Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2567/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2447/2020 03.06.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı "xxxx" BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" BOKT ASC-nin xeyrinə 209.644 manat məbləğində əsas və 14.525 manat məbləğində faiz, ümumilikdə 224.169 manat borcun tutulması, tutmanın həmin kreditin təminatı kimi "xxxx" BOKT ASC-yə girov qoyulan qızılzinət əşyalarına yönəldilməsi, həmin qızı-zinət əşyalarının ümumi dəyərininin 130.000 manat müəyyən edilərək, açıq hərracda satılmaqla əldə olunmuş vəsait hesabına götürülmüş kreditin əsas və faiz borclarının bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında 03.12.2019-cu il tarixli, PKLMB-0387 saylı kredit müqaviləsi bağlanmışdır. 03.12.2019-cu il tarixli, PKLMB-0387 saylı kredit müqaviləsinin təminatı olaraq "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında 03.12.2019-cu il tarixli, PKLMB-0387 saylı girov müqaviləsi bağlanmışdır. 03.12.2019-cu il tarixli, PKLMB-0387 saylı girov müqaviləsinin predmeti müvafiq təhviltəslim aktları ilə qeyd edilmiş qızıl-zinət əşyaları təşkil etmişdir. 03.12.2019-cu il tarixli, PKLMB-0387 saylı girov müqaviləsinin 7.1.1-ci bəndinə əsasən girovla təmin edilən öhdəliklər “Girov qoyan” tərəfindən icra edilmədikdə və ya lazımınca ira edilmədikdə "xxxx" BOKT ASC-nin girov predmetinə tutumanın yönəldilməsi hüququ var. Eyni zamanda, tərəflər arasında bağlanmış müvafiq kredit və girov müqavilələri ilə yanaşı, girov təminatı olaraq təqdim edilmiş qızıl-zinət əşyalarının girov qoyanın özünə məxsus olması, kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilmədiyi halda kredit verənin tələbi girov qoyulan əmlaka yönəldəcəyini, bununla bağlı hər hansı etiraz və iddiası olmayacağına dair kredit götürəngirov qoyan tərəfindən müvafiq ərizə də təqdim edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş qızıl-zinət əşyalarının ümumi dəyəri Cavabdeh2 tərəfindən 214.590 manat həcmində qiymətləndirilmişdir. Cavabdeh2 həmin əmlakları qiymətləndirərkən orta bazar qiymətindən qat-qat yüksək dəyərləndirmişdir. Həmin dövrdə qızıl-zinət əşyalarının ümumi dəyəri 130.000 manatdan yuxarı olmuşdur. Cavabdeh1 "xxxx" BOKT ASC-dən götürmüş olduğu pul kreditinin təminatı olaraq girov qoyulmuş həmin qızıl-zinət əşyalarının real dəyəri həmin qiymətləndirmə aktlarında qeyd edilən qiymətdən aşağıdır və onların dəyəri bu günə yaranmış əsas və faiz borcunun ödənilməsinə kifayət etəyəcəkdir. Girov qoyulmuş həmin qızıl-zinət əşyaları açıq hərracda satıldıqda onların dəyəri 130.000 manat məbləğində dəyərləndirilməli və bu öhdəlik Cavabdeh2 həvalə edilməlidir. Bu halın mövcudluğu, yəni hazırki iş üzrə cavabdehlərdən Cavabdeh2 tərəfindən digər Cavabdeh1 "xxxx" BOKT ASC-dən götürmüş olduğu pul kreditinin təminatı olaraq girov qoyulmuş həmin qızıl-zinət əşyalarının real dəyərlərinin düzgün təyin edilməməsi, faktiki dəyərlərindən olduqca yuxarı qiymətlə qiymətləndirməsi "Prokredit” BOKT ASC-nin hüquq və mənafelərinə zidd olmaqla, işin obyektivliyinə, ədalətli həllinə də mane olmaqdadır. Cavabdeh1 ilə "xxxx" BOKT ASC arasında bağlanmış kredit müqaviləsi və onun təminatı kimi bağlanmış girov müqaviləsinə əsasən tərtib edilmiş qızıl-zinət əşyalarının dəyəri barədə aktlar "Banklar haqqında” qanuna əsasən “ümumi borcun 70%-ni keçməməlidir" tələbi ilə ziddiyyət təşkil edir. Girov qoyan Cavabdeh1 kredit müqavilələsindən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirməmiş, kredit müqaviləsinin 4-cü bəndinin bir sıra alt bəndini, həmçinin 4.4.3-cü bəndini mütəmadi olaraq pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsi, əks halda ödənişin təmin olunması girov müqavilələrində göstərilən qızıl-zinət əşyalarına yönəldiləcəyi, həmin girov predmetlərinin satılması hesabına götürmüş olduğu kreditin ödənilməsi (bağlanması) barədə yazılı və şifahi xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Cavabdehdən öhdəliklərinin yerinə yetirməsi istiqamətində məhkəməyə qədər pretenziya qaydasında işin həll edilməsi ilə bağlı tərəflərindən bütün qanuni və prosessual hərəkətlərinə, cəhdlərinə baxmayaraq cavabdeh yenə də müqavilə üzrə öhdəliklərini yerinə yetirmək istəmir, belə ki, qeyd edilən sonuncu xəbərdarlığı (bildirişi) rəsmi qaydada aldıqdan sonra cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı hec bir niyyət bildirişi olmamış, bununla bağlı hər hansı məlumat daxil olmamışdır. Girov qoyan Cavabdeh1 kredit müqavilələsindən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirməmiş, kredit müqaviləsinin 4cü bəndinin bir sıra alt bəndini, həmçinin 4.4.3-cü bəndini mütəmadi olaraq pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsi, əks halda ödənişin təmin olunması girov müqavilələrində göstərilən qızıl-zinət əşyalarına yönəldiləcəyi, həmin girov predmetlərinin satılması hesabına götürmüş olduğu kreditin ödənilməsi (bağlanması) barədə yazılı və şifahi xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Cavabdeh1 "xxxx" BOKT ASC-yə 25 fevral 2020-ci il tarixə 209.644 manat əsas, 14.525 manat faiz, cəmi 224.169 manat borcu yaranmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2447/2020 03.06.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 03.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 192.447 (bir yüz doxsan iki min dörd yüz qırx yeddi) manat məbləğində əsas, 14.525 (on dörd min beş yüz iyirmi beş) manat məbləğində faiz, cəmi 206.972 (iki yüz altı min doqquz yüz yetmiş iki) manat məbləğində borc iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutmanın girov predmeti olan, kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuş, Cavabdeh1 məxsus olan "xxxx" “BOKT ASC-də saxlanılan qızıl-zinət əşyalarına yönəlməsi, həmin girov predmeti olan qızıl-zinət əşyalarının hərracdan (açıq auksiondan) satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra girov predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Fuad Abdıyev). Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir . Apellyasiya şikayəti və dəlilləri:
4. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Prokredit BOKT ASCdən 03.12.2019-cu il tarixdə PKLMB- 0387 saylı müqavilə üzrə 210 000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq 214.590 manat dəyərində qızıl-zinət əşyalarını girov qoymuşdur. Həmçinin bildirmişdir ki, 2020-ci ilin iyun ayına kimi həmin borcu əsas və faizlə birlikdə ödəmişdir. Borcu ödədiyinə görə girov ona qaytarılmışdır. Bu iddiaçının məktubu ilə təsdiq olunmuşdur. Cavabdeh1 girov qoyduğu qızıl əşyalarını bazar dəyərindən aşağı qiymətə, qramı 41 manatla, geri alanda isə 52 manatla qiymətləndirilmişdir. Eyni zamanda Cavabdeh1 şikayətində demişdir ki, hərrac keçirilməmişdir, iddiaçı tərəf yalan söyləyərək qızılların hərracda satılmasını demişdir. Birinci instansiya məhkəməsi zamanı Cavabdeh1 iştirakı təmin edilməmiş, bu halları məhkəməyə çatdıra bilməmiş və işə də birtərəfli araşdırma aparılaraq qiymət verilmişdir.
5. Kollegiya iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
6. Cavabdehlərə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Sübutların tədqiqi:
7. İş materiallarından olan "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" BOKT ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 30% dərəcəsi ilə faiz ödəmək şərti ilə 210.000 manat məbləğində kredit verilmişdir.
8. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 03.12.2019-cu il tarixli PKLMB-0387 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürdüyü 210000 AZN məbləğində kreditdən təşkilata 25.02.2020-ci il tarixə ödənilməmiş 209644 manat məbləğində əsas borcu, 14525 manat faiz borcu olmaqla cəmi 224169 manat məbləğində borcu qalmışdır.
9. İş materiallarında olan Prokredit” BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.12.2019-cu il tarixli girov müqaviləsindən görünür ki, girov predimeti olan qızıl – zinyət əşyaları Prokredit BOKT-nın xeyrinə girova qoyulmuş və girovla təmin edilən pul öhdəliyi Cavabdeh1 tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilə ilə müəyyən edilən digər hallarda bu müqavilə ilə gecikdirilmiş kreditə görə Cavabdeh1 hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin ( əsas borc məbləğinin) 1 faizi miqdarında cərimə ödəməli olması qeyd edilmişdir. Hüquqi dəyərləndirmə:
10. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" BOKT ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 30% dərəcəsi ilə faiz ödəmək şərti ilə 210.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 "xxxx" BOKT ASC-dən kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləğdə pulu almış və müqavilədə göstərilmiş müddətlərdə və məbləğlərdə kredit məbləğinin qaytarılması, habelə ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə banka borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəmədən kənar qaydada görülmüş tədbirlər bir nəticə verməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, 03.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 25.02.2020-ci il tarixinə 209.644 manat məbləğində əsas, 14.525 manat məbləğində faiz, cəmi 224.169 manat məbləğində borcunun yarandığını iddia etmiş və həmin məbləğin cavabdehdən tutulmasını tələb etmişdir.
11. Bundan sonra həmin müqavilə üzrə ümumilikdə 17.197 manat məbləğində ödəniş edilmiş və həmin məbləğ bütünlüklə mövcud olan əsas borcdan silinmiş, faiz borcu dəyişməmişdir. Hazırda iddiaçı həmin müqavilə üzrə Cavabdeh1 02.06.2020-ci il tarixinə 192.447 manat məbləğində əsas, 14.525 manat məbləğində faiz, cəmi 206.972 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləğin ondan tutulmasını tələb edir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
14. Bu hüquq, həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
15. Borc məbləği mübahisələndirildiyindən, Apellyasiya instansiyası məhkəməsi veriləcək məhkəmə qərarının obyektivliyinin təmin edilməsi məqsədi ilə 2(103)-2567/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.
16. Ekspertin rəyində belə nəticəyə gəlinmişdir ki, 03.12.2019-cu il tarixli, PKLMB-0387 saylı, kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh1 27.02.2020-ci il tarixə "xxxx" ASC-nə olan borcu ümumilikdə 224,344 manat məbləğində müəyyən edilir, o cümlədən 27.02.2020-ci il tarixə əsas kredit borcu 209,644 manat və faiz borcu 14,700 manatdır. Həmçinin rəydə qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 27.02.2020-ci il tarixə 204.925,20 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 27.02.2020-ci il tarixə göstərildiyindən 204.925, 20 manat məbləğində ödəniş nəzərə alınmamışdır.
17. MPM-in 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-in 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 16 aprel 2021-ci il tarixli apellyasiya instansiya məhkəməsi baxışı zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, onun borcu qalmamışdır. Əgər borcu qalsa idi əks halda qızılları ona qaytarmazdılar.
18. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, habelə iddiaçı tərəfindən təqdim edilmiş 02.06.2020-ci il tarixli maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, iddia tələbi “əsas borcun tutulması” hissəsində qismən, “faiz borcunun tutulması” hissəsində isə tam təmin edilməli, Cavabdeh1 192.447 manat məbləğində əsas və 14.525 manat məbləğində faiz borcu "xxxx" BOKT ASC-nin xeyrinə tutulmalıdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 03.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür; 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər; 281.1-ci maddəsinə əsasən, girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir.Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir; 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər; 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır; 298.3-cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Eyni zama da Cavabdeh1 apellyasiya şikayətində bildirmişdir ki, 2020-ci ilin iyun ayına kimi qeyd edilən borcu əsas və faizlə birlikdə ödəmişdir. Borcu ödədiyinə görə girov ona qaytarılmışdır. Cavabdeh1 girov qoyduğu qızıl əşyalarını bazar dəyərindən aşağı qiymətə, qramı 41 manatla, geri alanda isə 52 manatla qiymətləndirilmişdir, hərrac keçirilməmişdir, iddiaçı tərəf yalan söyləyərək qızılların hərracda satılmasını demişdir. Cavabdeh1 bütün bunları desə də bununla bağlı məhkəməyə dediklərini təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Həmçinin şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi onun iştirakını təmin etməmişdir.
1. V.Əliyev birinci instansiya məhkəməsində iştirak etməməsi səbəbi kimi iclasın vaxtı barədə xəbəri olmamasını göstərsə də, iddiaçının nümayəndəsi Vəkil bu deyilənlərə cavab olaraq bildirmişdir ki, cavabdeh V.Əliyevin məqsədi işi uzatmaq, pulu ödəməmək üçün bəhanə etməkdən başqa bir şey deyildir. İddiaçının nümayəndəsi söyləmişdir ki, onunla əlaqəni həmişə Bakıdakı ünvanla saxlamışdırlar. Buna sübut kimi hazırkı iclasın vaxtı barədə məlumatı olsa da yenə də iclasda iştirak etmir və heç bir məlumat verməmişdir.
2. Məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, 03.12.2019-cu il tarixli kredit müqavilədən irəli gələn öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq Cavabdeh1 özünə məxsus qızıl-zinət əşyalarını Banka girov qoymuşdur. Bu zaman girov qoyulan qızılzinət əşyaların ümumi dəyəri qiymətləndirici (cavabdeh) Cavabdeh2 tərəfindən 214.590 manat həcmində müəyyən edilmişdir. Hazırda da Cavabdeh1 bu girovla təmin edilmiş öhdəliyini cavabdeh olduğu səbəblərdən icra edə bilmir. İddiaçı da bu səbəbdən tələblərinin ödənilməsi üçün tutmanın girov qoyulmuş bu əşyalara yönəldilməsini tələb edir.
3. Məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdehə bildiriş göndərməklə, 03.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat vermiş və həmin məbləğin ödənilməsini tələb etmiş, əks halda tutmanın girov qoyulmuş qızılzinət əşyalarına yönəldilərək, borcdan silinməsi barədə ona xəbərdarlıq edilmişdir. Lakin borc məbləği bundan sonra da ödənilməmişdir.
4. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.
5. Kollegiya qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra girov predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə girov predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə girov qoyana (cavabdehə) qaytarılmalıdır.
6. Məhkəmə iddia tələbinin “girov predmetinin dəyərinin 130.000 manat müəyyən edilməklə hərracdan satılması” hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında girov müqaviləsi bağlanan zaman girov predmetini təşkil edən qızılzinət əşyaları cavabdeh (qiymətləndirici) Cavabdeh2 tərəfindən 214.590 manat məbləğində qiymətləndirilmiş və saxlanca qəbul edilmişdir. Həmin qiymətləndirmə işi Cavabdeh2 tərəfindən aparıldığından hazırda iddiaçı onu da cavabdeh qismində müəyyən edir və hüquqi nəticə etibarı ilə bu qiymətləndirmənin nəticələri ilə razılaşmayaraq, əmlakın dəyərini 130.000 manat müəyyən edilməklə hərraca çıxarılmasını tələb edir. Halbuki, ipoteka predmetlərindən fərqli olaraq, qanunvericilikdə saxlanca verilən və daşınar əmlak olan (hazırki vəziyyətdə qızıl-zinət əşyası) girov predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən həmin qərarda (qətnamədə) girov predmetinin ilkin satış qiymətinin məcburi (imperativ) qaydada müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bu məsələnin məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icra zamanı icra məmuru tərəfindən həll edilməsi əmlakın həmin vaxt mövcud olan ilkin satış qiymətinin müəyyən edilməsi baxımından daha məqsədə müvafiqdir. Bu səbəbdən apellyasiya məhkəməsi hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.
7. Kollegiya vurğulayır ki, girov predimetinin saxlanmaq üşün Cavabdeh1 qaytarılması girov müqaviləsinin xitamı anlamına gəlmir. Belə ki, bütün bunlar birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra baş verdiyindən məhkəmə bunu da iddia üzrə tələb kimi qiymətləndirir. Məhkəmə borcun nə qədər qalması, nə qədər ödənilməsi məsələsinin artıq icra mərhələsinin predimeti olmasını qeyd edir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. MPM-in 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 360 və 362, 398-400, 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2447/2021 saylı, 03.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.