Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2572/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan (LPO) "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1612/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 199.378 manat 34 qəpik əsas borc, 8.800 manat 34 qəpik faiz, 33.781 manat 80 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 241.960 manat 48 qəpik məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli ZB-Ə № Y-450 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 7 % ödənilməsi şərti ilə 200.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borc alan bankdan aldığı krediti və ona hesablanmış faizi ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 199.378 manat 34 qəpik əsas borc, 8.800 manat 34 qəpik faiz, 33.781 manat 80 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 241.960 manat 48 qəpik məbləğində kredit borcu mövcuddur. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1612/2020 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, qərar banka xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımını müqavilənin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən hesablamaqla və iddia tələbini rədd etməklə səhv etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək, iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqlarının pozulub-pozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 200.000 manat kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Məhkəmə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək, iddianı rədd etmişdir. Qeyd olunmalıdır ki, iddia tələbinin əsasını tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli ZBƏ № Y-450 saylı kredit müqaviləsi üzrə kredit borcunun cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin pozulması təşkil edir. Hesab edirlər ki, iddiaçının hazırki iddia tələbi haqlı tələb olmaqla, kreditor kimi öhdəliyin icra olunmasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbi təmin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4795/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1612/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(102)-4992/20 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4795/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi qərarını aşağıdakılarla əsaslandırmışdır: Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiq edilərkən həmin maddənin tətbiqi üçün Mülki Məcəllənin digər normaları nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin vaxt hesabı ilə bitməsi özü-özlüyündə Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiqi üçün əsas deyil. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə iddia müddətinin axımı həm də şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Lakin apellyasiya məhkəməsi işin bu halını Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbləri baxımından müəyyən etməmişdir. Bu baxımdan, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə bağlı işin halı müəyyən edilmədən Mülki Məcəllənin 373.2-ci maddəsinin tətbiqi əsaslı sayıla bilməz. L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə olunmuş hüquqi mövqeyinə görə də iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Bundan başqa, iddia müddəti tətbiq edilərkən iddia müddətinin axımının nə vaxtdan dayanması və kəsilməsi hallarının olub-olmaması da müəyyən edilməlidir. Mülki Məcəllənin 380-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Cavabdeh kredit müqaviləsi üzrə ödənişlər etdiyini bildirsə də, apellyasiya məhkəməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olan işin bu halı ilə bağlı hər hansı araşdırma aparmamış, iddia müddətinin axımının kəsilməsi vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən cavabdehin sonuncu ödənişinin nə vaxt olması ilə bağlı işin halını müəyyən etməmişdir. Belə olan halda, iddia müddətinin tətbiqi barədə gəlinən nəticə də əsaslı sayıla bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin iddia müddəti ilə bağlı tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Təkrar apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-1612/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş xx.xx.2011-cü il tarixli ZB-Ə № Y-450 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 7 % ödəmək şərti ilə 200.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin müddəti xx xxx 2016-cı il tarixdə başa çatır. İş materiallarından xx.xx.2019 maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixə 199.378 manat 34 qəpik əsas borc, 8.800 manat 34 qəpik faiz, 33.781 manat 80 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən) gecikdirilmiş vaxt üçün faiz borcu vardır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, hazırkı kredit müqaviləsi üzrə üç dəfə olmaqla, cəmi 16516,78 manat ödəniş aparılmış, sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə edilmişdir. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən Bankın ləğvedicisi təyin edilmişdir. İş materialları və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edilir ki, arasında xx.xx.2011-ci iltarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh illik 7% ödənilmək şərti ilə 200.000 manat məbləğində kredit vermiş, cavabdeh həmin kredit müqaviləsi üzrə cəmi 16516,78 manat olmaqla, üə dəfə ödəniş etsə də (sonuncu dəfə xx.xx.2014-cü il tarixdə), sonradan öhdəliklərinin icrasından yayınmış və nəticədə onun bank qarşısında 199.378 manat 34 qəpik əsas borc, 8.800 manat 34 qəpik faiz borcu, 33.781 manat 80 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, ümumilikdə 241.960,48 manat məbləğində borcu yaranmışdır. Həmçinin, iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılan zaman hazırkı iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə ərizə vermişdir., işə baxan məhkəmə iddia müddətini tətbiq edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin müəyyən edilən hallarından, qanunvericiliyin sadalanan normalarından və KM Plenumunun yuxarıda sadalanan Qərarlarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ümumilikdə 241.960,48 manat məbəlğində borc Cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində yaranmış və Bankın ləğvedicisinin həmin məbləği cavabdehdən tələb etməyə subyektiv hüququ olmuşdur. Lakin iddiaçı bu tələbə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, Cavabdeh tərəfindən kredit borcu üzrə sonuncu ödəniş xx xxxx 2014-cü il tarixində olmuş, müqavilənin müddəti isə xx.xx.2016-cı ildə başa çatmışdır. İddiaçı bu müddətin üzrlü səbəbdən ötürülməsinə, habelə iddia müddətinin axımının kəsilməsinə səbəb ola biləcək hər hansı hala dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə yazılı ərizə təqdim etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər əsassızdır və birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürülməsinə əsaslanaraq iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı LPO "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1612/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2572/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2572/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver