdarəsində ərizəsində 35850 manat məbləğ qeyd etmişdir. Həmin məbləğ eyni məbləğdir, 35850 manat qazanca bir yerdə olan məbləğdir, lakin sonra düşündü ki, o, heç mayanı ala bilmir, qaldı ki, qazancla bir yerdə olan məbləği ala bilə. Onun verdiyi puldan Cavabdeh1 nə qədər veriləcəkdi, ya yox məlumatı yoxdur, onların arasında olan söhbətdən xəbəri yoxdur. Onun Polis İdarəsində izahatında 35850 manat yazmağının səbəbi ondan ibarətdir ki, ona 20 faiz qazanc verilməli idi, ona görə də ərizəni elə formada yazdı. 35800 manat üzərində faizlə birlikdə veriləcəkdi. Soltan özünü imkanlı kimi qələmə vermişdi. Bəli, təqaüd işi və digər işlər barəsində danışıqları olmuşdur. Ancaq o, razı olmadı. O, Soltanı Əyyama görə tanımışdır.

25. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsi, iddianın onlara aid hissədə rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini apelyasiya şikayətlərində qeyd edilən dəlillər üzrə yoxlanılması, həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

30.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

31.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

32.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 33.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 34.500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 35.1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

36.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. 38.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin oluna bilməzsə) rədd edilir. 39.Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri bilir ki, bu kateqoriyadan olan iddianın düzgün həlli üçün tərəflər arasında olan öhdəlik hüquq münasibətlərinin xarakteri və nəticəsi düzgün müəyyən edilməli, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, delikt, əsassız varlanma və s.) yoxlanılmalıdır.

40. Birinci instansiya məhkəməsi işin faktiki halları baxımından o qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdehlərin ticarətinə investisiya qoyaraq, onların birgə fəaliyyətinə qoşulmaq istəmiş və nəticədə cavabdehlər bununla razılaşaraq iddiaçıdan 29.500 manat pul almışdır. Cavabdehlər arasında birgə fəaliyyətin mövcudluğu və bundan dolayı birgə borcluluq qənaəti həm tərəflərin izahatlarından, həm polisdə verdiyi ifadələrdən, həm də şahid ifadəsindən yaranmışdır. Belə ki, Cavabdeh1 polisdə verdiyi və məhkəmə iclasında təsdiq etdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh2 iddiaçını ticarətə qoşduğu üçün ona toplamda 2000 manat pul vermişdir. Bundan əlavə iddiaçı ilə Cavabdeh1 izahatlarındakı dəlilləri məhkəmə iclasında dindirilən və prosesin birbaşa iştirakçısı olmuş şahid təsdiq etmişdir. Yəni dindirilən şahid Cavabdeh1 verilən vəsaitin Cavabdeh2 ötürüldüyünü təsdiq etmişdir.

41. Beləliklə məhkəmə tələb olunan məbləğin tutulması barədə nəticəyə gələrkən cavabdehlərin müqavilə üzrə öhdəliklərini icra etmədiyini və müqavilə şərtlərini pozduqları, iddiaçının isə cavabdehlərin müqaviləni pozmasına görə müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olduğunu qeyd etmiş, bu səbəbdən də sonuncunun müqavilədən imtina etməklə müqavilə üzrə verdiklərini tələb etməsinin əsaslı olduğu, cavabdehlər də pulun bir hissəsini qaytarmaqla faktiki olaraq iddiaçının müqavilədən imtinasını qəbul etdiyi qənaətinə gəlmişdir.

42. Məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, işə baxılan zaman müəyyən edilmiş faktlara əsasən tərəflərin qarşılıqlı münasibətlərini düzgün müəyyən etməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

43. Belə ki, hazırki mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin xarakteri müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı iddianın faktiki əsası kimi onun cavabdehlər tərəfindən aldandığına, bununla da maddi ziyana uğradığına istinad etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən tərəflərin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmalarını qeyd etsə də, müqavilə, hər iki tərəfin üzərinə götürdüyü öhdəliyin məzmunu, arada vasitəçilik etmiş Cavabdeh1 rolu, müqavilənin mühüm şərtləri və məqsədinin nədən ibarət olmasını göstərməmiş, sadəcə müqavilə münasibətlərinə aid qanunvericilik normalarına istinad etmişdir. Halbuki istənilən müqavilənin şərtlərinin şərhi müqavilənin məqsədi və müvafiq növ öhdəliklərin mülki-hüquq tənzimlənməsinin mahiyyəti nəzərə alınmaqla həyata keçirilir.

44. Beləliklə, işin faktiki halları baxımından məhkəmə kollegiyası hesab edir ki, pulun iddiaçı tərəfindən cavabdehlərin mülkiyyətinə verilməsi halı öz təsdiqini tapsa da, cavabdehlərin istinad olunan məbləğdə pulu qaytarmaq üzrə öhdəliyi tərəflərin müqavilə münasibətlərində olmalarından irəli gəlmir, birinci instansiya məhkəməsinin mülki iş üzrə bu qənaətə gəlməsi də işdə olan sübutlara uyğun deyildir.

45. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

46. Hazırki mübahisənin ibarət olduğu faktiki hallardan göründüyü kimi, cavabdehlər iddiaçıya əlillik və pensiya düzəltmək üçün, daha sonra dərman vasitələrinin Azərbaycan Respublikasına idxalı və satışı ilə məşğul olmaq üçün pul qoymasını təklif etmiş, gələcəkdə qoyduğu pulu müvafiq miqdarda faiz gəlirləri hesabına yüksək artımla geri qaytaracaqlarına dair vəd vermişlər. Həmin təkliflə razılaşan iddiaçı, daha sonra cavabdehlər tərəfindən aldanmış olduğunu, niyyətlərinin əvvəldən qanunsuz şəkildə pulunun ələ keçirilmələri olduğunu müəyyən etmişdir.

47. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, tərəflər arasında hər hansı formada müqavilə münasibətləri yaranmamış, pulun alınıb-verilməsində məqsədləri borc vermək, iş görmək və ya xidmət göstərmək olmamışdır. Cavabdehlərin hərəkətləri qanunazidd olmuş, bunun nəticəsində iddiaçıya zərər vurulmuşdur, iddiaçı da hazırkı tələbində ona vurulmuş zərərin ödənilməsini tələb edir. Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın mövcud olması cavabdehlərin əməllərində cinayət məsuliyyətinə cəlb olunması üçün əsasların olmamasına dəlalət edir. Halbuki mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə, yəni vurulmuş zərərin ödənilməsinə cəlb olunması üçün zəruri əsasların cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq qanunvericilikdə nəzərdə tutulan əsaslarla eynilik təşkil etməsi məcburi deyildir.

48. Beləliklə hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1 və 1097.2-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri.

49. Mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması təşkil edir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğu müəyyən edilərkən işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmalıdır.

50. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

51. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması həmin hallara istinad edən tərəfin birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

52. İş materiallarından müəyyən edilir ki, iddiaçının ödənilməsini tələb etdiyi zərərin yaranmasına əsas olmuş qanunsuz hərəkətlərə yol vermədiyinə istinad edən hər iki cavabdeh onun istinad edilən məbləğdə zərərə uğradığını inkar etmirlər, onlar verdikləri apellyasiya şikayətlərində yaranmış zərər üzrə məsuliyyət daşımadıqlarını qeyd edirlər. Halbuki iş materiallarından göründüyü kimi hər iki cavabdeh iddiaçının birgə fəaliyyəti ilə məşğul olmasına cəlb edilməsi ilə əlaqədar danışıqlarda və pulun alınıb-verilməsində iştirak etmiş, hər ikisi verilmiş puldan qazanc əldə etmək ehtimalı ilə hərəkət etmişdir.

53. Bundan başqa apellyasiya şikayətlərində göstərilən dəlillərin (pulun kimin tərəfindən alınması və s.) işin həlli üçün heç bir əhəmiyyəti yoxdur. Belə ki, zərərin mövcud olması, bunun cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Halbuki bu hallar yuxarıda qeyd edilənlərə əsasən (hər ikisinin delikti) müəyyən edilib, bu da, delikt törətmiş şəxs üçün mülki hüquq məsuliyyətinin yaranması üçün əsasdır. Belə ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.

54. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. 55.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25.100 manat və dövlət rüsumu kimi ödənilmiş 168 manat, cəmi 25.268 (iyirmi beş min iki yüz altmış səkkiz manat) müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar