Məhkəmə qərarları › İş №2(103)-258/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-258/2020

28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-258/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi ilə, iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2853/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2853/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxx 2012-ci il tarixli, 223 nömrəli kredit müqaviləsi üzrə 620.000 manat əsas borc, 97.805 manat faiz borcu olmaqla, cəmi 717.805 manat borc və xx xxxx 2012-ci il tarixli, 223/2 nömrəli kredit müqviləsi üzrə 800000 manat əsas borc, 126200 manat faiz borcu, 36600 manat dəbbə pulu olmaqla, cəmi 962.800 manat borc, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2853/2018 saylı qətnaməsinin ləğv edilməsi, və iddia tələbinə əsas borc, faiz borcu və cərimə borcu hissələrində mühasibatlıq ekspertizası keçirilməklə borcun düzgün müəyyən edilməsi və əsassız hesablanmış borcların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz nəticəyə gələrək iddiaçının şişirdilmiş məbləğlərini heç bir araşdırma aparmadan əsaslı bilmişdir. Məhkəmə tələm-tələsik qətnamə qəbul edərək qanunsuzluğa yol vermişdir. Məhkəmə bankın əsassız, yəni, kifayət qədər real məbləği özündə əks etdirməyən tələblərini təmin etmiş və göstərilən hal heç bir araşdırma aparmadan bankın tələb etdiyi məbləğlərə əsaslı istinad olunası sübut kimi qiymət verməsi məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin əsassızlığına birbaşa dəlaət edir. Məhkəmə prosesi zamanı vəsatətlər verməyinə baxmayaraq məhkəmə iş üzrə mühasibatlıq ekspertizası keçirməmişdir. Məhkəmə dəbbə pulu borcunu azaltmayaraq 36.000 manat məbləğində saxlamışdır. Onsuz da ağır olan maddi vəziyyətinin daha da ağırlaşdırılmasına gətirib çıxardığından iddianın dəbbə pulu hissəsində ümumiyyətlə təmin edilməməsi daha ədalətli və əsaslı olması qənaətinə gəlinərdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ona maksimum 24 ay müddətinə 620.000 manat məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında xx xxxx 2012-ci il tarixli, 223/2 saylı kredit müqaviləsinə uyğun olaraq cavabdehə 24 ay müddətinə illik 9 faiz olmaqla 800000 manat kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx xxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 223 nömrəli kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixə 620000 manat əsas borcu, 97805 manat faiz borcu, cımi 717.805 manat borcu, 223/2 nömrəli kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixə 800000 manat əsas borcu, 126200 manat faiz borcu, 36600 manat cərimə olmaqla cəmi 962.800 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsidən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Birinci instansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun tutulmasına dair tələbi əsaslı olaraq qismən təmin etmişdir. Belə ki, borcalan Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduqları halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ da yaranmışdır. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, faiz borcu və cərimə borcu hissələrində mühasibatlıq ekspertizası keçirilməklə borcun düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini nəzərə alaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16552 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, xx xxxx 2012-ci il tarixli, 223 saylı kredit müqaviləsi əsasən Cavabdeh xx.xx.2018-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 717.805,00 mant məbləğində müəyyən edilir, o cümlədən, əsas borc üzrə 620.000 manat, faiz borcu üzrə 97.805 manatdır. xx xxxx 2012-ci il tarixli, 223/2 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2018-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 926.200 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 800.000,00 manat, faiz borcu üzrə 126.200,00 manat məbləğində borcu vardır. Hər iki müqavilə üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Göründüyü kimi, cavabdehdən tutulmuş əsas borc və faiz borcunun məbləğləri düzgün olmuşdur. Dəbbə pulu ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun azaldılması məhkəmənin vəzifəsi olsa da, tutulmuş məbləğ borc məbləğinə uyğun olmuşdur. Cavabdeh borc məbləğinin daha az məbləğdə olmasını göstərmiş olsa da bununla bağlı hər hansı sübuta istinad etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2853/2018 saylı qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar