Məhkəmə qərarları › İş №2(103)-2565/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2565/2023

07.06.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2565/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı iş üzrə (Açar sözlər:pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X8 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil4 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş üzrə tərəflər yaxın qohumlardır. Belə ki, cavabdehlərdən Cavabdeh iddiaçının anası, Gülnarə Quluzadə isə bacısıdır.

2. xx.xx.2008-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC ünvan 3ı mənzili Cavabdeh satmışdır. Sonradan onun müraciətinə əsasən həmin mənzil qızı X5 adına rəsmiləşdirilmiş və hazırda sonuncunun xüsusi mülkiyyətindədir. Gülnarə Quluzadənin mübahisəli mənzil üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona reyestrdən çıxarış verilmişdir.

3. X11 adına Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi ev 25, 38 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X11 adına ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair JN-13988D KOD 00306016 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir.

4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, 1937 məhəllə, Ə.Əliyev küçəsi, bina 8-də yerləşən 4 saylı mənzildə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 27469.5 manat məbləğində müəyyən olunur.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvan ünvan 3ı mənzil) təmirinə çəkilmiş 51802,63 manat pulun cavabdeh Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızından tutularaq ona ödənilməsi və cavabdehler Cavabdeh və X3 40000 manatın tutulub müştərək qaydada ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi dörd nəfərdən ibarətdir: atası - X10, anası - Cavabdeh, bacısı - X9 və özü. ünvan 3ı mənzil ilə bağlı Cavabdeh ilə “X20” ASC arasında xx.xx.2008-ci il tarixli mənzil alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin mənzil anasının məhkəmədə qaldırdığı iddia tələbi əsasında 2008-ci ildə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası yolu ilə verilmişdir. Onun və ailə üzvlərinin birgə qazancı hesabına mənzillə bağlı pay haqqı tam şəkildə ödənilmişdir. Mənzilin müqavilədə göstərilən dəyəri 88200 manat qiymətləndirilmişdir. Müqavilənin bağlanmasında əsas məqsəd mənzilin gələcəkdə rəsmiləşdirilməsi məqsədi daşıyıb. Bir müddət sonra ailədə valideyinlər onun və digər bacısının mənzillə bağlı ehtiyacını ödəmək məqsədi ilə qərara alınmışdır ki, mübahisəli mənzil ona verilsin. Ona verilən mənzil tam təmirsiz olub. Digər bacısı Gülnarəyə isə Bakı şəhəri, Azadlıq prospekti 116-da yerləşən faktiki 4 otaqlı mənzil verilmişdir. Sonradan 2014-cü ildə o, ailə qurmuş və rəsmi nikaha girməmişdən təxminən 8 ay əvvəl həyat yoldaşı ilə birlikdə həmin mənzili təmir etdirməyə başlamışlar. Mənzilin təmir xərcləri ümumi 51.802.63 manat təşkil etmişdir. Hətta şəxsən mənzillə bağlı yığılıb qalmış kommunal borcları ödəmişdir. 2014-cü ilin avqust ayının 8-də mənzil tam təmir edilmiş və toy mərasimindən birbaşa həmin mənzilə gəlmişdir. Mənzil atası tərəfindən uzun illər əvvəl pay haqqı ödənilmiş mənzilin əvəzinə verilmişdir. Sonradan həmin mənzil əvəzləşmə kimi anasına verilmişdir. Atanın ödədiyi pay haqqı ilə illər əvvəl başlanılmış məhkəmə işi olub və məhkəmə qərarının icrası zamanı bu mənzil ailəyə təklif edilib. Ailə üzvləri hətta bildiriblər ki, mənzilə görə ödənilmiş pay haqqı hazırkı vaxtda 30-40 min manat həcmindədir, gələcəkdə vəsaitin olsa ailəmizin rahat yaşaması üçün yeni mənzil alsaq həmin miqdarda köməklik göstərərsən. Bir müddət sonra valideynlərinin də razılığı ilə 2015-ci ildə bacısı cavabdeh X1 rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi 123B ünvanında bağ evi almaq qərarına gəlmişdir. Bağ evinin alışı Accessbank QSC-nin daxili ipoteka üsulu ilə həyata keçirilmişdir. İlkin ödəniş üçün tələb olunan məbləğ 40000 manat təşkil edirdi. Valideynləri və bacısı alınacaq bağ evi üçün ilkin ödənişin ödənilməsi üçün onun həmin bankda (AccessBank) olan şəxsi hesabında olan 46055 manat xx.xx.2015-ci ildə çıxarmış və elə həmin gün cavabdeh Quluzadə Gülnarənin adına ünvan 4 ünvanında bağ evi alınacaq bağ evinin ilkin ödənişi üçün sərf etmişdir. Həmin pul vəsaiti özünün şəxsi pulu olmuş və həyat yoldaşı ilə birlikdə uzun illərdir ki, qənaət edərək toplamışdır. Valideynlərinin məsləhəti ilə həmin pul vəsaiti bacının adına alınmış bağ evinin ilkin ödənişinə sərf edilmişdir. Hətta mübahisəli mənzil ona verildiyi üçün valideynləri tərəfindən hər hansı cehiz verilməmişdir. Tərəfindən mübahisəli mənzilin pay haqqı tam şəkildə ailəsinə ödənilərək həmin pay haqqı üzərində mülkiyyət hüququ əldə edib. Valideynləri ona bacısına köməklik etməsini və tezliklə mübahisəli mənzilin iddiaçının adına keçirilməsi üçün əllərindən gələni edəcəklərini, özlərinin də bağ evində bacısı ilə birlikdə yaşayacaqlarını bildirmişdir. Sonradan xx.xx.2015-ci il tarixdə anası ona etibarnamə vermiş, mənzilin yerləşdiyi bina istismara qəbul edilmədiyi üçün hər hansı rəsmiləşdirmənin aparılması mümkün olmamışdır. Mənzilə görə bacısının bağ evinə ödədiyi 40000 manatdan əlavə təmirinə cəmi 51802,63 manat pul xərcləmişdir. Son zamanlar valideynləri və bacısı maddi durumlarını əsas gətirərək mənzilin satılacağı və mənzildən çıxmasını bildiriblər. Bunun qarşısını almaq və öz hüquqlarını müdafiə etmək üçün məhkəmədə iddia qaldırmış və məlum olmuşdur ki, cavabdeh Quluzadə Gülnarənin adına çıxarış da alınmışdır. Mübahisəli mənzilə çəkilmiş təmir xərcləri və onun mənzilə görə cavabdeh Quluzadə Gülnarənin adına alınan bağ evinin ilkin ödənişi kimi ödədiyi 40000 manat məhkəmə qaydasında ona ödənilməlidir. 51802,63 manat dəyərində apardığı təmir işləri cavabdehlərin mülkiyyətinə keçmişdir. Nəticədə cavabdeh Quluzadə Gülnarə hər hansı xərc çəkmədiyi halda çıxarış aldığı evi təmir edilərək əsassız varlanmışdır.

7. Cavabdeh Gülnarə Quluzadə iddianı qəbul etməmiş və göstərmişdir ki, iddiaçı bankdan götürdüyü kredit məbləğini öz şəxsi məqsədləri üçün istifadə etmişdir. İddiaçı bağ evinin alınmasına hər hansı məbləğdə vəsait verməmişdir və bunu sübut edə bilməz.

8. O, eyni zamanda müstəqil iddia verərək İddiaçı ünvan 5 ünvan ünvan 3ı mənzil) çıxarılması, özünün həmin mənzilə köçürülməsi və əldən çıxmış faydanın əvəzi olaraq 6000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini həmin mənzilin onun mülkiyyətində olması, İddiaçı bu mənzildə yaşamasının onun mülkiyyət hüququnu pozması ilə əsaslandırmışdır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-219/2022 saylı, 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) hər iki iddia rədd olunmuşdur.

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hər iki iddiaçının öz tələblərini sübuta yetirə bilmədikləri qənaətinə gəlmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutlara, şahid ifadəsinə əhəmiyyət verməyib. Təmirdə istifadə olunan malmaterialın bir qismi ilə bağlı rəsmi, möhürlü və imzalı sənədlər vardır ki, məhkəmə iclasında müzakirə olunub və araşdırma zamanı təsdiqini tapmışdır. Məhkəmənin “mübahisəli mənzilin X5 mülkiyyətində olması faktını məhkəmə baxışında bilməyi və bunun inandırıcı olmaması” ilə bağlı mövqeyinə gəldikdə, həqiqətən də həmin mənzilin Gülnarə Quluzadənin mülkiyyətində olmasını, ümumiyyətlə mənzilin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı məlumatı məhkəmə baxışında olub. Belə ki, iddiaçının iddia tələbinə baxılan zamanı Gülnarə Quluzadə işə qoşularaq üçüncü şəxs qismində məhkəmədə iddiaçıya qarşı mənzildən çıxarma tələbi ilə bağlı iddia irəli sürmüş və iddia tələbinin əsas kimi mübahisəli mənzilə dair çıxarışının olmasını qeyd edərək, çıxarışın surətini məhkəməyə təqdim etmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, belə bir çıxarış alınıb. Bununla bərabər məhkəmədə iddia qaldırılan anadək kommunal ödəniş qəbzlərindən və xidmət haqları barədə qəbzdən də görünür ki, mənzil sahibi kimi 2008-ci ildə bağlanmış müqaviləyə uyğun olaraq iddiaçının anası olub. Mənzillə bağlı bütün sənədlər ailə tərəfindən iddiaçıya verildiyi üçün müqavilə və maliyyə arayışının əsli hal-hazırda da iddiaçıdadır. İddiaçı üçün anlaşılmaz hal ondan ibarətdir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi qüvvədə olduğu halda və “X20” ASC ilə bağlanmış xx.xx.2008-ci il tarixli mənzil alqı - satqı müqaviləsi ləğv edilmədiyi və yaxud etibarsız hesab edilmədiyi halda hansı yolla Gülnarə Quluzadənin adına çıxarış verilib? Təmir işlərinə ümumi rəhbərlik edənX12 məhkəmədə şahid qismində dindirilib və iddiaçı tərəfindən mənzilin təmir edilməsi faktı onun tərəfindən təsdiq edilib. Hətta məhkəmə X7 ifadəsini təhrif edərək, qərəzli şəkildə yalnız bir cümləsini “iddiaçının ondan usta tapmağı xahiş etməsini və sonradan ustalarla razılaşmamasını” qeyd etməklə kifayətlənib. Ancaq sonradan mənzilin necə və kim tərəfindən təmir edilməsi və hətta bəzi mal-materialların alınmasında iştirak etməsi barədə ifadəsini nəzərə almamışdır. Bizdə ciddi şübhə yaranıb ki, məhkəmə şahidin ifadə verdiyi məhkəmə prosesi ilə bağlı müvafiq qeydiyat vasitələrini saxtalaşdırıb və ya bilərəkdən bu qeydləri aparmayıb. Baxmayaraq ki, X4 məhkəmədə 30 dəqiqədən də çox müddət ərzində ifadə verib və tərəflərin, məhkəmənin suallarını cavablandırıb. Eyni zamanda həmin dindirmədə tərəflər də iş üçün xüsusi əhəmiyyət kəsb edən ifadələr səsləndirmişdir. Məhkəmənin “İddiaçının ilkin ödəniş üçün cavabdehə etdiyi yardım barəsində məhkəmə qeyd edir ki, iddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixində hesabına əmanət/köçürmə ilə16055 manat və 30000 manat pul köçürülmüş, lakin, köçürülmələrin təyinatı bəlli deyildir” mövqeyi ilə bağlı bildirir ki, məhkəmə tamamilə məsələyə bilərəkdən səthi yanaşmış və sənədin mahiyyətini səhv təhrif etmişdir. Həmin sənəd hesabdan çıxarış olmaqla iddiaçının “AccessBank”dakı əmanət bank hesabında olan pul vəsaitinin hərəkətini göstərir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

16. Cavabdeh nümayəndəsi Vəkil4 sonuncu məhkəmə iclasında iştirak etməsə də, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında geniş izahat vermiş və izahatında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Digər cavabdeh Gülnarə Quluzadə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.2. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında iş üzrə İddiaçı tərəfindən qismən, yəni öz iddiasına aid hissədə mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız ilkin iddianın rədd olunması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. Yuxarıda qeyd olunduğu kimi, hazırkı apellyasiya baxışının predmetini ilkin iddianın rədd olunması hissəsi təşkil edir.

25. Hazırkı iş üzrə iddiaçının tələbi mübahisəli mənzilin təmirinə çəkilmiş 51802,63 manat pulun cavabdeh Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızından tutularaq ona ödənilməsi və eləcə də cavabdehlərdən 40000 manat pulun müştərək qaydada tutulub ona ödənilməsi barədədir.

26. Cavabdehlər iddiaya etiraz edərək mübahisəli mənzilin məhkəmə qərarı əsasında Cavabdeh verildiyini, sonuncunun həmin mənzili X5 adına rəsmiləşdirdiyini, iddiaçının mübahisəli mənzillə heç bir hüquqi bağlantısı və hüququnun olmadığını, habelə mənzilin alınmasında Raminə tərəfindən hər hansı məbləğdə vəsait xərclənməsinin təsdiq edilmədiyini bildirmişlər.

27. Birinci instansiya məhkəməsi isə tələbin sübuta yetirilmədiyi əsası ilə iddianı rədd etmişdir.

28. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehlərə qarşı 40000 manat pul tələbinin əsassız olması ilə bağlı mövqeyi ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həmin hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi 40000 manat pul tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti bu hissədə təmin edilməməlidir.

29. Apellyasiya şikayətinin həmin hissə ilə bağlı dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı cavabdeh Gülnarə Quluzadəyə ev almaq məqsədilə 40000 manat məbləğində ilkin ödəniş üçün pul verdiyini iddia edir və sübut kimi "xxxx" dakı əmanət hesabından çıxarışı təqdim edir. Həmin hesabdan çıxarışdan görünür ki, iddiaçının "xxxx"dakı əmanət hesabından xx.xx.2015-ci il tarixində hesabına əmanət/köçürmə ilə 16055 manat və 30000 manat pul köçürülmüş, lakin həmin köçürmələrin təyinatı bəlli deyildir.

30. Kollegiya həmçinin nəzərə alır ki, X9 ilə "xxxx" QSC arasında da eyni tarixdə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, Bank tərəfindən Gülnarə Quluzadəyə 89000 manat kredit verilmiş və sonuncu Bank qarşısında öhdəliyini tam yerinə yetirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh X16 götürdüyü krediti bağ evinin təmirinə sərf etdiyini bildirmişdir. İddiaçı cavabdehə kredit ayrıldığı, bağ evinin təmiri üçün kifayət qədər vəsaiti olduğu halda cavabdeh Gülnarə Quluzadəyə hansı zərurətdən bağ evinin təmiri üçün 40000 manat pul verdiyini ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir.

31. Apellyasiya şikayətinin başqa bir dəlili işə baxan məhkəmə tərəfindən mənzilin hansı sənədlər əsasında cavabdeh Gülnarə Quluzadənin adına rəsmiləşdirilməsinin və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin aydınlaşdırılmaması barədədir.

32. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, mənzilin cavabdeh Gülnarə Quluzadənin adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsi mənzilin ilkin mülkiyyətçisi Cavabdeh tərəfindən nə hazırkı, nə də başqa işdə mübahisələndirilməmişdir. İddiaçı özünün də belə bir tələbi yoxdur. Onun hazırkı işdə dəqiqləşdirilmiş son tələbi pul məbləğinin tutulması barədədir. Məhkəmə isə yalnız irəli sürülmüş tələblər üzrə işə baxır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Gülnarə Quluzadənin mülkiyyət sənədləri mübahisələndirilmədiyi halda həmin sənədlərin hazırkı işdə tədqiqi Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuş olardı.

34. İddiaçının mənzildən çıxarılması ilə bağlı halların aydınlaşdırılmamasına gəldikdə isə, məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, əvvəla, məhkəmə baxışı zamanı məhz iddiaçının mənzildə artıq yaşamadığı müəyyən olunduğuna görə Gülnarə Quluzadənin mənzildən çıxarılma tələbinə dair iddiası təmin olunmamışdır. Mənzilə köçürülmə barədə isə işdə hər hansı tələb yoxdur. Ona görə də işə baxan məhkəmə bu məsələ üzrə xüsusi araşdırma aparmağa borclu deyildi.

35. Bu halın hazırkı apellyasiya baxışı zamanı araşdırılması da prosessual qanunvericiliyin tələbləri baxımından qeyri-mümkündür. Belə ki, mənzildən çıxarılma tələbini irəli sürmüş Gülnarə Quluzadənin iddiası rədd olunsa da, qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir.

36. Məhkəmə kollegiyası göstərilənlərlə yanaşı birinci instansiya məhkəməsinin digər hissədə - mübahisəli mənzilin təmirinə çəkilmiş 51802,63 manat pulun cavabdeh Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızından tutularaq ona ödənilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin həmin hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, həmin hissədə maddi və prosessual hüquq normaları pozulmuşdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hissədə iddianın əsaslılığı sübutetmədən asılıdır. İddiaçı həqiqətən də mübahisəli mənzildə yaşadığını və orada təmir işləri apardığını, cavabdeh isə buna etiraz etdiyi təqdirdə iddianın əsassızlığını sübut etməlidir.

38. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

40. İddiaçının bu hissədə tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə o, ailə qurmuş və hələ rəsmi nikaha girməmişdən təxminən 8 ay əvvəl həyat yoldaşı ilə birlikdə mübahisəli mənzili təmir etdirməyə başlamış və mənzilin təmirinə 51.802.63 manat xərcləmişdir. Mənzili 2022-ci ildə, yəni hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən tərk etmişdir.

41. Cavabdeh tərəfin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı iddianın bu hissəsinə etirazı ondan ibarət olub ki, iddiaçının mübahisəli mənzillə hər hansı hüquqi bağlantısı yoxdur və 2022-ci ildə mübahisəli mənzili tərk edərkən iddiaçı oranı yararsız hala salmışdır.

42. Cavabdeh tərəfin verdiyi izahatlara əsasən iddiaçının 2014-cü ildən 2022-ci ilədək mübahisəli mənzildə yaşaması mübahisəsizdir. Cavabdeh tərəf 2014-cü ildən əvvəl mübahisəli mənzildə hər hansı təmir işləri aparılmasına dair də hər hansı sübut təqdim etməmişdir.

43. İddiaçı isə 2014-cü ildə mübahisəli mənzildə təmir işləri apardığını təsdiq edən sübut kimi təmirdən əvvəl və təmirdən sonra özünün apardığı videoçəkilişləri və şahid ifadəsini təqdim etmişdir.

44. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş disklərdəki görüntülər işdə iştirak edən şəxslərin iştirakı ilə izlənildi və həqiqətən də iddiaçı tərəfindən mənzildə təmir işlərinin aparıldığı təsdiq olundu.

45. İddiaçı tərəf eyni zamanda vəsatət verərək göstərdi ki, birinci instansiya məhkəməsində dindirilmiş şahid Q.Teymurovun ifadəsi qətnamədə və məhkəmə iclas protokolunda tam əks olunmamışdır və ona görə də məhkəmə iclasının videoyazısına baxış keçirilsin. Məhkəmə kollegiyası bununla bağlı birinci instansiya məhkəməsinə sorğu versə də, məhkəmə iclasının videoyazısının apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası həmin şahidin apellyasiya baxışında yenidən dindirilməsi qərarına gəlmişdir.

46. X4 ifadəsində bildirdi ki, o, tikinti-təmir işləri ilə məşğul olur, İddiaçı əri Teymur vasitəsilə tanımış, Raminə təmir işlərinin aparılmasını ilkin olaraq onun ustalarına tapşırmaq istəmiş, lakin razılıq olmadığına görə başqa ustalara gördürmüş, Raminənin xahişi ilə o, mübahisəli mənzildə görülən təmir işlərinə nəzarət etmiş, əlindən gələn köməkliyi göstərmiş, məsləhətlər vermişdir.

47. Məhkəmə kollegiyası işin araşdırılan və müəyyən edilən hallarına əsasən bu qənaətə gəlir ki, mübahisəli mənzildə təmir işləri iddiaçı tərəfindən aparılmış və hazırda cavabdeh Gülnarə Quluzadə mənzilə sahiblənməklə iddiaçı tərəfindən aparılmış həmin təmir işlərinin hesabına hüquqi əsas olmadan əsassız varlanmışdır.

48. Mülki Məcəlləyə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).

49. Məhkəmə kollegiyası qanunun göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mübahisəli mənzildə aparılmış təmir işlərinin dəyəri cavabdehdən tutulub ona verilməlidir.

50. Tələbin hansı həcmdə təmin edilməsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təmir işlərinə 51802,63 manat xərclədiyini bildirsə də, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə mübahisəli mənzildə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 27469,5 manat olduğu müəyyən edilmişdir.

51. Məhkəmə kollegiyası ekspert rəyinin kifayət qədər əsaslandırılmış olduğunu nəzərə alaraq həmin rəyin mötəbərliyini qəbul edir və hesab edir ki, məhz ekspert rəyində göstərilən məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir.

52. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi Raminə X2rşı 51802,63 manat pul tələbinə aid hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin olunsun. Cavabdeh X3 27469,5 (iyirmi yeddi min dörd yüz altmış doqquz) manat pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar