Məhkəmə qərarları › İş №2(103)-2575/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2575/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2575/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X14, Cavabdeh2, X11 və Cavabdeh6 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X15 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehlər X14 və Cavabdeh2 nümayəndəsi Vəkil3, Cavabdeh4 nümayəndəsi X8, Cavabdeh6 nümayəndəsi Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X14, Cavabdeh2, X11 və Cavabdeh6 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(004)-4693/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X14, Cavabdeh2 və Cavabdeh6 verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin Halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(060)-6055/2017 saylı qətnaməsinə əsasən İddiaçı ilə "xxxx" MTK arasında 12 avqust 2010-cu il tarixdə bağlanmış 121 saylı "xxxx" müqavilə ləğv edilmiş, "xxxx" MTK-dan 20000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması baradə” 30 mart 2023-cü il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(060)-6055/2017 saylı icra sənədi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən, məhkəməyə geri qaytarılması qərara alınmışdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiyası” sistemindən alınan çıxarışa əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmişdir. Cavablarına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisinin olmaması müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəmə sorğusuna 23 oktyabr 2023-cü il tarixli **********430800 nömrəli cavab məktubundan görünür ki, dövlət reyestr məlumatlarında "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri X4, Cavabdeh3, Cavabdeh4, X14, Cavabdeh2 və Cavabdeh6dur.

4. Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirilmiş 07 iyun 2016-cı il tarixli, 17 iyun 2016-cı il tarixli və 14 iyul 2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 02 dekabr 2015-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi qismində X11 tanınmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X14, Cavabdeh2, X11 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 20000 ABŞ dolları məbləğdə pul ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, hüquqi yardıma çəkilmiş 220 manat xərc, o cümlədən dövlət büdcəsinə ödənilmiş 192 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçı X5 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017ci il tarixli, 2(060)-6055/2017 nömrəli qətnaməsi ilə X3 "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iddiası qismən təmin edilərək, İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 12 avqust 2010-cu il tarixdə bağlanmış 121 saylı "xxxx" müqavilə ləğv edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativindən 20000 ABŞ dolları məbləğində pul ödənişi gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(060)-6055/2017 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Lakin "xxxx" MTK-nın əmlak və gəlirləri müəyyən edilmədiyindən icra sənədi onu vermiş məhkəməyə geri qaytarılmışdır. İddia ərizəsinə əlavə edilmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 17 aprel 2022-ci il tarixli məktubundan da görünür ki, cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X14, Cavabdeh2, X11 və Cavabdeh6 "xxxx" MTK-nın üzvləridir. Göründüyü kimi "xxxx" Mənzil- Tikinti Kooperativinin İddiaçı münasibətdə 20000 ABŞ dolları məbləğində pul öhdəliyi olduğu halda, kooperativin vəzifəli şəxsləri icra məmuru tərəfindən qətnamənin könüllü icrası üçün xəbərdarlığın verilməsinə baxmayaraq, imperativ norma ilə müəyyən edilmiş 2 ay ərzində qətnamənin icra edilməsi üçün qanunla müəyyən edilmiş tədbirləri görməmişdir. Digər tərəfdən qətnamənin məcburi icrası üçün kooperativin əmlak və vəsaiti aşkar edilməmişdir.

7. İddiaçının nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər – "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri Cavabdeh3, Cavabdeh4, X9, Cavabdeh2, X6 və Cavabdeh6 müştərək qaydada maddi zərərin əvəzi kimi 20000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan məzənnə ilə), habelə hüquqi yardıma çəkilmiş 220 manat xərcin, o cümlədən dövlət büdcəsinə ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh3 iddia ərizəsinə etirazının dəlillərinə əsasən, İddiaçı tanımır və onu heç bir vaxt görməmişdir. Eyni zamanda, "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvü deyil və iddia tələbinin ona aidiyyəti yoxdur. Ona görədə iddia tələbinin əsassız olduğunu təmin edilməməsini xahiş edilmişdir.

9. Cavabdeh6 iddia ərizəsinə etirazının dəlillərinə əsasən, iddianın hüquqi əsası kimi kooperativ haqqında əsas müddəalar, üzvləri və əmlakı ilə bağlı normalar təsbit olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109 - 110-cu maddələrinə istinad etmişdir. Lakin iddiaçının istinad etdiyi Mülki Məcəllənin qeyd olunan maddələrin tələbləri irəli sürülən iddianı əhatə etmir və məhkəmə qətnaməsi əsasında MTK-ya yönəldilən qeyd olunan tələbin onun üzvlərinə (təsisçilərinə) müştərək qaydada yönəldilməsinin hüquqi əsası yoxdur. Belə ki, iddiada adı çəkilən 20000 ABŞ dollar MTK-nın fəaliyyətinin təmin edilməsi üçün yaranan və illik balansa müəyyən olunan zərərlər deyil, fəaliyyəti ilə bağlı üçüncü şəxsin qarşısında yaranan öhdəlikdir. İddia ərizəsində tələb olunan 20000 ABŞ dollar məbləği məhkəmə qaydasında müəyyən edilmiş və barəsində qanuni qüvvəsində olan qətnamə mövcud olduğundan, yenidən araşdırmasına yol verilməyən, mübahisə olunmayan haldır. Eyni zamanda həmin məbləğlə bağlı məhkəmə qətnaməsində müəyyən edilən digər halların da mübahisələndirilməsinə və yenidən sübutuna və ya başqa formada izahına yol verilmir. Həmin qətnamə ilə tələb MTK-nın təsisçilərinə deyil, MTK-ya yönəlmişdir. Qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, tələbin təmin olunmasına əsas olmuş mənzil tikintisi haqqında müqavilə iddiaçı ilə MTK arasında bağlanmışdır. Müqavilə münasibəti mənzil sahəsinin təqdim edilməsi ilə əlaqəli MTK-nın fəaliyyəti ilə bağlı olmuşdur. "xxxx" MTK Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 ünvanda yüksək mərtəbəli yaşayış evinin layihələndirilməsi və inşası məqsədləri üçün yaradılmış, adı çəkilən layihə tam icra edilmiş, bina komplekslərinin inşası 2011-ci ildə tamamlanmış və binanın sahələri onun üzvlərinin istifadəsinə verilmişdir. Bundan sonra MTK-nın gəlir və zərərləri ilə bağlı balans tərtib edilmiş kooperativin üzvləri tərəfindən ödənilməmiş üzvlük haqlarının qaldığı müəyyən edilməmişdir. 2012-ci ildən MTK-nın fəaliyyəti dayandırılmış, binada komendantlıq yaradılmış və bina sakinlərin idarəçiliyinə keçmişdir. "xxxx" MTK-nın üzvləri yalnız onun nizamnaməsində adları keçən 5 nəfərdən deyil, onun tərəfindən inşa edilmiş binada sahəyə malik hər bir üzvüdür və hüquq - vəzifələri baxımında, nizamnamədə keçən üzvlər digər üzvlərdən yalnız kooperativin təsisi və idarə edilməsində səsvermə hüququna malik olduqlarına görə fərqlənirlər. İddia üzrə tələb pul məbləğinin tutulması ilə bağlı olduğundan, cavabdehin əmlak məsuliyyəti ilə müəyyən edilməlidir. MTK-nın üzvlərinin hər hansı birinin onun üçün müəyyən edilən əlavə əmlak payının ödənilmədiyi hal müəyyən edilmir və son olaraq fəaliyyətinin dayandırıldığı 2012-ci il üçün verilmiş balans hesabatında üzvlərin əlavə əmlak pay haqqı üzrə öhdəlik qeydə alınmamışdır. Cavabdeh MTK-nın üzvlərdən biri olaraq, üzvlüyə qəbul ediləndə müəyyən edilmiş mütləq əmlak payını, daha sonra da tikintinin layihələndirilən zaman müəyyən edilən əlavə əmlak payını vaxtında tam şəkildə ödəmişdir. Göründüyü kimi kooperativin üçüncü şəxslər qarşısında borcuna görə üzvlərdən biri olaraq ondan subsidiar qaydada hər hansı bir məbləğdə ödəniş tələb edilməsi ilə bağlı olan hazırkı iddianın heç bir hüquqi əsası yoxdur.

10. Cavabdeh4 iddia ərizəsinə etirazının dəlillərinə əsasən, iddia ərizəsində cavabdeh kimi göstərilməyinə baxmayaraq iddiaçı X10 ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış hər hansı müqavilə öhdəliyinə görə cavabdehlik daşımir. Ona görə ki, o "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvü kimi göstərilsə də, faktiki olaraq kooperativ ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Ona görə də məhkəmədən etirazının təmin edilməsini, kooperativin və ona aid hissənin rədd edilməsini xahiş edir.

11. Cavabdeh2 iddia ərizəsinə etirazının dəlillərinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı xeyrinə tutulmalı olan məbləğ MTK-nın fəaliyyətinin təmin edilməsi üçün yaranmış və illik balansa görə müəyyən edilmiş zərərdən ibarət deyildir. Bu, MTK-nın fəaliyyəti nəticəsində üçüncü şəxs qarşısında yaranmış öhdəlikdir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hüquq normaları da işin faktiki halları və mahiyyəti ilə uyğunluq təşkil etmir. İddiaçı istinad etdiyi Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(060)- 6055\2017 nömrəli qətnaməsində tələb "xxxx" MTK-nın təsisçilərinə deyil, onun özünə yönəlmişdir. "xxxx" MTK-nın yaradılmasında məqsəd yaşayış binasının layihələndirilməsi və inşaası olmuş, 2011-ci ildə MTK layihəni tam şəkildə icra etmiş, binanın inşası tamamlanaraq sahəsi üzvlərin istifadəsinə verilmişdir. Cavabdeh koperativ üzvlərindən biri kimi özünə düşən payı almışdır. "xxxx"MTK-nın fəaliyyəti 2012-ci ildən dayandırılmışdır. "xxxx"MTK-nın üzvlərinin üzvlük və ya əlavə üzvlük haqlarının ödənilməyən hissəsi mövcud deyildir. "xxxx" MTK-nın üzvləri təkcə onun Nizamnaməsində adları olan şəxslərdən deyil, həmçinin sözügedən binada müvafiq paya (sahəyə) malik olan hər bir şəxsdən ibarətdir. "xxxx" MTK-nın Nizamnaməsində adları olan şəxsləri, MTK-nın digər üzvlərindən fərqləndirən sadəcə onların idarəetmədə səsvermə və təsis hüquqlarının olmasıdır. İddiaçı cavabdehin qarşısında hər hansı pul öhdəliyinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki iddiaçının tələbi pulun tutulmasından ibarətdir ki, o da MTK-nın əmlak məsuliyyəti ilə əhatə olunur. Hazırkı iş üzrə kooperativ üzvlərinin maddi məsuliyyəti əlavə haqların verilməmiş hissəsi həcmindədir. Lakin bu mübahisə üzrə iddiaçı sübut edə bilmir ki, MTK üzvlərindən hər hansı birinin onun üçün ayrılmış əlavə əmlak payı ödənilməmişdir. Cavabdeh müəyyən edilmiş payını və əlavə olaraq tikinti layihələndirilən zaman müəyyən edilmiş əmlak payını vaxtında tam şəkildə ödəmiş və uzun illərdir ki həmin MTK ilə heç bir əlaqəsi yoxdur və hər hansı sənədlərdə adı keçmir və imzası da mövcud deyildir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(004)- 4693/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

13. Məhkəmə Mülki Məcəllənin 110-3, 110.4-cü maddələrinin tələblərinə əsasən hesab etmişdir ki, iddia əsaslıdır, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıdıqlarından, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı verilməsi qət edilmiş – 20000 ABŞ dolları pul vəsaiti subsidiar qaydada "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçiləri olan üzvləri cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, X9, Cavabdeh2, X2 vərəsəsi X6 və Cavabdeh6 müştərək qaydada tutularaq, İddiaçı ödənilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.1ci, 110-3.4, 110.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

16. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam rədd edilməsini xahiş etmişdir.

17. Cavabdeh X14 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam rədd edilməsini xahiş etmişdir.

18. Cavabdeh3 Abbasqulu oğlu qətnamədən apellyasiya şikayəti verərək, ona aid hissədə ləğv edilib, iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir.

19. Cavabdeh6 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir.

20. Cavabdeh4 şikayətinin dəlillərinə görə, cavabdeh kimi kooperativ məhkəmə qaydasında ləğv edilməmişdir. Eyni zamanda bu “kooperativin üzvü” kimi onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Əlavə haqq isə müəyyən edilməmiş və verilməmişdir. Məhkəmə mövcud borc öhdəliyi məsələsini həll edilərkən formal mülahizələrdən çıxış edərək, kooperativ ləğv olunmadığı, onun bu kooperativin fəaliyyətində heç bir iştirakının olmadığı, kooperativədə olan pay haqqı həcmində maddi məsuliyyət daşıması halda pul tələbi ilə bağlı kimi işin əhəmiyyətli hallarını araşdırmamışdır.

21. Cavabdeh2 şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarının (Azərbaycan Respublikası MPM-in 217.1 və 217.3-cü maddələri) tələblərini kobud şəkildə pozaraq qəbul etdiyi qətnamədə iddianın qanuni və əsaslı olmasını kifayət qədər əsaslandırmamış, 3-5 cümlə və MM-in 110-3, 110.4-cü maddələrinə istinad etməklə kifayətlənmişdir. Lakin, İddiaçı hazırki iş üzrə iddia tələbi ona münasibətdə tamamilə əsassız olmaqla yanaşı formal mülahizələrdən ibarətdir və məhkəməni yanıltmaqla məqsədinə nail olmağa yönəlmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə İddiaçı xeyrinə tutulmalı olan məbləğ MTK-nın fəaliyyətinin təmin edilməsi üçün yaranmış və illik balansa görə müəyyən edilmiş zərərdən ibarət deyildir. Bu, MTK-nın fəaliyyəti nəticəsində üçüncü şəxs qarşısında yaranmış öhdəlikdir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hüquq normaları da işin faktiki halları və mahiyyəti ilə uyğunluq təşkil etmir. İddiaçı istinad etdiyi Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsində tələb "xxxx" MTK-nın təsisçilərinə deyil, onun özünə yönəlmişdir. "xxxx" MTK-nın yaradılmasında məqsəd yaşayış binasının layihələndirilməsi və inşası olmuş, 2011-ci ildə MTK layihəni tam şəkildə icra etmiş, binanın inşası tamamlanaraq sahəsi üzvlərin istifadəsinə verilmişdir. O da koperativ üzvlərindən biri kimi özünə düşən payı almışdır. "xxxx" MTK-nın fəaliyyəti 2012-ci ildən dayandırılmışdır. MTKnın üzvlərinin üzvlük və ya əlavə üzvlük haqlarının ödənilməyən hissəsi mövcud deyildir. MTK-nın üzvləri təkcə onun Nizamnaməsində adları olan şəxslərdən deyil, həmçinin sözügedən binada müvafiq paya (sahəyə) malik olan hər bir şəxsdən ibarətdir. MTK-nın Nizamnaməsində adları olan şəxsləri, MTK-nın digər üzvlərindən fərqləndirən sadəcə onların idarəetmədsəsvermə və təsis hüquqlarının olmasıdır. İddiaçı onun qarşısında hər hansı pul öhdəliyimin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçının tələbi pulun tutulmasından ibarətdir ki, o da MTK-nın əmlak məsuliyyəti ilə əhatə olunur. Hazırkı iş üzrə o da qeyd edilməlidir ki, kooperativ üzvlərinin maddi məsuliyyəti əlavə haqların verilməmiş hissəsi həcmindədir. Lakin bu mübahisə üzrə iddiaçı sübut edə bilmir ki, MTK üzvlərindən hər hansı birinin onun üçün ayrılmış əlavə əmlak payı ödənilməmişdir. Onun həmin MTK-da təsisçiliyim formal xarakter daşıyıb və MTK sədri onu həmin MTK da təsisçi kimi sənədləşdirsə də onun həmin MTK ilə heç bir əlaqəsi də yoxdur və hər hansı sənədlərdə adı keçmir və imzası da mövcud deyil. Məhkəmə MTK-nın təsisçilərinin nə vaxtsa ümumi yığıncağının keçirilməsini, MTK-nın hansısa hüquqi sənədlərində imzasının olmasını, MTK-nın üzvlərinin paylarının rəsmi müəyyən olunub-olunmamasını, bunun hansı qaydada həyata keçirilməsini, formal təsisçiliyə görə formal üzvlüyə görə nə üçün onun MTK-nın ödəməli olduğu vəsaiti ödəməli olmasını, MTK-nın ümumilikdə neçə nəfər üzvü olduğunu, MTK-nın inşa etdiyi binanın (əmlak) yalnız hazırda cavabdeh qismində məhkəməyə verilmiş onların istifadəsində olmasını, onun şəxsən həmin binada hər hansı payının rəsmi olaraq olmasını araşdırmamışdır. MTK-nın sədri ondan mənzili alıb-satmaq üçün sənədini alıb ona heç bir xəbərdarlıq etmədən təsisçi kimi sənədləşdirib, indiyə kimi o heç həmin MTK-da rəsmi təsisçi olmağını da bilməmişdir. Məhkəmə MTK-nın qərarlarını, protokollarını MTK-nın sədrinin vərəsələrindən və müvafiq Vergi orqanından tələb etməyib. Mülki Məcəllənin 110.4-cü maddəsinə əsasən kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Məhkəmə müəyyən onun əlavə haqqının verilməmiş hissəsinin həddinin nə qədər olmasını müəyyən etməmişdir.

22. İ.Q.Kərimovun şikayətinin dəlilləri Cavabdeh2 şikayətinin dəlilləri ilə oxşarlıq təşkil edir.

23. Cavabdeh3 şikayətinin dəlillərinə görə, o həmin şirkətin təsisçi olmamış, təsis müqaviləsinə imza atmamışdır. Sadəcə onun şəxsiyyət vəsiqəsindən istifadə edib, onun əvəzinə təsis sənədlərinə imza atıblar.

24. Cavabdeh6 mülki qanunvericilik kooperativin üzvlərnin məsuliyyətini onun öhdəlikləri üçün hədsiz deyil, əlavə haqqının verilməmiş hissəsi həcmində müəyyən etmişdir. Üzvlərin əlavə pay haqların həcm məbləğ isə illik balansla təsdiqlənir. Mülki Məcəllənin 109.4-cü maddəsinin tələbinə əsasən kooperativ üzvünün əmlak pay haqqı mütləq və əlavə ola bilər. Məcəllənin 109.5-ci, 110.2-ci maddələrinin tələbləri və nizamnaməsinə əsasən kooperativin üzvləri mütləq pay haqqı üzvlüyə qəbul edilən zaman ödənilmişdir. MTK-nın yaradılması məqsədi yaşayış binasının layihələndirilməsi, inşaasının tamamlanmağı və üzvlərin istifadəsinə verməkdir. MTK tərəfindən yaşayış binası 2012-ci ildə üzvlərin istifadəsinə verilmişdir. Həmin ilin yekunu barədə son illik balans bundan 11 il əvvəl tərtib edilmişdir. Bu müddət ərzində müəyyən edilmiş əlavə əmlak payının da 11 il müddətində ödənildiyi mübahisə olunmayan göstəricidir. Çünki qanunvericilik bunun üçün 2 aylıq müddət müəyyən etmişdir. Qeyd olunan maddi normaların tələbləri baxımından, MTK-nın öhdəliyi üzvünə yalnız onun üçün müəyyən edilmiş əlavə haqqın ödənilmədiyi hissəsinə yönəldilə bilər. Lakin məhkəmə qətnamə qəbul edərkən, tələblərin tutulmasını yönəldiyi üzvlərinin, ödəməli olduqları əlavə payının məbləğini və həmin məbləğin hansı hissəsinin ödənilmədiyini müəyyən etməmişdir. Prosessual baxımdan bu halın sübut etmə yükü iddiaçı tərəfə aiddir. Lakin cavabdeh qismində göstərilən və onlara qarşı tələb irəli sürülən Cavabdeh6 və digər üzvlərin ödəməli olduqları əlavə pay məbləğindən ödənilmədiyinə dair iş üzrə dəlil mövcud deyildir. Hazırkı tələbin təkrar məhkəmədə baxılmasına yol verildiyi təqdirdə belə bu dəlilin özü iddianın rəddi üçün əsasdır. Bundan başqa, məhkəmə 2 saylı Vergilər İdarəsinin məktubuna istinad edərək, MTK-nın cəmi 5 nəfər üzvünün olduğunu və Cavabdeh6 bunlardan biri olduğunu qeyd etmişdir. Məhkəmənin bu yanaşması da kökündən səhvdir. Belə ki, "xxxx" MTK-nın 120 mənzil, 12 qeyri-yaşayış və 11 mansard sahəsi paya malik 143 nəfər üzvü vardır. Qətnamədə adı çəkilən 5 nəfər isə MTK yaradılanda ilkin üzvləri olmaqla, nizamnamə onların iştirakı ilə reyestrdə qeydə alınmışdır. Hüquqi baxımdan kooperativin adı çəkilən ilk 5 nəfər üzvləri, sonradan qəbul edilmiş 135 nəfər üzvlərlə öhdəlikləri, hüququ və vəzifələri eynidir. Əks təqdirdə MTK-nın üzvlərinin öhdəlik, hüquq və vəzifələrində fərqlilik qətnamədə şərh olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İddiaçının nümayəndəsi Vəkil1 cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək birinc instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

27. Cavabdehlər X14 və Cavabdeh2 nümayəndəsi Vəkil3 apellyasiya şikayətləri ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi.

28. Cavabdeh4 nümayəndəsi X12 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi.

29. Cavabdeh6 nümayəndəsi Vəkil4 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir; Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır; Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir; Maddə 109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır; Maddə 109.6. Əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır; Maddə 109-4.4. Kooperativin üzvlərinin aşağıda göstərilən vəzifələri vardır: 109-4.4.1. kooperativə daxil olduqda nizamnamədə nəzərdə tutulmuş qaydada və həcmdə üzvlük haqqı və mütləq əmlak pay haqqı vermək və kooperativin fəaliyyəti ilə əlaqədar üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirmək; 109-4.4.2. nizamnaməyə əməl etmək, kooperativin orqanlarının qərarlarını yerinə yetirmək; 104-4.4.3. bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək; 109-4.4.4. qanun və nizamnamə ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Maddə 110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir; Maddə 113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətləri ilə qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.

34. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 6055/2017 nömrəli qətnaməsi ilə X3 "xxxx" MTK arasında 12 avgust 2010-cu il tarixdə bağlanmış 121 nömrəli "xxxx" müqaviləsi ləğv edilmiş, cavabdeh MTK-dan 20000 ABŞ dolları məbləğində pulun ödənişi gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Qərara əsasəm aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiyası” sistemindən alınan çıxarışa əsasən "xxxx" MTK-nın fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmişdir. Cavablarına əsasən "xxxx" MTK-nın hüquqi varisinin olmaması müəyyən edilmişdir. Qeyd edilən səbəblərdən iddiaçı hazırkı iddia tələbini MTK-nın üzvləri olmuş iş üzrə cavabdehlərə qarşı yönəltmişdir.

35. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Mülki Məcəllənin 110- 3.4, 110.4-cü maddələrinə istinad etmişdir.

36. Məcəllənin 110.4-cü maddəsinə əsasən, kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.

37. Bu müddəanın yer aldığı 110-cu maddə “Kooperativin əmlakı” adlanır və elə maddənin adından da məlum olur ki, bu maddə bütövlükdə kooperativin daxili əmlak məsələlərinin nizamlanmasına yönəlmişdir. Bu mənada, maddənin dispozisiyasındakı “Zərər” anlayışı kooperativin hər hansı xarici öhdəliyini ehtiva etmir. Üzvlərin verməli olduqları əlavə haqların təyinatı da bu öhdəliklərin qarşılanması ola bilməz. Həmçinin, nəzərə alınsa ki, kooperativ artıq fəaliyyətini dayandırıb, artıq fəaliyyət göstərməyən kooperativdə üzvlərin hər hansı əlavə haqq ödənilməsinə cəlb edilməsi də sadəcə olaraq mümkünsüzdür. Odur ki, istinad olunan 110.4-cü maddə hazırkı iddianın maddi hüquqi əsasını təşkil edən norma kimi nəzərdən keçirilə bilməz.

38. Məcəllənin 110-3.4-cü maddəsinə əsasən isə, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir.

39. Hüquq ədəbiyyatında subsidiar məsuliyyət dedikdə əlavə, yardımçı məsuliyyət nəzərdə tutulur. Hansı ki, subsidiar məsuliyyət vəziyyətinin aktivləşməsi üçün ilk öncə öhdəliyin icra edilməsi üçün borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir.

40. 110-3.4-cü maddə üzrə subsidiar məsuliyyətin yaranması üçün isə ilk növbədə elə həmin maddədə qeyd olunan “kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərinin olmaması” halının mövcudluğu öz təsdiqini tapmalıdır. Göründüyü kimi, adıçəkilən maddə üzrə subsidiar məsuliyyətin yaranması üçün, yəni hazırkı kazus üzrə iddianın maddi hüquqi əsası kimi bu normaya istinadla iddianın təmin olunması üçün başlıca şərt kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitinin olmamasıdır.

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 20000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi ilə bağlı icra sənədi mövcuddur. Hazırkı iddianın təmin olunduğu təqdirdə eyni məbləğin həm kooperativdən, həm də üzvlərindən tutulması ilə bağlı 2 icra sənədi mövcud olacaqdır. 1-ci icra sənədi geri qaytarılsa da, icraata xitam verilməmişdir, qüvvədədir və istənilən vaxt maraqlı şəxslərin ərizəsinə əsasən yenidən icraya yönəldilə bilər.

42. Həmçinin, qeyd etmək lazımdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması baradə” 30 mart 2023-cü il tarixli qərarı da tələbkar tərəfindən mübahisələndirilməmişdir. Həmin qərar ona əsaslanmışdır ki, aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiyası” sistemindən alınan çıxarışa əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmişdir. Cavablarına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisinin olmaması müəyyən edilmişdir. Halbuki, kooperativ ləğv olunmamışdır, fəaliyyətini dayandırmışdır, bu halda onun hüquqi varisi ola bilməz.

43. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayətləri təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(004)- 4693/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X14, Cavabdeh2 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(004)- 4693/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X14, Cavabdeh2, X11 və Cavabdeh6 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar