Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2580/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3208/2023 nömrəli 04 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 30.05.2022-ci il tarixdə Cavabdeh tərəfindən əlyazma ilə yazılmış “etibarnamə”də Cavabdeh İddiaçı aldığı 20000 manat məbləğində borcunu üç ay müddətində hissəhissə qaytaracağını öhdəsinə götürmüşdür.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı İdarəyə daxil olmuş ərizəsində Cavabdeh onun 20000 manat pulunu ələ keçirdiyini bildirmiş, araşdırma zamanı Cavabdeh tərəfindən İddiaçı 5000 manat pulun ödənilməsi təmin edilməklə tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olduğu üçün aidiyyatı üzrə müraciət etməsi tövsiyyə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat məbləğində pul vəsaitinin və 135 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehi uzun illərdir ki, tanıyır və onun (cavabdehin) özünə məxsus şadlıq sarayı vardır. 2019-cu ilin sonlarında Cavabdeh özünə məxsus restoranı işlətmək üçün ona müvəqqəti 20000 manat məbləğində borca pul lazım olduğunu bildirmişdir. O, narazılıq etdikdə cavabdeh həmin borcu tezliklə, yəni 2-3 aya qaytaracağına söz vermişdir. O, cavabdehlə razılaşmış və 2019-cu ilin sonlarında ona 20000 manat məbləğində borc vermişdir. Ona borc verdiyi müddətdən 2-3 ay keçdikdən sonra ondan borcu qaytarmağı tələb etmiş və cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu qaytarmaqdan imtina etmişdir. 2022-ci ilin may ayında cavabdehə verdiyi borcunun 3 ilə yaxınlaşdığı üçün ondan pulu tələb etmiş və o, yenə də ona borcu tezliklə qaytaracağına söz vermiş, lakin borcu qaytarmamışdır. Artıq o, iddia müddətinin ötdüyünü görüb cavabdehdən ona bu barədə qəbz verməsini tələb etmişdir. Cavabdeh borcunun etirafı olaraq 30 may 2022-ci ildə ona qəbz yazıb vermiş və həmin qəbzdə ona borcunu 3 ay müddətinə qaytaracağını qeyd etmişdir. Cavabdeh yenə də öz vədinə əməl etməmiş və bu günə kimi borcunu qaytarmamışdır. O, cavabdehə onu məhkəməyə verəcəyini bildirdikdə isə təxminən 2022-ci ilin oktyabr ayında cavabdeh ona cəmi 5000 manat məbləğində pul qaytarmışdır. Bundan sonra isə cavabdeh ona heç bir məbləğdə pul qaytarmamışdır. Belə ki, hal-hazırda cavabdehin ona 15000 manat məbləğində borcu qalmışdır.
5. Şahid qismində dindirilən X2 göstərmişdir ki, Cavabdeh onun həmyerlisidir. Belə ki, Cavabdeh yanında olan şəxslər onun avtomobili olduğunu bildirmişlər, ona bununla bağlı pul 200 ABŞ dolları pul vermişlər. Lakin həmin avtomobil üç il müddətində orada qalmışdır. Daha sonra o özü 12000 manat məbləğində pulu ödədikdən sonra avtomobili çıxartmışdır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 dekabr 2023-cü il tarixli 2(010)-3208/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilmiş, Cavabdeh 15000 manat məbləğində borc və 135 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı və Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən 2019-cu ilin sonlarında iddiaçı cavabdehə qısa müddət ərzində qaytarılması şərti ilə 20000 manat məbləğində borc pul vermişdir. Bununla bağlı iddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və araşdırma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya 5000 manat pulun ödənilməsi təmin edilmiş, tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Cavabdeh aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən İddiaçı aldığı 20000 manat məbləğində pulu qaytarmayaraq müqavilə öhdəliyini pozmuşdur. İddiaçı tərəfindən cavabdehə verilən borcun məhz 20000 manat məbləğində olduğu müəyyən edildiyindən və 5000 manat pul vəsaiti iddiaçıya qaytarıldığından, qalan 15000 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 425.1, 425.2, 442, 739.1, 739.2, 740.1, 740.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməmiş, əgər iştirak etsə idi iddia müddətinin tətbiqi barədə ərizə verəcəkdi, lakin məhkəmə onun iştirakı olmadan iclası keçirərək, yekun məhkəmə aktı qəbul etmişdir. İddiaçı öz hüquqlarının pozulduğunu bildiyi halda həmin vaxtdan uzun müddət keçdikdən sonra müraciət edərək aralarında olan 20000 manat borcun 3 ay müddətində hissə-hissə qaytaracağına dair “etibarnamə” adlandırılmış sənəd almışdır. Aralarında olan razılaşma üzrə iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi müddətdən 3 ildən çox vaxt keçmişdir. Aralarında müqavilə olmamışdır. Məhkəmə borcun məbləğini nəzərə almadan müqaviləni şifahi formada bağlanmış borc müqaviləsi adlandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
Mülki Məcəllə
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Mülki Prosessual Məcəllə
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. İddiaçı hazırki tələbində 2019-cu ilin sonlarında cavabdehə 20000 manat borc pul verdiyini, 2022-ci ilin oktyabr ayında 5000 manat qaytardığını bildirərək, ödənilməmiş qalan 15000 manatı tələb edir.
29. 30 may 2022-ci il tarixdə cavabdeh tərəfindən yazılmış əlyazmada sonuncu 20000 manat borcu 3 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
30. Göründüyü kimi tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən 2019-cu ilin sonlarında iddiaçı cavabdehə qısa müddət ərzində qaytarılması şərti ilə 20000 manat məbləğində borc pul vermişdir.
31. Qanunvericiliyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
32. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
33. Cavabdeh apellyasiya şikayətində göstərilən normaya istinad edərək, borcun məbləğinin nəzərə alınmadığına istinad etmişdir.
34. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur.
35. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuş tələb (Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanılmalıdır) əqdin etibarlılıq şərtinə yox, sübutetmə yükünə aid olan məsələdir, yəni 3000 manatdan artıq məbləğə aid müqavilə şifahi bağlandıqda, həmin əqd əhəmiyətsiz olmur, sadəcə belə bir əqdin bağlanmasını iddiaçı sübut etməlidir.
36. Baxılan iş üzrə tərəflər arasında olan borc müqaviləsinə əsasən 20000 manat pul verilməsinə baxmayaraq, yazılı formada bağlanmamışdır, lakin buna baxmayaraq iddiaçı tərəfindən həqiqətən həmin əqdin bağlanması sübuta yetirilir, belə ki, təqdim edilmiş əlyazmada cavabdeh 20000 manat borcunu 3 ay müddətində qaytarmasını öhdəsinə götürmüşdür. Digər tərəfdən həmin borc məbləğindən 5000 manat cavabdeh tərəfindən ödənilməsi də mübahisəsizdir.
37. Eyni zamanda cavabdehin apellyasiya şikayətinə nəzər yetirdikdə müəyyən edilir ki, cavabdeh 20000 manat borc aldığını və bütün məbləği qaytarmadığını inkar etmir, iddiaçının hüquqlarının pozulduğunu bildiyi halda vaxtında məhkəməyə müraciət etmədiyinə istinad edərək iddia müddətinin ötürülməsini bildirir. Bu halın özü də tərəflər arasında 20000 manat pul məbləğinin iddiaçı tərəfindən cavabdehə borc verildiyini təsdiq edir.
38. İddia müddəti ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyini, əgər etsə iddia müddətinin tətbiqi barədə ərizə verəcəyinə istinad etsə də, iş materiallarından müəyyən edilir ki, məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında cavabdeh şəxsən iştirak etmiş, hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış və həmin məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirak etmiş, hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış və həmin hazırlıq iclasında da cavabdehin nümayəndəsi-vəkili iştirak etmiş, məhkəmə baxışı xx.xx.2023-cü il tarixə təyin edilmiş və baxış iclasında da cavabdehin nümayəndəsi-vəkili iştirak etmiş, baxış iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış, həmin məhkəmə iclasına tərəflər gəlmədiyi üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış və bu barədə cavabdehin ünvanı üzrə (eyni zamanda tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən ünvan) xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir.
39. Qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Göründüyü kimi iddia müddəti məhkəmə qərarı çıxarılanadək verilən ərizə əsasında tətbiq edilir. Cavabdeh üzrlü səbəbdən sonuncu iclasda iştirak etmədiyindən iddia müddəti barədə ərizə təqdim edə bilmədiyini qeyd etsə də, Kollegiya qeyd edir ki, birinci hazırlıq iclasında cavabdeh özü iştirak etmiş və daha sonra üç məhkəmə iclasında da nümayəndəsi-vəkili iştirak etmişdir, ilk hazırlıq iclası xx.xx.2023-cü il tarixdə, sonuncu məhkəmə baxış iclası isə xx.xx.2023-cü il tarixdə keçirilmişdir, bu qədər müddət ərzində cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmək üçün kifayət qədər vaxtı olmuşdur. Yəni iddia müddətinin tətbiqi barədə ərizə verilməməsi cavabdehin iradəsindən kənar baş verməmişdir. Apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.
41. Kollegiya hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3208/2023 nömrəli iş üzrə 04 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.