Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2581/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: “pul”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, cavabdehlərin nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-83/2024 saylı, 17 yanvar 2024cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh1 “M.İ.SOUTHTRANS" MMC-nin təsiçisi və rəhbəri kimi İddiaçı ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən Cavabdeh1 İddiaçı 33548 ABŞ dolları və 9000 manat borc öhdəliyi yarandığını, göstərilən borcu xx.xx.2020-ci il tarixə kimi ödəyəcəyinə söz verib öhdəsinə götürmüşdür.
2. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2023-cü il tarixli 4/1484 saylı ekspertiza rəyinə görə, İddiaçı və Cavabdeh1 adlarından olan xx.xx.2020-ci il tarixli sənəddə vərəqin aşağı sağ küncündə "xxxx" MMC-nin möhür əksi üzərindəki imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, İddiaçı və Cavabdeh1 adlarından olan xx.xx.2020-ci il tarixli sənədin yuxarı sağ küncündəki “10 noyabr” sözləri Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
3. "Daf Yük" markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.
4. "DAF 95XF430 yük" markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin sahibliyindədir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30698 ABŞ dolları və 7000 manatın və ödənilmiş 274 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Tələbdə göstərilir ki, Cavabdeh1 2013-cü ildə şirkət təsis etmək üçün 23 000 manat maddi yatırım etmək müqabilində şəriklik təklif etmişdir. 2013-cü ilin iyun ayında anası X1 adına olan ünvan 1 ünvandakı evini və Cavabdeh1 aid olan ünvan 2il 15-də yerləşən evi “Bank Respublika”ya girov qoyaraq 70.000 ABŞ dolları götürərək X2 adına yəhərli dartıcı DAF XF95 10KF588 və yarımqoşqu SHMİTZ 10ZG219 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 adına etibarnamə ilə almışlar. Aralarında olan razılığa əsasən Cavabdeh1 təsis edəcəyi şirkətə gələcək gəlirlər aralarında bölünməli, eləcə də kredit bitdikdən sonra avtomobildən gələn gəlir də aralarında bölünməli idi. Cavabdeh1 ona bildirmişdir ki, bu iş üzrə təcrübəsi olduğundan və bu sahədə çalışdığından bütün idarəçilik və qərar vermə məsələləri ona aid olmalıdır. Gəlir daha tez artacağından o, da razılaşmışdır. Şirkət işlədiyi ilk dövrlərdə hesabat istəyərkən ona kredit ödəyəcəyini, sonra da devolvasiya olduğundan ona bir az zaman verməsini xahiş etmişdir. 2018-ci ilin son aylarında artıq səbri tükəndiyindən gəlir və zərərin hesabatlarının hamısının ortaya qoyulmasını tələb etmişdir. 5 il ərzində şirkətin bayrağı altında gedən yük avtomobillərinə ödənişli Beynəlxalq yükdaşıma sənədlərinə (TİR Cornet, CMR, İcazə Sənədi) minlərlə manat pul verilmiş, lakin ortada heç bir hesabat yoxdur. 2019-cu ildə bütün yuxarıda qeyd etdiyi məsələlərin nəticəsində Cavabdeh1 artıq yalanları ilə bu işi ört-basdır edə bilməyəcəyini anladı. Cavabdehin verdiyi guya ki, səhv qərarlar və səhv idarəçilik nəticəsində qazanc olmadığını və ayrılmağı təklif etmişdir. Beləcə ayrılmaq qərarına gəlmişlər. Bunun müqabilində yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsi və təsis edilmiş "xxxx" şirkəti cavabdehdə qalmaq şərti ilə ona 23000 manat, bankdakı girov müqabilində alınan yuxarıda qeyd etdiyi avtomobilə görə 25 000 ABŞ dollarını verəcəyini şirkəti və özü üzərinə öhdəlik götürdü. Borcunun ABŞ dolları hissəsini 10 000 ABŞ dolları 2019-cu ilin iyun ayına kimi, qalan məbləği isə hər ay 1000 ABŞ dolları olmaqla 15 ay müddətinə qaytaracağını bildirdi. Lakin cavabdeh dəfələrlə etdiyi zənglərə və görüşlərə baxmayaraq 2019-cu ilin may ayına kimi heç bir ödəniş etmədiyi üçün adına olan “Chevrolet Orlando” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili 16000 manatın əvəzi kimi dəyərləndirərək xx.xx.2019-cu il tarixdə ona satmışdır. Beləliklə də, aralarındakı 23.000 AZN-lik borcu 9000 AZN-ə endirmişlər. 2019-cu ilin iyun ayına kimi yuxarıda qeyd etdiyi ABŞ dolları ilə olan borcdan cavabdeh ödəniş etmədiyindən özünə məxsus "xxxx" ilə “AVT Logistiks” şirkətinin daxili yük daşımasında iştirak etmək və əldə olunan gəlirdən həm qazanc, həm də ona olan borcunu ödəməyi təklif etmişdir. Cavabdeh onun bu təklifi ilə razılaşmış və bu işi cavabdehin oğlu olan Cavabdeh2 rəhbərliyi ilə başlamışlar. Bu iş təqribən 6 ay davam etmişdir. Daşınma başlayandan bir müddət sonra sürücülərə ödənilməli olan pullarda yubanma olmuş, Cavabdeh2 atasının verdiyi pulla işi tam apara bilmədiyini demişdir. Cavabdehlər ona bildirmişlər ki, bu işdə kapitala ehtiyac vardır. Ona görə də o, Cavabdeh2 hissə-hissə olmaqla 10 500 ABŞ dolları vermişdir. İşləri ilə bağlı ölkədən 15 günlük gedib geri dönərkən artıq bu daşınmanında dayandığını öyrənmişdir. Bunun hesabatını aparan dövrdə bu puldan 1952 ABŞ dolları ona qaytarılmışdır. Ümumilikdə, xx.xx.2020-ci il tarixində cavabdehlərin ona 33 548 ABŞ dolları və 9000 AZN borc öhdəliyi yaranmışdır. Sonradan Cavabdeh1 yenidən öhdəlik götürərək pulu xx.xx.2020-ci il tarixədək ödəyəcəyini bildirdi. Cavabdeh2 ona borclu olduğu 8548 ABŞ dollarından bu 2 il ərzində onun dəfələrlə danışıqlarından sonra yalnız 2850 ABŞ dolları ödəyib, 5700 ABŞ dolları borcu qalıb. Bir ildən artıqdır ki, bütün səylərinə baxmayaraq heç bir ödəniş ödəməyibdir. Cavabdehlər son dövrdə onun zənglərinə cavab vermir və görüşlərdən müxtəlif bəhanələrlə qaçırlar. Sonradan tam təsaduf nəticəsində Cavabdeh1 başqa şəxsə də dələduzluq yolu ilə külli miqdarda ziyan vurduğunu və həmin şəxs də onun haqqında DİN-ə, Respublika Baş Prokurorluğuna etdiyi şikayətlərdən sonra pulunun bir qismini geri aldığını öyrənmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş Öhdəlik məktubuna əsasən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-83/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Leya Talıbova) iddia qismən təmin edilərək Cavabdeh1 25000 (iyirmi beş min) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 7000 (yeddi min) manat tutularaq İddiaçı ödənilməsi; Cavabdeh2 5200 (beş min iki yüz) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 274 (iki yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, İddiaçı Cavabdeh1 tərəfindən imzalanan xx.xx.2020-ci il tarixli öhdəlik məktubunu məhkəməyə təqdim edərək cavabdehlərin ona cəmi 30698 ABŞ dolları və 7000 manat borcu olmasını iddia etmişdir. Cavabdeh1 tərəfindən verilmiş öhdəlik məktubuna əsasən şirkətin təsis edilməsinə görə 23000 manat və bankda girov müqabilində alınan avtomobilə görə 25000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı borclu olması barədə öhdəlik götürmüşdür. Sonradan Cavabdeh1 özünə məxsus “Şhevrolet Orlando” markalı, ** BL *** markalı avtomobili qiymətləndirərək 16000 manata İddiaçı satmış və 23000 manat borc azalaraq 7000 manat təşkil etmişdir. Bundan əlavə Cavabdeh1 onun oğlu Cavabdeh2 tərəfindən 10500 ABŞ dolları aldığını və həmin vəsaitdən 1952 ABŞ dolları qaytardığını öhdəlik məktubunda etiraf etmişdir. İddiaçı isə Cavabdeh2 verdiyi 10500 ABŞ dollarından ona 1952 ABŞ dolları və 2850 ABŞ dolları qaytarıldığını bildirmişdir. Tərəflər arasında olan votsap yazışmasında isə 5700$-500$=5200$ dollar qalıq qalması barəsində yazışma mövcuddur. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirir ki, həmin öhdəlik məktubu onun tərəfindən tərtib olunmamış, o, yalnız işçilərin əmək haqlarının verilməsi ilə bağlı ağ vərəqə imza atmış, möhür İddiaçı olduğundan onun tərəfindən tərtib olunaraq möhürlənmişdir. Digər Cavabdeh2 isə bildirmişdir ki, iddiaçı onunla yalnız forvard işi görmüşdür. Belə ki, iddiaçı ilə telefon və ya votsap vasitəsilə əlaqə saxlayaraq birlikdə müntəzəm işləmişlər. Belə ki, iddiaçı yüklərin tapılmasında, daşınmasında, pul əvəzləşdirilməsində yaxından iştirak etmişdir. Məhkəmə hesab edib ki, hazırkı halda borc müqaviləsinin yazılı formasına riayət olunmasa da, borcun etirafı barədə yazılı sənəd mövcuddur. Hazırkı halda sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı cavabdehin adından imzalanmış sənəd təqdim edərək cavabdehin ona borclu olmasını iddia edir və məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyinə əsasən mübahisəli sənəddə təqdim olunmuş imza Cavabdeh1 məxsusdur. Cavabdeh tərəf məhkəmə iclasında həmçinin həmin sənədə vurulmuş möhürün də ona məxsus olan "xxxx" MMC-yə məxsus olduğunu etiraf etmiş və mübahisələndirməmişdir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
9. Cavabdeh1 (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş edərək şikayətində göstərib ki, iddiaçı tələbinin əsası kimi guya bu işdə şərik olmaları barədə razılaşmanın olmasını iddia etdiyi halda heç bir sənəd təqdim etməmişdir. İddiaçının saxtakarlıq edərək təqdim etdiyi sənədin yuxarı sağ küncündəki tarixin onun (cavabdehin) tərəfindən yazılmadığı ekspert rəyi aşkar edildi. İddiaçı guya həmin sənədin cavabdehin ofisində tərtib edildiyini qeyd etsə də, ünvanın harada olması ondan soruşduqda ilk öncə bu suala cavab vermək istəmədiyini, sonra isə yalan danışaraq həmin ünvanı unutduğunu bildirdi. Məhkəmə iddianı təmin edərkən iddiaçının saxtakarlıqla tərtib etdiyi sənəddəki tarixin onun tərəfindən yazılmadığını nəzərə almamışdır, halbuki iddiaçı sənədin cavabdehin ofisində tərtib edildiyini və tarixin də cavabdeh tərəfindən yazıldığını bildirmişdir.
10. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil1) da apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş edərək şikayətində göstərib ki, məhkəmə onun təqdim etdiyi sübutlara ümumiyyətlə münasibət bildirməmiş, onun təqdim etdiyi dəlillərə dair təkzibedici əsaslar göstərməmişdir. Məhkəmə ona münasibətdə iddianı təmin edərkən iddiaçı tərəfindən yarımçıq təqdim edilmiş yalnız “whatsapp” yazışması əsasında qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz.
11. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətlərinə yazılı etrazda qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin nümayəndə və vəkilləri Vəkil1, Vəkil2 ayrı-ayrılıqda hər iki apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilərək iddianın rədd edilməsini xahiş etdilər.
13. Məhkəmə iclasında İddiaçı hər iki apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətlərinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
23. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Hazırki işdə də, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mövcud və mümkün olan sübutlarını təqdim etmişdir. Cavabdehlər isə iddia tələbinə etiraz etsələr də, etirazlarının əsası kimi istinad etdikləri hallara dair sübut təqdim edə bilmir və bu halları sübut edə bilmir. Çünki etirazın əsası kimi istinad etdikləri halları sübut etmək yükü artıq onların üzərinə düşür.
26. Qeyd olunduğu kimi, cavabdeh tərəf: sübutların mötəbərliyini inkar edir; İddiaçıya heç bir məbləğdə borcun olmadığını bəyan edir.
27. Bununla əlaqədar, işin mübahisəli halı cavabdeh tərəfin iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli müqavilənin və tarixinin onun tərəfindən yazılmadığı, ekspert rəyi ilə də həmin sənədin tarix hissəsindəki yazının ona aid olmadığını, həmin sənədin imzadan sonra iddiaçı tərəfindən saxtakarlıq edilərək sonradan tərtib edilməsini bəyan etməsidir.
28. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir.
29. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün borc (kredit) müqavilələri yaxud mövcud borcun etirafı adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri yazılı formada bağlanmış müqaviləyə yaxud borcun etirafını təsdiq edən digər yazılı sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi xx.xx.2020-ci il tarixli sənəddəki imzanın ona məxsus olmadığını və sənədin sonradan saxtakarlıqla tərtib edildiyini bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən xx.xx.2020-ci il tarixli sənəddəki öhdəlik yaransa da, cavabdeh həmin sənədin sonradan tərtib olunduğunu bəyan edir. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirib rəy almış və rəydə həmin sənəddəki imzanın Cavabdeh1 məxsus olduğu təsdiq olunmuşdur. Düzdü, ekspert rəyində sənədin yuxarı hissəsində “10 noyabr” rəqəm və sözünün Cavabdeh1 tərəfindən icra olunmadığı qeyd olunmuşdur. Lakin bu hal həmin sənədin cavabdeh tərəfin iradəsi ilə tərtib edilmədiyini təsdiq etmir. Çünki həmin rəqəmin və sözün kim tərəfindən yazılması həmin sənədin məzmununa təsir etmir. Əksinə həmin sənədi imzalaması və möhürlə təsdiq etməsi cavabdehin onda qeyd edilənləri təsdiq və etiraf etdiyinə dəlalət edir.
31. Bununla yanaşı, borcun etirafı institutu da tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici (MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmək yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. Cavabdeh tərəfin 10 noyabr 2020-ci il tarixli borcun etirafı barədə sənədi imzası ilə təsdiq edərək borcunu etiraf etməsi mövcud borcun etirafını təsdiq edən sənəd kimi qiymətləndirdikdə də yenədə iddia əsaslı idi və məhkəmənin də iddianı təmin etməsi əsassız olmamışdır.
32. Digər Cavabdeh2 iddiaçı ilə 27 yanvar 2022-ci il tarixdə “whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışması əsasında sonuncuya 5200 ABŞ dolları borcu qaldığını(bax.i.v.83) etiraf və qəbul etmişdir. Lakin 2023-cü ilin əvvəlinə kimi ticarət münasibətləri davam etdiyi üçün iddiaçıya heç bir borcunun qalmadığını bəyan edir. Başqa sözlə, Cavabdeh2 qeyd olunan tarixdə 5200 ABŞ dolları borcu qaldığını etiraf və təsdiq edir, ancaq sonradan ticarət münasibətlərinin davam etməsi nəticəsində borcunu ödədiyini və qalmadığını söyləyir. Demək ki, Cavabdeh2 etirafedici izahatı iddiaçını bu halları, yəni 5200 ABŞ dolları borcu qalması halını sübut etmək yükündən həm də azad edir. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib. Lakin Cavabdeh2 həqiqətən 5200 ABŞ dolları məbləğində borcunu iddiaçıya qaytarmasına dair işdə hər hansı bir mötəbər sübut yoxdur. Bəyan etdiyi bu halı sübut etmək yükü isə Cavabdeh2 üzərinə düşür.Ancaq o, bəyan etdiyi bu halı sübut edə bilmir.
33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
34. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-83/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-83/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.