Məhkəmə qərarları › İş №2(103)-257/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-257/2021

14.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-257/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(003)- 3289/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB, Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkməsinə müraciət edərək, cavabdehdən 84,36 manat hesablanmış cari borc və qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 5265,6 manat olmaqla, cəmi 5340,96 manatın, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 22.12.2017-ci il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehin ev xəttinin üzərində G-6 markalı, 22194511W nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh isə müqaviləyə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməli olduğu halda bunu etməmiş və nəticədə 84,36 manat cari borcu yaranmışdır. Bundan başqa, cavabdeh quraşdırılmış sayğaca müdaxilə edərək, təbii qazdan qanunsuz olaraq istifadə etməklə, iddiaçıya zərər vurmuş, bu barədə 22.12.2016-ci il tarixdə akt tərtib edilmişdir. Dəymiş zərər İddiaçı İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30.12.2016ci il tarixli qərarına əsasən 5265,60 manat (Tarif Şurasının müəyyən etdiyi tarifə əsasən 1 m³ üçün 0,10 manat hesabı ilə) müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(003)- 3289/2019 saylı qətnaməsi ilə (hakim Hüseyn Hüseynli) iddia rədd olunmuşdur. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayətin dəlilləri ondan ibarətdir ki, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı əlavə xətt aşkar edilməsə də, həmin xəttin olduğu qaynaq yeri və cavabdehə məxsus istixananın yanında yerləşən hasarın altında qazıntı yeri aşkar edilmişdir. Məhkəmə isə, bunları nəzərə almadan əlavə xəttin məhz cavabdehin ünvanına çəkilməsinin sübuta yetirilmədiyini bildirmişdir. Məhkəmənin mülahizəsindən belə nəticəyə gəlmək olar ki, 2016-cı ilin dekabr ayında ləğv edilən əlavə xəttin mövcud olmasını sübuta yetirmək üçün həmin xətti ləğv etməzdən əvvəl olduğu vəziyyətdə məhkəməyə göstərmək lazımdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə görə, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 22.012.2016-cı il tarixli aktda ünvan 1 ünvanında abonentin (iş üzrə iddiaçı) istixanada qaz xəttindən sayğacsız istifadə etdiyi qeyd olunmuşdur. İddiaçı İB-nin 30.12.2016-cı il tarixli qərarına əsasən hesablanmış 52656 m3 itirilmiş qazın dəyərinin ödənilməsi qərara alınmış, bununla əlaqədar, İddiaçı İB tərəfindən iddiaçıya dəymiş ziyana görə 5265,60 manat borc hesablanmışdır. Hazırda iddiaçı qeyd edilən akta əsaslanaraq, cavabdeh tərəfindən qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsinin aşkar olunmasını iddia etmiş, həmin akta əsasən əlavə sərfiyyat hesablanmasını və s. göstərmişdir. Cavabdeh isə etirazının əsası kimi sayğacdan kənar təbii qazdan istifadə etməməsini, aktların birtərəfli qaydada tərtib olunmasını, onun iştirakının təmin olunmamasını və s. göstərmidir. İşə birinci instansiya məhkəməsində baxılarkən 29.10.2019-cu il tarixdə məhkəmə tərəfindən sözügedən ünvana yerli baxış keçirilmiş və baxış protokolunda qeyd edilmişdir ki, məhkəmə tərəfindən həmin istixanada qaz sayğacı və qaz xəttinin mövcud olması, lakin iş materiallarında olan əlavə xəttin mövcudluğunu təsdiq edən şəkillərdə cavabdehin ünvanı ilə yanaşı digər ünvanların da olduğu müəyyən edilmişdir. Aktı tərtib etmiş şəxs cavabdehə məxsus olan evin həyətinə daxil olmadıqlarını, əlavə xəttin müəyyən edildiyini və güman olaraq cavabdehin ünvanına çəkildiyini bildirmişdir. Yerli baxış zamanı əlavə xəttin çəkildiyi yerdə ana qaz və su xəttinin olduğu müəyyən edilmişdir. Lakin əlavə xəttin su və ya qaz xəttindən götürülməsi və məhz cavabdehin ünvanına çəkilməsi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi, iddia tələblərini rədd edərkən, qanunvericiliyin tələblərinə və yerli baxışın nəticələrinə istinad etməklə bu qənaətə gəlmişdir ki, iddiaçının borcun əsası kimi istinad etdiyi akt qanuna uyğun şəkildə tərtib olunmamış, cavavdehə məxsus ünvanda sayğacdan kənar əlavə xətt aşkar edilməmiş, eyni zamanda iddiaçı, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə əks olunmuş əlavə xəttin cavabdeh tərəfindən istifadə edildiyini və cavabdehin təbii qazdan istifadəyə görə cari debitor borcunun mövcud olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası, iddia tələblərinin rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra, Qaydalar) 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaçının istinad etdiyi 22.12.2016-cı il tarixli, ******* saylı aktdan görünür ki, o, qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, iddiaçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Baxılan işdə isə, iddiaçı, cavabdehin istinad etdiyi aktda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə olunmuş fotoşəkildən də qoşulma faktının olmasını birmənalı müəyyən etmək olmur. Eyni zamanda, apellyasiya baxışında məhkəmə kollegiyası tərəfindən mübahisənin düzgün həlli üçün 05.02.2020-ci il tarixli qərardada əsasən iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekepertizası Mərkəzinin 15.01.2021-ci il tarixli, 9/5148 saylı ekpert rəyinə əsasən, ekpert tərəfindən abonentin ünvanına baxış keçirilmədən, yalnız iddiaçının təqdim etdiyi akt əsasında rəy verilərək, aktın doğruluğu təsdiq olunmuşdur. Rəylə bağlı izah verilməsi məqsədilə məhkəmə iclasına dəvət olunmuş ekspert izahatında bildrimişdir ki, həmin vaxt sərt karantin rejimi ilə əlaqədar sözügedən ünvana baxış keçirilməsi mümkün olmadığından, aktda qeyd olunanlar əsasında rəy verilmişdir, yenidən ekeprtiza təyin olunarsa, mübahisəli məsələyə yerinə yoxlanılmaqla qiymət veriləcəkdir. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası tərəfindən 13.04.2021-ci il tarixli qərardadla ekspert qarşısında eyni suallar qoyulmaqla əlavə mühəndis-texniki ekspertizası təyin olunmuş və Məhkəmə Ekepertizası Mərkəzinin 06.07.2021-ci il tarixli, 10/2634 saylı ekpert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertin iştirakı ilə abonentin ünvanına baxış keçirilmiş və aparılmış tədqiqatın nəticəsində tədqiqat obyektində təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Kollegiya vurğulayır ki, ekspertiza rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, kənar xəttə qoşulma ixtisaslı şəxslərin rəyi ilə təkzib edildiyi halda, cavabdeh təşkilatın tərəfsiz şəxslərin iştirakı olmadan tərtib etdiyi akt, habelə mənbəyi və işə aidiyyəti müəyyən olunmayan fotoşəkillər iddiaçının qazdan sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz. Ona görə də, iddiaçının sayğacdan kənar qazdan istifadə etməsi sübut olunmadığı halda ona cərimə (əlavə sərfiyyat) hesablanması qanunvericiliyin mənasına görə mümkün deyildir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddia qeyd edilən hissədə əsassız olduğundan xərclərin ödənilməsi (pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkilmiş 300 manat xərc və ödənilmiş 30 manat dövlət rüsumu) hissədə də təmin oluna bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(003)- 3289/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(003)- 3289/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar