Məhkəmə qərarları › İş №2(103)-258/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-258/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-258/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məhərrəmova Şeyda Ədalət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-287/2020 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, "Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 117484- 1-8884 saylı kredit müqaviləsinə və ona dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015ci il tarixli 01 saylı Razılaşmaya əsasən Banka borclu olduğu 22667,34 ABŞ dolları əsas, 4319,68 ABŞ dolları faiz, 130,6 ABŞ dolları cərimə, cəmi 27117,02 ABŞ dolları borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh "Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş "Kia Sportage” minik markalı, ağ rəngli, 2013-cü il buraxılışlı, universal tipli, mühərrik nömrəsi G4KDDH436975, ban KNAPC811DD7521799 olan **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin "Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 117484-1-8884 saylı, xx.xx.2013-cü il tarixli avtomobil krediti müqaviləsinə əsasən borcalana illik 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 26.748 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən Cavabdeh 12 avqust 2015-ci il tarixinə mövcud olan 22.667,34 ABŞ dolları məbləğində borcu illik 18 faiz hesablanması şərti ilə 37 ay müddətinə uzadılmışdır. Kreditin təminatı olaraq, cavabdeh mülkiyyətində olan "Kia Sportage" minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2013-cü il tarixli, 1174xx-xx- 12722 saylı ipoteka müqaviləsinə əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, “Kredit Müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında “İpoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı xx.xx.2015-ci il tarixli razılaşma bağlanmışdır. Lakin borclu üzərinə götürdüyü öhdəlikləri 14 sentyabr 2015-ci il tarixdən icra etməmiş və nəticədə banka borcu yaranmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-287/2020 saylı işi üzrə xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək müqavilə üzrə əsas və faiz borclarının ədalətli hesablanması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini və Binəqədi rayon məhkəməsinin 2(001)-287/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mövcud devalvasiyadan istifadə edərək onu aldatmış, borcunu ödəyə bilmədiyini əsas gətirərək onunla 23 sentyabr 2013-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi ilə bağlı 12 avqust 2015-ci il tarixli razılaşma imzalasa da, mahiyyət etibari ilə heç bir şey dəyişməmiş, nə əsas borcda, nə müqavilənin müddətində, nə də ki, faizdə güzəştə gedilməmişdir. Belə ki, müqavilənin müddəti 5 il qaldığı kimi, faiz də 18% olaraq dəyişmədən qalmış, əksinə onun bu vaxta kimi etmiş olduğu ödənişlərin hamısı cəriməyə, faiz borcuna, dəbbə puluna və s. çıxılmışdır. Hətta 2013-cü il tarixdə götürmüş olduğu məbləğ 26.748 ABŞ dolları olmasına baxmayaraq, bu qədər ödəmələrdən sonra məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc 27.117 ABŞ dolları olmuşdur. Bank faiz borcuna əlavə faiz hesablamışdır. Bank onun maddi imkansızlığından istifadə edərək onu aldadıb güzəşt etmək adı ilə müqaviləni təzələmiş, onsuz da 2018-ci ilin sentyabr ayına qədər müddəti olan müqaviləni eyni şərtlər ilə bir daha imzalatmışdır. Əvəzində isə ondan komisyon xərci, cərimə borcu və s. tutulmuşdur. Bundan əlavə, tələbdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə bağlı tələb olmasına baxmayaraq, məhkəmə ipoteka predmetinin mövcud bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirməmiş, mübahisəli saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5131/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və Z.A.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2019 saylı iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1933/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), G.Quliyev və Z.Əliyev) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5131/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərarında Ali Məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən cavabdehin apellyasiya şikayətində əsaslandırdığı çoxsaylı dəlillərin heç birinə cavab verməmiş, həmin dəlillərin əsaslı olub-olmamasına qiymət verməmiş, qətnaməni nə sübutlar baxımından, nə də qanunun tələbləri baxımından əsaslandırmamışdır. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinin ayrıca bir (hazırkı işdə mövcud olmayan) iddianın baxış predmeti ola biləcəyinə istinad edib həmin dəlillərin yoxlanılmasından imtina edərkən faktiki olaraq Azərbaycan Respublikası MPMnin 372-ci maddəsi ilə müəyyən olunmuş hüquq və səlahiyyətlərinin icrasından yayınmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması nəticəsinə gələrkən onun ilkin satış qiymətinin müəyyən olunması məsələsini də həll etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420.1-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, ipoteka predmetinin müəyyən edilmiş ilkin satış qiyməti ilə qismən razıdır, qismən reallığa yaxın məbləğdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsinə dair ekspert rəyləri arasında ziddiyyət olduğundan təkrar ekspertiza keçirilməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 28.000 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli, 117484- 1-8884 nömrəli “Avtomobil Krediti Müqaviləsi”nə əsasən İddiaçı ASC “Kia Sportage” minik markalı avtomobilin alınması məqsədi ilə Cavabdeh 60 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 26.748 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti və ona hesablanmış faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür; Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh 60 ay ərzində hər ay 684,26 (sonuncu ay 215,82) ABŞ dolları ödəməli idi; xx.xx.2013-cü il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh 26.215 ABŞ dolları məbləğində krediti İddiaçı ASC-dən qəbul etmişdir; 23 sentyabr 2013-cü il tarixli, 117484-1-8884 nömrəli “Avtomobil kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı, 12 avqust 2015-ci il tarixli Razılaşmaya əsasən kredit alanın 12 avqust 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 22.667,34 ABŞ dolları məbləğdə müəyyən edilmiş, Razılaşmanın imzalandığı tarixdən "Kredit alan" kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 37 ay müddət ərzində istifadə etməyi və 23 sentyabr 2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 18% ödəməyi öhdəsinə götürmüşdür; Razılaşmaya uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay Banka 370 ABŞ dolları məbləğində pul ödəməli idi; İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə əsas borcu 22.667,34 ABŞ dolları, faiz borcu 3.605,66 ABŞ dolları, dəbbə borcu 130,6 ABŞ dolları, cəmi borcu 26.403,6 ABŞ dolları təşkil edir, həmin müqavilə üzrə öhdəlik xx.xx.2015-ci il tarixdən etibarən icra edilmir; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1174xx-xx-12722 saylı, 23 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən 117484-1-8884 saylı, 23 sentyabr 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq ipotekaqoyan mülkiyyətində olan “Kia Sportage” markalı (Ban – KNAPC811DD7521799, buraxılış ili – 2013, rəngi – ağ) avtomobili ipotekasaxlayan qarşısında ipoteka ilə yüklü etmişdir; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Kia Sportage” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı (2013-cü il buraxılışlı, tip-universal, ban- KNAPC811DD7521799, rəngi - ağ) avtomobil Cavabdeh məxsusdur; İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 103030 nömrəli, 24 sentyabr 2013-cü il tarixli Çıxarışın surətinə əsasən Cavabdeh məxsus "Kia Sportage" minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin girova qoyulması dövlət qeydiyyatına alınmışdır, girov saxlayan İddiaçı ASCdir; İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2017-ci il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” Bildirişə əsasən cavabdeh 23 sentyabr 2013cü il tarixli, 117484-1-8884 nömrəli “Avtomobil Krediti Müqaviləsi” və 12 avqust 2015-ci il tarixli“Avtomobil Krediti Müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma üzrə borcunu ödəmədiyi üçün “İpoteka haqqında” qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyinin icrasını təmin etmək üçün ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlanılması barədə məlumatlandırılmışdır; İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə ünvanlanmış ərizənin surətinə əsasən İddiaçı ASC-nin (iddiaçı) müraciətinə əsasən bildiriş xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (ərizədə bildirişin ipoteka qoyana təqdim edildiyi gün göstərilmişdir); İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2017-ci il tarixli pretenziya məktubuna əsasən cavabdehə 23 sentyabr 2013-cü il tarixli, 117484-1-8884 nömrəli “Avtomobil Krediti Müqaviləsi” və 12 avqust 2015-ci il tarixli“Avtomobil Krediti Müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma üzrə öhdəliklərin icra edilmədiyi, nəticədə borcun yarandığı bildirilmiş, bununla bağlı Bankın vaxtından əvvəl kredit müqaviləsinə xitam verilməsini və bütün borc məbləğini tələb etmək hüququnun yarandığı cavabdehin nəzərinə çatdırılmış və 5 iş günü ərzində borcun ödənilməsi ondan tələb edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12398 nömrəli, 12 fevral 2019-cu il tarixli rəyinə əsasən hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri, habelə 23 sentyabr 2013-cü il tarixli, 117484-1-8884 nömrəli “Avtomobil Krediti Müqaviləsi” və 12 avqust 2015-ci il tarixli“Avtomobil Krediti Müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma şərtləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan əsas kredit borcu 22.667,34 ABŞ dolları, faiz borcu 3.843,67 ABŞ dolları, xx.xx.2018-ci il tarixə (məhkəmə ekspertizası təyin olunan tarixə) 22.667,34 ABŞ dolları əsas, 4.319,68 ABŞ dolları faiz borcu təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatdır; xx.xx.2017-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçı icranı tələb etmək üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətində Bankın mövcud devalvasiyadan istifadə edərək onu aldatdığını, mahiyyət etibarilə ona güzəşt olunmadığını, borc məbləğinin düzgün müəyyən edilmədiyini, ipoteka predmetinin ilkin satış qiymətinin isə ümumiyyətlə müəyyən edilmədiyini bildirmişdir. Cavabdehin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququnu tənzimləyən 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi, tərəflərin bərabərliyi, onların müqavilə maraqlarını qorumaq prinsipinə riayət etməklə mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Müqavilə hüquq münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq marağa malikdirlər. Müqavilə tərəflərinin bərabərliyi dedikdə tərəflərin bərabər mülki hüquqlardan istifadə imkanlarının olması, onların mülki hüquqlarının müdafiəsi zamanı bərabər maddi və prosessual hüquqlardan istifadə etmələri, öz öhdəliklərini icra edərkən bərabər imkanlardan istifadə etmələrində ifadə olunur. Kredit müqaviləsini bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən (kreditor) kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitdən müqavilədə nəzərdə tutulan faiz məbləğində faydalanmağa, digər tərəf - kredit götürən (borclu) isə kreditdən istifadə müddəti ərzində kredit götürdüyü vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə müqavilənin dəyişdirilməsi institutu da, müqavilə tərəflərinin mənafeyinə xidmət edir. Qanunverici belə hallar baş verdikdə müqavilə tərəflərinin mənafeləri arasındakı ədalətli balansı qorumaq üçün həmin institutu təsis etmişdir ki, tərəflər şəraitin dəyişməsini nəzərə alaraq müqaviləni öz mənafelərinə uyğun olaraq dəyişdirə bilsinlər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi alınmış, məhkəmə iddianı təmin edərkən həmin rəylə müəyyən edilmiş borc məbləğinə istinad etmişdir. Cavabdeh həmin ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğinin düzgün hesablanmadığını, etdiyi ödənişlərin borc hesablanarkən nəzərə alınmadığını bildirsə də, cavabdeh Bankla aralarında bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı, həmçinin ekspert rəyinin mötəbərliyini şübhə altına alan ilkin sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, ekspert rəyi ilə müəyyən edilmiş faiz borcu əsas borca mütənasibdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən 12 avqust 2015-ci il tarixdən, yəni Razılaşmadan sonra Banka heç bir ödəniş edilməmişdir. Həmçinin, qeyd edilən tarixədək apellyatorun etdiyi ödənişlər həm əsas, həm də faiz borcundan silinmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin borcun tutulması hissəsində mövqeyi əsaslı olsa da, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməklə qanunun tələbini pozmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; İşin apellyasiya baxışı zamanı "xxxx" MMC-nin mütəxəssis rəyi alınmış, adı çəkilən MMC-nin hesabatı ilə avtomobilin likvid dəyəri 19.500 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh tərəf vəsatət təqdim edərək, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən olunması üçün yenidən qiymətləndirmənin həyata keçirilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-nin hesabatında qiymətləndirici “Turbo.az” saytına istinad edərək, “KİA Sportage” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qiymətləndirmişdir, lakin istinad etdiyi hər hansı bir çıxarışı əlavə etməmişdir. Həmin saytda qeyd olunan nəqliyyat vasitəsinin məhz 2013-cü il buraxılışının qiyməti 25700 manatdan aşağı deyil, 35200 manata kimi qiymət artır. Hesabatda yazılıb ki, nəqliyyat vasitəsinin hər bir detalı saz vəziyyətdədir, nöqsan yoxdur. Qiymət qərəzli şəkildə dəfələrlə azaldılıb. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 may 2022-ci il tarixli, 9/1372 saylı rəyi ilə mübahisəli avtomobilin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 28.500 manat, likvid qiyməti isə 28.000 manat müəyyən edilmişdir. Bu qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına ala biləcək hər hansı hal aşkar edilmədiyindən, habelə əvvəlki rəydən fərqli olaraq həmin rəylə əmlakın həm bazar, həm də likvid qiyməti müəyyən edildiyindən, qiymət müəyyən edilərkən xüsusi metodikası ilə araşdırmaya istinad edildiyindən kollegiya bu qənaətə gəlir ki, hazırkı iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə istinad edilməli, həmin rəylə müəyyən edilmiş likvid qiyməti ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti kimi müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən – ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qismən əsaslı olmuşdur. Ona görə də, mübahisələndirilən qətnamə həmin hissədə ləğv edilməklə, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti 20.000 manat müəyyən edilməli, qalan hissədə qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-287/2020 saylı işi üzrə xx.xx.2019cu il tarixli qətnaməsi ipoteka predmeti olan "Kia Sportage” minik markalı, ağ rəngli, 2013cü il buraxılışlı, universal tipli, mühərrik nömrəsi G4KDDH436975, ban KNAPC811DD7521799 olan **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 20000 (iyirmi min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 200 manatın 100 manatı iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-dən, 100 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (icraçının VÖEN:**********; Hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəgül filialı; KOD: 502058; VÖEN **********; SWİFT kod: UBAZAZ22; H\h: AZ46NABZ********************; Benefisiarın adı: "xxxx" MMC; Müştərinin hesab №si: AZ65UBAZ**********0060AZNN001), keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci hesabına iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-dən 50 manat, Cavabdeh 50 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar