Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2568/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-558/2025 saylı, 10 fevral 2025ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı və Cavabdeh arasında tərtib olunmuş razılaşmaya əsasən Cavabdeh xx.xx.2024-cü il tarixindən 1000 manat pul saxlayıb şərti odur ki, 3 ay müddətindən qeydiyyatdan çıxandan sonra qaytarılacaq.
2. İddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında istifadəsində olan 0,012811 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 166,48 m2 olan 2 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus ümumi sahəsi 53,65 m2 olan ½ hissədən 1 otaq , y/s15 m2, k/s 6,9 m2 və ½ hissədən qalan hissədən ½ hissə payını X4 mülkiyyətinə verir.
3. X3 ilə X10 və X11 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 rayonu, Salatın Əsgərova küçəsi, dalan 8 ünvanında istifadəsində olan 0,012811 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 166,48 m2 olan 2 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus ümumi sahəsi 31,75 m2 olan ½ hissədən qalan hissədən ½ hissə payından 9,85 m2 hissəni X4, 21,9 m2 hissəni isə X5 mülkiyyətinə verir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixdə ondan aldığı 1000 (bir min) manat, vəkil xidməti üçün ödənilmiş 300 (üç yüz) manat, məhkəmə rüsumu olaraq ödənilmiş 30(otuz) manat, mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 1530(min beş yüz otuz) manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiada göstərilib ki, ünvan 1 ünvanında, istifadədə olan torpaq sahəsində yerləşən 2 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə özünə məxsus olan hissəni və etibarnamə ilə ona hüquq verilən hissəni alıcılar X7 və X2 bağlı Bakı şəhəri 14 saylı Notariat Ofisində, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin fərdi yaşayış evini satan zaman makler fəaliyyəti göstərən Cavabdeh ilə şifahi razılığa gəlmişdir. Evinin satılacağı halda müəyyən məbləğdə qanorara razılaşmışlar. Cavabdeh evi satıldıqdan dərhal sonra əvvəlcədən razılaşdığı məbləği ödəniş etmişdir. Cavabdeh ondan əlavə olaraq 1000 (bir min) manat vəsait tələb edərək bildirdi ki, həmin vəsait 03 (üç) ay müddətində qeydiyyatdan çıxdıqdan sonra ona geri qaytarılacaq. Lakin üzərindən 6 ay vaxt keçməsinə baxmayaraq, Cavabdeh ona pulları geri qaytarmamışdır. Səbəb olaraq onun satdığı evin qüsurlu olması kimi arqumentlər gətirir. Bildirsə də ki, evi satan zaman bütün məsələləri alıcı ilə razılaşdırmış və bunun ona heç bir aidiyyəti yoxdur, üstəlik min manat vəsaiti özündə saxlamağına heç bir əsas yoxdur, o, yenə də min bəhanə ilə pulları geri qaytarmaqdan imtina edir. 1000 (bir min) manat vəsaitə dair xx.xx.2024-cü il tarixdə yazılı razılığa gəlmişlər. “FİDES vəkil bürosunun vəkili Nümayəndə ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 450/24 nömrəli “Hüquqi yardım göstərilməsi haqqında müqavilə”dən məlum olduğu kimi, vəkil tərəfindən göstərilən xidmətin haqqı olaraq 300 (üç yüz) manat ödəniş edilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-558/2025 saylı, 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia tələbinin qismən təmin edilərək Cavabdeh 1000 manat məbləğində pul, 300 manat hüquqi xidmətə görə pul və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı və cavabdeh arasında yazılı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 09 aprel 2024-cü il tarixli İddiaçı və X10 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən razılaşdırılmış məbləğdən 1000 manat məbləğində pulu özündə saxlamış və İddiaçı həmin müqavilə predmeti olan evdən qeydiyyatdan çıxdığı halda pulu qaytaracağına razılaşmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmışdır. İddiaçı qeydiyyatdan çıxdığı üçün alqı-satqı müqaviləsindən Cavabdeh tərəfindən saxlanılmış 1000 manat pulun ona qaytarılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək, həmin pulun yalnız qeydiyyatdan çıxma ilə bağlı deyil, həm də evdə hansısa qüsur yaranarsa, onun aradan qaldırılması məqsədilə saxlanıldığını iddia edir. Həmçinin, iddiaçı tərəfindən ev satıldıqda bir sayğacın olduğunu, lakin evi iki nəfərin alması ilə bağlı əlavə bir sayğacın da pulunun həmin saxlanılmış 1000 manatdan çıxıldığını bildirir. Cavabdeh iddiaçı ilə olan şifahi razılaşmasına əsasən həmin pulun evin qüsurları ilə bağlı saxlanıldığını bildirsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. İddiaçı və cavabdeh arasında bağlanmış müqavilə əsasında iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, satılan ünvanda olan qeydiyyatdan çıxmışdır. Bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh həmin pulun evin qüsurları ilə bağlı da saxlanıldığını qeyd etsə də, bu halı təsdiq edə bilməmiş, müqaviləyə evin qüsurları ilə bağlı pulun saxlanılması bəndini əlavə etməməsini savadsızlığı ilə əlaqələndirmişdir. Beləliklə, iddiaçı və cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini icra etməmişdir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul tutularaq İddiaçı qızına ödənilməlidir. Həmçinin iddiaçı mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bu hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsi ilə bağlı hər hansı sübut təqdim etmədiyindən həmin hissədə iddia təmin oluna bilməz. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə Fides Vəkil Bürosunun hesabına 300 manat pul ödənilmişdir. İddia qismən təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, həmin pulu saxlamaqda məqsəd iddiaçının evdən qeydiyyatdan çıxması və evdə olan qüsurun aradan qaldırılması və sayğacların qoyulmasından ötrü nəzərdə tutulmuşdur. Məhkəmə qətnamədə yazır ki, iddiaçı cavabdehin makler pulunu vermişdir. Xeyr, iddiaçı bu günə kimi onun haqqını verməmişdir. İddiaçı maklerin pulunu verdiyini desə də, onu sübut edə bilməz. Çünki həqiqətən də iddiaçı ona pul verməmişdir. Məhkəmə nəyə görəsə işin bu hissəsinə əhəmiyyət verməmişdir. Məhkəmə evin dam hissəsi ilə bağlı qaldırdığı vəsatət hissəsinə də əhəmiyyət vermədi. Halbuki, evin dam hissəsində su sızma yeri olduğundan, oranı təmir etdirib. Ustanı məhkəməyə gətirsə də, hakim onun dindirmədi. Evin dam hissəsinin foto şəkillərini də ərizəyə əlavə edir. Ayrılmış evin 2-ci hissəsinə su, qaz və işıq sayğacları pul ödənilməklə qoyulmuşdur. Sənədlərinin surətlərinin fotolarını ərizəyə əlavə edir. Yuxarıda qeyd etdiyi çatışmazlıqlarla bağlı iddiaçı ilə şifahi qaydada razılaşmaları olmuşdur ki, iddiaçı ona həmin işlərin görülməsinə çəkilən vəsaitin yarısını ödəyəcəkdir. İddiaçı ilə çox səmimi münasibətləri yarandığından bu hissədə onunla sadə formada müqavilə bağlanmasına ehtiyac duymamışdır. İşdə makler cavabdehin haqqının verilib verilməməsi, evin damının təmir olunubolunmaması və qaz-su-işıq sayğacların qoyulub qoyulmaması, 1 evin 2 yerə ayrılması ilə bağlı xərclərin çəkilməsi kimi faktiki halların sübut edilməmiş və araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından həmin hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından təmin edildiyi hissədə iddia haqlı sayılır.
20. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
22. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
23. Əvvəla cavabdeh tələb edilən məbləği şikayətində göstərdiyi səbəblərə görə saxlamışdırsa, bu səbəbləri imzası ilə təsdiq etdiyi yazılı sənəddə göstərə bilərdi, ancaq göstərməyib, göstərdiyi şərt yalnız iddiaçının satılan mənzildən qeydiyyatdan çıxması ilə bağlı olub ki, sonuncunun da bu öhdəliyi yerinə yetirməsi işin mübahisəsiz halıdır. Demək ki, cavabdehin şikayətində göstərdiyi hallar həqiqi olsa belə yenə də tələb edilən məbləği özündə saxlmalı deyildi. Həmin hallar barədə aralarında şifahi razılaşma olduğu və iddiaçının üzərinə şifahi öhdəliklər götürdüyü barədə dəlillər də inandırıcı və ağlabatan deyil. Çünki həqiqətən də iddiaçının üzərinə bu cür öhdəliklər götürməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Yəni, bəyan etdiyi bu yeni halların həqiqiliyini cavabdeh sübut etməlidir. Ancaq edə bilmir. Ona görə də bu cür dəlillərdən şikayət xatirinə istifadə etməsi hüquqdan sui-istifadə sayılır.
24. Bundan əlavə, birinci instansiya məhkəməsinin “makler pulu” ilə bağlı məsələyə əhəmiyyət verməməsi də şikayəti əsaslı etmir. Çünki bu məsələ hazırkı iddianın yaxud icraatın predmetini təşkil etmir. Cavabdehin iddiaçıya qarşı da hansısa tələbi mövcud deyildir. Ona görə də cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliyini icra etməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-558/2025 saylı, 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-558/2025 saylı, 10 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.