Məhkəmə qərarları › İş №2(103)-2575/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2575/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2575/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2575/2023 (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil Əlizaman oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi tələbi"nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, İddiaçı adına tam mülkiyyət hüququ üzrə rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 14, 37 nömrəli mənzilə su sızması nəticəsində ziyan dəymiş və dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi tələbi" nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun mənzilinə vurulmuş ziyana görə təmir-bərpa işləri üçün cəmi 1121,50 manat pulun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İddia tələbləri dəqiqləşdirilmişdir.).

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı seriya MA, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 14, 37 nömrəli mənzilin mülkiyyətçisidir. Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 14, 18 saylı mənzildən iddiaçının mənzilinə su axıntısı baş vermiş və hələ də davam etməkdədir. İddiaçı cavabdehə dəfələrlə bu halın aradan qaldırılması barədə xəbərdarlıq etsə də, cavabdeh tərəfindən heç bir zəruri tədbir görülməmişdir. Mənzillərə baxış keçirilmiş və bu barədə xx.xx.2022-ci il tarixdə 33 saylı MKİS tərəfindən akt tərtib edilmişdir ki, həqiqətən iddiaçının mənzilinə iddiaçının iddia etdiyi mənzilə su sızması nəticəsində zərər dəymişdir. Göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 14, 37 nömrəli mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1121,50 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3682/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin olunmuşdur.

5. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.3, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1,76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onun yaşadığı mənzil 14 saylı evin 1-ci blokunun 6-cı mərtəbəsində, iddiaçının mənzili isə 14 saylı evin 2-ci blokunun 4cü mərtəbəsində yerləşir. Əgər su sızması onun mənzilindən baş vermişdirsə, bu hal ilk növbədə ondan aşağıdakı mərtəbəyə - 5-ci mərtəbəyə sızmalı, oradan isə 4-cü mərtəbəyə sızmalı idi. Eyni zamanda onun mənzilindən sızan su ilk olaraq ondan aşağı mərtəbədə olan qonşulaın evində müşahidə olunardı və bu barədə ona heç olmasa bir dəfə xəbərdarlıq etmiş olardılar. Lakin bu vaxta kimi yaşadığı blok üzrə heç bir qonşu ona heç bir irad bildirməmişdir. O, mənzilində yaşadığı müddətdə su sızması adı ilə iddiaçı heç vaxt ona qarşı mənzilinə zərər yetirilməsi barədə iradlar bildirməmişdir. Həmçinin iddiaçının mənzilinə vurulmuş zərərin həcmi baradə onların heç bir məlumatları olmamışdır. Mübahisəli işin məhkəmə araşdırılmasında, o, yalnız bir məhkəmə baxışına dəvət olunmuş və işin mahiyyətinin araşdırılmasını xahiş etsə də məhkəmə onun xahişini nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edərkən su sızmasını müəyyən edən ekspertiza rəyinə əsaslanmışdır. İş üzrə 33 saylı MKİS-in işçiləri tərəfindən tərtib edilən akt da reallığı əks etdirmir. Belə ki, həmin Aktı tərtib edənlər iddiaçının mənzilinə su sızması nəticəsində ziyan vurulduğunu, lakin, suyun hansı mənzildən sızması müəyyən etməmişlər. Eyni zamanda məhkəmə mənzilin təmirinin dərəcəsini müəyyən etməmiş, mənzilə hansı həddə zərər dəyməsi və s. hallar aydınlaşdılmamışdır. Həmçinin, ekspert rəyində göstərmişdir ki, guya 18 saylı mənzildən 34 saylı mənzilə suyun sızmasını “sudan nazarətsiz istifadə edilmesi, mənzilin su və kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar texniki avadanlıqların istifadə edilməsində baş verə bilər” göstərmasinə baxmayaraq, ekspert 34 saylı mənzildə su və kanalizasiya xətlərinin texniki vəziyyətini aydınlaşdırmamışdır. Həmçinin, ekspert 34 saylı mənzilin təmirinə sərf edilməli vəsaitin 121.50 manat olduğunu göstərsə də, lakin su sızması nəticəsində hansı məbləğdə ziyanın dəyməsini göstərmişdir. Belə çıxır ki, məzilə dəymiş ziyanın həcmini müəyyən etmədən, mənzilin təmirinə zəruri olan vəsaiti 1121.50 manat olmasını göstərir. Bu əsasızdır. Çünki, su sızması nəticəsində vurulmuş zərərin həddi müyyən edilməli olduğu halda, ekspert mənzilin təmir-bərpa işlərinə sərf edilməli olan məbləği müəyyən edir.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri 8.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, ekspertlər iddiaçının mənzilinə suyun məhz cavabdehin mənzilindən axıdılmasını texniki cəhətdən müəyyən edə bilməyiblər. Tərəflərin mənzilləri eyni blokda deyil, ayrı ayrı bloklarda yerləşir, ona görə də 1-ci blokun 6-cı mərtəbəsindən, 2-ci blokun 4-cü mərtəbəsinə su sızması mümkün deyil, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mənzilə suyun cavabdehin mənzilindən sızması halı həm 33 saylı MKİS tərəfindən tərtib edilmiş aktla, həm də ekspert rəyləri iə müəyyən olunur, ona görə də hesab edir ki, ona dəyən ziyan da elə cavabdehdən tutulmalıdır. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

15. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 76.1 və 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə apellyasiya şikayəti ilə qətnamənin tam ləğvi tələb edildiyindən apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 14, mənzil 37 İddiaçı məxsusdur.

26. Nəsimi rayon 33 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli aktla müəyyən olunur ki, 37 saylı mənzilə baxış keçirilən zaman məlum olmuşdur ki, 1-ci girişdə yerləşən Cavabdeh məxsus 18 saylı mənzildən binanın 2-ci girişinin 37 saylı mənzilinə su axmış və hal-hazırda su axıntısı davam edir. Su axıntısı nəticəsində mənzilin yataq otağının tavanı və divarı islanmışdır.

27. Birinci instansiya məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/6594 nömrəli, 10 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 14, 37 saylı mənzilə 18 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Su sızma hallarının baş vermə səbəbinə dair rəyin tədqiqat hissəsində göstərilən amilləri nəzərə alaraq, 37 saylı mənzilə su sızması 18 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 18 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 14, 37 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1121,5 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

28. Apellyasiya instansiya məhkəməsində iş üzrə obyektivliyin təmin edilməsi üçün əlavə məhkəmə tikinti-texniki məhkəmə ekspertizası təyin edilmişdir və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2827 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 14, 37 saylı mənzilə 1-ci blokun 18 saylı mənzilindən su sızması baş vermişdir, həmçinin rəydə qeyd edilmişdir ki, 18 saylı mənzildə sanitar qovşağının su və kanalizasiya xətləri ləğv edildiyindən, oradan anbar kimi istifadə edildiyindən sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Ekspert qeyd edilən amilləri nəzərə alaraq rəydə su sızma halının səbəbi kimi 18 saylı mənzildə su, kanalizasiya boru xətlərində qəzanın yaranması və sudan nəzarətsiz istifadə edilməsini göstərmişdir.

29. Bununla da kollegiya belə qənaətə gəlir ki, həm 33 saylı MKİS-in tərtib etdiyi aktla, həm də hər iki instansiyada keçirilmiş ekspertizanın nəticəsi olaraq ekspert rəyləri sübut olunur ki, həqiqətən də Cavabdeh məxsus Solmaz Məcid qızının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 14, 1-ci blok, 18 saylı mənzildən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 14, 2-ci blok, 37 saylı mənzilə su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir.

30. Kollegiya hesab edir ki, ekspert rəyləri işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının mənzilinə dəyən zərərin məhz cavabdehin mənzilindən suyun axıdılması nəticəsində baş verdiyindən sonuncunun məsuliyyət daşıması qənaətinə gəlinməsi normaldır, bu səbəbdən də delikt törədən şəxs kimi Cavabdeh vurulmuş zərəri iddiaçıya ödəməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü arqumentlərin heç bir mötəbərliliyi yoxdur.

31. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün əməl olunmuşdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

33. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

35. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar